525.Az

Vətənin dəli sevdalısı


 

DÖYÜŞÇÜ-HƏKİM ƏKBƏR MƏMMƏDOVUN HƏYAT YOLU

Vətənin dəli sevdalısı<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 

2020-ci il Tovuz hadisələri başlayanda Müdafiə Nazirliyinə müraciət edib cəbhəyə getmək istədiyimi bildirdim. "Gözlə"- əmri verildi, lakin o anda gözləməkmi olardı?  Bilirsinizmi, döyüşü bir dəfə görən adam məqamı gələndə yenə ora can atır. Lap bilsə ki, həlak olacaq, bilsə ki, son döyüşüdür, yenə gedəcək, onu saxlamaq olmaz. Bunun nə demək olduğunu yalnız döyüş görənlər, bir də canında vətən sevdası olanlar bilər. Həkim yoldaşım Əlikramla hərbi formamızı geyinib Tovuza yollandıq, Ağdam, Vahidli kəndlərində camaatla birlikdə olduq. 2020-ci ilin 27 sentyabr döyüşləri başlayanda yenə müraciət edib cəbhəyə getmək istədiyimi bildirsəm də, aparmadılar. Düşündüm ki,  cəbhəyə getməsəm də, işimlə vətənin bu gərgin vaxtında kömək etməliyəm. Oktyabrın 1-də Ağcabədidə hərbiləşmiş xəstəxanada üst çənə cərrahı kimi fəaliyyətə başladım. Çox gərgin zamanlar idi. Yaralılar bir ucdan daşınır, iş hədsiz çox. Amma qarmaqarışıqlıq, sistemləşdirilməmiş tibbi xidmət. Tibb bacıları elə zülüm çəkirdilər. O qadınların fədakarlığını heç unutmuram. Nə qədər qayğıkeş, mərd, professional olsalar da, yaralı əsgərlə hərbi rejimdə işləmək qaydasını bilmirdilər. Mülki tibbi fəaliyyətlə hərbi rejimdə işləmək fərqli şeylərdir. Avadanlıq da çatışmırdı. Rəhbərliklə məsləhətləşdim, xəstəxanada sistemləşdirilmiş hərbi iş rejiminə keçməyi qərara aldıq. Bu işi təşkil etdim və xidmət xeyli təkmilləşdi. Tibbi avadanlıq almaq üçün müəyyən yardımlar oldu. Çatışmayan bəzi avadanlıqları da dostum Əbülfət Abbasov, Firuz Səxavət və onların dostları, bir də oğlum alıb gətirdi. Həmin xəstəxanada travmatologiya şöbəsini yaratdım. Təklif etdilər ki, şöbəni  yaratmısan, özün də rəhbərlik et. Razılaşdım. Noyabrın 22-nə kimi min nəfərə yaxın stasionar xəstə qəbul etdik. Təqribən beş yüz nəfərə yaxın xəstəyə İlizarov aparatı qoyduq. Yaralılara ilk tibbi yardım ön cəbhədə göstərilir, ixtisaslaşdırıldığı üçün əməliyyat olunmağa bizim şöbəyə gətirilirdi. İxtisasını yaxşı bilən mükəmməl həkim heyəti vardı: Əbülfət Həmidov, Əfqan həkim, Ayaz Hümbətov, Laçın həkim, Vüsal həkim, Həşim həkim, Əliş həkim və başqaları çox peşəkar həkimlərdi. Gecə-gündüz dinclik, yuxu bilmədən, xəstəxanadan bir dəqiqə də ayrılmadan gərgin işləyirdik. Çox vaxt elə ayaq üstə gözümüzün acısını alırdıq. Xəstələrin qəbulu, əməliyyata hazırlanması işinə özüm baxırdım. Ən çox diqqət yetirdiyimiz məsələ əsgərlərin əl və ayaqlarının amputasiya olunmaması idi. Həmin müddətdə bir nəfərin də olsun ətrafları amputasiya olunmadı. Yaralılar, demək olar ki, hamısı gənclərdi. Cavan orqanizm özünü bərpa edə bilir. Ona görə son həddə qədər gözləyir, amputasiyanı təxirə salır, çox gözəl nəticə əldə edə bilirdik. Bəzən elə olurdu ki, tamamilə parçalanmış çiyin, qol, ayaqların sümük və əzələlərini bir yerə yığıb zərgər dəqiqliyi ilə tikir, gəncləri amputasiyadan qurtarırdıq. Çünki onlar döyüşdən sonra öz ailələrinin yanına gedəcək, işləyib ailə saxlayacaqdılar. Həm də ki axı imkan, şərait və bacarıq varsa, nə üçün asan yolu seçib gənclərimizi şikəst edəydik.

- Sizə xüsusi təsir edən, əlahiddə bir hadisəni danışa bilərsinizmi? - deyə soruşuram. Fikrə gedir, sonra eyni ahənglə davam edir:

- Bilirsinizmi, müəllimə, o qədər gərgin günlərdi ki. Hər gün əlahiddə nələrsə olurdu. Ən çox təsir edən şəhidlərimizin nəşini büküb yola salmaq idi. Mən o gənclərin nəşini öz əllərimlə bağlayıb bükürdüm. Ondan əlahiddə neç nə ola bilməz. Heç nə... Düşmənin nə demək olduğunu tam anladım və ona qarşı nifrət və qəzəbim ömrüm uzunu məni tərk etməyəcək.., - deyib köksünü ötürür. Müsahibim doluxsunmuşdu. O, danışdıqca daxilinə enir, o gərgin anları xatırladıqca sanki yenidən yaşayır, üz əzələləri gərilirdi. - Bir polkovnikimiz vardı - Şərifov Əhməd, qəlpə başına girmiş, almacıq sümüyündə ilişib qalmışdı. Dörd gün komada qaldı, sonra ayıldı. Ayılan kimi də elə yaralı vəziyyətə xəstəxananı tərk edib cəbhəyə qayıtdı. Nə illah elədik, xəstəxanada saxlaya bilmədik, qaçıb getdi. Əsgərlərin ad-soyadını yazıb yatdığı çarpayının baş tərəfinə yapışdırırdıq. Bir yaralı əsgərimiz vardı, Füzulidə ad-soyadı səhv düşüb, başqa adla bizdə qeydiyyata düşmüşdü. Evdən valideynləri axtarır, tapılmırdı. Atası demişdi ki, oğlumun meyiti tapılsa, qurban kəsəcəm. Axır ki, o əsgərin adının səhv qeyd olunduğu aydınlaşıldı, evlərinə xəbər verdik. Atası gəlib oğlu ilə görüşdü, qurban kəsib əsgərlərə yemək bişirdi. Bir əsgərimiz vardı, təəssüf, adını unutmuşam, elə hey həyəcan keçirirdi ki, sənədlərim itib. Deyirdim, narahat olma, bütün sənədlərin qaydaya salınıb yenidən yazılacaq. Bir gün tibb işçilərindən biri gəlib dedi, doktor, o oğlanın nişan üzüyü də sənədlərinin içindəymiş, ona görə belə həyəcan keçirir. Yanına gəlib dedim, ay sağ olmuş, salamat qurtarmısan, sevin, bir nişan üzüyü nədir ki... Sən kişi kimi söz ver, məni toyuna çağıracaqsan, mən də söz verirəm, sənin nişan üzüyünü özüm alacam. Bundan sonra xeyli sakitləşdi. Təxliyə olunandan sonra bir xəbər çıxmadı, bilmədim, toy elədi, ya yox. Çağırsaydı, mütləq ona nişan üzüyü alacaqdım. Naxçıvandan bir qazimiz  vardı, Rüstəm, bax o, mənim yanımda işləyən tibb bacısı Esmira xanımla evləndi. Xəstəxanada tanış olmuşdular. Bəlkə də, görmüsünüz, sosial şəbəkədə çox yayımlandı. Onların toyunda iştirak elədim. Çox gözəl də toy keçdi. O qanlı-qadalı günlərdə ürəyimizi açan bəzi belə şeylər olurdu. Ən çox qürur duyduğum, fəxr etdiyim gənclərimizin cəsurluğu, mərdliyi idi. İlahi, bizim uşaqlarda nə ürək, nə cəsarət varmış.

Hərbi tibbi xəstəxanada 52 günlük xidmətim başa çatandan sonra Ağcabədidən ayrıldım. Bakıya qayıdandan sonra uzun müddət yaralı əsgərlərin əksəriyyətini soraqlaşıb tapır, vəziyyətlərini, müalicələrinin başa çatıb-çatmamasını soruşurdum. Bəzən də onlar məni arayırlar, gəlib baş çəkirlər.

Ağcabədidən yenicə qayıtmışdım ki, komandir Həmid adlı zabitimiz (bizim xəstəxanada müalicə olunmuşdu) dedi, Şuşada əsgərlərin vəziyyəti yaxşı deyil, diş ağrısından əziyyət çəkənlər var, stomatoloji xidmət isə yoxdur. Komandanlıqla danışıb razılığa gəldik və yola düşdüm. Şuşada əsgərlər üçün ilk stomatoloji klinika açıb  fəaliyyətə başladım. Sonra "Primium-dental"ın yaradıcısı Azər həkim də gəldi. Bir müddət növbəli olaraq birlikdə fəaliyyət göstərdik. Sonra göstəriş verildi ki, mülki həkimlər Müdafiə Nazirliyinin hərbi həkimləri ilə əvəz olunmalıdır. İşləri təhvil verib Bakıya qayıtdım. Bundan sonra Zəngilan rayonunun Bartaz kəndində əsgərlərimiz üçün stomatoloji klinika təşkil etmək lazım gəldi. O ərəfədə Şuşada idim, işlərim çox idi, həm də səhhətim yaxşı deyildi. Bartazda stomatoloji klinikanı təşkil etməyi üst çənə cərrahı, uzman doktor Vüqar Qurbanova təklif etdilər. O, bu təklifi məmnuniyyətlə qəbul edərək Bartazda hərbçilərimiz üçün ilk stomatoloji klinikanı yaratdı. Yeni ildən sonra - 2021-ci ilin yanvarında Qubadlıda - Xanlıqlar kəndində  ikimərtəbəli binanı öz maddi vəsaitimizlə təmir edərək sərhəd qoşunlarımız üçün otuz çarpayılıq hərbi kliniki xəstəxana təşkil etdik. Binanın təmiri üçün ustaları da Bakıdan aparmışdıq. Təşkilati işlər qaydasına düşəndən sonra Bakıdan müxtəlif sahələr üzrə ixtisaslaşmış həkimləri də özümlə aparır, növbə ilə işləyirdik. Mart ayınacan burada işimi davam etdirdim. Bir müddət sonra səhhətimlə əlaqədar olaraq  daha gedə bilmədim. İşləri Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri davam etdirməyə başladılar. Bir müddət fəaliyyət göstərdikdən sonra xəstəxananı köçürdük Qazyana. Qazyanda hospital tipli lazaret açıldı və hal-hazırda sərhəd qoşunları üçün xidmət göstərir, - deyə müsahibim sözünə ara verdi. 

...Adamların şəxsi həyatı, daxili dünyası ilə maraqlanmağı, açıb tökməyi sevmirəm.   Söhbətimiz sanki yarımçıq qalmışdı, mövzunu xoşbəxt sonluqla bitirmək istəyirdim. Adətimə xilaf olaraq soruşdum:

- Əkbər, ali məktəbdə oxuyanda sevdiyiniz biri vardımı? Siz Naxçıvanda döyüşdə olanda, yəqin ki, ananızla bərabər, o da çox həyəcan keçirib. Məncə, ola bilməz ki, sevdiyiniz biri olmasın o illər.

Söhbət müddətində bir dəfə də olsun başını qaldırmadan dalğın nəzərlərini illərin o tayına zilləyib xatirələrini vərəqləməkdə olan müsahibim azca gülümsünür:

- Müəllimə, mən universiteti bitirməmiş evləndim - 1991-ci ildə. Kimi sevdim, elə onunla da evləndim. Həyat yoldaşım da mənimlə eyni ixtisası oxuyub: stomatoloqdur, amma işləmir. Ən çətin iş onundur: ailəni idarə edir. Dörd övladım var: üç oğlan, bir qız. Oğlanlarımın üçü də yolumu davam etdirir: stomatoloq-həkimdirlər. İki oğlum müharibə dövründə gecə-gündüz növbədə qalıb xəstəxanada yaralı əsgərləri müalicə etdilər. Sonbeşik oğlum üçüncü kursdadır. Qızım isə Bakı Dövlət Univetsitetini bitirib, laborant  işləyir. Böyük oğlum evlidir, bir nəvəm var: Ayaz, - deyəndə üzündə elə xəfif, güclə seziləcək xoşbəxt bir təbəssüm əmələ gəlir ki. Bu təbəssümü tanıyıram: mənim də nəvələrim var axı.

- Heç nədənsə qorxmusuz, Əkbər?

- Yox. Mənim qorxu hissim yoxdur. Həyat insanı bişirir. Lap yeniyetmə yaşlarımda Qafan rayonu tərəfə yaxın olan Mansır dağında-yaylaqda heyvanlarla təkcə qalırdım, bir qurd-quşdan qorxmazdım.  Ancaq bir şeydən qorxmuşam həmişə: haram tikə yeməkdən, övladlarıma haram tikə yedirməkdən qorxmuşam. Halallıqla qazandığım pulu əsgərlərimizin, xalqın yolunda xərclədim, yenə edərəm, amma haram yolla pul qazanmaram.

- Ölkə başçısının yeni il ərəfəsi Qərbi Azərbaycandan olanları qəbul etməsi yadınızda...

- Aha, baxın müəllimə, gəlin elə bundan danışaq. O qədər gözlənilməz və cəsarətli bir çıxış oldu ki. Çox aydın və dəqiq, haqlı çıxışdı. Tarixi açırıq, vərəqləyirik. Həqiqi tarixi... Dünyaya elan edirik: o torpaqlar bizim olub və olacaq. Bu, çox kəskin bir mesaj idi. Tarixi ədalət bərpa olunmalıdır. İlahi, necə böyük ümidlər doğurdu. Bildim ki, gedəcəyik. Əvvəllər heç ümidim yoxdu. Düşünürdüm, əlimiz vətəndən birdəfəlik üzülüb. Amma indi bütün Qərbi azərbaycanlılar o günü həsrətlə gözləyirlər. Biz yenə əsgərlərimizin və Prezidentimizin - Ali Baş Komandanımızın arxasındayıq!

Söylədi: ƏKBƏR MƏMMƏDOV               

Yazdı: HƏCƏR 

 





25.01.2023    çap et  çap et