525.Az

Aşpaza cəza, digərlərinə gözdağı


 

Aşpaza cəza, digərlərinə gözdağı<b style="color:red"></b>

ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin aşpazı kimi tanınan Yevgeni Priqojinin qurucusu olduğu "Vaqner" Özəl Hərbi Şirkətini transmilli cinayətkar təşkilat kimi tanıması sıradan bir hadisə deyil. Əslən Sankt-Peterburqdan olan Yevgeni Priqojinin həmyerlisi Vladimir Putinlə çox yaxın münasibətlərə malik olduğu heç kimə sirr deyil. Heç bir rəsmi vəzifəsi olmayan Yevgeni Priqojin Rusiya hakimiyyətinin bir çox layihələrinin iştirakçısı, bəzən isə təşkilatçısı olub. Suriyadan Cənubi Afrika Respublikaısna kimi çox geniş coğrafiyada Yevgeni Priqojinin qurucusu olduğu "Vaqner"in izləri var. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başladıqdan sonra "Vaqner"in adı daha tez-tez çəkilməyə başlayıb. Muzdlu döyüşçülərdən ibarət "Vaqner" qüvvələrinin sayının təxminən 50 min nəfər olduğu qeyd edilir. Qərb mənbələrinin məlumatlarında Ukrayna ilə müharibədə "Vaqner"in ağır itkilər verdiyi qeyd olunur. Buna görə, son zamanlar Rusiyanın bütün həbsxanlarında məhbusların "Vaqner"ə cəlb edilməsi prosesi gücləndirilib. "Vaqner"lə müqavilə bağlayan məhbuslar dərhal əfv olunur və qısa hərbi təlimdən sonra döyüş bölgəsinə göndərilir. "Vaqner"ə qoşulan məhbuslar arasında ağır cinayət törədənlər, uzunmüddətli və ya ömürlük həbsə məhkum edilənlər çoxluq təşkil edir. Həbsxanadan çıxmaq ümidi olmayanlar üçün "Vaqner"ə qoşulmaq son şans kimi görünür. Üstəlik, bu fəaliyyətlərinə görə külli miqdarda pul almaq, müqavilə müddəti başa çatana kimi sağ qaldığı tərzdə azadlığa qovuşmaq imkanı da var. Buna görə də, "Vaqner" Ukraynada nə qədər böyük itkilər versə də, sıralarını qısa zamanda bərpa edə bilir. Bu isə Yevgeni Priqojinin və "Vaqner"in geniş maliyyə mənbələrinə malik olması sayəsində mümkün olur. "Vaqner"i transmilli cinayət təşkilat kimi tanımaqda ABŞ-ın məqsədi bu təşkilatı maliyyə mənbələrindən məhrum etməkdir.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, "Vaqner" qrupunun sabitliyi pozan hərəkətlərinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edərək bu strukturu bütün dünya boyu təqib edəcəklər. ABŞ rəsmisi bildirib ki, Vaşinqton müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynaya qarşı Rusiyanın təcavüzünə kömək edən hər kəs təqib ediləcək.

ABŞ-ın "Vaqner" Özəl Hərbi Şirkətinin transmilli cinayətkar təşkilat kimi tanınması yalnız bu strukturun Ukraynaya qarşı təcavüzdə yer alması ilə bağlı deyil. "Vaqner"in sahibi Yevgeni Priqojin son zamanlar Rusiyada əsas söz sahiblərindən birinə çevrilmişdi. Yevgeni Priqojin barmaqla sayıla biləcək şəxslərdən biridir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini çox sərt tənqid edə bilir. Sadə vətəndaşlar Rusiya Müdafiə Nazirliyinin ünvanına kiçik bir tənqidə görə həbs edildiyi halda Yevgeni Priqojin hərbi rəhbərliyi çox sərt tənqid etməyi, hətta aşağılamağı belə özünə rəva görə bilir. İstisna deyil ki, ABŞ-ı narahat edən əsas məqam da məhz Yevgeni Priqojinin Rusiya siyasətində güclü mövqe qazanması, Putindən sonra iqtidar mübarizəsində əsas söz sahiblərindən birinə çevrilməsidir. Digər tərəfdən son zamanlar Rusiyada daha bir neçə özəl hərbi təşkilatın yaradıldığı haqqında məlumatlar yayılır. Görünür, Vaşinqton Putinin aşpazı kimi tanınan Yevgeni Priqojinə qarşı cəza mexanizmini işə salmaqla digərlərinə də gözdağı verir.

 





26.01.2023    çap et  çap et