Kremlin sözçüsü Dmitriy Peskov Almaniyanın Ukraynaya “Leopard” tankı göndərməyinin Almaniya ilə münasibətlərə mənfi təsir göstərəcəyini vurğulayaraq: “Belə bir addım Rusiya-Almaniya münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Şübhəsiz ki, bu vəziyyət münasibətlərin gələcəyində silinməz iz buraxar”, - deyib.
525.az xəbər verir ki, paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov alman tanklarının Ukraynaya göndərilməsi ehtimalını dəyərləndirib.
Rusiya ilə Almaniya arasındakı münasibətlərin hazırda çox aşağı səviyyədə olduğuna diqqət çəkən Peskov: “Almaniya, digər Avropa Birliyi ölkələri və ya NATO ilə konkret danışıqlar yoxdur”, - deyib.
NATO-nun baş katibi Yens Stoltenberq isə bu gün Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşdən sonra bildirib ki, Almaniya tezliklə Ukraynaya “Leopard” tanklarının göndərilməsinə razılıq verə bilər. Polşa və Finlandiya kimi avropalı müttəfiqlər də bu tankları Ukraynaya göndərməyə hazır olduqlarını və Berlinin razılığını gözlədiklərini bildiriblər.
Malik Atilay