525.Az

İran rejiminin Anna Akopyanı məscidə aparması


 

İran rejiminin Anna Akopyanı məscidə aparması<b style="color:red"></b>

Özünü İslam Respublikası adlandıran İran atdığı addımlarla elan etdiyi dəyərlərindən, prinsiplərindən nə dərəcədə uzaq olduğunu göstərməkdədir. Azərbaycanla münasibətləri gərginləşdirən İran hakimiyyəti bu gün ritorikasını yumşaltmağa çalışsa da, ölkəmizlə anlaşılmazlıqların aradan qaldırılmasına dair rasmi səviyyədə bəyanatlar versə də, riyakar, ikiüzlü siyasətini də davam etdirməkdədir. İran hakimiyyəti yanlış siyasəti, bir sıra ölkələrin daxilində qarşıdurma, iğtişaşlar törətmək, casus şəbəkəsi, terror qrupları yaratmağa yönəlik addımları ilə bütün müsəlman dünyasında özünü gözdən salmaqdadır. Ermənistana qucaq açan molla rejimi son addımları ilə mahiyyətini bir daha nümayiş etdirdi. Bir tərəfdən rejim Tehranla İrəvanı qardaşlaşdırır, digər tərəfdən isə Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı ölkəyə dəvət edərək kürsünün başında əyləşdirir. Tutaq ki, rejim birinci xanım olaraq Akopyanı İrana dəvət edib, amma onun müqəddəs sayılan yerlərə səfərini təşkil etmək, məscidə aparılması İran üçün utancverici olmalı idi. Görünür, rejim Ermənistan sevgisinə görə özünün belə qırmızı xəttini keçməyə hazırdır. Ermənistan sevgisinin isə Azərbaycana nifrətdən doğduğu gün kimi aydındır. Müstəqil, regionda gücə çevrilən, torpaqlarını azad edən Azərbaycanı İran özü üçün təhdid hesab edir. Baxmayaraq ki, Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verir, dostluq, qardaşlıq prinsiplərindən çıxış edir. İrana qarşı da məhz bu prinsiplərə əsaslanan münasibət sərgiləyib. Amma xain xoflu olar deyiblər. İran xain addımları ölkəmizlə heç vaxt dost olmayacağını, Azərbaycana düşmən münasibəti bəslədiyini göstərmiş oldu. Ermənistan o ölkədir ki, 30 il ərzində Azərbaycanın işğalda saxladığı ərazilərində müqəddəs yerləri, o cümlədən, məscidləri dağıdıb, bu azmış kimi onları təhqir edib, donuz saxlayıb. Axı məscid təkcə Azərbaycan üçün deyil, müsəlman aləminin müqəddəs məkanıdır, Allahın evidir. Bəs Allahın evini murdarlamağı, dağıtmağı İran necə qəbul edir?! Axı özünü "müsəlman təəssübkeşi" hesab edir. Məscidlərin dağıdılması, təhqir olunması İran üçün qəbuledilməz olmalı idi. Məsələnin digər tərəfi budur ki, İranın Azərbaycandakı səfiri, diplomatları dəfələrlə azad edilmiş ərazilərə səfər edib, hər şeyi öz gözləri ilə görüblər. Bəs Annanın başını örtüb müqəddəs yerlərə aparanda nə düşünüblər? Heç gözlərinin qarşısına dağıdılan, təhqir edilən həmin müqəddəs yerlər gəlmədimi? Yaxud bunun alt qatında yerləşən mesaj na idi? İran Azərbaycanı qıcıqlandırmaq niyyəti ilə atdığı addımlarla özünü çıxılmaz vəziyyətdə qoyur, riyakarlığını, manfur mahiyyətini daha geniş şəkildə ifşa edir.

Məsələnin digər tərəfi isə budur ki, ümumiyyətlə, İran hansı haqla qadınlarla bağlı beynəlxalq tədbir keçirir? Yəqin ki, bu ölkədə 5 aydan çoxdur davam edən etiraz aksiyalarının başlanma səbəbi unudulmayıb. Gənc xanım Məsha Əmininin baş örtüsünə görə əxlaq polisi tərəfindən saxlanılması, daha sonra öldürülməsi İranda insanları ayağa qaldırdı. Qadın hüquqlarının təmini ilə başlayan etirazlar bu gün molla rejiminin istefası tələbi ilə davam edir. İran qadınların hüquqlarının tapdanması, bütün haqlardan məhrum edilməsinə görə dünyada ilk yerlərdən birini tutur. Bu ölkədə qadın hüquqsuzdur, daim təzyiq altındadır. İran adlanan ölkə qadınlar üçün kabusa çevrilib. Əxlaq polisi əslində elə özü əxlaqsızlıqla məşğuldur. Onlar qadınları qarabaqara izləyir, saxlanılan qadınların məhz əxlaq polisi tərəfindən işgəncələrə, hətta təcavüzə məruz qalmaları barədə çoxsayda faktlar var. Beynəlxaq insan haqları təşkilatları da İranda qadınların vəziyyətinə görə illərdir ki, həyəcan təbili çalır. Bu təşkilatların hesabatlarında qadınların haqlarının pozulması, məruz qaldıqları işgəncələrlə bağlı dəhşətli faktlar yer alır. Ermənistanın Baş nazirinin xanımının İranda qadınlarla bağlı tədbirdə baş kürsüdə yer almasını əslində, onun rejimin bu siyasətinə haqq qazandırması kimi də qiymət vermək olar. Başqa bir məqamı da qeyd etmək yerinə düşür. İran regionda özü üçün "qırmızı xətlər" müəyyən edir, sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğu kimi cəfəng bəyanatlar verir, Zəngəzur dəhlizinin əleyhinə çıxış edir. Amma Ermənistanın onun "qırmızı xətləri" əleyhinə davranışlarına göz yumur. Məhz Fransanın təkidi ilə Avropa İttifaqının missiyası regiona gəlir, sərhədin Ermənistan tərəfinə yerləşdirilir. İran isə susur, "qırmızı xət"lərini unudur. Molla rejiminin bu cür çirkin oyunlarla hara qədər gedə biləcəyini isə zaman göstərəcək. Yəqin ki, o gün də uzaqda deyil.

 

 





26.01.2023    çap et  çap et