525.Az

Müasir təhsildə uğurun əsas meyarı - Əbülfəz Süleymanlı Sosioloji baxış


 

TRANSFORMASİYA ZƏRURƏTİNİ DƏRK EDƏ BİLMƏK

Müasir təhsildə uğurun əsas meyarı - <b style="color:red"> Əbülfəz Süleymanlı Sosioloji baxış</b>

Beynəlxalq təhsil günü qeydləri

 

Hər il olduğu kimi, bu il də 24 yanvar Beynəlxalq Təhsil Günü münasibətilə dünyanın müxtəlif ölkələrində təhsillə bağlı mövzular yenidən gündəmə gətirilərək, müasir dövrün təhsil anlayışları müzakirə obyektinə çevrildi. Heç şübhə yoxdur ki, təhsil, tarixin bütün dövrlərində cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edib, indiki mərhələdə də bu müstəsnalıq rolunu qoruyub saxlayır. Həmçinin, bir danılmaz həqiqət də var ki təhsil daima dəyişikliklər tələb edən, davamlı şəkildə yenilənən sahədir. Ələlxüsus rəqəmsal texnologiyanın hökm sürdüyü, süni intellekt texnologiyalarına əsaslanan müasir informasiya cəmiyyətinin şərtləri yeni təhsil mühitinin yaradılmasını, təhsil sisteminə münasibətdə fundamental dəyişmə zərurətini ortaya çıxarır. İnformasiyaya çıxışın bu qədər asan olduğu bir dövrdə ənənəvi təhsil metodikaları, ələlxüsus əzbərçiliyi sövq edən təhsil anlayışı həm öyrənənlər, həm də öyrədənlər üçün işgəncəyə çevrilir. Çünki müasir dövrün təhsildən tələbi informasiyanın hafizəyə həkk olunması deyil. Təhsil ocaqlarının əsas vəzifəsi informasiyanı funksionallaşdırılmaq və informasiya axınının əxz olunma prosesində bələdçilik vəzifəsini icra etməkdir. Bu təhsil anlayışında əsas və fəal rol şagirdə məxsusdur. O, araşdıran, müşahidə aparan, paylaşan, məlumat əldə etmək üçün yollar axtaran, müxtəlif növ fəaliyyətlərdə iştirak edəndir. Bu yeni təhsil anlayışında yeni nəsil müəllimdən gözləntilər isə öyrənməyi öyrədən bələdçi rolunu yerinə yetirməsidir. Bu yeni təhsil anlayışında fərdlər fənlərin və əzbərlənən dərslərin yerini alır. Fərdlərin şəxsiyyətləri nəzərə alınır və problemlərin fərqli həll yollarının ola biləcəyi ehtimalı əsas prinsip kimi qəbul edilir.

Həmçinin, yüksək potensiala malik, lakin müxtəlif səbəblərdən təhsil hüququndan yararlana bilməyən uşaqların öz potensiallarından istifadə etmələri üçün təhsildə imkan bərabərliyi təmin edilir, cəmiyyətin müxtəlif təbəqələri arasında təhsilalma sahəsində bərabərsizlik aradan qaldırılır. İnformasiya cəmiyyətində təhsil fəaliyyətinin həyata keçirildiyi yer olan məktəbdən əsas gözləntilər isə yeniliklərə açıq, yaradıcılıq təfəkkürünə malik, komanda ruhu olan, problem həll etmə və gələcəyi planlama istedadına malik ixtisaslı fərdlərin yetişdirilməsini təmin edən qurumlara çevrilməsidir. Buna görə də təhsil prosesində hər bir şagirdin özünəməxsus fərdi keyfiyyətləri nəzərə alınmalı, beynəlxalq miqyasda rəqabətə davamlı mütəxəssislər olaraq yetişmələri təmin edilməlidir.

Bugünün şagirdlərinin gələcək peşə karyeralarında yalnız insanlarla deyil, süni intellektə əsaslan robotlarla da rəqabət aparacaqları faktı nəzərdən qaçırılmamalıdır. Məktəblərin bu missiyaya nail ola bilmələri üçün davamlı inkişaf və tərəqqi prinsipinə əməl etmələri vacibdir. Müasir təhsil anlayışı istedadları aşkarlayan və öyrənməyi öyrədən proqramların tətbiqini də tələb edir. Bu anlayış oxşarlığın və monotonluğun meydana gəlməsinə səbəb olan təlim proqramlarını isə inkar edir. Çünki müasir qlobal dünya sistemində bir-birinə oxşayan fərdləri yetişdirən təhsil proqramları ilə tərəqqiyə nail olmaq mümkün deyildir. Əksinə, yüksək əmtəə dəyərinə sahib texnologiya istehsal edən, innovativ və analitik düşüncəyə malik insan kapitalı yetişdirmənin yolu yaradıcılığı imkan yaradan təhsil proqramlarının tətbiqindən keçir. Müasir dövrdə differensiasiyanı əsas meyar kimi görməyən təhsil fəlsəfələri həm qlobal miqyasda rəqabətə davam gətirə bilmir, həm də innovasiyaların qarşısında əsas əngələ çevrilir. Bütün bunların fonunda ortaya çıxan əsas nəticə isə təhsil sahəsində transformasiyanın mütləqliyidir. Müasir təhsildə uğurun əsas meyarı isə hər şeydən əvvəl bu transformasiya zərurətini dərk edə bilməkdir.

 





26.01.2023    çap et  çap et