525.Az

"Əsas elmi istiqamətimiz Qərbi Azərbaycan tarixinin bütün problemlərinin öyrənilməsidir"


 

CƏBİ BƏHRAMOV: "AMEA-nın TARİX İNSTİTUTUNUN YENİ YARADILMIŞ QƏRBİ AZƏRBAYCAN TARİXİ ŞÖBƏSİNDƏ KOMPLEKS ŞƏKİLDƏ TƏDQİQATLAR APARILMASI NƏZƏRDƏ TUTULUR"

"Əsas elmi istiqamətimiz Qərbi Azərbaycan tarixinin bütün problemlərinin öyrənilməsidir"<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu xarixi torpaqlarımızdan deportasiyaya olunmuş, soyqırıma məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması barədə göstəriş verib. Artıq bu istiqamətdə genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatların aparılmasına başlanılıb. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada Qərbi Azərbaycanla bağlı üç şöbə yaradılıb: AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi təşkil olunub.

AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovla söhbətimizdə onun rəhbərlik etdiyi şöbədə görülən işlər və aparılan tədqiqatlar haqqında danışmışıq.

 

- Cəbi müəllim, bugünədək Qərbi Azərbaycan tarixinin öyrənilməsi, bu bölgənin tarixi coğrafiyasının yazılması istiqamətində hansı işlər görülüb? Gəlin söhbətimizə bu barədə qısa məlumatla başlayaq. 

- Tarixçi alimlərimiz istər Sovet, istərsə də müstəqillik dövründə Azərbaycanın milli mənafeyinin qorunması üçün əllərindən gələni ediblər. Qərbi Azərbaycanla bağlı tarixi məsələlər son 30 il ərzində A.A.Bakıxanov adına Tarix İnstitutunun diqqət mərkəzində olub, monoqrafiyalar və məqalələr yazılıb, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə edilib. Tarix İnstitutunda Qərbi Azərbaycanla bağlı əsaslı tədqiqatlara Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra başlanılıb. İrəvan xanlığı haqqında geniş məlumat ilk dəfə 1993-cü ildə nəşr edilmiş bir cildlik "Azərbaycan tarixi" kitabında öz əksini tapıb. 1998-2003-cü illərdə nəşr edilmiş 7 cildlik "Azərbaycan tarixi" kitabının 3, 4 və 5-ci cildlərində də bu barədə geniş məlumat təqdim olunub.

Bu kitablarda Çuxur-Səəd bəylərbəyliyi, İrəvan xanlığı, XIX əsrdə bu ərazilərin işğalı, ermənilərin bu ərazilərə köçürülməsi və məskunlaşdırılması tarixi, İrəvan quberniyası, Qərbi Azərbaycan ərazilərinin - İrəvan şəhəri və Zəngəzurun qərb ərazilərinin ermənilərə güzəştə gedilməsi, erməni-daşnak respublikasının yaradılması, İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətləri məsələləri öz əksini tapıb, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən deportasiya olunması, 1988-1991-ci illərdə baş verən hadisələr ümumiləşmiş şəkildə tədqiqata cəlb edilib. Daha sonralar, 2007-ci ildən Tarix İnstitutunda İrəvan xanlığının tarixi ilə bağlı tədqiqatlara başlanılıb.

- Şöbədə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqat işləri əsasən hansı istiqamətlərdədir?

- Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətin bu torpaqların tarixi üzərində qurulmasının gərəkliliyini bildirdi. Görüşdə həmin ərazilərin Azərbaycan xalqına qaytarılması, pozulmuş hüquqların bərpa edilməsi, ərazinin tarixinin yazılması və milli atlasın tərtibi, bu ərazilərlə bağlı bütün dövrlərə aid mənbələrin toplanılması və onların çeşidlənərək sistemləşdirilməsi, o cümlədən, bu problemin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fikirlər səsləndirildi. Biz artıq bu istiqamətdə işlərə artıq başlamışıq. Dövlət başçısının çağırışlarına müvafiq olaraq, AMEA Rəyasət Heyəti akademiyanın üç institutunda bu istiqamətdə fəaliyyət göstərəcək üç şöbənin yaradılmasına dair qərar qəbul edib. Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinə rəhbərliyin mənə həvalə olunması qürurvericidir. Bu şöbəyə cəlb etdiyimiz mütəxəssislər müxtəlif dövrlər üzrə tədqiqatlar aparmış yüksəkixtisaslı kadrlardır. Şöbəmiz həm də digər şöbələrlə birbaşa əlaqəli şəkildə fəaliyyət göstərir.

Şöbədə aparılan tədqiqatların əsas istiqamətlərini ən qədim dövrdən bugünədək Qərbi Azərbaycanın tarixinin araşdırılması, tarixi atlasın tərtib edilməsi təşkil edir. Bu iki məsələnin həlli üçün dünyanın müxtəlif ölkələrində ayrı-ayrı dillərdə yazılmış elmi ədəbiyyatın toplanması işləri həyata keçirilir. Həmçinin, kütləvi informasiya vasitələrində bu istiqamətdə çıxışlar, sənədli filmlərin çəkilişi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Əminəm ki, həmkarlarımızla birgə bu işlərin öhdəsindən layiqincə gələcəyik.

- Tədqiqatlar zamanı ictimaiyyətə məlum olmayan hansısa yeni faktlar üzə çıxıbmı?

- Bəli, İrəvan şəhərinin ermənilərə verilməsi ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür. Bəzi yazı və çıxışlarda şəhərin guya 99 illik icarəyə verildiyini, bəziləri isə həmin dövrdə beynəlxalq vəziyyətin indiki kimi olmadığını qeyd edirlər. Lakin ilk növbədə, tarixi faktlar araşdırılarkən arxiv sənədlərinə istinad olunmalıdır.

Birinci məqam ondan ibarətdir ki, İrəvan şəhəri ermənilərə verilərkən Azərbaycan xalqına müraciət olunmamış, razılıq alınmamışdı. Digər tərəfdən, Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra ölkəmizin 20.8 min kv. km ərazisini Ermənistana vermişdi. 1988-ci il noyabr ayının 23-dən dekabrın 7-dək Sovet ordusunun iştirakı ilə bütün Qərbi Azərbaycan ərazisindən, 22 rayondan azərbaycanılılar deportasiya edilmişdi. Bu məsələnin bir çox məqamları tədqiqatlar zamanı aşkara çıxarılacaq.

1918-ci ilin iyununda Osmanlı Türkiyəsi hökuməti ilə erməni-daşnak Respublikasının üzvləri arasında imzalanmış məxfi müqavilənin 6-cı maddəsində 4 bənd yer alıb. Bu bəndlərdə Azərbaycan əhalisinin hüquqlarının qorunmasından söhbət gedir. Lakin bu müqavilənin şərtlərinə indiyədək əməl olunmayıb. Bu faktların dünya ictimaiyyətinə çatdırılması olduqca zəruri məsələlərdəndir.

1918-ci il may ayının 29-dək həmin ərazidə Ermənistan adlanan beynəlxalq hüququn bir subyekti də mövcud olmayıb. Ermənilər və onların havadarları iddia edirlər ki, ermənilər bu ərazilərin yerli əhalisidir və bununla saxtakarlığa əl atırlar. Əminəm ki, yaxın zamanda apardığımız tədqiqatların nəticələri olaraq ermənilərin bu ərazilərdə törətdikləri genişmiqyaslı cinayətlərlə bağlı yeni sübutlar üzə çıxacaq.

- Şöbədə Qərbi Azərbaycanın atlasının hazırlanması nəzərdə tutulur. Atlasda hansı məlumatlar öz əksini tapacaq?

- Hazırlanması nəzərdə tutulan "Qərbi Azərbaycan tarixi atlası"nda qədim dövrdən bugünədək Qərbi Azərbaycan ərazisində baş verən ictimai-siyasi proseslər, ərazinin sərhədlərinin müəyyən edilməsi və bir çox digər faktlar öz əksini tapacaq. Çalışacağıq ki, əlimizdən gələn bütün imkanlardan istifadə edərək, mənbələrin toplanmasını tam şəkildə həyata keçirək. Bu işə şöbəmizin əməkdaşları ilə yanaşı, Azərbaycanın müxtəlif dövrlərdəki tarixini tədqiq edən digər şöbələrin əməkdaşları da cəlb olunub. Alimlərimiz tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ermənilər bu ərazilərə XIX əsrin birinci yarısında, daha dəqiq desək, 1830-cu illərdən başlayaraq 1982-ci ilədək köçürülüb. Fransız əsilli rus məmuru İvan Şopenin, S.Qlinkanın, N.Şavrovun və başqa məmurların hazırladıqları sənədlərdə, o cümlədən, SSRİ hökumətinin qəbul etdiyi qərarlarda bu faktlar açıq şəkildə öz əksini tapıb. XX əsrin əvvəlində, 1911-ci ildə rus məmuru N.Şavrov öz qeydlərində bildirib ki, bu ərazilərdə yaşayan 1 milyon 300 min erməninin bir milyonunu ruslar Qərbi Azərbaycan torpaqlarına köçürüb. Ermənilərə neft sənayesində təmsil olunan bir sıra şirkətlər dəstək verib. Fransa və onun müttəfiqi olan dövlətlər bu gün də BMT, Avropa Şurası səviyyəsində antiazərbaycan fəaliyyəti ilə məşğuldurlar.

Bir məsələni də qeyd edim ki, AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin yaradılması kampaniya xarakteri daşıyan məsələ deyil. Bu şöbənin yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan torpaqlarının Azərbaycan xalqına məxsus olduğu faktını bir daha sübut etmək, doğma vətənlərindən məhrum edilmiş həmyerlilərimizin hüquqlarını bərpa etməkdən ibarətdir. Daha bir faktı da qeyd etmək istərdim. Apardığım tədqiqatlar nəticəsində müəyyən olunub ki, 1918-1920-ci illərdə Nobel qardaşları erməni cinayətkar qruplaşmaları ilə əlbir olub, vəsait ayıraraq silahlar alıb və erməni-daşnak partiyasına göndəriblər və Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu barədə Rusiya və Avropa alimləri də öz əsərlərində qeyd ediblər. Yəni bu ərazilərə qayıdış tarixi ədalətin bərpası baxımından çox önəmlidir.

Ermənilərin törətdikləri ağılasığmaz və dəhşətli cinayətlərdən biri də Qərbi Azərbaycanın tarixi ilə bağlıdır. Bu ərazidə bütün toponimlərin adları ermənilər tərəfindən dəyişdirilib. Təbii ki, həmin ərazilər erməni torpaqları olsaydı, bu addıma ehtiyac duyulmazdı. 1918-ci il may ayının 30-dan 1920-ci il ilin noyabrınadək 17 ərazinin, dağların, çayların, göllərin adı dəyişdirilib. 1920-ci ilin noyabrından 1936-cı ilədək 11, 1936-cı ildən 1991-ci ilədək 850-dən çox ərazi adı dəyişdirilib. Hazırda bu məsələlərin aşkara çıxarılması üçün geniş Fəaliyyət Proqramı tərtib olunub.

Bu gün Azərbaycan xalqına Prezident İlham Əliyev kimi bir liderin rəhbərlik etməsi xalqımız üçün böyük xoşbəxtlikdir. İnanıram ki, dövlət başçımızın rəhbərliyi ilə Qərbi Azərbaycan problemi də tez bir zamanda öz həllini tapacaq. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir iradə və qətiyyətlə Zəfər qazandığımız kimi, Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birlik sayəsində öz doğma torpaqlarımıza geri qayıdacağımıza əminik. Mən əminəm ki, Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, Vətən müharibəsindəki tarixi Zəfərin davamı olaraq bu tarixi vətənimizə də dönüş mümkün olacaq.

- Gələcəkdə Qərbi Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsi məqsədilə hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Qərbi Azərbaycan ərazilərinin arxeologiyası, etnoqrafiyası, coğrafiyası, təbii sərvətləri, folkloru, dil məsələləri, sənətkarlıq tarixi, ümumilikdə mədəniyyət tarixi, o cümlədən, əhalinin adət-ənənələri, mətbəxi və digər məsələlər geniş tədqiqatlara cəlb ediləcək. Tədqiqatların kompleks şəkildə aparılması nəzərdə tutulur. İlk addım olaraq şöbə təşkil olunub. Güman edirəm ki, gələcəkdə tədqiqat dairəsinin genişlənməsi, bu məsələnin strateji və ümummilli məsələ olması ilə əlaqədar olaraq maddi-texniki bazanın genişləndirilməsinə böyük ehtiyac duyulması nəzərə alınaraq bu istiqamətdə elmi mərkəz yaradılacaq. Hazırda şöbədə 9 nəfər əməkdaş fəaliyyət göstərir, həmçinin, kənardan mütəxəssislər bu işə cəlb olunur. Biz bu tədqiqatları əsaslı şəkildə aparacağıq və nəticələri təqdim edəcəyik.

Nərgiz QƏHRƏMANOVA
AMEA Rəyasət Heyəti Aparatının Media və informasiya şöbəsinin sektor müdiri

 

 





26.01.2023    çap et  çap et