525.Az

Yaddaşıma yazılan gün - Novruz Nəcəfoğlunun ("Kişilərin ömür yolu" silsiləsindən)


 

Yaddaşıma yazılan gün - <b style="color:red"> Novruz Nəcəfoğlunun ("Kişilərin ömür yolu" silsiləsindən)</b>

Unudulmaz Gülağa müəllimin xatirəsinə

Payız yenicə girmişdi. Adətən ilin bu vədələrində köhlən at misallı şahə qalxan dalğaları Lənkəran ovalığının sahillərini döyəcləyən, başı göy dənizdən Kömürgöy zirvəsinə dirənən Talış dağlarının ətəklərində binə bağlayan Dırıq, Ponəim elinin kənd-kəsəyi boz dumana bürünür, sısqa payız yağışı yeri-yurdu çamırda yoğurub palçıqdan döşək salır, Zuvand, Piran elləri ağ örpəyə bürünür, yol-iz keçilməz olur. Builki payız isə hələ ki yay ovqatındaydı, havalar mülayim keçir, təbiəti qovuran quraqlıq davam edirdi.

İndi də xatırlayanda öz-özümə düşünürəm ki, birdən havalar yağmurlu, ya da qarlı, çovğunlu keçsəydi, palçığı dizə çıxan, küləyin-sazağın qarı şəpələyib çökəklərə qaladığı ozamankı çətin dağ yollarında bu get-gəldən halım, görəsən, necə olardı?..

...Hələ yaşımın məni atama görə tanıdan zamanıydı. Ali məktəbdə qiyabi təhsil alırdım, məktəbdə, pedaqoji sahədə çalışmaq, müəllim olmaq arzusundaydım. Qonşu kəndimizdəki orta məktəbdə təşkilatçı vəzifəsi boşalmışdı, məktəbin direktoruna müraciət etdim, səmimi yanaşdı, işə düzəlməyimlə bağlı lazımi istiqamət verdi. Növbəti mərhələ də çətin olmadı. Atamı yaxşı tanıyıb ehtiram göstərən rayon gənclər təşkilatının rəhbəri məni hörmətlə qəbul edib ətraflı sorğu-sualdan sonra Şirinqum kənd orta məktəbinə yeniyetmə və gənclərlə iş üzrə təşkilatçı təyin olunmaq üçün o zamanın belə vəzifəyə təyinat qaydalarına uyğun olaraq qərar verilmişdi. Qalırdı sonuncu mərhələ - həmin qərar əsasında Rayon Xalq Maarif şöbəsi müdirinin işə təyin olunmağımla bağlı əmr imzalamağı.

...Atam bizim yerlərin halal tikəsindən pay alıb, məğrurluq çeşməsindən su içən sadə kənd kişisi idi. Yurd eşqi, el-oba sevgisini həmişə uca tutanlardan, evdən-eşikdən, ailədən-uşaqdan aralı düşüb aranda, yaylaqda min bir əziyyətlə qazandıqları halal çörəklərini ata-baba ocağının hənirtisinə, yurd havasına "yavanlıq" edib o dağların əzəmətinə sığınıb oralarda yaşayan kişilərdən idi.

O kişi, yəni atam işə təyin olunmağımın əsas hissəsinin belə əlbəəl nizamlanandan sonra, növbəti mərhələsinin də rahatlıqla başa çatacağına əmin olub ailə qayğıları ilə bağlı, dolanışıq, çörək dalınca arana, bol-bərəkətli Muğan tərəfə, bir neçə yığcam dağ kəndini birləşdirən kolxozumuz üçün hər il olduğu kimi, bu il də payızlıq taxıl, buğda əkini üçün getmişdi.

lll

Bir həftə idi ki, günaşırı kəndimizdən rayon mərkəzinə get-gəldəydim. Sübhün gözü açılmamış evdən çıxır, dərəni-təpəni, enişi-yoxuşu yorğun sala-sala göy atımı dırnağından yalınacan selləndirib otuz yeddi kilometrlik dağ yolunu keçib gedir, fəqət bu get-gəlimimdən bir nəticə hasil olmurdu. Hər gün sübh tezdən evdən çıxıb bu qədər yolu həvəslə gedir, ancaq di gəl əli-qolu sallana-sallana, məyus geri dönürdüm. Hər gedişimdə anamın, bacılarımın ardımca atdıqları neçə cam su hayıf olurdu, bada gedirdi. Maarif şöbəsinə gəlişimin elə ilk günündə sənədlərimi təqdim edən kimi də kadrlar üzrə inspektor işə təyin olunmağım barədə əmr hazırlamışdı. Di gəl müdir o əmri imzalamırdı ki imzalamırdı. Həm də bir səbəb göstərib "yox" da demirdi ki, işimi biləm, nə hə deyirdi, nə də yox. Şəxsən özümü də qəbul da eləmirdi ki, fikrini bilib şəkdən düşəm, bu get-gəldən canım qurtarsın.

Beləcə səhərlər sübh tezdən evdən çıxır, at belində otuz yeddi kilometrlik yol qət edib hələ idarələrin qapısı açılmamış rayon mərkəzinə yetişirdim. Atımı tez-tələsik yerbəyer edib özümü rayon xalq maarif şöbəsinin binasına çatdırırdım. Bütün günü binanın gah dəhlizində, gah da həyətdə qapının girişinə yaxın yerdə vurnuxur, iş gününün sonunda, maarif şöbəsinin axırıncı işçisi də qapıdan çıxanda, mən də atımı bağladığım yerə tələsir, elə qaçaraq da ayağımı üzəngiyə atıb göy atı kəndimizə tərəf dəhmərləyirdim. İçimdəki hiddəti, qəzəbi, acığı sanki göy atın nalının altından qopan tozanaqda havaya sovurub yox etmək, yüngülləşmək istəyirdim.

lll

...Ehh, kişilər görmüşəm ee kişilər!..

Bir kişi də var idi, həmkəndlimiz, qonşumuz, həm də uzaq əqrəbamız sayılırdı. Adını çəkməyimin indi elə bir əhəmiyyəti yoxdu. Yada salmaq da niyyətin "xalisliyi"dir. Və elə bil bu kişi də mənimlə vədələşibmiş kimi hər geridönüşümdə, payız gününün qüruba enən vaxtında sanki durub yolumu gözləyirdi. Uzaq yolu gəlib evimizə çataçatda iki çəpərin arası ilə üzü yuxarı aparan yolda atım da yedəyimdə qalxarkən (evə yaxınlaşanda atdan enməyim də anama bir sayğı idi, həm də pərt gəlirdim, axı işim baş tutmurdu, "məğlub" kimi həyət-bacaya at belində girmək də mənə ar gəlirdi), həə, artıq bükülməkdə olan beli çiyinlərini üzüaşağı çəkən, yeridikcə yellənən əlləri dizlərini döyəcləyən bu ixtiyar kişi üzüaşağı, cığırın düz ortası ilə gəlib mənə çatır və elə eyni ahənglə, sanki əvvəlcədən əzbərlədiyi sözləri eyni ifadələrlə səsləndirib:

- Nə oldu, ay bala, işin düzəlmədi? - deyə dirənib durur, gözlərini qəribə bir maraqla üzümə dikib cavab gözləyir, yolumu rahatca keçib getməyimi əngəlləyirdi.

Mən isə sanki günahkar özümmüşəm kimi başımı aşağı salıb pərtliklə:

- Yox, düzəlmədi, əmican, yenə düzəlmədi, - deyə kişinin "intizarına" birtəhər, müvəqqəti son qoyurdum.

Kişi də bu cavabımdan halıma çox acıyırmış kimi təəssüflənib: - Ay bala, sən bu gedib-gəlməkdən əldən düşdün ki, işin nə yaman tərs gətirib... - deyir, sonra da, halıma yanırmış kimi, - bəlkə bir gün düzəldi, - cümləsini əlavə edib üzüenişə tələsir, sanki bu xəbəri dərhal kiməsə çatdıracaqmış kimi tez uzaqlaşırdı.

Səhərdən yolumu intizarla gözləyən anamın isə verəcəyim izahata ehtiyacı yox idi. Elə uzaqdan qırımımdan hər şeyi özlüyündə dəyərləndirirdi. İçindən məyus olsa da, halını büruzə verib sezdirmirdi, zahirən nə təəssüflənir, nə də gileylənirdi.

Elə mən həyətə çatan kimi:

- Hər səfərdən xətərsiz, oğlum, - deyirdi. - Hələ bir atını yerbəyer elə, tez keç evə, yorulmusan, bəlkə bütün günü dilinə heç nə dəyməyib, acsan. Haydı, oğlum, gəl, sən keç evə!

Bacılarım da nə az-nə çox - beşcə yerdən zanbaq kolu kimi qaynaşıb pərvanə kimi ətrafımı sarırdılar...

Beləcə günlər bir-birini əvəzləyir, mən də get-gəlimdə davam edirdim. Maarif şöbə müdiri isə insafa gəlib işə qəbulla bağlı əmrimi imzalamırdı. Beli donqar, uzun qolları dizlərini döyəcləyən yol üstəki "qayğıkeş" qonşunun da hər dəfə elə o həmişəki yerdə məni qarşılayıb "dil-ağız" eləməkdən dodağı-damağı yağır olmuşdu (Kişinin donqarını da, qollarının dizlərini ötüb necə yöndəmsiz sallandığını da niyyətinin mənə qarşı nə qədər "xalis" olduğunu anlayandan sonra duymuşdum).

Kəndimizdən rayon mərkəzinə get-gəlimin, necə deyərlər, üçü ötüb dördü adlayandan sonra daha yolu yorğun, göy atı da arğın edib arzusunda olduğum bu işin dalınca getməkdən vaz keçmək niyyətindəydim. İki gün idi ki, yola çıxmağa ara vermişdim, oyunda "taym-aut" götürmüş kimiydim. İşimin ardınca getməyimə beləcə son vermək qərarındaydım ki, anam məsələyə qarışdı:

- Oğlum, darıxma, ruhdan düşmə, get bu işin dalınca, - dedi, - evdə oturmaqdan bir şey çıxmaz. Günü sabah yenə get, bu dəfə düzələr, inşallah, məqsədindən belə asanlıqla ayrı düşüb uzaqlaşma. Atan da bir neçə günə geri dönəcək. Beləcə yerində oturub qalsan, o da qəhr olub üzülər, bəlkə Allah eləməmiş, səni də acılayar...

Ertəsi gün yenə səhər tezdən yuxudan qalxanda qotazlı xalıdan toxunmuş içi yeyəcək dolu heybəm anamın qolunda, yəhərli göy atım da böyük bacımın yedəyində dayanıb, qapının ağzından məni yola rəvan etməyə hazır halda gözləyirdilər. Elə busağanın dibindən sıçrayıb möhür misallı xalları enli sinəsinə əzəmət verən dəmir-göy atın üstünə qalxdım, qırmacı havada yellədib, göy atımı çumxurdum, çaparaq yola düzəldim.

lll

Rayon mərkəzinə çatanda atımı bazarın ayağına sürdüm. "Raypo"nun (istehlak cəmiyyətinin) qəsəbənin mərkəzindəki yığcam bazarın aşağısındakı anbarlarının güney tərəfindəki dirəyə bağladım atımı. Arpa torbasını da başına keçirib, yeyəcək dolu heybəmi də yəhərin qaşının altında daldaladım, yenə həmin ünvana - maarif şöbəsinə yollandım.

Qabağı şüşəbəndli, darısqal dəhlizdə gözlərimi müdirin kabinetinə, giriş-çıxışının ardı-arası kəsilməyən qapısına dikib sakitcə oturmuşdum. Müdir isə, görünür, yenə məni qəbul etmək fikrində deyildi. Neçə gündən bəri gəlib-getdiyim, səhər erkəndən iş gününün sonunadək içəri çağrılacağımı gözlədiyim bu qapıdan keçib içəri girmək ümidimi artıq tamam itirmək üzrəydim. Bir daha buraya dönməmək şərti ilə çıxıb getməyə hazırlaşırdım ki, qarşıdakı otağın qapısı aralandı. Qarabuğdayı, saçlarını yana daramış, ortaboylu, sinəsi enli, görkəmi əzəmətli bir kişi ləngərlə otaqdan çıxıb qapının kilidini bağladı. Elə o ləngərli, ağayana addımlarla da çıxışa tərəf yeridi. Dəhlizdən çıxhaçıxda nə düşündüsə, çiyni üstdən çevrilib mənə tərəf baxdı, sonra da geri döndü. İsti və məhrəm baxışlarla, diqqətlə üzümə baxıb:

- Ay bala! Kimsən, hansı kənddənsən, neçə gündür səni bu dəhlizdə duran görürəm. Nə məsələdir? - dedi. Cavab vermək üçün udqunduğumu hiss edib, qayğıkeşliklə: - Hansı kənddənsən, kimin oğlusan, ay bala? - deyə təkrar soruşdu.

Kişinin sakit, qayğılı, canayaxın səsi dilimi açdı. Elə belə sakit-sakit, utana-utana: - Müəllim, Göyəmlidənəm, - dedim. Atamın adını söylədim. Neçə gündən bəri gəlib-getməyimin səbəbini də demək istəyirdim ki, kişi lap yaxın gəlib qolumdan tutdu: - Hələ bir ardımca gəl, - deyə qabağa düşüb məni də arxasınca çəkib müdirin otağına tərəf apardı.

Kabinetin qapısını açıb içəri, müdirin otağına keçən kimi:

- Ay müəllim, - dedi, - bu işlə bağlı qərarı verənlə aranızda bir anlaşılmazlıq varsa, bu cavan oğlana bunun nə dəxli?! (Heç demə, tanımadığım bu diqqətli kişi məsələdən hali imiş) Bu oğlan gör neçə gündür ki, nə qədər yol gəlib-gedir. Səhərdən axşama qədər də gözləyə-gözləyə bu qapı-bacada vurnuxa-vurnuxa durub qalır. - Sonra da üzünü mənə tərəf çevirib, əli ilə işarə edərək, - ay müdir, belə yaxşı oğlanı da heç incidib get-gələ salmaq olarmı? Atasını da mən yaxşı tanıyıram, elə sən də tanımamış olmazsan. - Atamın adını çəkib, namını nişa verdi. - Mən xahiş edirəm, imzalayın əmrini, uşaq çıxıb getsin, qaranlığa düşməsin, - dedi.

Mən isə bu məqamda altdan-altdan gah bu xeyirxah insanı, gah da irəlidəki stolun arxasında təşəxxüslə yayxanıb oturan şlyapalı müdiri süzürdüm...

lll

Vaxt ötdü, zaman keçdi, çox sular axıb duruldu, dövran dəyişdi. Bir vaxt mənə qarşı etdiyi o hərəkətini heç üzünə vurmadığım həmin müdirə yaxşılığım da, köməyim də keçdi. Ancaq burasını da deyim ki, həmişə o şlyapası müdirin başında oldu. Nəhayət, bir dəfə papaqla oturmaq məqbul olmayan bir yığıncaqda onu başıaçıq gördüm, sən demə, keçəlmiş, həm də yamanca keçəl...

lll

...Hə, müdir artıq kəlmə belə kəsdirmədi. Zəngi çalıb kadrlar üzrə inspektoru çağırdı. Əmrim, demə hazır imiş, elə bir anda da imzaladı. Bircə kəlmə: - Get, - dedi.

Qərəz, müdir təyinatımı, işə qəbul olunmağımı təbrik eləməsə də, Müəllim dediyim xeyirxah şəxs məni təbrik edib uğurlar arzuladı. Atama da salam söyləməyi tapşırıb, yenə özü qabaqda, mən də ardınca müdirin kabinetindən çıxdıq.

Minnətdarlığımı bayaqdan dönə-dönə bildirmişdim. Həyətə çıxanda özümü toparlayıb irəli yeridim, kişinin əlini sıxıb, ürəkdən bir də sağ ol dedim. O, öz kimliyini demədi, mən də, əlbəttə, soruşmağı caiz bilmədim. Kişi məndən aralanıb uzaqlaşandan sonra geri dönüb təkrar təhsil şöbəsinin binasına girdim. Dəhlizdə bayaq xeyirxah müəllimin çıxdığı qapının önündə ayaq saxladım. Qapının sağ küncündə dördkünc şüşə lövhədə "Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri G.Rüstəmov" yazılmışdı. Əziz insan, qiymətli şəxsiyyət, ən əsası, mötəbər kişi Gülağa müəllimlə mənim ilk tanışlığım bax belə oldu.

lll

Kəndimizə, evə tələsirdim: anamı tezcə sevindirmək, işə təyin olunmağım, məktəbdə işə düzəlməyim barədə şad xəbəri ona çatdırıb, şadlandırmaq üçün. Bu gün sanki mənimlə birgə nə vaxtdan bəri yolları yorğun edən atım da yeldən qanad taxmışdı, elə bil havalanıb uçurdu, özüm də havalı kimiydim. Ac qalmayım deyə, məni yola salanda anamın qablaşdırıb yığdığı yeyəcək dolu heybəmin də qatmasının düyününü açmağı unutmuşdum. Çox tələsirdim, çox...

Gəlib artıq məlum olan həmin məkana, iki çəpərin arası ilə evimizə qalxan yolun yarısına çatanda (bu gün atımın belindəydim, həyətə elə beləcə, yəhər üstə girəcəkdim, doqqazımızı da, əhvalımın yaxşı vaxtlarında olduğu kimi, üzəngidən çıxardığım ayağımla itələyərək açacaqdım) o kişi yenə qarşımda bitdi.

Həmişəki, guya canıyanan ahənglə:

- Ay bala, nə oldu, yenə işin düzəlmədi? - deyərək bu dəfə də "şad xəbər" eşitmək ümidi ilə nəzərlərini üzərimə dikib intizarla cavabımı gözlədi.

Mən isə bu dəfə ona cavab verməyə tələsmirdim. Zəndlə kişinin üzünə baxdım, dodaqları bir-birindən aralıydı. Qalın qaşları da alnına tərəf dartılmışdı. Eləcə üzündə gərgin ifadəylə, lal-dinməz durmuşdu.

Amma mənim əhvalım yaxşıydı, bu əhvalla da ucadan:

- Düzəldi, əmi, işim düzəldi! - dedim. - Heç demə, neçə gün əvvəldən əmrim hazır imiş, təqdim oluması yubanırmış.

Daşdan-qayadan səs çıxdı, kişidən səs çıxmadı, sanki anadangəlmə lal imiş. Dil-dodağı təpmişdi. Diqqətlə ona baxırdım, bayaqdan aralı qalan dodaqları indi titrəyirdi. Yerindən tərpəndi, başıaşağı, sələ-sələ yeridi. Əslində kölgə kimi sürünürdü o, sanki qəflətən bir əzizi qabağında düşüb ölmüş, bu da bərk sarsılmışdı. Elə bil neçə gündən bəri yolumu gözləyirmiş kimi hər dəfə qarşıma çıxıb məni sorğu-suala tutan, işimi xəbər alan, "yox" cavabımı eşidəndə üzdə ah-vay edən adam bu deyildi.

Mən isə indi qarşılaşdığım bu mənzərədən, yerimdə yox, elə atın üstündə donub qalmışdım. Məəttəl qalmalı işdi: bugünəcən guya halıma yanan bu "xeyirxahım" indi bir "mübarəkdir, xeyirli olsun" belə deməyib, məğmun-məğmun məndən aralanıb arxasına belə baxmadan gedir, kölgə kimi uzaqlaşırdı....

lll

Qəfildən eşitdiyim qəhqəhə səsinə diksindim. Başımı qaldırıb eşiyə, həyətimizə tərəf boylandım. Anam evimizin şüşəbəndindən mənə sarı baxıb gülür, gülürdü. Həm də, elə-belədə, adi vaxtlarda gülüşü dodaqlarının arasından güclə süzülən, xəfif təbbəssümdən uzağa getməyən anam indi mənə sarı baxa-baxa şaqqanaq çəkərək gülürdü.

Göy atım fınxırıb yüyəni başı ilə əlimdən dartmasaydı, kim bilir, mən hələ nə qədər beləcə durduğum, anamın bu gülüşünə heyran-heyran baxdığım halda qalacaqdım. Atımı dəhmərlədim, evimizə sarı dikləndik. Anamın mənim vəzifəyə keçməyimə, işə düzəlməyinə sevindiyi üçünmü, yoxsa "qayğıkeş" qonşumuzdan aldığım və heç vaxt unutmayacağım "xeyirxahlıq dərsi"nəmi güldüyünü kəsdirə bilmirdim ki bilmirdim... Ancaq o gün həmişəlik yaddaşıma köçdü. Gördüyünüz kimi, hələ də yerbəyer xatırlayıram.

 12 iyun 2019

 

 

 

 

 

 





26.01.2023    çap et  çap et