525.Az

Güney Azərbaycanın tarixi abidələri: Təbrizdəki daş yaddaşımız - Esmira Fuad yazır


 

Güney Azərbaycanın tarixi abidələri: Təbrizdəki daş yaddaşımız - <b style="color:red"> Esmira Fuad yazır</b>

Dünyanın ən uzunömürlü paytaxt şəhərlərindən biri kimi tarixə düşən Təbriz Şərqi Azərbaycan vilayətinin inzibati mərkəzidir. Sahəsinə görə Tehran və Məşhəddən sonra üçüncü ən böyük şəhərdir. 2021-ci ildə əhalisinin 1627304 nəfər olduğu müəyyənləşən qədim Təbriz 1890-cı ildə İranda ən böyük şəhər sayılıb. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınan və əhalisinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət olan şəhərin meri İrəc Şəhin Baherdir. Eynalı//Eynəli, yaxud Eynal-Zeynal, Səhənd və Surxab dağlarının ətəkləri ilə əhatələnən və dəniz səviyyəsindən 1350-1410 m. yüksəklikdə yerləşən çox qədim tarixə malik ecazkar Təbriz Rəvvadilər, Azərbaycan Atabəyləri-Eldənizlər, Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlirilər-Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olub. Səfəvilərin paytaxt şəhəri olduğu dövrdə Təbriz dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi. Hətta şəhər əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi. 17-ci əsr ünlü tarixçi alimi Oruc bəy Bayat Təbrizi "Şərqin paytaxtı" adlandırıb. Tehran və Məşhəddən sonra İranda üçüncü böyük şəhər hesab olunan Təbrizə tutduğu əhəmiyyətli coğrafi mövqeyə görə, "İranın Günbatan qapısı" da deyirlər.

Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala indiki Təbriz şəhərinin yerində olub. Bir sıra mənbələrdə adı Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və sair kimi qeyd olunan "Təbriz" sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar bu adın Surxab dağının qədim adı "Tori" ilə əlaqədar olduğunu, digərləri isə Təbriz kəlməsinin Təbriz-Tavris-Tavaris, yəni  (tav)+(aris) "dağ+arası" mənasını verdiyini göstərirlər. İ.M.Dyakonov yazır ki, "Təbriz" sözünün ilkin forması olan "Tarui-Tarmakis" qədim assur dilində "ikiqat qala" deməkdir. "Təbriz" sözünü "Günəş saçan" mənasında izah edənlər isə onun əsasının qoyulmasını daha qədim dövrlərlə bağlayaraq atəşpərəstliklə də əlaqələndirirlər. J.Şarden də Təbrizdə olarkən şəhərin maliyyə idarəsində xəzinədar işləmiş Mirzə Tahirin söylədiklərinə istinad edərək "Təbriz" sözünü atəşpərəstliklə əlaqələndirib və tab-işıq, riz-saçan, yəni "işıq saçan" mənasında izah edib. Səid Nəfisi də "Təbriz" sözünün ilk şəklinin "tab" olduğunu bildirib və bu adın məhz Səhənd dağlarında bir vaxtlar atəş püskürən vulkanlarla bağlı yarandığını  qeyd edib. "Təbriz" sözünü dağ adı ilə əlaqələndirən Kontarini isə yazır ki, "Bu şəhərin yaxınlığında bir neçə qırmızı rəngli dağ müşahidə olunur. Deyirlər ki, onlar Tori dağları adlanır..."

Təbriz bu gün Güney Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzidir. Şəhərin 1597319 nəfərlik əhali kontingentinin böyük əksəriyyəti Azərbaycan türkləridir.

Tarix boyu Qaraqoyunlular (1375-1468), Ağqoyunlular (1469-1501), Səfəvilər (1501-1514; 1514-1534; 1535-1548; 1548-1585; 1603-1610; 1611-1724; 1730-1736), Osmanlılar (1514; 1534-1535; 1548; 1585-1603; 1610-1611; 1724-1730), Əfşarlar (1736-1747), Təbriz xanlığı (1747-1802), Qacarlar (1802-1827; 1828-1905; 1912-1925), Rusiya imperiyası (1827-1828), İran Konstitusiya İnqilabı (1905-1911); Rusiya imperiyası (1911-1912), Pəhləvilər (1925-1945; 1946-1979), Azərbaycan Milli Hökuməti (1945-1946), Müvəqqəti hökumət (1919-1979); İran İslam Respublikası (1979) kimi çoxsaylı dövlətlərin tərkibində olan Təbriz şəhəri, göründüyü kimi, əldən-ələ keçib, bu çarpışmalar, əldən-ələ keçmələr zamanı şəhər əhalisi min bir zülmə qatlaşmalı, yağmalanmalara dözməli, boyun əyməli olub.

Seysmik zonada yerləşən Təbriz bəzi tarixi mərhələrdə - 858, 1041 və 1721-ci illərdə baş verən dəhşətli zəlzələlər zamanı dağılıb, viran qalıb, tarixi abidələrin də bir çoxu dağılaraq məhv olub. Zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir.

Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olub. Hazırda Təbriz-Baba dağı yaxınlığındakı Allahu-əkbər dağı üstündə möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.

Tarixi abidələri sırasında Ərk qalası, Göy məscid, Təbriz Örtülü bazarı, Əmir Nizam evi, Həriri evi, Behnam evi, Kəmal parkı (Şeyx Kəmal məzarı), Şairlər məzarlığı, Xaqani parkı, Gülüstan bağı, Bağlar bağı, Qarı körpüsü, Aci çay körpüsü, Mənsur körpüsü, Cümə məscidi, Nobar hamamı, Eynəli (Aynalı) dağ silsiləsi önəmli yer tutur. 

Təbriz şəhərində tikilmiş və orta əsrin tarixi abidələri sırasında diqqət çəkən mükəmməl memarlıq nümunələrindən biri "T" şəkilli planlanmasına görə, Türkiyənin Bursa şəhərindəki Yaşıl camini xatırladan Göy məscid, yaxud da onu ucaldan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu, "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Müzəffərəddin Cahanşah Həqiqinin adı ilə "Cahan şah məscidi" adlandırılan abidədir. Deməli, Göy məscid Qaraqoyunlular dövlətinin yadigarıdır. Vaxtilə böyük və əzəmətli memarlıq kompleksi kimi tanınıb. Lakin feodal ara müharibələri zamanı dağıntılara məruz qalıb.

Qeyd edək ki, "XV əsrdə Təbriz özünün memarlıq - planlaşdırma inkişafının çiçəklənmə dövrünü yaşayıb. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları - Cahanşah Həqiqi, Uzun Həsən və Sultan Yaqub bu dövrdə Azərbaycanın paytaxt şəhərində önəmli şəhərsalma tədbirləri həyata keçiriblər. Bir sıra iri memarlıq kompleksləri - Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Azərbaycan memarlığının digər maraqlı və dəyərli nümunələri meydana gəlib. Cahan şah Həqiqinin hökmdarlığı dövründə Təbrizdə xeyli sayda gözəl binalar tikilir". Bu abidələrin çoxunun adı türk alim-səyyah Övliya Çələbinin (XVII əsr) "Səyahətnamə" kitabında bəlli olur. O, kitabda Təbrizin ən gözəl tikililərini sadalayır və bir neçəsinin də adını çəkir. Onlar məhz sifarişçinin - incə zövqlü, sənət bilicisi Cahan şah Həqiqinin adı ilə tanınan "Cahan şah imarəti", "Cahan şah hamamı", "Cahan şah karvansarası", "Cahan şah binası" və Təbrizdə ən böyük mədrəsə kimi məşhur olan "Cahan şah mədrəsəsidir"dir. Nəhayət, az.wikipedia.org/wiki/Göy_mesciddə qeyd edildiyinə görə, Cahan şah dövrünün ən görkəmli abidə-tikinti kompleksi 1467-ci ildə tamamlanmış Müzəffəriyyə memarlıq kompleksidir ki, onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və b. tikililər daxil olub. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşir. Bu nəhəng memarlıq kompleksindən dövrümüzə qədər yalnız kompleksin baş tikilisi - memarlıq tarixinə Göy məscid adı ilə daxil olan və Cahan şah Həqiqinin dəfn olunduğu əzəmətli Cümə məscidi qalıb.

XX əsrin 70-ci illərində Göy məscidin "təmizlənməsi" və "bərpası" zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılır. Üstündə qabarıq hərflərlə və nəsx xətti ilə yazılmış yazı oxunur: "Be sərkareye İzzətdin Qapuçi ibn Məlik". Beləliklə, Göy məscidin inşasına başçılıq edən mütəxəssislərin kimliyi müəyyənləşir: baş memar - Xacə Əli Küçəçi, monumentalist xəttat - Mövlanə Nemətullah Bəvvab və baş iş icraçısı - İzzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində, təsiri Azərbaycanın hüdudlarından kənara çıxan nadir memarlıq əsəri yaradıblar. Mütəxəssislər bildirirlər ki, mühəndis-konstruktiv cəhətdən Göy məscid Təbriz memarlıq məktəbinin ən böyük nailiyyətlərindəndir. Abidənin bugünkü görünüşü onun həcm-məkan quruluşu haqqında dolğun təsəvvür yaratmır. Həm interyer, həm də fasad bəzəyinin rəng koloritində göy rəng üstünlük təşkil etdiyindən abidə Göy məscid adını alıb. Məscid heyrətləndirici mavi parlaqlığına görə isə "İslamın firuzəsi" adlandırılıb. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik və gözəllik zirvəsi hesab olunur.

Göy məscid başlıca olaraq özünün fasad və interyerlərinin nəfis və ecazkar bəzəkləri ilə şöhrət tapmışdır. Bu memarlıq dekorasiyalarında tətbiq edilmiş bədii üsul və vasitələr olduqca çoxdur. Baş fasadda, kiçik salonun kürsülüyündə və oyma mərmər şəbəkələrdə tətbiq edilən daş hissələrlə yanaşı, binanın bəzəyində yüksək dərəcəli bədiiliyə malik keramik dekorlardan da geniş istifadə olunub. Burada keramik bəzəklərin iki növü var. Onlardan biri iri ölçülü kaşı lövhələrdən, ikincisi isə xırda, standart formada kəsilmiş, mozaika tipli kaşı bəzəyindən ibarətdir.

Əvvəlki dövrə nisbətən bu binada keramik bəzəyin rəng qamması xeyli genişləndirilib. Məscidin divarlarında yenə də əvvəlki kimi şirlə işlənmiş süd rəngli dümağ yazılar və firuzəyi rəngli, mürəkkəb formalı nəbati naxışlar tünd göy rəngli yerlikdə verilib. Ustalar göy rəngin bənövşəyidən başlamış firuzəyi rəngə qədər bütün çalarlarından məharətlə istifadə ediblər. Kaşı bəzəklərində göy şirdən başqa, açıq yaşıl, sarı şirlərdən də istifadə olunub. Göy və firuzəyi kaşı lövhələrin üzərində naxışlar cızmaqla bədii kompozisiyanın rəng qamması saxsının üzə çıxmış qırmızı rəngi hesabına daha da zənginləşdirilib. Məscidin böyük günbəzini bəzəmiş əlvan naxışlar isə çox orijinaldır. Kiçik salonun günbəzinin tünd göy rəngi üzərində ağ ulduzlar, böyük salonun günbəzinin yaşıl rəngi üzərində isə çiçəklər təsvir edilib.

XIV əsrdə Təbrizdə olmuş İbn Batuta bu şəhərdəki abidələrin bədii keramik dekorlarının Əndəluzun və Şimali Afrikanın kaşı bəzəklərindən üstün olduğunu qeyd edib.

Məscidin kufi və nəsx xəttləri ilə yazılmış yazıları onun memarlıq bəzəyinin mühüm cəhətlərindəndir. Dini məzmunlu yazılar ya medalyonların daxilində yerləşdirilib, ya da bordyur formasında nümayiş etdirilib. Göy məscidin kerammik dekorları ona dünya şöhrəti qazandırıb.

Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz-Baba dağı yaxınlığındakı Allahu-əkbər dağı üstündə möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları var. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.

(Ardı var)

 





26.01.2023    çap et  çap et