525.Az

Urmiya gölünün quruması: ekoloji terrordan törəyən böyük fəlakət


 

Urmiya gölünün quruması: ekoloji terrordan törəyən böyük fəlakət<b style="color:red"></b>

Urmiya gölü Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhədə yaxın ərazidə yerləşən qapalı, duzlu göldür. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yerdədir. Hədsiz duzlu olması səbəbindən qışın ən sərt vaxtlarında belə gölün suyu donmur. Hətta mütəxəssislərin məlumatına görə, gölün suyunun duzluluğu okean sularının duzluluğundan iki dəfə artıqdır. Vaxtilə gölün suyu və palçığı müalicəvi xarakter daşıyıb. Əsasən palçığı əsəb, traxoma,  müxtəlif dəri və qadın xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edib. Bənzərsiz, əsrarəngiz gözəlliyi ilə seçilən göl həm də köçəri quşların əsas düşərgə mərkəzi olub. Quşların köç mövsümündə buraların başqa bir gözəlliyi varmış. Göl müxtəlif quş növlərinin, flaminqo, qutan, leyləklərin məskəni olub.

İran hakimiyyəti illərdir ki, Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini, Güney Azərbaycanın torpaqlarının beşdə birini əhatə edirdi.

Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı vardı.

Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk və 26 növ balıq yaşayırdı. Bu canlıların varlığı və çeşidliyi Urmu gölünün UNESCO tərəfindən biosfer qoruğu elan edilməsinə səbəb olmuşdur. Lakin İran hakimiyyətinin məsələyə savadsız və biganə yanaşması Urmiya gölünün quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Sakinlər həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Güney Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib.

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun sözlərinə görə, Asiyanın böyük göllərindən biri olan Urmiya gölü son 20 ildə ekoloji terrora məruz qalır, qurudulur. Təəssüf ki, bu illər ərzində gölün su ehtiyatı 31 milyard kubmetrdən 2,9 milyard kubmetrə qədər azalıb. Ümumiyyətlə, su hövzələrində qurumalar bir neçə səbəbdən baş verə bilər: "Birinci səbəb təbii proseslərdir. Lakin hesab edirəm ki, bu, təbii proses deyil. Çünki Urmiya gölü Van gölü ilə eyni arealda yerləşir. Qurumanın səbəbi təbii proseslər olsa idi, bu, Van gölünə də təsir etməli idi. Halbuki həmin göldə belə bir proses müşahidə olunmur".

Komitə sədri bildirib ki, son 20 ildə Urmiya gölünə tökülən çaylar üzərində 70-dən çox su anbarı tikilib. Su anbarlarda yığıldığından gölə gəlib çatmır. Bu da onun qurumasına səbəb olur: "Urmiya gölü duzluluğuna görə dünyada üçüncü ən böyük göldür. Həmin göldə əmələ gələn qalın duz qatı çovğunda, küləkdə yayılır, ətraf ərazilərdəki torpaqları zəhərləyir. İnsanlara həm fiziki, həm də mənəvi ziyan verdiyindən onlar həmin ərazidən köçməyə məcbur olurlar. Rəsmi məlumatlara görə, gölün ətrafında 40-dan çox kənd boşaldılıb ki, bunların da əksəriyyəti azərbaycanlılar yaşayan kəndlərdir. Buradan belə bir nəticəyə gəlmək olar: göl məqsədli şəkildə qurudulur ki, əhali oradan köçsün".

Millət vəkilinin dediyinə görə, beynəlxalq təşkilatların əlində bu məsələ ilə bağlı yetərli məlumatlar olmadığından demək olar ki, nəzərəçarpacaq münasibət və reaksiya yoxdur, əksinə, susqunluq hökm sürür: "BMT bununla bağlı müəyyən qədər canfəşanlıq göstərsə də, İran dövləti ekspertləri gölün olduğu əraziyə buraxmır. Təbii ki, mütəxəssislərin oradakı hadisələri görməsi, monitorinq apararaq həqiqətləri ortaya çıxarması İranın imicinə yaxşı təsir etməyəcək. İranin daxilində də Urmiya gölünün qurudulması ilə əlaqədar etirazlar müşahidə olunurdu. Müəyyən təşkilatların üzvləri, ekofəallar, tələbələr bir neçə dəfə etiraz aksiyaları keçirmişdilər. Təəssüf ki, aksiyalar fiziki təsirlər göstərilərək yatırılmışdı, hətta ölüm halları da qeydə alınmışdı. Gölün qurudulması təkcə bir dövlətin deyil, dünyanın problemidir. Beynəlxalq təşkilatların susqunluğu isə xüsusilə təəccüb doğurur. Ermənistanın Azərbaycan ərazilərində törətdiyi barbarlığa göz yuman bir sıra təşkilatlar burada da ikili yanaşma tətbiq edirlər".

S.Qurbanov deyib ki, 2014-2016-cı illərdə aparılan qiymətləndirməyə görə, göldə, ona tökülən çaylarda və ətraf ərazilərdə 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq, 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ quş yaşayıb: "Həmin ərazidəki biomüxtəliflik məhv olmaq üzrədir. Düşünürəm ki, alimlərimiz bu məsələni öz məqalələrində qabartmalı, həmçinin, oradakı ekofəallar həm ölkəmiz, həm də digər ölkələr tərəfindən dəstəklənməlidir. Hər kəs bu məsələdə əlbir olmalıdır".

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım bildirib ki, Urmiya gölünün quruması ekoloji fəlakətlərə şərait yaratmaqla soydaşlarımızı öz tarixi yurdlarını tərk etməyə məcbur edir.  Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edir: "Bu bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı. Etinasız yanaşma nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140, eni 55 kilometr, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Həmin su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Göl duzluluğuna görə dünyada üçüncü yeri tutur. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda Güney azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili çalmağa başladılar, BMT-yə qədər müraciət edildi. Lakin təəssüflər olsun ki, həmin müraciətə reaksiya verilmədi".

Komitə üzvünün sözlərinə əsasən, həmin ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb: "Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Gölün qurumaması üçün ildə ən azı 6 milyon kubmetr suya ehtiyac duyulur. Bu qədər su illərdir həmin gölə tökülmür. Bu gedişlə Urmiya gölü tam quruyacaq. Yaranmış vəziyyətlə əlaqədar insanlar həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Cənubi Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Bununla Güney Azərbaycanda ekoloji terror törədilib. Bu, təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına mənfi təsir göstərir, yaşayış yerini tərk etməsinə səbəb olur. Urmiya gölü cənublu soydaşlarımız üçün mənəvi məna kəsb etdiyindən davamlı olaraq gölün qurudulmasına qarşı etiraz səslərini ucaldırlar".

İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. Dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi ciddi narahatlıq yaradır.

Sevinc QARAYEVA

 





26.01.2023    çap et  çap et