525.Az

"Şəhid zabitin xanımı olmaq çox böyük şərəf və məsuliyyətdir"


 

"Şəhid zabitin xanımı olmaq çox böyük şərəf və məsuliyyətdir"<b style="color:red"></b>

Tariximizə qızıl hərflərlə yazılan, Böyük Zəfərlə bitən Vətən müharibəsində ömrünü bu yurd üçün fəda edən qəhrəmanlar Qarabağın azadlığını, vətənin firavanlığını, Azərbaycanımızın ərazi bütövlüyünü təkcə canlarından deyil, həm də canları qədər sevdikləri ailələrindən, ana-atalarından, yarlarından, balalarından artıq bildilər. Həm də onların daha azad, daha firavan bir yurdda başıdik, alnıaçıq yaşamaları üçün qurban getdilər bu müqəddəs yolda. Həmin qəhrəmanlarımızdan biri də şəhid mayor Natiq İsmayılovdur. O, 1980-ci il martın 5-də Qəbələ rayonunun Bunud kəndində anadan olub. C.Naxçıvanski adına hərbi liseyin və Hərbi Akademiyanın məzunu idi. Ali təhsilini bitirdikdən sonra N.İsmayılov "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. Naxçıvanda, Qusarda və Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

N.İsmayılov 2016-cı ildə "Aprel döyüşləri"ndə vuruşub. Ömrünü hərb sənətinə həsr edən zabit 2020-ci ilin iyun ayında ehtiyata buraxılmışdı. Nəhayət, həyatını bütün bu illəri onun yolunu gözləyən, bir gün görəndə, beş gün həsrət qalan, atalarını vətənlə bölüşmək məcburiyyətində olan dörd övladına həsr edəcəkdi. Lakin o, dar məqamda yenə də vətənin köməyinə tələsdi. Ehtiyatda olmasına baxmayaraq, müharibə başlar-başlamaz döyüşlərə qatıldı və oktyabrın 17-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Qəbələ rayonunun Bunud kəndində dəfn olunan Natiq İsmayılov şəhadətindən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Müsahibimiz Nigar İsmayılova əziz şəhidimizin həyat yoldaşıdır. Nigar xanımla həmsöhbət oldub qəhrəmanımızı bir də ondan dinlədik:

 

 

- Nigar xanım, Natiq İsmayılovla necə tanış olub evlənmişdiniz?

- Əvvəla deyim ki, elə ilk sualınız məni bir daha həm xoş xatirələrimə apardı, həm də kövrəltdi. Biz bir çox aşiqlər kimi, illərlə sevgi yaşayıb sonra evlənməmişik. Qrup yoldaşımın qohumu idi. Onlar məni yoldaşıma məsləhət bilmişdi. Ancaq hərbi həyatı bizi daha çox bir-birimizə bağladı. Doğmalarımızdan uzaqda bir-birimizə ən doğma kəs olduq. Sanki Allah hər bir uyğunluğumuzu əvvəldən yaradıb, qəlbimizə sevgimizi doldurub uyğun zamanı gözləyirmiş ki, bizi bir-birimizə rast sala.

- Necə həyat yoldaşı idi?

- Danışsam, inanın ki, saatlar bəs etməz. Ancaq onun sevgisini belə ifadə edim ki, 12 illik ailə həyatımızda Natiq necə sadiq, diqqətcil (təbii ki, ağır iş rejimiylə yanaşı), qayğıkeş həyat yoldaşı oldusa, bu 12 il 12 əsrə yetəcək qədər unudulmazdır. Elə bir həyat yoldaşı olub ki, qocalıb adım yadımdan çıxsa belə, kimsə "Natiq gəlir" desə, gözlərim axtaracaq, əllərim titrəyəcək.

- Bəs necə ata idi? Övladlarıyla bağlı hansı arzuları vardı?

- Çox gözəl ata idi. Vaxt tapan kimi uşaqları gəzintiyə çıxarırdı, evdə uşaq kimi onlarla oynayırdı. Onlara idman öyrədirdi. Övladlarıyla bağlı ən böyük arzusu o idi ki, ali təhsil alsınlar, cəmiyyətdə lazımi mövqe tutsunlar.

- Hərbçi həyat yoldaşı olmağın nə kimi çətinlikləri vardı?

- Çətinliklərimiz o qədər çox olurdu ki. İstər-istəməz işinə görə təyinatı dəyişirdi. Müxtəlif bölgələr, hər dəfə yad evlər, yad insanlar. Kirayələdiyimiz evin şəraiti baxımından çətinliklər olurdu. Elə olurdu sular donurdu, çox uzaqdan gedib su gətirirdik. Körpə uşaqlarla daha çətin olurdu. Ancaq əvvəl də dediyim kimi, sevgimiz, sadiqliyimiz bu çətinliklərin öhdəsindən gəlməyə bizə güc verirdi.

- Heç yorulduğunuz, usandığınız olurdumu?

- Hə, gizlətməyəcəm, olurdu. Gündüz öz-özümə danışırdım: "Evə gəlsin, bunu deyəcəm, onu deyəcəm". İnanın, axşam evə gələndə xoş üzlə içəri girib, sevgidən parıldayan gözlərlə ki üzümə baxırdı, baxışıyla sanki deyirdi "dincəlməyə gəldim". Hər şeyi unudurdum. Elə bil bütün gün öz-özünə danışan mən deyildim.

- Onun işinə, sənətinə qarşı münasibəti necə idi?

- İşinə qarşı son dərəcə ciddi və məsuliyyətli idi. Elə olurdu ki, işdən zəng gələndə boşqabda yeməyini qoyub qalxırdı ayağa. Deyirdim həmən çata bilməzsən ki. Bilirlər də, maşınla yol getməlisən, otur yeməyini ye, get. Yenə də razı olmazdı, süfrədən durub, iki dəqiqədə hazır olub gedirdi. O ikicə dəqiqədə, təsəvvür edin forması ütülənməli idi, üz təraşını edib, botinkalarını mazlayırdı. Heç sevməzdi töhmət almağı. Hər zaman da 13-cü maaşı məsuliyyətinə görə yüksək faizlə vurulurdu.

- Qarabağın işğalıyla bağlı nə düşünürdü? Necə qarşılayırdı bunu?

- Sözsüz ki, ürəyi, qanı, canı Vətənlə döyünən hər bir oğul kimi, o da Ali Baş Komandanın verəcəyi əmri gözləyirdi. Gözləyirdi ki, öz vəzifəsini olduğundan da artıq yerinə yetirsin. Elə də oldu.

- Müharibədən 3 ay öncə təqaüdə çıxmışdı. Bəs müharibəyə necə çağırıldı və necə getdi?

- Bəli, üç ay idi təqaüddə idi. 4-cü ayda müharibə başladı. Oktyabrın 2-si saat 11-12 arasında zəng gəldi. Bilmədim kimlə danışdı, nə danışdı. Bir də baxdım ki, formasını geyinib, tam hazır vəziyyətdədir. Mənə dedi ki, kəndə gedirəm. İnanmadım. Dedim kəndə formayla gedirsən? Komissarlıqda çağırılan neçə zabitdən bircə Natiq tam hazır vəziyyətdə komissarlığa gedibmiş. Bunu sonradan komissarlıq özü də vurğulamışdı.

- Müharibə vaxtı danışa bilirdinizmi? Ən son nə vaxt danışmışdınız? Nələr deyirdi?

- Hər gün ancaq "Necəsiniz? Uşaqlar dərsə gedirmi?" - deyə soruşub, sağollaşırdı. Çox qısa danışırdı. Nə qədər soruşsam da ki, hardasan, vəziyyət necədir, deyirdi "telefonun enerjisi bitir artıq, işim var, sağ ol". Oktyabrın 12-də gecə zəng gəldi. Hiss etdim ki, nə isə demək istəyir. Uşaqları soruşdu. Dedim yaxşıyıq. Elə bildim söndürəcək. Dedi: "Nigar, uşaq deyilsən, özün bilirsən hardayam. Uşaqlara yaxşı bax. Haqqını mənə halal elə!" O günə qədər ona nə isə olar deyə düşünmürdüm. Fikirləşirdim ki, müharibə bitəcək, gələcək. O gündən sonra isə hər dəqiqəm müharibə oldu. Kiçik düyməli kamerasız telefonu var idi. Oktyabrın 15-də mesajla bir kəlmə "salamatçılıqdır" yazdı. 16 oktyabr axşam 19:00-20:00 arası zəng elədi, danışdıq. Texnikaların, əsgərlərin səs-küyündən anladım ki, döyüşə çıxırlar. Hər dəfə bir dəqiqə ancaq danışardıq. Amma bu dəfə hiss elədim ki, özü uzadır danışığımızı. Səsi eşidib dedim "komandir, səni çağırırlar, get". Güldü, dedi özünüzə yaxşı baxın.

- Şəhadət xəbərini necə aldınız?

- Oktyabrın 17-də şəhid xəbəri gəldi. Məlum oldu ki, Füzuli uğrunda döyüşdə şəhidliyə yüksəlib. 18 oktyabrda isə dəfn olundu.

- Bir şəhid xanımı olmaq, şəhidin övladlarını böyütmək nə deməkdir?

- 23 illik xidməti olan bir şəhid zabitin xanımı olmaq çox böyük şərəf və məsuliyyətdir. Bilmirsən necə təsəlli tapasan, gözlərini uşaqlardan necə gizlədəsən. Ən çox da onların sual dolu baxışları insanı təsirləndirir. Ancaq düşünəndə ki, necə bir oğulun, həyat yoldaşının, can dostunun əmanətləri səndədir, ürəyə bir hüzur çökür, gözdə yaş olsa da, üzdə təbəssüm yaranır. Övladlarını ona söz verdiyim kimi böyütmək hər gün onu yenidən sevməkdir, hər gün onu xatırlamaqdır bu məsuliyyət.

- Heç yuxularınıza girirmi? Necə görürsünüz yuxuda?

- Bəli, görürəm yuxularımda. Bəzən deyirəm ki, nə isə haqqında fikirləşirik, ona görə yuxuda görürük. Amma elə yuxular olub ki, ayılıb çarəsizcə göz yaşı tökmüşəm ki, bunları ki, sən bilirsən, görürsən, hiss edirsən, bəs niyə gözümə görünmürsən?

- Şəhidinizin adının yaşadılması üçün nələr edilməsini istərdiniz?

- Çox istərdim ki, həyat yoldaşım, şəhid mayor Natiq İsmayılovun adına ya orta məktəb, ya da lisey olsun. Onun adı daim yad edilsin.

Şahanə MÜŞFİQ

 





26.01.2023    çap et  çap et