Aqil P. ƏHMƏDOV
Dosent, tarix üzrə fəlsəfə doktoru
44 günlük Vətən müharibəsindən üç ilə yaxın vaxt ötür. Yaralarımız qaysaq bağlasa da ağrı və acılarımızı qəlbimizdə daşımağa davam edirik. Qərinələrin sərt sınaqlarına sinə gərən Azərbaycan dövləti və xalqı, onun mərd oğulları dövlətçilik ənənələrini, babalarının döyüş ruhunu yaşadaraq bu günlərə çatdırmış, Azərbaycan Respublikası XXI əsrdə Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Postmünaqişə dövründə respublikanın keçdiyi sosial-iqtisadi tərəqqi yolu, sülh və təhlükəsiz şəraitdə regionda həyata keçirilən meqa layihələr, ölkə diplomatiyasının bölgədə və beynəlxalq aləmdə qazandığı uğurlar şəhidlərimizin əzmi, ölçüyəgəlməz mərdlik və vətənsevərlikləri sayəsində qazanılmış Zəfər tarixi, yaxın tarix kimi dünya durduqca xatırlanacaq.
Şəhid mövzusu hər bir azərbaycanlı üçün əzizdir, həssas olduğu qədər də zəfər tariximizin, şanlı qələbəmizin carçıları, səbəbkarları olan Vətən oğullarının xatirələrinin yaşadılması, gələcək nəsillərə aşılanması, yaddaşlarda yaşaması deməkdir. Şəhidlərin yaratdıqları qəhrəmanlıq məktəbi haqqında ən azı məqalələrlə çıxış etmək ziyalılarımız üçün mənəvi dəyəri yüksək olan və sonsuzluğa uzanan yoldur. Bu yol babalarımızın, ən azı son 300 ildə açdığı şəhadət yolu kimi, qanlı savaşlardan keçərək Vətən torpağını dünyanın hər tərəfində şöhrətləndirir.
Sovet rejiminin çöküşündən və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından ötən otuz ildə isə ölkənin hər bölgəsində, suverenliyimizin təminatçıları, şəhidlərimizin mübarək, cənnət-məkan məzarları qarşımıza çıxır. Belə qəhrəman oğullarımızdan biri heç şübhəsiz ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin baş giziri, kəşfiyyatçı Şuşa qəhrəmanı Şahin Allahyarovdur. Şəhidimizin cənnət məzarı Qubanın Zizik kəndini şərəfləndirir və sorağını respublikanın hər tərəfinə yayır. Son yüz ildə ziyalı nəsilləri ilə tanınan kənd indi də qəhrəmanları, şəhidləri ilə qürur duyur.
Zizik kəndinin şərəf nümunəsi, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov haqqında növbəti, dördüncü yazımı dəyərli oxucularımızla paylaşıram. Mövzu ilə bağlı son iki ildə qələmə aldığım məqalələr – “Zizikin Şahin zirvəsi”, “Siz bilin ki, Şahin haqq yoluna gedir”, “Şəhadətdən keçən 29 yaş” adları ilə respublikanın müxtəlif elektron informasiya portallarına yerləşdirilmişdir. Həmçinin, yazılarımı dövrü mətbuat səhifələrində çap edən dəyərli jurnalistlərimizə də öz təşəkkürümü bildirirəm.
Hazırkı yazı Şahinin yubiley yaşına həsr olunub. Bu gün şəhidimizin anadan olmasından 30 il ötür (29.01.1993 – 29.01.2023). Şəhid düşərkən Şahinin 27 yaşı var idi (01.11.2020), artıq üçüncü ildir ki, əzizləri ad gününü onsuz qeyd edirlər. Üç il zaman baxımından bizim üçün qısa görünsə də Şahinin ailəsi, valideynləri üçün sanki uzun on illikləri xatırladır oğul itkisi. Övlad dərdi, övlad həsrəti Nərgiz ananı və Hüseynbala kişini dərindən yaralamış, atanın ürəyi bu ayrılığa dözməyərək üç ay bundan əvvəl şəhid atası, əbədi olaraq Şahininə qovuşmuşdur. Bu mənzərəni xatırlamaq mənim üçün nə qədər ağır olsa da Şahinin xatirəsini yaşatmaq üzərimdə daşıdığım mənəvi borcdur. Əlbətdə ki, şəhidlərin haqqını ödəmək mümkün deyil, amma buna cəhd edərək, düşüncə və duyğularımızı dilə gətirmək, yazılarımızda Şahin və onun şəhid dost və silahdaşları haqqında diqqət çəkən, maraqlı məqamları şərh etmək düşünürəm ki, azda olsa ailələrinə xüsusilə də valideynlərinə, indi isə təkcə Nərgiz ananı ovundurmaq üçün dəryadan bir damladır.
Onuda bilirəm ki, əziz şəhidimizin anası Nərgiz xanım Şahinlə bağlı bütün yazıları axtarır, araşdırır, diqqətlə oxuyur və övladının xatirəsinin yaşadığına sevinir. Hətta eşidəndə ki, Şahinin şəkilləri məktəblərdə, bölgələrin şəhidlər xiyabanlarında və digər məkanlarda asılıb, onun fotosunu çəkib göndərilməsini istəyir və qəlbi azda olsa rahatlıq tapır.
Keçən ilin avqust ayında Zizik kəndində qəbir ziyarətində Nərgiz ana ilə qarşılaşdım və Şahinlə bağlı artıq daha geniş tədqiqat apardığımı, kitab yazmağa başladığımı dilə gətirdim və mövzu ilə bağlı xeyli söhbət, məsləhətləşmələrdən sonra evlərinə gələrək şəhid övladının şəkilləri, təltifləri və digər əşyaları ilə bəzədilmiş kiçik muzey-guşə ilə tanış oldum. Demək olar ki, rəflərdə gördüyüm bütün foto, sənəd, fəxri fərman, qəzet, jurnallarda Şahinlə bağlı çap olunan nə varsa hər birini ayrı-ayrılıqda çəkib götürdüm. Kitabla bağlı xeyli material əldə etdikdən sonra artıq birinci fəsli demək olar ki, yazıb bitirmişəm. Ən qısa zamanda sona çatdırıb, nəşrə verməyi düşünürəm. Bunu mənim qədər, məndən daha çox Nərgiz ananın arzu etdiyini bildiyim üçün, maksimum dərəcədə çalışıram ki, kitabı tez bir zamanda üzə çıxarım.
Cənnətdə 30 illik müdrük yaşını yaşayan Şahinin II Qarabağ müharibəsi dövründə göstərdiyi şücaət, Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Çoxsaylı təltiflər Şahinin misilsiz qəhrəmanlıqlarını dilə gətirir, Vətən oğlunun fədakarlığını və düşmənə qarşı gücünü, barışmaz mövqeyini göstərməklə, dostları, zabit və əsgər yoldaşlarının zəngin, xoş xatirələri gözlərimizin önündə hər daim canlanır. Təkcə “Adı kimi Şahin” sənədli filminin adını çəkmək qəhrəman azərbaycanlının mərdliyi haqqında dolğun məlumat almağa bəs edir. İllər ötür, biz Şahinin yüksək hərbi xidməti, şərəfli döyüş yolu haqqında yeni və insanı heyrətləndirən faktlar eşidir, onları qələmə almağa və gənclərə, gələcəyimizə çatdırmağa çalışırıq. Qrup komandirlərinin Şahinin şücaətlə dolu döyüş yolu haqqında danışdıqları xatirələr, Vətən oğlunun gənc olmasına baxmayaraq düşmənlə mübarizədə özünəməxsus taktikalarının, gedişlərinin olduğunu öyrənmiş oluruq. Şahinin əmr olunan döyüş məntəqəsinə avtomobili ilə gedən komandirindən fərqli olaraq, piyada halda tez çatması hadisəsi artıq dillərə dastan olmuş, qəhrəman azərbaycanlının bir kəşfiyyatçı kimi nə qədər çevik olduğunu və hərbi qulluqçu kimi məsuliyyət hiss etdiyini göstərir. Qorxunu ölümsüzləşdirən Şahinin düşmənə qarşı hazırladığı həmlələr qəhrəman Vətən oğlunun yüksək döyüş hazırlığı və qabiliyyətini göstərən bariz nümunədir.
“Mən onu heç zaman ədalətsiz görmədim”
Söyləyən şəhid anası Nərgiz xanım qədər kim, qəhrəman Vətən oğlu Şahini tanıya və duya bilər. Nahaq yerə ulularımız deməyib ki, “Ağlarsa anam ağlar gerisi yalan ağlar”. Şahinin uşaqlıq illərini bir kino lenti kimi, dəqiqliyi ilə gözlər önündə canlandıran əziz şəhidimizin anası oğlunu vətən üçün yetişdirdiyini böyük qürur hissi ilə yad edir. Nərgiz ana Şahinli, qayğısız illəri xatırladıqca sanki təskinlik tapır, bir anlıqda olsa həmin illəri yaşayaır və övladından ayrılmaq istəmir.
44 günlük Vətən müharibəsində, əsasən Hadrut, Xocavənd, Şuşa istiqamətində döyüşən Şahinin ağır sınaqlarla zəngin, şərəfli döyüş yolu haqqında xatirələr illər keçdikcə canlanır və yeni məqamlar üzə çıxır. Şahinin qəhrəman kimi yetişməsində ən böyük rolu təbii ki, valideynləri oynamışlar. Xüsusilə də Nərgiz ana oğlunun Vətənə, torpağa nə qədər sıx bağlı olduğunu müsahibələrinin birində belə şərh etmişdir: “Mən çox inanclı insanam. Şahinin uşaqlığını xatırlayanda düşünürəm ki, demə, mən onu torpaq üçün doğmuşammış. Ayaq açıb yeriyəndən torpaqdan əl çəkmirdi. Torpaqla oynayar, müxtəlif fiqurlar düzəldər, onları yanaşı düzərdi. Xoşuna gəlməyənini əzər, yenidən düzəldərdi. Atası həyətdə işləyəndə balaca olmasına baxmayaraq, yanında ən çox Şahin olardı. Bir də görərdin ki, pilləkəni döyərək kişiyana “atam çay istəyir, tez gətirin” deyərdi. Hamı kimi doğulsa da, hər hərəkəti ilə başqalarından seçilirdi. Mən onu heç zaman ədalətsiz görmədim. Hətta məktəbə gedəndə özündən balacaların çantalarını aparardı. Heç kimə çətinlik yaratmazdı. Atası səsini bir balaca qaldıran kimi onu qucaqlar, “nə deyirsən, ata, əsəbləşmə, nə istəsən de, mən edərəm” deyərdi” (mənbə: Əliyev A. Şahin uçuşunun hekayəsi https://azerbaijan-news.az/posts/detail/sahin-ucusunun-hekayesi-1618956606 21 Aprel 2021). Ədalət duyğusunu, torpağa sevgini, valideynlərə hörməti ailəsində görmüş və möhkəm təməl, əxlaq üzərində qurulan uşaqlıq illəri Şahini Vətən Müharibəsi Qəhrəmanı kimi yetişdirmiş, indi onun haqqında xoş, bir qədər də hüzünlü xatirələri yaşadır. Özündən böyüklərə ehtiramla yanaşdığı kimi, kiçikləridə unutmurdu Şahin. Onlara qayğı ilə yanaşar, əllərindən tutub yüklərini yüngülləşdirərdi. Ailədə, qonşuluqda, qohumluq münasibətlərində yalnız müsbət cəhətdən xarakterizə edilən Şahin adı kimi yüsək zirvələri fəth etdi. Həm Vətənin uca zirvələrinə qalxıb bayrağımızı dalğalandırdı, həm də şəhidlik kimi uca məqama yüksəldi. Bəli, Şahin hər kəs kimi dünyaya göz açdı, amma yaşıdlarından çox fərqli şərəfli hərbçi ömrü yaşadı.
Qürurlu şəhid atası: Hüseynbala Allahyarov!
2022-ci il, oktyabr ayının 25-dən 26-na keçən gecə, Vətən Müharibəsi Qəhrəmanı Şahinin atası Hüseynbala Allahyarov cənnətdə onun yolunu gözləyən şəhid övladına qovuşur. Gözünün nuru oğlundan xeyli müddət ayrı düşmüş ata zahirən yaşayırdı, ürək isə hər gün qəmlə, kədərlə dolur, daşırdı. Şahinin iki ildən yuxarı davam edən cismani yoxluğu Hüseynbala kişini dərindən sarsıtmışdı. Hər dəfə onunla üz-üzə gələndə, şəhid atasının ağlamaqdan qızarmış gözlərinə, nurlu çöhrəsinə baxmağa utanırdım. Onunla görüşümüzün üzərindən heç iki aya yaxın vaxt keçməmiş əziz şəhidimizin atasının vəfat xəbəri məni də dərindən yaraladı və kiçik xatirələrimi yazıya çevirmək üçün hazırkı məqalə ərsəyə gəldi. Gözlənilməz xəbər kəndə, bir anda respublikanın hər tərəfinə yayıldı. Həqiqətən də gözlənilməz xəbər oldu. Çün ki, Hüseynbala kişi, vüqarlı, məğrur şəhid atası kimi dimdik ayaqda idi. Əziz balasının xatirəsini yaşatmaq üçün əlindən gələni edirdi. Həmçinin, Zizik kəndinin sosial problemlərinin həllinə çalışırdı və abadlıq, quruculuq işləri görməyə tələsirdi. Amma qəfil vəfat xəbəri hər birimizi yaraladı, hazır deyildik şəhid atasının dünyasını dəyişməsi xəbərini eşitməyə. Qara xəbər Şahin sevərləri, onun qohumlarını, zabit əsgər və sinif yoldaşlarını, kənd sakinlərini, bir sözlə eşidən, bilən hər kəsi ikinci dəfə qəhərə boğdu. Yataq xəstəsi olmayan, ağrısını ürəyində daşıyan Hüseynbala Allahyarov özü ilə əbədi yaşayacağı məkana çox mətləbləri, Şahinlə bağlı şirin və hüzünlü xatirələri – həm də heç kəslə bölüşmək istəmədiyi, bir şəhid atası kimi hər kəsin anlaya bilməyəcəyi duyğuları da özü ilə birlikdə apardı.
Hər dəfə qarşımıza çıxan şəhid valideynlərinin vəfat xəbərləri ürəyimizi sızladır. Sosial şəbəkələrdə əziz şəhidlərimizin ana və ya atalarının ölüm xəbərlərini oxumaq bizim üçün son dərəcə ağır hisslərdir. Ocağı sönmüş ailələrin ikinci dəfə sarsılmasına emosiyasız yanaşmaq mümkün deyil. İnsan bir anlıq həmin ağrı, acını qəlbindən keçirir və dərin ah çəkərək çarəsiz halda sükut edir.
Əslində zaman sükut zamanı deyil. Hər kəs öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməlidir. Şəhid mövzusu insanın qəlbini incəldən, həssas münasibət göstərməyə çağıran özəl mövzudur. Bu səbəbdən, qələmlərinə sarılan ziyalılarımızın belə həssas məqamlara sakit qalmaması, bizim də bacırdığımız qədər şəhidimiz Şahin Allahyarov və onun qürurlu atası Hüseynbala kişini yad etmək, ən azı yazılarımızda yaşatmaq və cəmiyyətimizə tanıtmaq kimi üzərimizdə mənəvi və bir o qədər də məsuliyyətli borc var. Buna nə dərəcədə nail ola bilirik, qoy oxucular qərar versin.
Mən altbaşlığa “Qürurlu şəhid atası...” ifadəsini təsadüfən yazmamışam. Şəhid atasını övladı Şahinlə bağlı keçirilən tədbirlərdə müşühidələrim bunu deməyə əsas verir. Hüseynbala kişinin gözlərində hüzün və qüruru bir arada görmək, bunu hiss etmək həm ağrılı həm də sözlə ifadə olunması çətin olan qəribə bir hissdir. Yay aylarnda Şəhidimizin məzarının olduğu Qubanın Zizik kəndində Hüseynbala kişi ilə tez-tez rastlaşardım. Onunla görüşdüyüm sonuncu yay aylarında, 2022-ci ilin avqust ayının son günlərində, kənd qəbristanlığını ziyarət edib geri dönərkən Hüseynbala kişi ilə rastlaşdım. Həm də əziz oğlunun adına salınmış “Şəhidlər bulağı”nda, gül-çiçəklə, fotolarından bəzi fraqmentlərin həkk olunduğu lövhələrlə bəzədilmiş, gecələri gur işıqlandırılan parkda. Bu dəfəki görüşdə Hüseynbala kişini əsəbi və məyus gördüm. Yaxınlaşıb hal-əhval tutduqdan sonra parkda kiçik şəlalənin içərisinə yerləşdirilmiş qu quşu fiqurlarından birinin başının qopduğunu görüb mən də bir anlıq təəcübləndim və düşünməyə başladım ki, görəsən bunu şəhid adına salınmış parkda kim edə bilər ? Sonra aydın oldu ki, parka oynamağa gələn uşaqlardan biri bunu edibmiş. Lakin, həmin hadisədən Hüseynbala kişi bərk hiddətlənmiş və gözləri ağlamaqdan qızarmış, çarəsiz görünürdü. Elə bil şəhid atasının köksünə bıçaq sancılmış kimi acı çəkirdi. Mənzərə məni də təsirləndirdi, nə desəm də atanın ürəyini ovundura bilmədim. Dedi ki: “Bunu mənə hədiyyə ediblər, indi gedib yenidən sifariş verib düzəldəm gərək”. Fiqurun başının qopması mahiyyəti etibarilə böyük bir məbləğ tələb etməsə də onun mənəvi dəyəri Hüseynbala kişinin qəlbini sızlatmış və xeyli müddət özünə gələ bilməmişdir. Həmin hadisədən sonra birdaha anladım ki, şəhid valideynlərinin, xüsusilə də atalarının ürəyi nə qədər kövrək olarmış. İndi Şəhid Şahin Allahyarovun adını daşıyan parkda salınmış gül bağçası solmuş, sanki onlara qulluq edən atanın yoxluğunu hiss edir və boynu bükük dururlar.
Tarixin bütün dövrlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Vətən oğullarını rəhmətlə anır, hazırda dünyalarını dəyişmiş valideynlərini də yad edərək hər birinə uca Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirəm.