525.Az

Azərbaycan-İsrail əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib


 

Azərbaycan-İsrail əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib<b style="color:red"></b> İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iyulun 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AzərTAc-ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən danışıb, son illərdə bu münasibətlərin inkişafında xəbər agentliklərinin rolunu vurğulayıb
.
AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə ətraflı məlumat verən baş direktor Azərbaycan ilə İsrailin nüfuzlu beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qonağa beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi barədə məlumat verilib.

Azərbaycanda söz və mətbuat azadlığının təmini sahəsində görülən işlərdən danışan AzərTAc-ın baş direktoru son illərdə ölkəmizin regionlarında da informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyini, əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu diqqətə çatdırıb.

Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu bildirən səfir Rafael Harpaz ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rol oynadığını söyləyib.

Zəngin tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını xüsusi vurğulayan səfir bu modelin dünya ölkələri üçün uğurlu örnək olduğunu deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu söyləyib.
 





03.07.2014    çap et  çap et