525.Az

Şəhid anasının duyğuları: həm ağrılı, həm qürurverici


 

Şəhid anasının duyğuları: həm ağrılı, həm qürurverici<b style="color:red"></b>

Azərbaycan qəhrəmanlıq tarixinin ən şanlı səhifəsinin yaradıcıları, 200 illik tariximizin ən böyük qələbəsinin memarı oldu Vətən müharibəmizin şəhidləri.

Həmin qəhrəman igidlərimizdən biri də az yaşında böyük bir ada sahib olan, yaşından artıq müddəti olan işğalla heç zaman barışmayan, canını bu yolda qurban verən şəhid Pərvin Təhməzovdur.

Təhməzov Pərvin İlqar oğlu 1997-ci ilin 22 yanvarında Sumqayıt şəhərində doğulub. 1 yaşından 7 yaşına qədər Sumqayıt şəhər 64 saylı məktəbəqədər uşaq bağçasına gedib. Orta təhsilini Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbdə alıb. İdmana marağı olan Pərvin 9 yaşından 17 yaşına kimi cüdo ilə məşğul olub, bu müddətdə təşəkkürnamələr, fəxri fərmanlar, medallar və kuboklar qazanıb.

Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə gedib, Goranboy rayonunda, Aşağı Ağcakənddəki N saylı hərbi hissədə xidmətə başlayıb.

Pərvin Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəlbəcər, Ağdərə, Suqovuşan, Ağuçuq istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. O, düşmən bölmələrinin yerləşdiyi 1444.0 yüksəkliyində düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib və oktyabrın 1-də Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində şəhid olmuş döyüş yoldaşlarını ərazidən çıxarmaq istəyərkən düşmən tərəfindən odlu silahla və digər silah növlərindən atılan mərminin partlayışı nəticəsində özü də şəhidlik zirvəsinə yüksəlib.

Pərvin Təhməzov şəhadətindən sonra "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları, "Vətən xidmətə görə" ordeniylə təltif olunub.

Şəhidlərimiz ən böyük zirvəni fəth edirlər. Amma onlardan geriyə elə böyük dağıntılar qalır ki, təsviri mümkünsüzdür. Ən böyük yara isə sözsüz ki, şəhid anasının qəlbində açılan yaradır. Bu yara həm övlad itirməyin, həm də itirdiyi övladıyla qürur duymağın arasındakı o adsız duyğuyla pöhrələnir hər gün. Cəmi 2 ay 10 günün əsgəri olmuş qəhrəman Pərvinin anası Əsli xanımı görəndə buna bir daha əmin oldum. Pərvinlə şəkillərində gözləri gülən, qayğısızca övladını qucaqlayan Əsli ana üç ilə yaxındır ki, oğlunun yoxluğunun ağrısını qəlbində gəzdirir. Bu yoxluq onun gözlərindəki gülüşü alıb, yerinə həsrəti gətirib. Oğlu haqqında danışanda yenə də gözləri parıldayır amma sinəsi dağlı ananın. Çünki o, özünün də dediyi kimi, vətənə, millətə yararlı, faydalı övlad böyütdü. Onun övladı ən uca zirvəni fəth etdi. Özünə "şəhid", Əsli xanıma isə "şəhid anası" kimi şərəfli bir status qazanıb getdi. Yanvarın 22-də 26 yaşı tamam olan Pərvin Təhməzovu anası Əsli xanımdan dinlədik bu dəfə:

 

- Əsli xanım, yanvarın 22-si Pərvinin doğum günü idi. Onun doğulduğu günü necə xatırlayırsınız?

- Pərvin əməliyyatla dünyaya gəlib. O, doğulan günə kimi aylarla xəstəxanada yatmışam. Çox çətin günlərdən keçmişdik, amma çox şükür ki, Pərvin sağ-salamat doğuldu. Onun doğulduğu gün ömrümüzün ən sevincli günlərindən idi.

- Necə uşaq idi Pərvin?

- Sakit təbiətli, intizamlı, səbrli, ağılla düşünən, mədəniyyətiylə seçilən... Öz mehribanlığı, gözəl xarakteriylə istər orta məktəbdə, istər ali məktəbdə, istərsə də cəmiyyətdə özünü sevdirməyi bacarmışdı, yoldaşlarının, müəllimlərinin hörmətini qazanmışdı. Bir az özünəqapalı uşaq idi, amma ədəb-ərkanı gözləyən idi. Bişirdiyim yeməkləri çox sevirdi. Bacısıyla çox yaxın idi. Qardaşı Elvin bir az çılğın uşaqdır. Pərvin hara getsə, onunla bir gedərdi, onu tək qoymazdı və tez-tez də "qaqaş, səbrli ol" deyərdi. 24 illik ömründə Pərvin bircə dəfə də valideynlərini, bacı-qardaşını, məktəbdə müəllimlərini incitmədi, böyüyün üzünə ağ olmadı. Hər şeyin yerini bilən övlad idi. İdmana çox həvəsliydi. Bu sahədə çox uğurları, diplomları, kubokları, təltifləri vardı. Dövlətimizə yararlı övlad böyütmüşdüm. Çox vətənpərvər oğul idi. Həmişə vətənpərvərlik yönümlü, müharibəylə, şəhidlərlə bağlı kinolara, seriallara baxırdı. Deyirdi ki, ana, mən də əsgər gedəndə vətən yolunda şəhid olacam. Dedi də, sözünün üstündə durdu da...

Pərvin haqqında çox danışmaq olar. Onun həddindən artıq müsbət cəhətləri var. Bir qarışqanı belə tapdalamağa qıymazdı, deyərdi, Allah ona da can verib, əzmək olmaz.

- Onu sonuncu dəfə nə vaxt görmüşdünüz?

- Ali məktəbi bitirəndən sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə yola düşdü. Son dəfə onu hərbi xidmətə yola salanda gördüm. Çünki pandemiya səbəbindən "Andiçmə"sinə də gedə bilmədik. Cəmi 2 ay yarım xidmət etməsinə baxmayaraq, artıq komandirlərinin, əsgər yoldaşlarının xüsusi hörmətini qazanmışdı.

- Pərvinin ən böyük arzusu nə idi?

- Cəmiyyədə hörmət qazanmaq, ali təhsil alıb dövlətinə, xalqına faydalı kadr kimi yetişmək, rəhbər işdə işləmək. Dövlət Təhlükəsizliyi Xidmətinə işə girməyi arzulayırdı. Onun ən çox yaxın olduğu bacısı Naibə idi. Mən işlədiyim üçün bacısı ona ikinci ana əvəzi olub. Pərvin də bacısının ailə qurmağını, özünün dayı olmağını çox arzulayırdı. Təəssüf ki, arzuları ürəyində nakam getdi. Dörd il universitet oxudu, amma diplomunun üzünü də görə bilmədi.

- Müharibəyə necə qatıldı? Əlaqə saxlaya bilirdinizmi? Nələr danışırdı?

- O, ilk gündən müharibəyə qatılıb. Ağdərənin, Suqovuşanın, Kəlbəcərin azadlığı uğrunda vuruşub. Neçə-neçə döyüş yoldaşını qaynar nöqtədən çıxarıb, neytral zonaya gətirib. Övladım həddindən artıq vətəninə bağlı uşaq idi. Müharibədən öncə tez-tez əlaqə saxlayırdı. Döyüşlər vaxtı isə daha gec-gec əlaqə saxlayırdı. Müharibə şəraitilə əlaqədar rabitənin olmadığına görə idi bu da. Ancaq hal-əhval tuturdu. Başqa heç bir şey danışmırdı. "Dövlət sirridir, məxfidir" deyib dururdu. Harda döyüşdüyünü, harda olduğunu belə demirdi. 

- Şəhid xəbərini necə aldınız?

- Hardasa beş gün bizimlə əlaqə saxlamadı. Şəhid olduğunu hərbi hissədə bizi bu xəbərə alışdıra-alışdıra dedilər. Pərvin neytral zonada qalmışdı. Düz 67 gün balamdan xəbər gözlədim, 67 gün Pərvin deyib axtardım. 67 gündən sonra balamın nəşini bizə verdilər.

- Pərvin və onun kimi üç min oğul şəhid oldu, amma onların sayəsində Azərbaycan qələbə qazanıb torpaqlarını azad etdi. Qələbə xəbərini necə qarşıladınız?

- Qələbə xəbərini həm sevinc hissiylə, həm də kədərlə, göz yaşıyla qarşıladım. Sevinirdim ona görə ki, 30 ildir düşmən tərəfindən işğal olunmuş torpaqlarımız, vətənimiz azad oldu, zəfər qazandıq. Kədərlənirdim ona görə ki, bu qələbədə mənim Pərvinimin də qəhrəmanlığı oldu, öz şücaətilə qanını, canını bu vətənə fəda etdi, amma uğruna qurban getdiyi qələbəni görə bilmədi. Bizim övladlarımız vətən yolunda gediblər.

- Pərvin yuxularınıza gəlirmi?

- Yox, heyif ki, oğlum yuxularıma çox gəlmir. Hər gün ziyarətinə gedəndə qulağına pıçıldayıram ki, ay Pərvin, həsrətin məni yandırıb-yaxır, kül edir axı, ay bala, nə olar yuxularıma gəl. Amma gəlmir.

- Şəhid anası olmaq... Bunu necə təsvir edərdiniz? Kimdir şəhid anası?

- Bir ana üçün şəhid olmuş övladı barədə danışmaq çox çətindir. Bir onu bilirəm ki, cəmiyyətə yararlı övlad böyütdüm. Pərvin seçildi. Pərvin və onun kimi şəhidlərimiz tarixlərə tarix yazdılar, iz qoydular. Onsuzluq nə qədər çətin, dözülməz olsa da, bilirəm ki, Pərvin və bütün şəhidlərimiz heç vaxt unudulmayacaqlar. Şəhid anası olmaq həm acıdır, həm də qürurvericidir. Şəhidlik əlçatmaz bir zirvədir. Şəhid anası olmaq hər ananın qismətinə düşmür. Mən hər zaman oğlumla fəxr edirəm!

- Bir şəhid anası kimi oğlunuzun adının yaşadılması ilə bağlı nə kimi arzularınız var?

- Şəhid anası kimi övladımın adının yaşadılmasını, əbədiləşdirilməsini istərdim. Arzu edərdim ki, bununçün onun adı orta məktəbə, küçəyə verilsin, onun əşyalarından ibarət muzey olsun və abidəsi qoyulsun.

Şahanə MÜŞFİQ

 





27.01.2023    çap et  çap et