525.Az

Ermənilərin ekoloji terroruna məruz qalmış Topxana meşəsi


 

İNDİ ƏRAZİDƏ EKOLOJİ TARAZLIĞIN BƏRPASI İSTİQAMƏTİNDƏ GƏRƏKLİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Ermənilərin ekoloji terroruna məruz qalmış Topxana meşəsi<b style="color:red"></b>

Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən palıd, qarağac, fıstıq ağacları, zəngin heyvanat aləmi, gözəl çəmənləri, şirin bulaqları vardı. Bir sözlə, əsl təbiət möcüzəsi idi. Lakin ermənilər işğal zamanı insanlarımızı məhv etdikləri kimi, təbii sərvətlərimizi də çapıb talayır, meşələrimizi, bağlarımızı viran qoyublar. 30 ilə yaxın işğal müddətində Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, "Ağzı yastı" kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.

Bütün mənbələrdə Topxananın adının 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi məkan olması ilə bağlılığı qeyd edilib. "Qarabağnamə"lərdə Qacarın Şuşa üzərinə ikinci yürüşündə topları bu meşədə gizlədib şəhərin müdafiə barısını vurduğu bildirilib. Qeyd olunub ki, topçular qalanın hündür barısını gündüz topla vurub dağıdır, qaladakılar isə gecə ilə həmin yeri yenidən hörüb bərpa edirdilər. Fransız J.Gevrin "Xacə şah" əsərində də bu haqda məlumata rast gəlinir.

Məlumatlara görə, Qacarın ordusunda Rusiya-Türkiyə müharibələrində də iştirak etmiş Həmid adlı təcrübəli topçu xidmət edib. Onu yanına çağıran Ağa Məhəmməd şah qalanın müdafiə barısını dağıtmaq üçün nə lazım olduğunu xəbər alıb. Həmid müdafiəçilərin bərpa işlərini görə bilməmələri üçün gecə dağıdılmış yerə atəş açmağı gərəkli bilib. Belə də olub. Vəziyyətin bu həddə çatdığını görən İbrahimxəlil xan başda olmaqla bir dəstə süvari qəflətən Topxanaya hücum çəkərək Qacarın toplarını məhv edib. Ancaq İran ordusu Şuşa qalasının yolunu bağladığı üçün xan qalaya dönə bilməyib. Meşənin adına bu hadisədən sonra "Topxana" deyilib.

XX əsrin sonlarında erməni quldurları Dağlıq Qarabağı işğal etmək, torpaqlarımızı ələ keçirmək məqsədilə təxribatlar törətməyə başlayıblar. 1980-ci illərin axırlarından erməni yaraqlılarının azərbaycanlılara hücum etdikləri, qətlə yetirdikləri barədə xəbərlər yayılıb. İşğalçıların qəddarlığının, vəhşiliyinin həddi-hüdudu olmayıb. Erməni quldurları oradakı azərbaycanlıların rahat həyatına son qoyduqları kimi, təbii sərvətlərini də talamağa başlayıblar. Viran qoyulan təbii sərvətlərimizdən biri də təbiətin möcüzəsi sayılan Topxana meşəsi oldu. 1988-ci ilin noyabrında erməni təcavüzkarlarının Topxana meşəsini məhv etməyə başladıqları xəbəri bütün Azərbaycanda kəskin etirazlara səbəb oldu.

Bu müddət ərzində meşə, demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib. Bu terrorun başlandığı tarix isə 1988-ci ilin noyabr ayına təsadüf edir. Həmin il ermənilər digər cinayətlərlə yanaşı, Azərbaycan ərazisində ekoloji soyqırımı törədiblər.

Ermənisan SSR-in alüminium zavodlarından birinin filialının Topxana meşəsində tikintisinə başlamaq məqsədi ilə Topxana meşəsini yandırıb, nadir ağaclar buldozerlərlə məhv edilib, ölkənin ərazi bütövlüyünə, torpaqlarına qəsd edilərək, ekoloji soyqırımı həyata keçirilib.

Təsadüfi deyil ki, işğal zamanı bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talana məruz qalan təkrarsız meşələrimiz olub. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq, yarımfabrikat şəklində xarici ölkələrə satıblar. Eyni zamanda, təbii qaz olmadığından işğalçılar meşələrdən geninə-boluna yanacaq kimi istifadə ediblər. Nəzərə alsaq ki, bu ərazilərimizdə Azərbaycanın meşə örtüyünün 25 faizi yerləşir, bu faciənin miqyasını təsəvvür etmək mümkün deyil.

30 ilə yaxın işğal altında olan Azərbaycan ərazilərindəki meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurub. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib.

Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb". Prezident onu da qeyd edib ki, işğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi. Zəngilan bölgəsi də hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb etmiş məkan olub. Buranın Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir. Erməni vandallarının çirkin əməllərinin nəticəsi olaraq bu meşəyə də böyük zərbə vurulub. Prezidentin bildirdiyi kimi, "Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər, açın gözlərinizi, baxın".

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz işğaldan azad olunan ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu baxımdan həmin ərazilərdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılır.

Azad olunan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji tarazlığın bərpası istiqamətində işlər davam etdirilir. İşğalçı Ermənistan tərəfindən Qarabağ bölgəsində məhv edilən yaşıllıq massivlərinin yenidən bərpasına istiqamətində lazımi tədbirlər görülməkdədir. Topxana meşəsi də istisna deyil.

1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanıb, ərazidə palıd, vələs, dağdağan ağacları əkilib. Artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsinə başlanıb.

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynovun sözlərinə görə, ərazidə ağac toxumları da səpilib. Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkişlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək.

Azərbaycanda işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı layihələrin əsas məqsədi bu məkanların ağciyərləri hesab olunan meşələrin bərpasıdır. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası çərçivəsində 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkilməsi, əraziyə 100 kiloqram palıd toxumu səpilməsi artıq bu meşəyə yeni həyatın qayıtmasından xəbər verir.

18 yanvar 2023-cü il tarixində Azərbaycan "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Xarici İşlər Nazirliyindən bildirilib ki, 2020-ci ildə ərazilərini işğaldan azad edən Azərbaycan, Ermənistanın qanunsuz işğalı dövründə ətraf mühitin məhv edilməsi ilə bağlı bütün dəlilləri toplayıb. Bu əməllər bölgədəki təbii yaşayış mühitinə və növlərinə ciddi ziyan vurmaqla, təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhv olmasına səbəb olub.

Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması ilə ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoyub.

2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində "xüsusi mühafizə olunan və qiymətli meşələr"in qorunmadığını qeyd edib. Laçında yerləşən Dəmirli-1 mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur.

Ermənistanın bu addımları çayların, o cümlədən, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayların həddindən artıq çirklənmə səviyyəsinə gəlib çıxmasına da səbəb olub.

2022-ci ildə UNEP, həmçinin, Ermənistanın bölgədəki mədən sənayesinin inkişafının çayətrafı yaşayış yerlərində "suyun, torpağın, flora və faunanın kimyəvi çirklənməsinə" səbəb olduğunu, Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını, bir neçə qorunan balıq və amfibiya növünün təhlükə altında olduğunu qeyd edib.

Azərbaycan tərəfindən qaldırılan dövlətlərarası iddiada bildirilir ki, digər öhdəliklərlə yanaşı, Ermənistan bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də, vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozub.

Birləşmiş Millətlər Təşkilatının Ekosistemlərin Bərpası Onilliyinə uyğun olaraq, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın dünyanın ən zəngin və bioloji müxtəlif ekosistemlərindən birini işğal dövrü ərzində məhv etməsini pisləməyə çağırır.

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir.

Sevinc QARAYEVA

 





27.01.2023    çap et  çap et