525.Az

Güney Azərbaycanın və Təbrizin tarixi abidələri - Esmira Fuad yazır


 

Güney Azərbaycanın və Təbrizin tarixi abidələri - <b style="color:red"> Esmira Fuad yazır</b>

(Əvvəli ötən sayımızda)

 

Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri xırda feodal Cavidanın, onun ölümündən sonra isə Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır ki, "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb..." Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgizlər dövlətlərinə aid sikkələr, həmçinin təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə Güney Azərbaycan türkləri qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Ərk qalası da Təbriz ərazisində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Tacəddin Əlişah tərəfindən ucaldıldığı məlumdur.

"Mədain sarayı"na bərabər tutulan Təbriz Əlişah qəsri-Ərk qalası öz dövründə dünyanın ən böyük tikilisi olub. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316-1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə tez-tez baş verən şiddətli zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilib. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılıb. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqət çəkir.  Ərk qalasının eni 30 metr, hündürlüyü 26 metr, divar qalınlığı isə 10 metrdir. Təəssüf ki, günümüzədək onun yalnız qurbangahı və yan divarları salamat qalıb.  Abidənin üzərində isə heç bir yazı qalmayıb. 1931-ci ildə Ərk qalası Milli İrs siyahısında qeydə alınıb.

Abidə bir neçə dəfə bərpa edilsə də, hazırda məhv olmaq təhlükəsi qarşısındadır. Səbəb isə qalanın düz qarşısında tikilən böyük bir məsciddir. Yeni tikilən bu məscid Ərk qalasını, demək olar ki, görünməz edib. Təxminən üç tərəfdən baxanda Ərk qalası görünmür, yalnız dördüncü tərəfdən baxanda Təbrizin simvolu olan bu məşhur qala görünür.

Təbrizin çoxlu sayda bənzərsiz tarixi abidələr sırasına daxil olan tarixi evləri də memarlıq üslubları, arxitekturası ilə diqqət çəkir. Qeyd edək ki, tarixin hər bir dövrü özünəməxsus memarlıq üslubları ilə fərqlənir. Bu dəyişiklik zövqlər və dəblər, eləcə də yeni tikinti üsulları və materiallarında əks olunur. Qacar hakimiyyətinin - Abbas Mirzənin dövründə Təbriz şah sarayına çevrilir və şəhərdə tarixi memarlıq üslubunda çoxlu sayda evlərin tikilməsinə səbəb olur. 1814-cü ildə Təbrizdə baş verən böyük zəlzələdən sonra və Qacarların hakimiyyəti dövrünün ilk illərində Təbrizdə tikinti sahəsində böyük canlanma yaranır, şəhərsalma çiçəklənir. Tarixinə dəyər verən insanlar, memar və arxitektorlar Təbrizin xarabalıqları üzərində bir-birindən gözəl arxitekturalı evlər ucaldaraq şəhəri yenidən qururlar.

Statistik məlumatlara görə, Təbrizdə hazırda memarlıq üslubları baxımından böyük əhəmiyyət daşıyan, əksəriyyəti Qacar dövründə tikilmiş beş yüzdən çox qiymətli tarixi ev mövcuddur. Bu gün bu evlərin az bir hissəsi alınır, təmir olunur və qorunub saxlanır. Çünki rəsmi məlumatlara görə, hazırkı kredit şərtləri ilə evlərin bütövlükdə alınması prosesi, ən azı yüz ildən çox çəkə bilər.

Əmir Nizam Gəruslu ev-muzeyi Qacar türk şahlıq sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilən çoxlu sayda görkəmli və tarixi binalardan biridir. Hazırda Qacar muzeyi kimi istifadə olunan bu bina Nasirəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı inşa edilib. Qaynaqlara əsasən bu bina o tarixdən Qacar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə olunub. Bina 2006-2007-ci illərdə təmir edilib. Qacar muzeyi kimi istifadəyə verilməsinin səbəbi isə Təbriz şəhərinin Darülsəltənə-Sultanlıq divanı, Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı olması və Tehrandan sonra ən böyük və önəmli şəhəri olmasıdır. 

Mükəmməl memarlıq-incəsənət nümunəsi olan Əmir Nizam Gəruslu binası 1500 m? ərazidə iki qatlı tikilib, içində hovuz və fəvvarələri olan iki iç və xarici həyətə malikdir. Binanın eyvanını 16 sütun saxlayır. Birinci qatda pul, tikiş, çini, şüşə, metallar və musiqi sahəsinə aid, yeraltı qatda isə daş, silah, sərkərdə və paşalar, memarlıq və şəhərsalma qalereyalar nümayiş edilir.

Təbrizin lap mərkəzində yerləşməsinə baxmayaraq, gözardı edilərək unudulan və dağılmaq üzrə olan tarixi memarlıq üslublu tikililərdən biri də Həriri evidir. Bu tarixi memarlıq abidəsi Tərbiyət xiyabanının Nur-Haşimi küçəsində yerləşir. Binanın memarı və qurucusu məlum deyil, ancaq dağıntılardan salamat qalan bəzi yerlərin görüntüləri onun Qacar dövrünə aid olduğunu göstərir. 1999-cu il 27 yanvar tarixindən etibarən də Həriri evi İİR-in milli abidələri siyahısına daxil edilib.

Həriri evinin interyer və eksteryerində mövcud olan çoxlu sayda mürəkkəb, müxtəlif dizayn təsvirləi, zəngin naxış və rəngləri, otaqların divarlarında nəqş olunan və özündə maraqlı mövzuları əks etdirən bənzərsiz şəkilləri və Qacar dövrünün rəsm üslubu-mural sənətinin tətbiqi bu möhtəşəm tikilinin Təbrizdə, hətta İranın tarixi evləri sırasında önəmli bir yer tutmasına səbəb olub. Təbrizin ən gözəl tarixi evi-abidəsi sayılan Həriri evi bütövlükdə 1500 m-dən çox əraziyə malikdir və 4000 kv.m-lik üç tarixi evdən ibarətdir.

Qacar türk hökumətinin əvvəllərində tikildiyi müəyyənləşdirilən, xarici və daxili hissələrdən ibarət Həriri evi iki mərtəbəli, ikiblokludur. Həm xarici, həm də daxili hissəsinin üzü qibləyə baxan iki həyəti var...

Kərpicdən tikilmiş binanın çölünü-eksteryerini Qacar dövrü miniatür sənətinin təzahürü olan orijinal rəsmlər bəzəyir. Evin divarlarında isə Qurandan gələn bəzi ibrətamiz hekayələr, "Yusif və Züleyxa", eləcə də digər tarixi hekayələr, mifoloji mövzularda işlənən və bənzərsiz gözəlliyi ilə tamaşaçını valeh edən orijinal rəsmlər çəkilib. Evin eksteryeri-xarici hissəsi nisbətən bütövdür. İnteryeri isə daha çox zərər görüb. Daxili hissə xarici binaya qoşularaq Pərvəriş məktəbinin xiyabanı vasitəsilə Tərbiyət xiyabanına bağlanır.

Həriri evinin xarici və daxili bəzəklərinin çox hissəsi korroziyaya uğrayıb, ətraf mühitin təsiri üzündən öz-özünə dağılması prosesi gedib. Bu bənzərsiz tarixi abidənin dağılmış hissələrini təmir edib möhkəmləndirmək və mükəmməlləşdirmək lazımdır. Təəssüf ki, tarixi abidələrə laqeyd münasibət, biganəlik və qayğısızlıq üzündən kolleksiyanın vacib hissələri itib-batıb, tamamilə məhv olub...

1814-cü il zəlzələsindən salamat çıxmış Həriri evləri kimi köhnə tikililər bu gün də Təbrizin mərkəzi hissələrini bəzəməkdədir. Ancaq son onilliklərdə bu evlər daha çox zərər gördüyündən kompleks təmirinə böyük ehtiyac duyulur.

Behnam evi də əsasən Qacar dövrünün ilk illərində Təbrizdə  tikilmiş  tarixi binadır. Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilib və ornamentli naxış və rəsmlərlə bəzədilib. Daxili və xarici həyətlərə malik ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir.

Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Məqsudiyyə məhəlləsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyədək görünməyən miniatür freskalar aşkarlanıb və yenidən mütəxəsislər tərəfindən restavrasiya edilib. Hazırda Behnam evi Təbriz İslam İncəsənəti Universitetinin balansındadır.

Təxminən 50 illik bir zaman kəsiyində Təbrizin bir çox abidələrinin dağıdıldığı, tarixi quruluşunun uçurulduğu, Göy Məscid, Ərk qalası, Həsən Padişah tarixi kompleksi (Sahib-ül Əmir), Tarixi Örtülü bazar və b. abidələrin çevrəsində YUNESJO-nun qaydalarına zidd olaraq bir sıra tikinti işlərinin aparılması üzündən abidələrə ciddi ziyan vurulduğu barədə də məlumatlar vardır....

Orta əsrlərdə meydana gəlmiş dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilmiş memarlıq-ticarət kompleksi-Örtülü bazarın Ərdəbil və Təbriz şəhərlərində nümunələri bu gün də fəaliyyət göstərir. Lakin Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı "Qapalı çarşı" sayılır...

Təbriz Örtülü bazar kompleksi də Güney Azərbaycanın tarixi abidələri sırasındadır və əsası 10-cu əsrdə qoyulub. Elxanilər dövləti dövründə, yəni 13-14-cü əsrlərdə bu bazar İpək yolunun üstündə yerləşdiyindən olduqca böyük əhəmiyyətə malik idi. Örtülü bazarı şəhərin tam mərkəzində yerləşir. Fətəli şah Qacarın dövründə vəliəhd Abbas Mirzənin iqamətgahının Təbrizdə yerləşməsi də şəhərin inkişafını daha da gücləndirir. Vəliəhd bazarın yaxınlığında, Şərq tərəfdə özü üçün bir saray tikdirir. Qərb tərəfdən isə bazarın bir ucu Cümə məscidinə gedib çıxır. Təbriz Örtülü bazar kompleksi İran bazarları arasında tam sosial quruluşa malikdir.

Özündə 2600-ə yaxın hücrə, dükan və mağaza, 2 növbəli iş rejimi, 1 qərargah, 2 məscid, 1 supermarket, 3 dəhliz, 2 hamam, 1 məktəb və neçə-neçə marketi birləşdirən Təbriz Örtülü bazar kompleksi 2008-ci ildə İranın Milli Mədəni İrs Siyahısına və avqust ayında YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilən Təbriz bazarının xarici görünüşü şəhərin ümumi görünüşünə uyğun olan adi binalara bənzəyir.

(Ardı var)

 

 





27.01.2023    çap et  çap et