525.Az

Bir az gülək... və düşünək - Əlisəfdər Hüseynov yazır


 

Bir az gülək... və düşünək - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

                   I

 

İNANAQ, İNANMAYAQ?..

 

İzahat xarakterli proloq:

Bir neçə il əvvəl ciddi bir mənbədə belə bir faktla qarşılaşdım ki, dahi müğənnimiz Müslüm Maqomayevin "Nizami" filmində baş rola çəkilməsi böyük mütəfəkkirin ruhu ilə təmas anlarında bilavasitə şairin ruhunun tövsiyəsinə əsasən reallaşıb. Elə o andaca bir sual zəhərli ilan olub keçdi boynuma: "Əgər həqiqətən də belədirsə, onda film niyə belə uğursuz alınıb, yox, əgər yalandırsa, nə üçün belə cəfəngiyyatı dövriyyəyə buraxıb beynimizi xarab edirlər?"

    Aşağıda oxuyacağınız yazı da bir növ həmin suala mənim yumorla süslənmiş cavabımdır. Qoy hər kəs öz payını götürsün.  Amma bəri başdan deyim ki, bu filmin uğursuzluğu bir müğənni kimi M.Maqomayev sənətinə olan rəğbət və sevgimə iynənin ucu qədər də xələl gətirməyib və gətirməyəcək də.

Beləliklə,

  

"HAP-GOP TAYMS" agentliyinin yeni xəbərlər blokundan:

 

   Xəbər verməyi özümüzə borc bilirik ki, müxbirimiz "Nizami" filminin hüsnünə xüsusi görkəm verəcək maraqlı bir faktın izi ilə apardığı araşdırmanı axır ki, yekunlaşdırmış, nəticədə nizamişünaslıq və kinoşünaslıq elmlərinə dəyərli bir töhfə vermək xoşbəxtliyinə qovuşmuşdur. Aktuallığını nəzərə alaraq, həmin araşdırmanın xülasəsini təqdim edirik.

    "Bir neçə il əvvəl ikiseriyalı "Nizami" filmini çəkməyə hazırlaşan yaradıcı qrup bir də baxıb görür ki, az qalıb "srok" başa çatsın, amma hələ də Nizaminin rolunu oynayacaq aktyoru tapa bilməyiblər. Dərhal Moskvaya teleqram vurub əvvəlcə Rusiyanın Xalq artisti İvan Petrovu, ardınca da Əməkdar artisti Pyotr İvanovu Bakıya - sınaq çəkilişlərinə dəvət edirlər. Onlar dərhal özlərini Bakıya çatdırırlar. Amma sınaq çəkilişlərində yaranan bir insident onların heç birinin bu rola təsdiq olunmasına imkan vermir. Belə ki, hər iki aktyor tələb edir ki, ssenariyə Nizaminin yeni əsər yazmağa hazırlaşarkən ilhama gəlmək üçün heç olmasa 100 qram gillətməsini əks etdirən epizodlar əlavə olunsun. Belədə rejissor etiraz edib deyir ki, nə danışırsınız, Nizami Şeyx mənsəbinə yüksəlmiş mömin bir şəxsiyyət olub. Hər şeyi öz arşınınızla ölçməyin. Əlqərəz, rus aktyorları ilə sövdələşmə baş tutmur və filmin indiki terminologiya ilə desək, prodüseri onların yol xərcliyini ciblərinə, xoruzlarını isə qoltuqlarına verib geriyə yola salır və öz köməkçisini çağıraraq deyir ki, ümid qalır Nizaminin özünə, təcili get sipiritualistlərin (xahiş olunur striptistlər sözü ilə qarışıq salmayasınız - Ə.H.) yanına, Nizaminin ruhu ilə təmas qur, qoy dahi şairin özü desin ki, bu rola kimi çəkək.

Prodüserin köməkçisi bunu eşidən kimi bığını elə  prodüserin yanında isladır ki, heç olmasa sipiritualistlərin yanında qırxa bilsin, sonra dabana tüpürüb onların gizli fəaliyyət göstərən qərargahına gəlir, orada da saqqalı qurşağına çatan bir kişi onu qaranlıq bir otağa aparıb, bir şam yandırır. Nə deyir, nə demir - şairin ruhu şəkillərdə gördüyümüz həmin o tanış paltarda Günəş kimi parlayır. Soruşur ki, nə olub, nə məsələdir? Prodüserin köməkçisi qayıdır ki, Şeyx, bəs hal-qəziyə belə-belə, sizin həyat və yaradıcılığınız haqqında ikiseriyalı film çəkmək istəyirik, amma rolunuzu oynayacaq aktyor yağlı əppək olub çıxıb göyə, nə qədər edirik, onu yerə endirə bilmirik. Yanırıq, ümidimiz sənədir, Nizami müəllim.

Nizaminin ruhu soruşur: "Sizin Həsən Məmmədov, Həsənağa Turabov, Əliabbas Qədirov, Rasim Balayev kimi bu rolu oynaya bilən aktyorlarınız ola-ola niyə dağa-daşa düşmüsünüz? Nə vaxta qədər çuxa tikəndə bezi yad ellərdə axtaracaqsınız? Utanıb xəcalət çəkmirsiniz?" Köməkçi özünü itirmir və deyir: "Biz istəyirik bu rolu dünya şöhrətli xarici bir aktyor oynasın ki, eyni vaxtda həm sizin irsinizin bəşəri əhəmiyyətini qabardaq, həm də filmin uğurlu taleyinin təməlini elə bəri başdan qoyaq (bu yerdə onun və saqqallı kişinin "hi-hi-hi..." sədaları ilə yüngülvarı güldüklərini qeyd etməyi unutmayaq). Nizaminin ruhu bir az fikirləşib deyir: "Madam ki, belədir, onda gedin Müslüm Maqomayevi çəkin. Sizin axtardığınız məhz odur, özü də eyni vaxtda həm azərbaycanlıdır, həm də bütün bəşəriyyətin hüsn rəğbətini qazanmış sənətkardır. Mənim ekran obrazımı yalnız o yarada bilər".

     Köməkçinin gözləri çıxır kəlləsinə: "Nizami qardaş, Maqomayev dünya şöhrətli böyük müğənnidir, amma aktyor deyil axı!" Nizaminin ruhu qayıdır ki, sən nə nadan adamsan! Əvvəla Müslüm sir-sifətdən eynən mənə oxşayır. Sonra onun "Yevgeni Onegin" operasında Yevgeni, "Faust" operasında Mefistofel, "Seviliya bərbəri" operasında Fiqaro kimi çətin rolları necə məharətlə oynamağını görmüşəm və çox xoşuma gəlib".

   Köməkçi yenə də nə isə demək istəyəndə Ruh əsəbiləşib qayıdır ki, söz güləşdirirsən ha, bacıoğlu. Mən sözü bir dəfə deyirəm. Həll olundu".

     Necə həll olundu - bu, artıq hamıya məlumdur.

 

MOLLA NƏSRƏDDİNİN XXI ƏSRİN ƏDƏBİ MÜHİTİNDƏ AĞSAQQALLIĞI

(Molla Nəsrəddin lətifələrindən etdiyim iki iqtibas)

 

1

Bir gün yapışırlar Molla Nəsrəddinin yaxasından ki, bəS şəhərin qazısı xəstələnib, gərək bir müddət onu əvəz edəsən. Molla nə qədər and-aman eləsə də ki, məndən qazı çıxmaz, xeyri olmur. Axırda naəlac qalıb razılaşır. Qazının kabinetinə daxil olub köməkçisinə deyir ki, şikayətçiləri dəvət elə, gəlisinlər.

İçəri iki yazıçı daxil olur. Molla soruşur ki, şllkayətiniz nədir.

1-ci yazıçı deyir:

- Cənab molla, mənim yazıçı dostlarımdan biri Avropa Yazıçıları Asossiasiyasının qızıl medalına layiq görülüb. Bu xəbəri bax yanımda dayanmış bu yazıçıya deyəndə paxıllıqdan rəngi qapqara qaraldı, qayıtdı ki, bu, XXI əsrin ən böyük ədalətsizliklərindən biridir. Soruşuram niyə? Cavab verir ki, həmin yazıçını heç Azərbaycanda əməlli-başlı tanımırlar, əsərlərini kitab mağazalarında altdan-altdan satmırlar, səs-sorağı necə gedib oralara çatıb? Deyir, əsl yazıçı ilk növbədə öz xalqının yazıçısı olmalı, onu çobandan, nə bilim, dalandardan tutmuş akademikə qədər hamı oxumalı və sevməlidir. Mən də etiraz edib deyirəm ki, belə deyil, bu yazıçı belə möhtəşəm uğurla xalqımızın istedadlı xalq olduğunu bütün dünyaya bəyan edirsə, elə bunun özü xalqın yazıçısı olmaq deyilmi? Sizcə, mən haqlı deyiləm?

Molla dərhal cavab verir:

- Sən tamamilə haqlısan!

Bunu eşidən 2-ci yazıçı Koroğlu kimi nərə çəkib keçir qabağa:

- Nətər olur ə, bu, cənab Molla həzrətləri? Saqqalından utanmırsan? Xalqın tanımadığı, oxumadığı, sevmədiyi yazıçı necə xalqın yazıçısı ola bilər? Mən hələ onun bu günəcən "Xalq yazıçısı" kimi həşəmətli bir ada layiq görülməməsini demirəm. Öz vətənində yox, bu vətənə xor baxan, böhtan atan Avropada məşhurlaşmaq, onların əlindən medal almaq öz oxucu auditoriyasına, öz xalqına xəyanət deyilmi?

Molla fikirləşmədən deyir;

- Canım, sən də haqlısan!

Bayaqdan bu səhnəni seyr edən köməkçi oğlan dözə bilmir:

- Molla əmi, bu, necə olur axı? Bunlar daban-dabana bir-birinə zidd fikirlər səsləndirirlər, bir-birini ittiham edirlər, sən də hər ikisini haqlı çıxarırsan. Üzr istəyirəm, istəyirsən inci, istəyirsən incimə, amma bu, qazılıq olmadı, axmaqlıq oldu, axmaqlıq!

Molla gur səslə deyir:

- Bala, elə sən də haqlısan!

 

2

 

İsti yay günlərinin birində Molla bazardan iri bir qarpız alıb vurur qoltuğuna və sevincək üz tutur evə. Yolda istidən ağzının quruduğunu hiss edib özünü verir yol üstündəki çayxanalardan birinə. İşin tərsliyindən içəridə boş yer olmur və Molla nə barədəsə qızğın mübahisə edən iki gənc oğlanın əyləşdiyi masanın arxasına keçir. Bir az sonra Mollanın çayı gəlir və o, yanğısını söndürə-söndürə qeyri-ixtiyarı bu gənclərin söhbətinə qulaq kəsilir. Məlum olur ki, onlar şairdirlər, müasir şeirin necə olması barədə fikirlərini bölüşürlər.

Şairlərdən biri deyir:

- Biz XXI əsrdə yaşayırıq, şeir, poeziya da gərək günün tələblərinə cavab versin. Şairin təxəyyülü gərək hüdudsuz olsun. O, ağlına gələn fikirləri - rabitəli, ya rabitəsiz, mənalı, yaxud mənasız - fərqi yoxdur, bir qazanda, yəni başında bir-birinə qatıb horra kimi bir şey düzəltməli, sonra onu kağıza yaxıb oxuculara yedizdirməlidir. Günün tələb elədiyi postmodern şeir də elə budur. Yəni hər şeydən bir az, amma başı-ayağı bilinməyən əndirəbadi bir mətn. Bu mətn formaca nə qədər mürəkkəb, məzmunca nə qədər dumanlı, qarmaqarışıq olsa,  intellektual mətn kimi oxucuları bir o qədər fikirləşməyə sövq edəcək...

O biri şair gülüb etiraz edir:

- Elə şey yoxdur. Şair əlləm-qəlləm işlərlə yox, günün vacib problemləri ilə məşğul olmalı, hamını narahat edən konkret məsələlərdən yazmalıdır. Özü də sadə, hamımın başa düşdüyü ifadələrlə, cümlələrlə. Məsələn, səhər evdən çıxanda görsə ki, bloku zibilləyiblər, üzünü yana çevirməyə, özünü görməməzliyə vurmağa onun haqqı yoxdur - gərəkdir ki, qələmini itiləyib bu biabırçılığa öz münasibətini bildirsin. Məsələn belə:

 

Səhər işə gedəndə gördüm blokda zibil,

Sən demə, məni bu dərd

qocaldırmış ilbəil.

   

Yaxud hamımıza başağrısı olan tıxac probleminə necə biganə qalmaq olar? Şair olan kəs gərək ən azından aşağıdakı misralar səviyyəsində nə isə yazsın:

 

Dolayı gəl, dolayı,

Tıxacı fırlan, dolan gəl.

Süpürmüşəm dalanı,

Tıxacın üstündən tullan gəl.

 

    Bazarda şorun qiymətinin qalxması da eləcə. Şairlərimizdən biri əbəs yerə deməyib ki, bazarda şorun qiyməti qalxırsa, günahkar şairlərdir, onları güllələmək lazımdır. Bir sözlə, müasir şair gərək hər şeydən - iqtidardan, maaşın azlığından, işin çoxluğundan, nə bilim, küləyin bərk əsməsindən, pişiyin miyoltusundan, cücənin civiltisindən narazı olsun, baiskarları yıxıb sürüsün...

   Mollanın səbri daralır, qalxıb getmək istəyəndə şairlərdən biri üzünü ona tutub deyir:

- Cənab Molla, bildiyimizə görə, siz də cavanlıqda şeir yazmısınız. Deməli, poeziyanın nə olduğunu bilirsiniz. Bəlkə bizim mübahisəyə sülh gətirən nöqtəni siz qoyasınız? Mümkünsə deyin, bizlərdən kim daha ağıllı danışır?

Molla qəribə bir təəssüf hissi ilə bayaqdan qucağında tutduğu qarpıza baxır, sonra dərindən köks ötütərək onu yuxarı qaldırıb döşəməyə çırpır və deyir:

- Qoy mənim başım bu qarpız kimi ortadan cırılsın, əgər ikinizin bir yerdə bir qəpiklik ağlı varsa.

 





27.01.2023    çap et  çap et