525.Az

"Qərbi Azərbaycanda hazırda 450-dən çox kəndimizin xarabalıqları qalmaqdadır"


 

SƏBUHİ HÜSEYNOV: "BU KƏNDLƏRİN TƏSBİT EDİLMƏSİ ÜÇÜN RUSİYA İMPERİYASI VƏ SOVET DÖVRÜNÜN MƏXFİ XƏRİTƏLƏRİNDƏN YARARLANMIŞIQ"

"Qərbi Azərbaycanda hazırda 450-dən çox kəndimizin xarabalıqları qalmaqdadır"<b style="color:red"></b>

Azərbaycanlıların öz tarixi yurduna - Qərbi Azərbaycana qayıdışı ilə bağlı prosesə başlanılıb. Qərbi Azərbaycan İcması dövlət başçısının tövsiyələri əsasında bu istiqamətdə öz fəaliyyətini həyata keçirir. Prezident İlham Əliyev ötən il dekabrn 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə, eyni zamanda, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı qayıdışın zəruriliyini vurğulayıb və bununla bağlı yol xəritəsi ortaya qoyub. Məlumdur ki, Qərbi azərbaycanlılar təkcə XX əsrdə dörd dəfə deportasiyaya məruz qalıblar. Beynəlxalq humanitar qanunlara və konvensiyalara görə, deportasiya olunan şəxslərin öz yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ var və bu hüququn təmin olunması ərazilərindən qovulmuş ölkələrin öhdəliyinə daxildir. Vaxtilə öz doğma yurdundan deportasiya edilmiş, qaçqın düşmüş azərbaycanlıların yenidən qayıdışı da tarixi ədalətin bərpası, onların pozulmuş hüquqlarının təmin edilməsi demək olacaq. Ermənistandakı Azərbaycan irsini araşdıran, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun baş mütəxəssisi Səbuhi Hüseynov "525"ə müsahibəsində bu məsələ ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

 

- Azərbaycan Prezidenti tərəfindən Qərbi Azərbaycana qayıdışın yol xəritəsi müəyyən edilib. Bu məsələdə tarixçilərin də üzərinə mühüm vəzifələr düşür. Siz bu vəzifələr barəsində nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi azərbaycalılarla görüşü zamanı tarixi torpaqlarımıza qayıdışın yol xəritəsini müəyyən etdi. Bu, bir tarixçi kimi məni də sevindirdi. Çünki uzun müddətdir ki, apardığım tədqiqatlar xüsusilə Qərbi Azərbaycanla bağlı idi. Əslində, cənab Prezidentin çıxış da tarixçilərə böyük bir stimul oldu. Tamamilə doğru fikirdir ki, bu işdə tarixçilərin üzərinə böyük vəzifələr düşür. Qərbi Azərbaycan torpaqlarının tarixinə yeni baxış və yeni tədqiqatlar tələb edilir. Bu günə qədər elmi dövriyyəyə cəlb edilməmiş arxiv materiallarının tədqiqata cəlb edilməsi və bu tədqiqatların beynəlxalq ictimaiyyətin həzm edəcəyi dildə onlara çatdırılması da əsas addımlardan biridir.

- Qarşıya qoyulan hədəfə - yəni qayıdışa nail olmaq üçün ilk növbədə hansı addımların atılması zəruridir?

- Cənab Prezident əslində qarşıya qoyulan yol xəritəsində bunu göstərib. Bu gün artıq Qərbi Azərbaycan İcmasında konsepsiya hazırlanıb, incə hesablanmış planlar yaradılır. Düşünürəm ki, az sonra biz bu planlaşdırmanın nəticələrini də görəcəyik. Çünki son məlumatlardan da gördüyümüz kimi, icma ətrafında artıq çox güclü elm adamları birləşiblər. İlk addım sözsüz ki, Qərbi Azərbaycanın istər mədəni irs tarixinin, istərsə də Qərbi azərbaycanlıların başına gətirilən soyqırım tarixinin öyrənilməsindən başlayır. Ümumiyyətlə, Qərbi Azərbaycan İcmasının açıqlamasından da bəlli olur ki, icma işlərə kompleks yanaşmaq məqsədini qarşısına qoyub. Düşünürəm ki, Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası  hərtərəfli hazırlanmış sənəd olacaq.

- Prezident yanvarın 10-da yerli televizya kanallarına müsahibəsində bildirdi ki, Qərbi Azərbaycanda boşaldılan kəndlərdə həyat yoxdur və bu, qayıdış zamanı orada yaşayan ermənilərə də problem yaratmayacaq. Sizin də bu barədə araşdırmalarınız var. Hazırda real vəziyyət necədir? Azərbaycanlıların deportasiyasından sonra o kəndlərdə niyə yaşayış yoxdur?

- Qərbi Azərbaycanda hal-hazırda 450-dən çox kəndimizin xarabalıqları qalmaqdadır. Biz bütün bu kəndlərin təsbit edilməsi üçün Rusiya imperiyası dövründə və daha sonra Sovet dönəmində istifadə edilmiş məxfi xəritələrin verdiyi məlumatlardan yararlanmışıq. XX əsrin ikinci yarısından etibarən dövrümüzə qədər isə kəndlərin vəziyyətini peyk görüntüləri ilə izləmək imkanımız vardır. Belə peyk görüntüləri xüsusi arxivlərdə saxlanılır və məxfilik qrifi götürüləndən sonra elmin istifadəsinə verilir. Uzun bir müddətdir ki, Qərbi Azərbaycanda bu gün xarabalığı mövcud olan 450 kəndin üzərində tədqiqatlar aparmaqdaydıq. Bu kəndlərin böyük bir qrupu 1918-1920-ci illərin faciəli soyqırımının, bir qismi 1948-1953-cü ilərdə Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiyasının, bir qismi isə sonuncu - 1980-ci illərin sonlarında ermənilər tərəfindən həyata keçirilmiş deportasiyanın şahidləridir. Hər bir kənd xarabalığı Qərbi azərbaycanlıların başına gətirilən faciələrdən xəbər verir və arxiv sənədlərində bu kəndlərin bir çoxunda, hələ 1918, 1919 və 1920-ci illərdə Cənubi Qafqaza axın edən ermənilər tərəfindən kütləvi qətliamların həyata keçirilməsi haqqında məlumatlar vardır. Bu kəndlərin qəbiristanlıqlarının da böyük bir qismi tamamilə yer üzündən silinib. Elə kəndlərimiz var ki, onun yazılı mənbələrdə adı XIV əsrdən bəllidir. Bu kəndlər xüsusi amansızlıqla məhv edilib.

Bəs nə üçün o kəndlərdə yaşayış yoxdur? Bunun birinci səbəbi odur ki, indiki Ermənistanda depopulizasiya gedir. Yəni Ermənistan əhalisi səfalət içində yaşamaqdansa, başqa ölkələri özünə vətən seçməyə üstünlük verir. Bu gün Ermənistan vətəndaşları məhz bu səbəbdən öz ölkələrini kütləvi şəkildə tərk edirlər. İkinci bir səbəb isə, bu kəndlərin bir çoxu artıq müasir yollardan və infrastrukturdan kənarda qalıb, sərt dağlıq hissələrdə yerləşir. Həmin ərazilərdə insanların yaşaması böyük çətinliklər törədir. Ermənistan dövlət isə o yerlərə yollar çəkmək və yenidən məskunlaşdırma aparmaq üçün heç bir imkana malik deyildir. Bu, yuxarıda da bildirdiyim kimi, Ermənistanın istər insan, istərsə də maliyyə baxımından imkanları xaricindədir. Bu səbəbə görə də müasir Ermənistan xaraba kəndlər diyarıdır. Kəndlərin əsl sahibləri isə öz ata-baba torpaqlarından qovularaq qaçqın həyatı yaşamağa məruz qoyulubdur. Lakin bununla iş bitmişdirmi? Xeyr, məsələ burasındadır ki, Qərbi azərbaycanlıların mülkiyyət hüquqları əlindən alınıb, deportasiyaya və kütləvi qətliamlara məruz qalıblar. Lakin bu da son deyil. Bundan sonra Qərbi azərbaycanlıların maddi-mədəni irsinin silinməsi mərhələsinə start verilib. Bu mərhələnin özünü də bir neçə hissəyə bölmək mümkündür ki, onlardan biri də qədim tarixi abidələrimizin məhv edilməsinə, məscidlərimizin xüsusi amansızlıqla dağıdılmasına, toponimlərin, hidronimlərin, oykonimlərin erməniləşdirilməsinə başlanılmasıdır. Son olaraq, Qərbi azərbaycanlıların pasportu sayılan qədimdən 1988-ci ilə qədər mövcud olmuş qəbiristanlıqlarının silinməsi mərhələsi start götürüb. Bu gün artıq biz yer üzündən silinən qəbiristanlıqlarımızın sayını da bilirik. Hal-hazırda proses davam etməkdədir.

Qəbiristanlıqlar, ibadət yerləri də digər müqəddəs yerlər kimi, din və etiqad azadlığı hüququnun vacib elementidir. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsi başqaları ilə birlikdə din və ya etiqad etmək hüququnu təsbit edir. Bütün şəxslərin və dini icmaların dünyasını dəyişmiş insanı öz qəbiristanlıqlarında dəfn etmək hüquqlarını müdafiə edərkən hökumətlər qəbiristanlıqlara hörmətlə yanaşmağa, onları təhqirdən və ya məhv olmaqdan qorumağa borcludurlar. Lakin Ermənistan Respublikasının hakim dairələri bu beynəlxalq qanuna heç bir vaxt əməl etməyib, bununla da növbəti böyük cinayətlər törədiblər. Qəbiristanlıqlar öz yaxınlarını orada dəfn edənlər üçün mənəvi əhəmiyyət kəsb etdiyinə görə, belə yerlərin dağıdılması son dərəcə sarsıdıcı nəticələrə səbəb olur. Bu, onu deməyə əsas verir ki, Ermənistan Respublikasının mövcud olduğu dövrdə apardığı bu siyasət ancaq kütləvi məhvetmə, izlərin silinməsi ilə bərabər, həm də millətlərarası inamsızlığa, regionda münaqişənin daha da qızışdırılmasına və gələcək sülhə böyük təhlükə və problemlər yaratmaqdadır.

- Sizin də vurğuladığınız kimi, azərbaycanlıların deportasiyası həm də xalqımızın tarixi-mədəni irsinin silinməsi, toponimlərin dəyişdirilməsi ilə müşayiət olunub. Bu barədə hansı yeni faktlar var?

- Toponimlərin dəyişdirilməsinə XX əsrin 20-ci illərindən başlanıb. Lakin ilk dövrlərdə bu, az sayda azərbaycanlılar yaşayan kəndlərin adlarının dəyişdirilməsi ilə müşayiət olunub. İlk dövrlərdə bu toponimlər (təxminən 200-ə yaxın) Sovet dövrünün tələblərinə uyğun olaraq aparılırdısa, 1935-ci ildən artıq Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə həyata keçirilməyə başlandı. Ən son olaraq isə Ermənistan Respublikasında 1991-ci ildə verilmiş fərmanla bir dənə də olsun Azərbaycan və türk mənşəli kənd adı qalmayb.  Adların dəyişidirilməsi birbaşa müstəqil Ermənistan Respublikasının siyasi dairələri tərəfindən kütləvi şəkildə aparılmağa başlanıb. Toponimlərin belə sürətlə dəyişdirilməsi özünü o dövrün hərbi-topoqrafik xəritələrində də göstərirdi. Bu xəritələr xüsusi ilə tutarlı mənbə rolunu oynayacaq məlumatlar verməkdədir. Faktlar həddən artıq çoxdur. Lakin əsas məsələ bu faktlardan istifadə edərək yeni tədqiqatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

 

 





27.01.2023    çap et  çap et