525.Az

Missiya Davos! - Nicat Quliyev yazır


 

Missiya Davos! - <b style="color:red"> Nicat Quliyev yazır</b>

Nicat QULİYEV,
Naxçıvan televiziyasının baş redaktoru

 

İsveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə Davos İqtisadi Forumu (DİF) ilk dəfə 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə yaradılıb. Azərbaycan Respublikasını bu platformada ilk dəfə 1995-ci ildə Ümummilli lider Heydər Əliyev təmsil edib. Ölkə Prezidenti İlham Əliyev isə Davos İqtisadi Forumunda dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib.

Davos İqtisadi Forumu siyasi, iqtisadi, ərzaq, enerji təhlükəsizliyi, texnologiya və digər sahələrlə bağlı məsələləri özündə cəmləşdirən platformadır. Bu platformada qeyd olunan sahələrlə bağlı təmsilçiliyimiz ölkəmizin təbliğində önəmli rola malikdir. Çünki burda böyük siyasi və iqtisadi güclərin iştirakı Azərbaycanın tanıdılması, yeni tərəfdaşların, iqtisadi partnyorların qazanılmasına şərait yaradır.

16-20 yanvar tarixlərində baş tutan Davos İqtisadi Forumu 2023-cü ildə son dövrün ən təsirli geosiyasi və geoiqtisadi məsələlərin qabarıq olduğu məqamda "Parçalanmış dünyada əməkdaşlıq" mövzusuna həsr olunmuşdu.

Bu dəfə Davos İqtisadi Forumuna 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti lideri, 52 dövlət və hökumət başçısı qatılmışdı. Forumda bir çox məsələlər - COVİD-19 pandemiyasından geriyə qalan təklif zəncirindəki qırılmaların və Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirləri müzakirə edildi.

Ölkə başçısı İlham Əliyev Forumda Azərbaycanın milli maraqlarını rəhbər tutaraq bir sıra panel iclaslarda, görüşlərdə, müxtəlif mövzulu müzakirələrdə, hazırda ölkəmizdə bir sıra layihələri həyata keçirən şirkət rəhbərləri, özəl və vətəndaş cəmiyyəti liderləri, dövlət və hökumət başçıları ilə müzakirələrdə olub.

Azərbaycan hər il keçirilən Foruma qazandığı böyük uğurlarla qatılır. Neftdən daha çox mavi yanacağa ehtiyac duyulduğu müasir dövrümüzdə Azərbaycan qazına tələbatın artması dünya birliyini maraqlandıran əsas prioritet kimi aktuallığını qoruyur. Yeni reallıqların, yəni yaşıl enerjinin də dünya bazarına çatdırılması qarşıda məqsəddir. Bu baxımdan Forumda yaşıl enerjinin də ixracı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Davosda "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" panelində diqqəti bir çox məqamlara yönəltdi. Burada ilk olaraq ölkənin Orta Dəhlizdə hansı dərəcədə ötürücülük qabiliyyətinə malik olduğunu artıq geniş ictimaiyyətə çatdırdı. Liman və yük daşıma, eyni zamanda logistika məsələlərində Azərbaycanın artıq böyük bir yol qət etdiyi vurğulandı. Bu nə üçün lazımdır? Düşünsək ki, Orta Dəhliz tam gücü ilə işləyir, tərəfdaşlar hansı ölkə ilə necə ticari-iqtisadi əlaqədə olacağını artıq bu gündən bilməlidirlər. Biz öz xidmətlərimizin genişliyi barədə məlumat verməliyik ki, partnyorlar özlərinə lazım olan yükü, ticari transformasiyanı necə və nə qədər edəcəyini bilsin, Azərbaycan isə öz növbəsində tələblərə cavab verəcək funksionallığı formalaşdırsın. Bu baxımdan təqdim etdiklərimiz içərisində nəqliyyatın önəmi bir daha ortaya çıxır. Nəzərə alsaq ki, ölkənin beynəlxalq standartlara cavab verən yol-nəqliyyat infrastrukturu bu gün regionda nümunə gücündədir, bu zaman daşımalarımızın artacağı artıq reallıqdır.

Bu il Azərbaycanda dəniz limanının qəbul etmə gücünün 15 milyon tondan 25 milyon tona yüksəldilməsi barədə büdcənin təsdiq olunması da aid sahəyə nə dərəcədə ciddi yanaşıldığını təsdiq edir.

Digər bir istiqamət ənənəvi enerji daşıyıcılarından başqa, yaşıl enerjini Avropa bazarına çatdıra biləcəyimizə dair məsələdir. Bu istiqamətdə isə Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət hər kəsə məlumdur. Azərbaycanın bərpaolunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmiz strateji investorlarının biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Ölkəmizdə 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması planlaşdırılır.

Məlum olduğu kimi, ilkin araşdırmalara əsasən, işğaldan azad edilmiş ərazilərdə 7200 MVt-dan çox günəş, 2000 MVt-dək külək enerjisi üzrə potensial müəyyənləşib. Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-dək gücdə külək elektrik stansiyasının tikintisi nəzərdə tutulur.

Enerji təhlükəsizliyi baxımından Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır. 2022-ci il iyulun 18-də imzalanmış "Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Azərbaycan və Rumıniya arasında "yaşıl enerji"nin ötürülməsi üçün Gürcüstan və Qara dənizdən keçəcək sualtı kabelin çəkilməsini də nəzərdə tutur. Bu kabellə ötürülən elektrik enerjisinin daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql edilməsi planlaşdırılır.

Bu baxımdan regionda ölkələrarası siyasi-iqtisadi əlaqələrin yaxşı olması da gündəmdə dayanan məsələdir. Orta Dəhlizin ötürücü ölkələrindən birinin də Gürcüstan olduğunu nəzərə alsaq, qeyd etməliyik ki, Azərbaycanla Gürcüstan arasındakı dəmir yolları ilə yüklərin ötürülmə gücü 25 milyon tona çatdırılıb. Bu isə indiki vəziyyətdə yaxşı göstəricidir. İki ölkə arasında iqtisadi-siyasi əlaqələrin dostluq müstəvisində olduğunu bilirik, bu isə gedən proseslərə özlüyündə təkan verir. Növbəti ötürücü ölkə isə qardaş Türkiyədir. Bu istiqamətdə isə özəl sektora yatırılan yatırımlar Orta Dəhlizin gücünü daha da inkişaf etdirəcəyindən, qoyulan investisiyalardan bütün ölkələrin qazanc əldə edəcəyindən xəbər verir.

Gələcəkdə Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə də mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Burada tək kor nöqtə Ermənistandır. Bu istiqamətdə isə artıq erməni rəhbərliyi hansı fürsətləri əldən verdiyini aydın görməlidir.

Davosda xüsusilə bu təqdimatların olunması isə ticari-iqtisadi partnyorlarımıza bizim etibarlı tərəfdaş olduğumuzu təsdiqlədir.

Bir məsələ mütləq qeyd olunmalıdır ki, sanki Rusiya-Ukrayna müharibəsinə qədər Orta Dəhliz ikinci planda qalmışdı. Son dönəmlər bu istiqamətdə aktivliyin artmasını həm də regionda iqtisadi-siyasi sabitliyin tam təmin olunması ilə də əlaqələndirə bilərik. Unutmaq lazım deyil ki, ticarət siyasi sabitlikdə mümkün olur.

Valdayda nida, Davosda yaşıl enerji...

2019-cu il 3 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev "Valday" beynəlxalq toplantısında çıxışı zamanı keçmiş Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları özündə əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara cavab verdi. Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu qəti şəkildə bildirərək dedi: "Qarabağ Azərbaycandır və nida işarəsi!"

Bu, dünyaya, xüsusən də Ermənistana ciddi bir mesaj idi. Azərbaycan Prezidenti İlham Əliyevin bu ifadəsi öz real mənzərəsi ilə bu gün göz önündədir. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında iri infrastruktur layihələri icra edilir, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"a dair dövlət proqramı həyata keçirilir.

Yuxarıda da qeyd etdik ki, artıq yeni enerji layihələri məhz işğaldan azad olunmuş ərazilərdə də reallaşdırılır, gələcək ixrac istiqamətləri müəyyənləşdirilir, yaşıl enerjinin dünya bazarına çıxarılması istiqamətində Davosda da təqdimatlar olunur. Yeni tərəfdaşlarla səmimi münasibətlərin qurulması Qarabağın və Şərqi Zəngəzurun gələcək imkanlarını daha da artırır.

Yeni reallıqları qəbul etməkdən başqa çarəsi olmayan Ermənistanın Baş naziri Nikol Paşinyan isə bir vaxtlar "Qarabağ Ermənistandır, nöqtə" deyirdisə, artıq 2023-cü il yanvarın 10-da keçirdiyi mətbuat konfransında: "Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın" deyib. Bunu bütün iqtisadçılar və politoloqlar da təsdiq edir ki, regionda yeni iqtisadi, sosial layihələrin icrası zamanı sülh və sabitlik mütləqdir. Bunun üçün isə Prezident İlham Əliyevin təqdim etdiyi beş prinsip mövcuddur.

Verilən söz və ona sadiqlik...

Çox nadir siyasətçilər siyasi müstəvidə verdiyi sözə sədaqət nümayiş etdirər. Çünki bu platforma bəzən sözlərin tutula bilməməsi şəraitini də yaradır. Ölkə Prezidenti İlham Əliyev isə Azərbaycan xalqına verdiyi sözləri yerinə yetirdiyini və bu sözlərə sadiqliyini hər zaman əməli ilə təsdiq edib. Necə ki, 30 il işğala məruz qalan torpaqlarımızı işğaldan azad etdiyi kimi. Siyasətimizin mərkəzində insan amili dayanır deyib bu istiqamətlərdə əməli addımlar atdığı kimi.

Bu məqamda 2 il öncə Prezident İlham Əliyevin elə Davos İqtisadi Forumunda deyilmiş bir fikrini xatırlatmaq istərdim.

Davos İqtisadi Forumu 2020-ci il...

Moderator: Həyatlarının yaxşılaşdırılmasını istəyən azərbaycanlılar üçün Siz yeni hökumətin onlara nələr verəcəyinə ümid edirsiniz, onlar növbəti bir və ya iki ildə hansı fərqləri müşahidə edəcəklər?

Prezident İlham Əliyev: Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür.

Və nəticə...

2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları 3 dəfəyə qədər genişləndi. Bu paket üçün 600 milyon manat ayrıldı.

2022-ci ilin əvvəlindən sosial ödənişlərin artırılması istiqamətində yeni addımlar atıldı. İllik əlavə 1,5 milyard manat ayrılan bu sosial islahat paketi 2,1 milyon şəxsi əhatə etdi.

Ən nəhayət 2023-cü ilin elə ilk günlərində 1,9 milyon nəfəri əhatə edən yeni sosial islahatlar zərfi imzalandı.

Verilən söz isə əməllə təsdiqini tapdı...

 





27.01.2023    çap et  çap et