525.Az

Şiddət və zorakılıq cəmiyyətimizdəki savadsızlığın əlamətidir - Sosial şəbəkədə yazılanlar


 

Şiddət və zorakılıq cəmiyyətimizdəki savadsızlığın əlamətidir - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- 2023- HEYDƏR ƏLİYEV İLİ

1986-cı ildə arxiv və kitabxanalarda işləmək məqsədi ilə Kazana, elmi ezamiyyətə getmişdim. Şəhərin mərkəzindəki "Tatarıstan" otelində qalırdım. Otaq yoldaşım (o vaxtlar mehmanxanada yer tapmaq problem olduğundan hətta pulun olsa da, otaqda tək yaşamaq mümkün deyildi) mədəni, bilikli adam idi, Moskvada hansısa nazirlikdə işləyirdi. Mənim Azərbaycandan olduğumu biləndə "Sluşayte, vaş Aliev tvorit çudesa!" ("Qulaq asın, sizin Əliyev möcüzələr yaradır") - deyə həmin dövrdə artıq Moskvada çalışan Heydər Əliyevin az vaxt ərzində işgüzar, zəngin bilik və təcrübəyə malik rəhbər işçi kimi böyük nüfuz qazanmasından danışdı. Əksəriyyəti çıxışlarını kağızdan güclə oxuyan Siyasi Büro üzvləri arasında intellekti, enerjisi, liderlik kefiyyətləri ilə qeyri-adi istisna təşkil etdiyini dedi.

Həmsöhbətim danışırdı ki, özü yol tikintisi mütəxəssisidir. Heydər Əliyevin bu sahə üzrə keçirdiyi müşavirələri, çıxış və məsləhətlərini izləyəndə həmkar olduqlarını düşünüb. Amma kino sahəsində çalışan xanımı sovet kinemotoqrafçılarının qurultayında Heydər Əliyevə qulaq asandan sonra əri ilə mübahisə etməyə başlayıb ki, səhvin var, yəqin ki, yoldaş Əliyev ilk təhsilini kino üzrə alıb. Çünki kinonun problemlərini çox gözəl bilir. Memar dostları isə ərlə-arvadın yanlışını düzəltməyə çalışaraq sovet memarları ilə görüşdə bu sahədə yüksək bilik nümayiş etdirən Əliyevin şəksiz memar olduğunu deyib...

Bir dəfə söhbət elə gətirdi ki, bu tarixçəni Prezidentə danışası oldum. O, sona qədər qulaq asıb təqdiredici şəkildə başını tərpətdi.

- Bəli, - dedi. - Azərbaycanda da, SSRİ-nin müxtəlif yerlərində də sadə insanlar həmişə xətrimi istəyiblər. Çünki öz işinin həqiqi bilicilərinə heç vaxt yuxarıdan aşağı baxmamışam. Məsuliyyət daşıdığım hər sahəni dərindən öyrənmişəm. Ona görə də neftçi mənim neftçi, inşaatçı isə inşaatçı olduğumu düşünüb. Baykal - Amur magistralının tikintisində bəzən ayaqlarımda uzunboğaz kirz çəkmələr, əynimdə kombinezon, başımda şlem saatlarla fəhlələrlə birlikdə ən çətin sahələrdə olmuşam.

Əslində ədəbiyyat və sənət adamları arasında da onu "özününkü" hesab edənlər az deyildi və bu fikrə şərik çıxanları da tam haqsız saymaq olmazdı... Şairlər onun şeir yazdığını, bəstəkarlar musiqi bəstələdiyini, rəssamlar gözəl tablolar çəkdiyini düşünürdülər. Çünki bütün bu sahələr üzrə elə peşəkar, işin içindən xəbər verən mülahizələr yürüdürdü ki, başqa cür düşünmək mümkün deyildi.

 

Tale Heydərov, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi:

- Bu yaxınlarda bir məktəb müəlliminin şagirdlərə göstərdiyi fiziki təzyiq məni həddindən artıq məyus etdi. Ancaq məni bundan da çox məyus edən səbəb bu hərəkətə bəraət qazandıran insanlarımız, hətta müəllimdən üzr istəyən valideynlərimiz oldu. Son zamanlar bu tipli şiddət və zorakılıq hallarının artmasını cəmiyyətimizdə müşahidə olunan savadsızlığın və mənəvi çöküşün əlaməti kimi qiymətləndirirəm.

Şagirdlərə göstərilən psixoloji və fiziki şiddətə bəraət qazandıran şəxslərin arqumentləri bunlardır: şagirdlər məktəbdə özlərini tərbiyəsiz aparır, müəllimlərin sözünə baxmır, söyüş söyür, telefonla oynayır, dərsi pozur, xuliqanlıq edir və sair və ilaxır.

Şübhəsiz ki, şagirdlərin bu yolverilməz hərəkətləri çox sərt şəkildə qınanılmalı və belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Bu cür hallar dünyanın hər ölkəsində və hər məktəbində baş verə bilər - belə hallardan heç kəs, heç bir ölkə, heç bir cəmiyyət, heç bir məktəb sığortalanmayıb. Ancaq bu cür hallarla yalnız və yalnız humanistcəsinə və qanunlar çərçivəsində mübarizə aparılmalıdır. Özü də əvvəlcə bunun səbəbləri araşdırılmalıdır. Həmin şagirdi o vəziyyətə gətirib çıxaran səbəblər müəyyən olunmalıdır.

Təsisçisi olduğum Avropa Azərbaycan Məktəbində də nizam-intizam qaydalarını pozan şagirdlərə yönəlmiş bir kodeks var. Bu məcəllədə şagirdlə profilaktik söhbətdən tutmuş valideynlərin məktəbə çağırılmasına, məktəbdən bir və ya bir neçə günlük kənarlaşdırılmaya, sonda isə ən radikal tədbir kimi məktəbdən həmişəlik uzaqlaşdırılmaya qədər bir çox tədbirlər nəzərdə tutulur. Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur. Heç bir halda! Müəllimin şagirdə qarşı istənilən təzyiqi onun məktəbdən uzaqlaşdırılması ilə nəticələnməlidir. Onun məktəbə, təhsilə verdiyi töhfədən və pedaqoji stajından asılı olmayaraq...

Müəllimin şagirdə təzyiqi, şiddət göstərməsi, bulinq heç bir halda onun islah olunması ilə nəticələnə bilməz. Dünyanın aparıcı psixoloqlarının qənaətinə görə, istənilən zorakılıq və təzyiq nəinki uşaqlara və yeniyetmələrə, hətta hər yaşdan olan insanlara yalnız və yalnız psixoloji (sərtliyindən asılı olaraq, həm də fiziki) travma gətirər, başqa heç nə gətirə bilməz. Nəinki müəllimlərin, hətta valideynlərin də uşaqlara qarşı bu cür sərt münasibəti yolverilməzdir. Belə halların qarşısını almaq üçün dünyanın ən inkişaf etmiş ölkələrində xüsusi qaynar xətlər mövcuddur. Bizdə isə belə hərəkətlərə bəraət qazandırmaq cəhdləri dərin təəssüf hissi doğurur. Əgər təhsilimizin və mənəviyyatımızın inkişafını istəyiriksə, bu strateji vəzifənin icrasına övladlarımıza evdə düzgün tərbiyə verməkdən başlamalıyıq. Bu tərbiyə metodlarına dair bir çox parlaq əsərlər yazılıb. Valideynlərimizə və müəllimlərimizə bu qəbildən olan aşağıdakı kitabları oxumağı tövsiyə edərdim:

1. Conatan Brayan, "Göz yaza bilər"

2. Linda Mulleli Hant, "Ağacdakı balıq"

3. Rakel Palasio, "Möcüzə"

Bu kitabları oxuyandan sonra görəcəksiniz ki, bir valideynin övladına olan sevgisi, səbri və təmkini, bir müəllimin şagirdlərinə xüsusi yanaşma forması nələrə qadirdir. Adıçəkilən kitabların hər üçünün mövzusu gerçək həyatdan götürülüb.

Sosioloji tədqiqatlar da sübut edir ki, evdə və cəmiyyətdə müxtəlif zorakılıq və şiddət görmüş uşaqların təhsil və tərbiyə səviyyəsi bir qayda olaraq aşağı olur. Unutmayaq ki, uşaqların tərbiyəsi qabalıq və zorakılıqdan yox, əksinə, sevgidən və qayğıdan başlayır. Sadəcə olaraq onlara sevgini öyrətmək lazımdır.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Xankəndində yuva salmış milyarder Vardanyan BBC-nin məşhur "Hard talk" proqramına çıxıb. Britaniyanın dövlət media strukturunun bir separatçıya efir verməsi əcaibdir. Müsahibə çox maraqlı oldu. Proqramda çox sərt suallarla qarşılaşan Vardanyan bir balaca özünü itirmişdi. Aparcının "Azərbaycan ərazisində yerləşən 120 minlik icma özünün gələcəyini necə görür?" sualına Vardanyanın cavabı əslində onun Xankəndinə nə üçün göndərildiyini göstərir.

Vardanyan "Putini dəstəkləyirsinizmi?" sualından qaçdı. Paşinyanla münasibətləri haqqında suala cavab vermədi. Bir çox başqa belə birbaşa və sərt suallara primitiv və naftalin iyi verən cavablar verdi.

Onun "sona qədər burda olacağam" sözlərində məlum olur ki, Vardanyan özünü Qarabağla bağlı böyük oyunun əsas "kozırı" hesab edir və erməni icmasını siyasi girov kimi idarə etmək niyyətindədir.

 

Qismət Rüstəmov, şair:

- Tətil günlərində kültür siyasəti istiqamətində xeyli kitab oxudum, vaxtilə Pamukun bir müsahibəsində toxunduğu bir məsələ mənə tam aydın oldu. Pamuk təxminən belə deyir: mədəniyyət sənayesinin formalaşması üçün, məsələn, kitabın, filmin arealını genişləndirmək üçün gərək sənət məhsullarının (filmin, kitabın, rəsmin) ilk növbədə yaxşı tərəflərini təqdim edək. Məhz bu təqdimat məsələsi mədəniyyəti industriya kimi qavramağın başlıca şərtidir. Yəni əvvəl kitab, film ünvana çatmalıdır, satılmalıdır, sonra müzakirəsi, tənqidi (müxtəlif səviyyələrdə) başlamalıdır. Bizim ən böyük səhvimiz əslində peşakarların söhbəti olan tənqidi oxucuların qabağında (əksərən vaxtından əvvəl) eləməkdir. Bu, çox köhnəlmiş refleksdir, anaxronizmdir, faydasız işdir. Bu gün Niderlandın ucqar kəndində yaşayan yeniyetmənin romanı bizim mütaliə repertuarımıza, maraq dairəmizə məhz bu təqdimat məsələsinə görə daxil olur. Pamuk və Rüşdü bu barədə təxminən oxşar qənaətə gəliblər: dalaşdığımızı sevməyi öyrəndik.

 

Asif Nərimanlı, jurnalist:

- Erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda qalan iki erməni kriminal avtoriteti gizli yolla Ermənistana keçirdiyini iddia edir: bunun qarşılığında sülhməramlılar 10 min dollar ödəniş alıb, lakin avtoritetlərin adı və aksiya keçirilən ərazidən hansı formada keçirildiyi qeyd olunmur.

Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etmək təcrübəsi fonunda bu iddianın real olması mümkündür və "qanuni oğru"ların hansı formada keçə biləcəyi ehtimallarını da önə çıxarır:

- sülhməramlı hərbçilərin formasında aksiya keçirilən ərazidən keçə bilərlər;

- təcili tibbi yardım avtomobilində "ağır xəstə" adı ilə çıxa bilərlər;

- sülhməramlıların yük avtomobillərində gizlənərək, gedə bilərlər.

Hər üç versiya istisna deyil, hərçənd, "ağır xəstə" adı ilə çıxarılmaları daha çox mümkün görünür. Çünki aksiya iştirakçıları Qarabağa aparılan humanitar yüklərə, bu yükləri daşıyan sülhməramlılara yol açdıqları kimi, Qarabağdan xəstələrin Ermənistana aparılmasına da şərait yaradır, xüsusilə Qarabağdan "ağır xəstə" aparmaq adı ilə keçən təcili tibbi yardım avtomobillərində yoxlamalar aparılmır. Böyük ehtimalla, erməni "qanuni oğru"lar "ağır xəstə" adı ilə təcili tibbi yardım avtomobilində keçə biliblər.

Xəstələrin aparılması prosesində əsas işi Qırmızı Xaç Komitəsi həyata keçirir. Kriminal avtoritetlərin keçidindən komitənin məlumatlı olub-olmadığını demək çətindir, lakin onlar öncədən "ağır xəstə" olaraq "qeydiyyata" da düşə bilərlər.

 





27.01.2023    çap et  çap et