525.Az

Alaçıqlar bəzəyi olan keçələr...


 

MODELYER-DİZAYNER NAİLƏ KƏRİMOVANIN SƏNƏT DÜNYASI

Alaçıqlar bəzəyi olan keçələr...<b style="color:red"></b>

Ötən şənbə "NUR ART HOUSE" Xalça Qalereyasında açılacaq bir sərgiyə dəvət aldım."Keçə sənəti: Zamanın və məkanın vəhdəti" modelyer-dizayner Nailə Kərimovanın fərdi sərgisi. Çox zövqlə işlənmiş bu nəfis tərtibatlı dəvətnaməni ədəbiyyat xəzinəmizdə - N.Gəncəvi adına Ədəbiyyat Muzeyində çalışan tələbə yoldaşım Nəzmiyyə xanım göndərmişdi. Dəvətnaməni oxuyub, sonra isə Nəzmiyyə xanımın göndərdiyi səsli mesajı dinləyib, bəli, Nailə Kərimova, bizim Nailəmiz deyə öz fikrimi təsdiqləyirəm. Təəccübümü gizlədə bilmədim. Axı Nailəmiz nə vaxt bu sahəyə gəldi? Niyə xəbərimiz yox? Beş il bir yerdə oxuduq, amma heç vaxt sezdirməmişdi ki, onun incəsənətə, rəssamlığa meyli, marağı var. İllərin də üstünə illər gəlmişdi... 20 ili ötürmüşük artıq... İxtisas sahəmizdə çalışmadığını bilirdim. Amma belə gözəl sənətkar olduğundan xəbərsiz idim. Gizlətmişdi bizdən öz daxili dünyasını, sənət möcüzələrini... Səssiz-səmirsiz hamımızı təəccübləndirmək istəmişdi görünür... Tələbə vaxtı şən əhval-ruhiyyəsi, zərif gülüşü ilə auditoriyamızın diqqətini özünə çəkən Nailəmiz bu gün öz "Fərdi sərgisi"ndə bizi yenə də xoş, zərif gülüşü ilə qarşıladı. Gül-çiçək dəstələri içində itib-batırdı, zərif, kəpənək qanadlımız! Sinif yoldaşları da bizim kimi təəccüb içində idilər... Hamımızın sevinci bir-birinə qarışmışdı. Arzularımızı, istəklərimizi, ürəkdən gələn ən xoş sözlərimizi onun ünvanına yağış kimi yağdırdıq. Bolluca sevindirdi hamımızı. Tanrı həmişə xəbərsiz qaldıqlarımızdan hər birimizi beləcə sevindirsin! Nailənin sənət dünyasında qazandığı və qazanacağı yeni-yeni uğurları səhradakı qum dənələri qədər saysız-hesabsız olsun! O səma ənginliyində, sonsuzluqda hər əl çatmayan zirvələri fəth etsin!

Bildiyimiz kimi, keçə sənəti qədim sənətdir. Bu qədim türk sənətinin ömrü ömrünə calansın, əzizim! Qoy bəzədiyin keçələrin istiliyi sənin sənət nümunərinlə elimizə, günümüzə paylansın. Qəlblərimiz, ocaqlarımız istilənsin! Əsərlərindəki al-əlvanlıq, rənglərin uyumluluğu necə də cana yatandır. Üçrəngli yenilməz bayrağımız sərginin şah əsəri idi! Xarıbülbüllü ipəklə kombinəli işləmələrin Qələbəmizin sevincini səpələyirdi salona. Şəhidlərimizin əziz ruhlarına ehtiram sərgiləyirdi... Cüt bəzədiyin gəlinciklər də bir ayrı aləm idi... Gözüm bir arxalıqda ilişib qalmışdı... Ağ keçə üzərində xınayaşılı bəzəklərlə işlədiyin göz oxşayan geyim nümunələrin, müxtəlif ornamentli kəmərlər, şallar, şərflər, ətəklər, çantalar, papaqlar və s. hər biri iki göz istəyirdi ki, onlara baxsın! Özləri kimi elə gözəl də adlar qoymusan bu sənət nümunələrinə: "Xarıbülbül", "Bayraq", "Kainat", "Həndəsi fiqurlar", "Qızılgül", "Buta", "Nar", "Payız", "Kandinski", "Tənhalıq", "Miniatür" və s.

Keçə sənətinin ta qədim dövrlərdən türk xalqlarının məişətində tutduğu yeri bir çox mənbələr özündə bu günümüzə qədər qoruyub saxlayır. Qədim eposumuz olan "Kitabi-Dədə Qorqud"da bu haqda geniş məlumat əldə edə bilirik. Keçədən hazırlanan əşyalar və onlardan necə, harda istifadə edilməsi barəsində bu qədim dastanımızdan ətraflı öyrənmiş oluruq. Qoyunun yunundan keçə hazırlayanları keçəçi, həllac və ya atıcı adlandırırdılar. Çox da asan olmayan üsulla hazırlanan keçədən adətən alaçıqların üstünü örtmək, içərisini bəzəmək, döşəməyə sərmək üçün daha çox istifadə edilirdi.Yaylaqda yaşayış yerlərini dəm-dürüst edəndən sonra qız-gəlinlər keçəçinin hazırladığı müxtəlif rəngli keçələrdən cürbəcür geyimlər tikərdilər. Hamımızda adı çəkilən kimi çoban obrazını canlandıran yapıncıq, şiş uclu çoban papaqları - hansı ki, o papaqlara börk deyərik, od kimi isti corablar, əlcəklər, şallar, donlar, gödəkcələr, ətəklər və s. Nənələrimiz beşiklərin içinə lap atdan keçə salardılar. Toyuqlar, digər ev quşları kük yatanda keçə üstünə saman töküb heyvanı onun üstündə rahatlardılar. Keçədən xalq təbabətində də istifadə olunurdu. Ara həkimləri deyərdilər o vaxtlar. Onlar bir çox soyuqlama xəstəliklərində keçənin hav çəkmə xüsusiyyətindən yararlanardılar. Qara keçənin üstünə təzə yumurta çalar və soyuqlamaları bu üsulla müalicə edərdilər. Keçənin məişətimizdə bu cür geniş istifadə edilməsi bizim zamana gəlib çıxmamışdı. Amma köhnə kənd evlərinin künc-bucağında qırıq-quruqlarını görmüşdüm. Evimiz-eşiyimiz kimi, o kənd evlərində çox dəyərlərimizi qoyub gəlmişik. Nənəmin söhbətlərindən xatırlayıram, deyərdi ki, indiki gəlinlərə nə var, qurulu-qoşulu evlərdə bir hana toxumağa da ərinirlər. Çoxları hana uzatmazdı bizim zamanda. Yun əyirtdirib, boyadıb, ərişin-arqacın da içinə qoyar, aparıb toxutdurardılar. Bizim zaman dediyimdə 70-ci illərin sonu, 80-ci illəri nəzərdə tuturam. Camaat ağ günlərə çıxmışdı. Hamının qapısında bulaq axırdı. Kəndin o başından bu başına çaya gəlib yun yumaq, paltar suya çəkmək yığışılmışdı. Qəzillər, həsirlər, keçələr "qara dam"larda - əl damları da deyərdik oralarda gözə dəyərdi. Dövr, zəmanə öz gedişatı ilə gedir. Nə edə bilərik? Böyüklərimizdən Zamanın atı sərpməz eşitmişik həmişə. O atın belində olasan gərək! Gələcəyə, sabaha yubanmayasan, zəmanədən geridə qalmayasan! Amma dəfə-dəfə nəsihətləri o olardı ki, biz dədə-babalarınızı, hardan gəlib, hara getdiyinizi unutmayın! Keçədən - gəbə üstünə, atdan sonra dəvə boynuna çıxmışıq. Çıxdığımız qınımızı tanımalıyıq! Binələr himi üstə ucalar! Hər keçən gün olan daşın üstə bir daş da qoyulmalıdır ki, yuxarı boylanaq, boyumuz artsın! Qiymətli tutmalıyıq, dədəmizi-nənəmizi! Onların arzularını davam etdirib, niyyətlərini hasilə gətirməliyik! Qurub yaratdıqların, olan-qalanların, matağ etməliyik! Bilməliyik ki, bu günlərə elə-belə gəlib çıxmamışıq. Dünya sivilizasiyasında həmişə öz yerimiz olduğunun fərqində olmalıyıq. Özümüzdən uzaq düşməmək üçün öz keçmişimizi həmişə ən vacib olanımız kimi özümüzlə götürüb, həm də özümüzdə yaşatmalıyıq.

Beləcə uzun sözümün qısası qədim zamanlarımızın alaçıqlar bəzəyi, əlimizin-ayağımızın, əynimizin istiliyi min zəhmətlə hazırlanıb ortalığa çıxarılan əlvan rəngli keçələr modelyer-dizayner Nailə xanımın bu sənətə olan sevgisi ilə bu günümüzdə də gündəmə gətirildi. O, keçə sənətinin ömrünü uzadıb XXI əsrə caladı. Arzuladıq ki, XXII, XXIII və bundan sonrakı gələn bütün əsrlərdə də keçəçi, həllac və atıcı adında sənət ustaları modelyer, dizayner və daha sonra necə adlandırılacaqlarını bilmədiyim sənətkarlar dünənimiz olaraq, gələcəkdə də həmişə olsunlar.

Azadə NOVRUZOVA

 





27.01.2023    çap et  çap et