525.Az

Bir ömrün payızı


 

Bir ömrün payızı<b style="color:red"></b>

Yollar, istiqamətlər fərqlidir. Hər kəsin doğulub boya-başa çatdığı, yaşadığı ünvan, eləcə də hər kəsin fərqli arzuları, istəkləri var. Kimsə bir-birinə bənzəməz. Amma bu həyatda elə dəyərlər var ki, o dəyərlər insanları özündə bir yumruq kimi birləşdirər.

Babək rayon  Nehrəm qəsəbəsi tarixi yaşayış məntəqələrindən biridir. Bu tarixi torpağın sakinləri hələ 1918-ci ildə ermənilərin yaxşıca dərsini verib, elə gəldikləri yerə də yola salıblar. Silah-sursat cəhətdən zəif olsalar da, nehrəmlilər hünərləri, qeyrətləri və camaatın birliyi sayəsində məlun Andranikin ayağının Nehrəmə dəyməsinə yol verməyiblər və ermənilər Yaycıda törətdiyi soyqırımı siyasətini burada həyata keçirə bilməyiblər.

Bugünkü yazımızın qəhrəmanı Ümüd Niftəliyev 20 oktyabr 1998-ci ildə Nehrəmdə dünyaya göz açmışdır. 1918-ci ilin hadisələrindən illər ötsə də, ermənilərin torpaq iddiası bitməmiş, "böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməmişdilər. Torpaqlarımız işğal altında idi. Qarabağ Ümüdün yaşadığı Nehrəm qəsəbəsindən çox-çox uzaqlarda idi. Ümüd oxuduğu Nehrəmə qonşu olan Araz kənd tam orta məktəbində fəal şagirdlərdən sayılırdı. O, yaxşı müəllim, həkim, mühəndis ola bilərdi. Amma Ümüd artıq öz yolunu seçmişdi. Bu yoldan onu heç bir qüvvə döndərə bilməzdi. Sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verir və məqsədinə çatır. Yüksək balla liseyə qəbul olur.

Anası Fizzə xanım deyir ki, zəif olduğuna görə hərbçi olmağını istəmirdim. Həmin vaxt ağlıma da gəlməzdi ki, bu cansız, zəif uşaq böyüyüb qəhrəman olacaq, Qarabağ uğrunda, torpaq yolunda canın verəcək. Demək insan peşəsini sevirsə, o yolda qalib olmağı da bacarır. Atası Oruc Niftəliyev oğlundan qürurla bəhs edir: "Ümüd ailəmizin ikinci övladı idi. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) motoatıcı ixtisası üzrə təhsilini davam etdirib. Müharibə başlayanda sentyabrın 29-u Ümüd mənə zəng vurdu ki, ata, evdəkilərə bildirmə, mən də gedirəm. Nigaran qalsam da, xeyir-duamı verdim. Oğul düşmən çəpəridir. Bizə ancaq onlara dayaq durmaq düşər". Leytenant Ümüd Niftəliyev Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edir. Son döyüş yeri Şuşada olur. Leytenant ailəsinə xoş müjdəli bir savaşdan pay verir. Zəfərdə payı olan Ümüd Niftəliyev "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilir. Qəhrəman döyüşçü təhsilinə davam edir. 2021-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Ümüd Naxçıvana ailəsini görməyə gəlir. Bacısı  İlkanə deyir ki, yoldaşlarının şəhid olması ona çox pis təsir eləmişdi. "Burada olarkən tez-tez şəhid məzarlarını ziyarətə gedərdi. Kəndimiz Birinci və İkinci Qarabağ müharibəsində 13 şəhid verib. Şəhidlərdən biri Ümid Məmmədov qardaşımın yaxın dostu idi. Onun itkisini Ümüd qəbul edə bilmirdi".
2021-ci ilin oktyabrından leytenant Ümüd Niftəliyev Laçında xidmətini davam etdirir. Anası Fizzə xanım deyir ki, bizimlə tez-tez əlaqə saxlayardı. Amma noyabrda zəngləri azalmışdı, nigaran qalırdıq. Noyabrın 15-i son danışığımız oldu. Dedi ki, bir az baş qarışıqdı, məndən nigaran qalmayın, özünüzdən muğayat olun.

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısını alarkən Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusundan biri leytenant Ümüd Niftəliyev olur. Doğulduğu torpaqda son mənzilə yola salınır. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunan Ümüdün gedişi hər kəsin qəlbində bir daha əminlik hissi yaradır. Hər kəs əmin olur ki, bundan sonra da  can, qan bahasına  olsa belə, düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınacaq, sərhədlərimiz etibarlı şəkildə qorunacaqdır.

Ümüdü son mənzilə yola salanlar arasında həmin vaxt hərbi xidmətdə olan qardaşı Sərxan da olur. Qardaşının itkisi Sərxan üçün ağır olsa da, həm qardaş kimi, həm bir  əsgər kimi qürur duyur. Vətən müharibəsindən qəhrəman kimi dönən qardaşı ordu sıralarında şərəflə xidmət etmiş, düşmənin qabağından geri çəkilməmiş, Vətən yolunda canını fəda edərək daha ali məqama-şəhidlik məqamına yüksəlmişdi. 
Bu gün Sərxan hərbi xidmətini başa vuraraq evinə qayıdıb: "Ümüd arzusuna çatdı, torpaqlarımız işğaldan azad oldu. Ümüd yoxdursa, mən varam, hər an Vətənin müdafiəsinə hazıram".

Qapının girişində Oruc kişi Ümüdün adına bulaq tikdirib. Deyir ki, şəhid unudulanda ölür. Qoy yoldan keçənlər bu sudan icib, şəhidimi ansınlar, ruhuna dualar etsinlər. Ümüd heç vaxt unudulmasın. 

Ümüd bir payız günü dünyaya göz açıb. Bir payız günü də bu dünyayla vidalaşdı, əbədiyyətə qovuşdu. Payız ilin elə bir vədəsidir ki, yarpaq tökümü başlayır, təbiət donunu dəyişir, havalar soyuyur, insanların canına bir üşütmə gəlir. Lakin 2020-nin payızı qəlbimizə, ruhumuza elə bir istilik, elə bir zəfər sevinci bəxş etdi ki... O zamandan payız başqa payızdır, yağışlı, çiskinli, küləkli deyil, həm də qələbə ətirlidir, zəfər müjdəlidir, gələcəyə ümiddir. Nə qədər ki, məğrur xalqımız, yenilməz ordumuz var, Ümüdlər də hər zaman var olacaqdır!

 





27.01.2023    çap et  çap et