525.Az

Tərxis olmağına 1 gün qalmış Vətən müharibəsinə qoşulan şəhid Ceyhun Nüsrətli


 

Tərxis olmağına 1 gün qalmış Vətən müharibəsinə qoşulan şəhid Ceyhun Nüsrətli<b style="color:red"></b>

Nüsrətli Ceyhun Aqil oğlu 8 aprel 1995-ci ildə Beyləqanda doğulub. Ceyhunun ailəsi Füzuli rayonunun Dilağarda kəndindəndir. Füzuli işğal olunandan sonra ailə bir müddət Beyləqandakı Xocavənd qəsəbəsində məskunlaşıb. O, 2001-ci ildə Füzuli rayon 55 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunub. 2016-cı ildə həmin ali məktəbi bitirib.

Ceyhun 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Tərxis olmağına 1 gün qalmış Vətən Müharibəsi başlayır. Bu səbəbdən o, Ağdərə istiqamətində gedən döyüşlərə qatılıb.

Ceyhun uşaq yaşlarından vətənpərvərliyi ilə seçilib. Güləş və şahmatla məşğul olub. Hobbisi balıq tutmaq idi. Tələbə yoldaşı Babək Nəzərli şəhid haqqında bunları deyir: “Hədsiz dərəcədə vətənpərvər idi. Yaxşı səsi vardı, dəfələrlə qrup yoldaşlarını ətrafına toplayıb, vətənə aid mahnılar oxuyardı. Konfranslarda, TGT tədbirlərində aktiv iştirak edirdi. 2 fevral "Gənclər Günü" münasibətilə Gülüstan sarayında keçirililən tədbirdə də çox aktiv idi. Özü çox zəhmətkeş idi. Eyni zamanda həm oxuyub, həm də işləyirdi”.

Şəhidin atası Haqverdiyev Aqil bəy deyir ki, 28 sentyabrda danışırdıq, dedim vəziyyət necədir, oğul? Dedi ki, hər şey əladır:
“Qəti narahat olmayın, anamdan muğayat ol. Belə çox danışa bilmədik. Mən bilirdim ki, döyüş gedirdi. Ancaq istədim gedəm yanına, dedi, ata, sən gəlsən də buraxmayacaqlar.

Mən məktəbdə həm də onun kimya müəllimi idim. Bir dəfə dərsini oxumamışdı, sinifdə ona vurdum. Gedib anasına deyib ki, atama de, məni qızların yanında döyməsin. Bakıda orta məktəbə gedəndə orada uşaqlar buna qaçqın demişdilər. Ürəyi çox pis olmuşdu. Elə hey deyirdi biz Qarabağı qaytaracağıq.

Çox aktiv uşaq idi. Orta məktəbdə oxuyanda atıcılıq üzrə medal almışdı. Sərrast atıcı idi. Komandirləri deyir ki, heç qorxmazdı".
Şəhidin anası Süleymanova Nəzakət xanım deyir ki, Ceyhun həmişə ermənilərdən qisasını almaq istəyirdi:
"Deyirdi ki, mən səni xoşbəxt yaşadacağam. Torpaqlarımızı alacağam, Dilağar kəndini alacağam, Şuşanın, Xocalının qisasını alacağam. At çapmağı çox sevirdi, igid, qəhrəman oğul idi. Biz nədən qorxurduq onun heç nədən qorxusu yox idi.
Sanki ağsaqqal uşaq idi. Elə bil 24 yaşı yox , 50 yaşı vardı. Deyirdi, səni saraylarda yaşadacağam. Çox sevirdi məni, çox bağlı idi. Deyirdi gənc müəllim olanda ilk maaşımı qocalar evinə bağışlayacağam. Hərbi xidmətinin axırına yaxın dedi narahat olma, ana, bizi hələ karantinə görə buraxmırlar. Çox gözəl arzuları, xeyli dostları vardı. Bir gün gəldi ki, babası məyusdu. Soruşdu nolub? Babası deyib adımı körpəyə qoymayıblar. Deyib, narahat olma mən öz övladıma sənin adını qoyacağam. Elə qonaqpərvər idi, evə bir qonaq gələndə həmişə özü qulluq edirdi. Evimizin əhval-ruhiyyəsini o düzəldirdi. Hələ də inanmıram, elə bilirəm o dönəcək. Hələ də onu əsgərliyə necə yola salmışamsa sanki bu dəqiqə gələcək, bu gün gələcək, sabah gələcək..."

Şəhidin atası Haqverdiyev Aqil bəy deyir ki, mən Ceyhunla fəxr edirəm! Ordumuzla da fəxr edirəm: "Qalib Ordumuzun qalib vətəndaşı olmağımla qürur duyuram. Bir şəhid atası ki, dövlətmizlə, Ali Baş Komandanımızla fəxr edirəm. Onun duruşu, Dəmir yumruğu nəticəsində biz hər zaman qalibik. Yaşasın üçrəngli bayrağımız, müstəqil Azərbaycan! "

Füzuli rayon 55 nömrəli orta məktəb, Xocavənd rayonu Qardağlı kənd tam orta məktəbində, Mehdiabadda 5 nömrəli orta məktəbdə və Sumaqyıt şəhərindəki orta məktəbində şəhidin adına sinif otaqları var. Oxuduğu universitetdə isə stendi var. Xocavənd rayonunda Şəhidlər memorial xiyabanında dəfn olunub. Abşeron rayonu ərazisində adına bulaq və park var.
Ceyhun 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Tərxis olmağına 1 gün qalmış 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Ağdərə istiqamətində gedən döyüşlərə qatılır. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər aldığı mərmi zərbələri nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Aqil oğlu Nüsrətli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və " "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!
 
 


 

 





16.01.2023    çap et  çap et