525.Az

Xəlil Rza Ulutürkün 80 illik yubileyi qeyd olundu (FOTOLAR)


 

Xəlil Rza Ulutürkün 80 illik yubileyi qeyd olundu <b style="color:red">(FOTOLAR)</b>

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Xəlil Rza Ulutürkün 80 illiyinə həsr olunan yubiley mərasimi keçirilib.

525.az-ın məlumatına görə, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev tədbiri giriş nitqi ilə açaraq şairin həyat və yaradıcılıq yoluna nəzər salıb:

“Yaradıcılığının böyük uğurlarına görə o, müxtəlif vaxtlarda Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasınıın “Xalq Şairi” fəxri  adlarına və “İstiqlal” ordeninə layiq görülüb. Cənab prezident İlham Əliyevin 4 iyun 2012-ci il tarixində imzaladığı sərəncama müvafiq olaraq şairin yubileyi ölkə səviyyəsində təntənəli şəkildə qeyd olunur. 1950-ci illərdə yaradıcılığa başalayan Xəlil Rza Ulutürk vətənpərvərlik mövzusunda saysız-hesabsız şeirlər yazıb. Onun bütün əsərlərinin baş qəhrəmanı Azərbaycan olub. Azərbaycan Pedoqoji Universitetində bir müddət müəllimlik edən şair dünya ədəbiyyatından, Nizami Gəncəvidən də tərcümələr edib”.

Nazir çıxışının sonunda böyük şairin həyat yoldaşı Firəngiz xanım Ulutürkə Xəlil Rza irsini təbliğinə görə təşəkkür edib.

Daha sonra çıxış edən Yazıçılar Birliyinin sədri,  xalq şairi Anar Xəlil Rza ilə bağlı xatirələrindən danışıb:

“O, həbs olunanda Yazıçılar Birliyi Xəlil Rza üçün Müdafiə Komitəsi yaratdı. Mən Moskvada olarkən dustaq şairlə görüşərək onunla dərdləşmişəm”.

Xalq şairi Zəlimxan Yaqub da Xəlil Rzanın mübarizliyindən, zindan həyatından söz açıb:

“Zindan görən, şəhid atası olan Xəlil heç vaxt məqsəd və amalından dönməyib. Onun bütün həyatı mübarizə içində keçib”.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı isə belə yubileylərin ölkə səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışıb:

“Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin təbliği, onların yubileylərinin ölkə səviyyəsində təntənəli şəkildə qeyd olunması mühüm hadisədir. Biz çox unutqanıq. Bu səbəbdən ədəbiyyatımızın, tariximizin görkəmli nümayəndələrini yaddan çıxartmamaq üçün çoxlu işlər görməliyik. Nizami Gəncəvini, Hüseyn Cavidi, Xəlil Rza Ulutürkü və başqa böyük yazarlarımızı bir anlıq ədəbiyyatımızdan silsək mədəniyyətimiz bəsit görünər”.

Daha sonra millət vəkili Xəlil Rzanın ölüm günündə yazdığı şeirini oxuyub.

Filologiya üzrə fəlsəfə doktoru Azər Turan Xəlil Rza Ulutürkün misralarından sitat gətirərək onun millətin qan yaddaşında daim yaşayacağını deyib:

“O, millətin yaddaşına istiqlal toxumu səpib. Onun 28 yaşında yazdığı “Azadlıq” şeiri “Afrikanın səsi” adı ilə dərc olunmuşdu. Lakin bu şeir yalnız bütöv Azərbaycanın sədası idi. O, Hüseyn Caviddən sonra turançılığı yayan ilk şairdir. O, yazdığı kimi yaşadı, yaşadığı kimi də yazdı”.

Xalq şairi Nəriman Həsənzadə şairin məhbəs həyatından söz açıb, birgə keçirdikləri xoş xatirələrdən danışıb:

“Onunla birgə Lefortovo həbsxanasının önündən keçməyimiz yadımdadır. Xəlil  bir çox böyük şəxsiyyətlərin orada həbsdə olduğunu bilərkən çox məyus olmuşdu. Vaxt yetişdi və o özü də həmin həbsxanada dustaq həyatı yaşadı”.

Tədbirin sonunda  şairin həyat yoldaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat üzrə fəxri  doktoru  Firəngiz Ulutürk çıxış edib:

“Prezident İlham Əliyevin iyunun 4-də imzaladığı sərəncama müvafiq olaraq Xəlil Rza Ulutürkün 80 illik yubleyi ölkə  səviyyəsində təntənəli şəkildə qeyd olunub. Bu sərəncama görə cənab prezidentə minnətdarlığımı bildirirəm”.

F.Ulutürk Xəlil Rza dünyasını dəyişdikdən sonra onun 300 cildlik gündəliyi əsasında 45 kitabını nəşr etdirdiyini söyləyib, onun dustaq həyatından danışıb:

“Həbsdə olarkən mənə göndərdiyi məktublarda həyat eşqi vardı. Mənə deyirdi ki, böyük şairin həyat yoldaşısan, heç vaxt qanadlarını bükmə”.

Xatırladaq ki, xalq şairi 1994-cü ildə 62 yaşında dünyasını dəyişib.

Nigar Məhərrəm

 





31.10.2012    çap et  çap et