525.Az

Şəhid anası: "Balam hərbi sirri qoruyurdu, bizə heç nə demədi"


 

Şəhid anası: "Balam hərbi sirri qoruyurdu, bizə heç nə demədi"<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım şəhidimiz Göyüşov Məzahir Niyaz oğludur.
 
Məzahir Göyüşov 7 mart 1992-ci ildə Füzuli rayonunun Ələsgərli kəndində anadan olub. 1998-2009-cu illərdə əvvəlcə Beyləqan rayon 6 saylı tam orta məktəbdə, sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbdə təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışıb. Ailəli idi. Bir övladı yadigar qaldı.

Məzahir Göyüşov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Ədliyyə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissədə xidmət edib. 2016-cı ildə "gizirlik kursu"nu bitirib və Quru Qoşunlarının sıralarında "gizir" rütbəsində xidmət edib.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Məzahir Göyüşov BMP komandiri olaraq Lələtəpə istiqamətində vuruşmuş və fərqlənib. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib.
 
Şəhidin atası Göyüşov Niyaz bəy deyir ki, müharibə başlayan gecə danışdıq, dedi yemək yeyirik işmiz var:
 
" O, hərbi sirri çox qoruyurdu. Bizə qəti şəkildə demədi ki, müharibə olacaq. Dedi, özünüzü qoruyun. Uşağa yaxşı baxın.
 
2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində də oğlum iştirak edib. Hərbi əməliyyatlar zamanı Məzahir Milli Qəhrəman general-mayor Polad Həşimov ilə birlikdə vuruşub və qarşı tərəfin hücum cəhdinin qarşının alınmasında fərqlənib. Həmçinin ağır yaralı olan döyüşçüləri döyüş meydanından çıxardıb.
 
Balam döyüşlərdə xidmətinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib".
 
Şəhid anası Əliyeva Xuraman xanım deyir ki, Məzahir çox sakit təbiətli uşaq idi:
 
" Bir müddət Bakıda mühafizədə çalışdı. Daha sonra gəldi ki, sənədlərimi hazırlayıb gizirlik kursuna verirəm. Dəfələrlə dedim ki, gəl, bu işdən əl çək. Dedi ki, ana, yox mən 5 illik qol çəkmişəm.
 
Heç deməzdi müharibə olacaq. Sentyabrın 26-sı səhər 4-5 dəfə maşınına tərəf gedib. 27- si günü onun döyüş maşını olan BMP-sini  vurmuşdular. Sonra ona yeni başqa maşın veriblər. Zəng etmişdi, nəsə sözü vardı, amma deyə bilmədi. Sonra ayın 29-u günü telefonuna zəng çatmırdı. 30-u artıq şəhid olubmuş...
 
Tovuz döyüşlərində də bizə deyirdi ki, hər şey yaxşıdır. Uyğun vaxt tapanda bizimlə telefonla danışırdı, tapşırırdı ki, özünüzə yaxşı baxın.
 
Balam şəhid olanda oğlunun bir yaş yarımı var. Arada yuxusuna girir, deyir, atam gəlib qoyma getsin. Bəzən anası ona deyir ki, sən atan boyda olanda atan gələcək. Elə bilir ki, heç kəsin atası yoxdur. Elə bilir bütün balaların əmisi olur atası olmur.. Artıq 4 yaşının içindədir, qanır deyə atasın arzulayır. Atasından bizə sula edir.
 
Ailəmizin arzsudur ki, Xocavənd rayonu Tuğ kəndi 1 saylı orta məktəbinə oğlumun adı verilsin. Xocavənd rayonunda ümumi şəhidlərimizin adına abidə bulaq kompleksi var".
 
Şəhidin atası Göyüşov Niyaz bəy deyir ki, 2020-ci 30 sentyabrında Beyləqan rayonunda bazara getmişdik, amma tez qayıtdıq. Əmisi oğlu gəldi dedi ki, Füzulinin Əhmədbəyli kəndində dioqnostikadadır, gedək ora. Getdik ora dedilər belə bir adam yoxdur burda. Gəldik Beyləqana, ordan da dedilər ki, bura gətirilməyib. Daha sonra əmisi oğlu ilə getdik, oğlumun nəşini gətirdik. Dünyam başıma uçmuşdu, heç bilmirdim hardayam, necəyəm, nələr baş verir. Sanki bir bəd yuxu idi..."
 
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah cənab Prezidentimizə cansağlığı versin, yaşasın müstəqil Azərbaycan! Allah daha heç bir evi məyus etməsin, heç bir balanın boynunu bükük qoymasın!"
 
Azərbaycan Ordusunun giziri olan Məzahir Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Məzahir Göyüşov 30 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Məzahir Göyüşov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşcü" medalları ilə təltif edilib.
 
Ruhun şad olsun, şəhid qardaşım!


 
 
 
 

 





17.01.2023    çap et  çap et