525.Az

"İranın elitası, gələcəyi sayılan insanlar ölkəni tərk edir"


 

"İranın elitası, gələcəyi sayılan insanlar ölkəni tərk edir"<b style="color:red"></b>

İsveçdə yaşayan Güney Azərbaycandan olan jurnalist, Stokholmdakı "Azərbaycan səsi" radiosunun rəhbəri, "Tribun" saytının baş redaktoru Əlirza Ərdəbili ötən həftə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, azad edilmiş əraziləri ziyarət edib. Ə.Ərdəbili səfəri və İrandakı hadisələrlə bağlı "525"ə müsahibə verib.

 

- Mən 1983-cü ildə İranı tərk etmişəm. Buna səbəb həmin dövrdə İrandakı ağır vəziyyət idi. 1986-cı ildən İsveçdə yaşayıram. Bir müddət o zaman SSRİ-nin tərkibində olan Azərbaycanda yaşamışam. Orta məktəbin son sinfini rus bölməsində Azərbaycanda qızıl medalla bitirib, bir il də Neft-Kimya İnstitutunda elektrotexnika fakültəsində rus bölməsində təhsil almışam. Ötən müddətdə, yəni inqilabdan sonrakı 44 il ərzində milyonlarla insan İranı tərk edib. Məsələn, 1979-cu ildə İrandakı inqilabdan sonra İsveçə 300 nəfərə yaxın iranlı tələbə gəlmişdi. İndi burada İran vətəndaşlarının sayı 100 mindən artıqdır. Bu da ölkədəki mənzərəni nümayiş etdirir.

- İsveçdəki fəaliyyətiniz barədə soruşmaq istərdim. Bildiyimə görə, "Tribun" jurnalı və eyniadlı sayta rəhbərlik edirsiniz.

- 1990-cı ildən İsveçdə "Azərbaycan səsi" radiosu fəaliyyət göstərir. Həmin ildən də mənim və başqa iki dostumun redaktorluğu ilə Stokholmda "Tribun" jurnalı dərc olunmağa başladı. Paralel olaraq "Tribun" saytı da fəaliyyət göstərir. Bu, Azərbaycan, Güney Azərbaycan mövzusunda fəaliyyət göstərən ilk saytlardan biridir. Hazırda "Tribun" elektron variantda fəaliyyət göstərir. Bu sayt İranda azərbaycanlıların, türklərin səsini yaymaqla məşğuldur. Xüsusilə, İranda qadınların, uşaqların hüquqları, insan haqları, demokratiya məsələləri, gender bərabərliyi, Güney Azərbaycanın üzləşdiyi ekoloji fəlakətlə bağlı materiallar dərc olunur. Bu gün ümumilikdə İran ekoloji fəlakətlə üz-üzədir. Urmiya gölünün quruması sadəcə bir nümunədir. Ölkənin bütün ərazisi su çatışmazlığı problemini yaşayır. Biz, Quzey Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycanın inkişafı, xüsusilə böyük qələbədən sonrakı prosesləri də geniş işıqlandırırıq.

- Azərbaycandan yeni qayıtmısınız. Bu səfər yəqin ki, sizin üçün daha fərqli və yaddaqalan oldu. Azad olunmuş ərazilərə baş çəkdiniz. Hansı təəssüratlarla geri döndünüz?

- Mən yorulmadan Azərbaycan-Ermənistan münasibətlərinin tarixini, 1828-ci ildən bu günə kimi olan tarixi, birinci Azərbaycan Cümhuriyyəti dövrünü, sovet dönəmindəki Azərbaycanı, Sovet İttifaqı dağılandan sonrakı dönəmi, Birinci Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının 30 illik işğalı, işğala son qoyan Vətən müharibəsini və hazırkı vəziyyəti araşdıran, eyni zamanda, müxtəlif dillərdən tərcümələr edən şəxs olaraq Qarabağda oldum. Ağdama, Şuşaya, Xudafərin körpüsünə gedərkən yol boyu dağıntıları, faciənin izlərini gözümlə gördüm. Hansı ki, dediyim kimi, uzun müddətdir mən bu mövzu ilə məşğulam. Əyani olaraq yaxından gördüklərim bildiklərimin, araşdırmalarımın təsdiqi idi, həm də mənə böyük bir şok yaşatdı. Öncədən məlumatlı olsam da, yenə də gözlə gördüklərimin şokunu yaşadım. Faciənin miqyasını təsəvvür etmək belə çətindir. Gördüklərimdən sonra bunun Azərbaycan xalqına qarşı tamamilə planlı, düşünülmüş cinayət, soyqırımı olduğuna heç bir şübhəm qalmadı. Necə ki, bir cinayətkar başqasına zərər yetirmək, onu öldürmək üçün əvvəlcədən plan qurur, silah hazırlayır, ermənilər də eyni metodla düşünülmüş şəkildə hərəkət ediblər. Bu, öz əksini müxtəlif sənədlərdə, elə Ermənistanın özünün yazdığı sənədlərdə tapıb. 

- Arazın o tayına, yəni Güneyə Quzeydən baxmaq necə bir hissdir?

- Araz çayını, Xudafərin körpüsünü, Arazın Güneyini ilk dəfə idi ki, görürdüm. Çünki mən az yaş olanda İranı, Güney Azərbaycanı tərk etmişəm, ona görə də bunların heç birini görməmişdim. Amma qəribə bir hiss idi. Uzun zaman - 39 il səni ordan ayırıb. Bununla belə məkan baxımından çox yaxınsan. Körpünün bu başından o başına qısa bir məsafə var. Ən güclü təəssüratım  sərhədləri qoruyan əsgərlərlə söhbətim oldu. Vətən müharibəsi günlərdə o taydakı insanlarımızın əsgərləri alqışlaması barədə videolar yayılmışdı. O taydan deyirdilər ki, "Azərbaycan var olsun, istəməyən kor olsun". Bununla bağlı Azərbaycan tərəfindən yayılan videoları da görmüşəm. Əsgərlərlə bu barədə söhbət etdim. Bundan əvvəl o tay bu tayın videolarını 1989-cu il 31 dekabrda görmüşdük. Məncə, 2020-ci il müharibəsində çəkilən bu videolar daha dramatikdir və tarixi əhəmiyyətə malikdir. Çünki burada daha dərin milli şüur, milli davranış, milli fikir və təfəkkür özünü göstərir. Təsəvvür edin ki, işğal Güneydə də, Quzeydə də insanlarımızı ruh düşkünlüyünə, depressiyaya salmışdı. Birdən-birə ordu torpaqları azad etməyə başlayır və Güneydən sərhəd boyunca insanlar əsgərlərə dəstək verirlər. Bu tarixi hər millət yaşamır. Az millətin tarixində ola bilər ki, torpağının bir parçasında müharibə gedir, ordu irəliləyir, digər parçasından - Güneydən, sərhədin ən yaxın məsafəsindən həmin əsgərlər "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarı ilə dəstəklənir. Bu, "Traktor" futbol klubunun tərəfdarlarının şüarıdır. Çox maraqlıdır ki, "Traktor"un ətrafında yaranmış şüarlar, adət, mədəniyyət, davranış özünü burda da çox ciddi formada - torpaqların azad olunduğu anda göstərdi. Bütün bunları o anda xatırladım.

- Ötən ildən İranda rejim əleyhinə aksiyalar keçirilir. Prosesləri təhlil etdikdə, sizin gözləntiniz nədir?

- İranda 44 ildir xalq rejimin zülmü altındadır. Ondan əvvəl də İran güllük-gülüstanlıq deyildi. Amma hər halda 15-16 yaşında qızları tutub, sonra ürəyi dayandı, öldü demirdilər. Şah rejimi dövründə də bir çox cinayətlər törədilirdi, haqsızlıq olurdu, ancaq molla rejimi bu mənada şah rejimi ilə müqayisə oluna bilməz. Bu rejim yalnız Stalin dövrünün 37-ci illəri ilə müqayisə oluna bilər. Bəzi məqamlara görə ondan da artıqdır. Çünki Stalin rejimi qadın haqlarını bu dərəcədə pozmurdu. Bir qızın oğlanın əlindən tutmasına, nə geyindiyinə, yediyinə, içdiyinə müdaxilə etmirdi. İran inqilabından az sonra Güney Azərbaycanda Ayətullah Şəriətmədarinin rəhbərliyi ilə insanlar ayaqlandılar, aksiyalar keçirildi. Təbriz şəhəri həftələrlə Şəriətmədari tərəfdarlarının nəzarətində oldu. Radio-televiziya binası, hava limanı ələ keçirildi, Tehrandan gələn təyyarələr Təbrizdə eniş edə bilmir, Urmiyada enirdilər. Həmin vaxtdan başlayaraq fasilələrlə etirazlar oldu. Yəqin ki, bunun ən ciddisi və rejimi sarsıdanı indiki aksiyalardır. Çünki indi rejim özü də zəifləyib. Əvvəl rejim neftdən gələn milyardlarla təzyiq edə bilirdi. İndi onun ən zəif vaxtında ən güclü xalq hərəkatının şahidiyik. Aksiya İranın bütün ərazisini əhatə edir. Onu güclü edən səbəblərdən biri də budur. Həmçinin, aksiyalar uzun müddətdir davam edir. Yaşım az olsa da, 1979-cu il inqilabının şahidiyəm. Onda hər gün nümayişlər keçirilmirdi. İndi vəziyyət fərqlidir. Bunu fərqli edən həm də dünyanın mövqeyidir. Qərb rejimin getməsi üçün çalışır. Biz tarixdə hakimiyyətdən düşən  diktarorların, qaniçənlərin yerinə daha pisinin gəldiyini də görmüşük. Ona görə ehtiyat etmək olar ki, İranda bizim istədiyimiz demokratik sistem olmasın. Məhəmməd Rza şahın oğlu Rza Pəhləvi və onun tərəfdarları qeyri-demokratik bir tərzlə rejimdən sonra hakimiyyəti təkbaşına ələ almaq istəyirlər. Bu, yaxşı heç nə vəd etmir.

- Güney Azərbaycanın gələcəyi ilə bağlı nə düşünürsünüz? Müstəqil olmaq nə dərəcədə real görünür?

- Bunu demək çox çətindir. Rejimin gedib- getməyəcəyi sual altındadır. Məsələn, Əsəd rejimi də çöküşün bir addımında idi, ancaq çökmədi. İkincisi, İran Sovet İttifaqı kimi çöksə, ləğv edilsə, yerində yeni dövlətlərin, o cümlədən, Azərbaycanın yaranması daha mürəkkəb prosesdir. Çünki dünyada çox rejimlər çöküb, amma ölkə olduğu kimi qalıb, qurluşunu saxlayıb. Sovetin dağılmasından bu yana çox rejim dəyişib. Amma heç birində etnik bölgələrin, millətlərin ayrılıb müstəqil dövlətə çevrilməsinin şahidi olmamışıq. İran rejiminin hansı formada çökəcəyini demək çox çətindir. Amma hansısa zamanda çökəcəyini qətiyyətlə demək olar. Dövlət kimi parçalanacaqmı, Güney Azərbaycan ayrılacaqmı, bu, çox sayda faktorlara bağlıdır.

- Azərbaycandan Güneyə hansı dəstək ola bilər?

- Azərbaycan nəinki Güney, Türkiyə, bütün Türk dünyası, Orta Asiya dövlətləri üçün əhəmiyyət kəsb edir. Güney Azərbaycan azad olsaydı, bu gün Zəngəzur dəhlizi üçün daha əlverişli olardı. Quzey Azərbaycan öz varlığını qorumalı, inkişaf etməlidir. Güneyin azad olunması isə onların özlərindən asılıdır. Quzeydən mənəvi dəstəkdən söhbət gedə bilər. Azərbaycan İranda insan haqlarının pozulması məsələsini qaldıra bilər. Bundan artığı mümkün deyil. Ölkələrin ərazi bütövlüyünə hörmət, daxli işlərinə müdaxilə etməmək prinsipi var. İnsan haqları isə heç bir ölkənin daxili işi deyil. Quzey Azərbaycan müstəqil olandan bəri Güneydə də milli hərəkatın yeni dövrü başlayıb. Bu hərəkatın 33 il tarixi var. Ötən müddət ərzində Güneydə əhali öz iradəsini ortaya qoyub. Ümid edək ki, öz istəklərinə nail olacaqlar. Quzey Azərbaycanın bu mənada görəcəyi iş çox deyil.

- İranın Ermənistanla yaxın münasibəti, Azərbaycana yönəlik addımları barədə məlumatlısınız. Rejim bununla nəyə nail olmaq istəyir?

- İran rejimini Ermənistan rejimi kimi məhvə aparan və bədbəxt günə salan, onlarda artıq xəstəliyə çevrilən illüziyadır. Hesab edirlər ki, bəşər tarixinin taleyini müəyyən edirlər, dünyada mühüm rola malikdirlər. İran əhalisinə və ərazisinə görə Azərbaycandan böyükdür. Amma işsizlik, yoxsulluq yüksək səviyyədədir, ölkənin elitası, gələcəyi sayılan insanlar İranı tərk edir, onların sayı milyonlarladır. Ermənistanda da vəziyyət məlumdur. Hər ikisi illüziyaya qapılıb. İran rejimi elə bilir ki, bölgədə imperiyaya çevrilib. Əslində isə bu gün həm öz əhalisi, həm qonşuları, o cümlədən, Azərbaycan, bütün bəşəriyyət üçün təhlükəyə çevrilib. Amma bu, zəif bir dövlətin yaratdığı təhlükədir. İsrail siyasətçiləri, Qərb ekspertləri onun rolunu şişirdir, İran da buna inanır. Elə bilir ki, Ermənistanla hansısa geopolitik məsələni həll edir. Rejimin başında duranlar özlərini Napoleon Bonapart, Böyük Pyotr kimi görür. Guya Ermənistanı himayə edib, Azərbaycana və Türkiyəyə qarşı nəyəsə nail olacaq. Bu, kökündən yanlış anlayışdır. İran prezidentinin siyasətdən, dünyadan anlayışı yoxdur. Rejim öz millətini ac saxlayıb Suriyada, Yəməndə, Liviyada cinayət törətməklə məşğuldur, Qafqazda da eyni əməllə məşğul olmağa çalışır, amma bunun heç bir perspektivi yoxdur. Çünki Qafqazın taleyini müəyyən edən Rusiya, Türkiyə, bölgə dövlətləri - Azərbaycan, Gürcüstan, Ermənistandır. İrana orda yer yoxdur və boşluq da yoxdur ki, İran onu doldursun.

 

 

 

 





30.01.2023    çap et  çap et