525.Az

Yükdaşımaların beynəlxalq hüquqi aspektləri: qlobal iqtisadi dövriyyədə zəruri faktor - Yılmaz Səfərov 1-ci yazı


 

Yükdaşımaların beynəlxalq hüquqi aspektləri: qlobal iqtisadi dövriyyədə zəruri faktor - <b style="color:red"> Yılmaz Səfərov 1-ci yazı</b>

 Beynəlxalq iqtisadi dövriyyənin mühüm tərkib hissəsi olan malların göndərilməsi anlayışı dövlətlərin iqtisadi münasibətlərində mühüm yer tutur. Qloballaşma prosesində hər bir dövlətin milli iqtisadi sisteminin beynəlxalq təsərrüfat əlaqələri sisteminə inteqrasiyası labüd hesab olunur və bunun da nəticəsində nəqliyyat münasibətləri milli çərçivədən çıxaraq beynəlxalq hüquqi tənzimləməni zəruri edir. Nəqliyyat əlaqələrinin beynəlmiləlləşməsi malların göndərilməsi sahəsində inteqrasiya proseslərinin təşəkkülü, formalaşması və inkişafını obyektiv şəkildə şərtləndirir. Bu proseslərdə beynəlxalq hüquq sahəsində formalaşmış malların göndərilməsi hüququ daim artan əhəmiyyətli rol oynayır. Çünki nəqliyyat sahəsində müxtəlif beynəlxalq xarakterli əlaqələrin ayrı-ayrı dövlətlərin milli hüquq sistemləri ilə tənzimlənməsi qeyri-mümkündür. Bunun üçün bütün dövlətlər tərəfindən tanınan və istifadə olunan hüquqi vasitələrə duyulan ehtiyac "Malların göndərilməsinin beynəlxalq mexanizmləri" anlayışını meydana çıxarır.

 

NƏQLİYYAT İQTİSADİYYATIN MADDİ BAZASININ ƏN VACİB ELEMENTLƏRİNDƏN BİRİDİR

 

O, ölkənin iqtisadi-təsərrüfat həyatında mühüm amil kimi əhəmiyyətli rol oynayır. İstehsal prosesi və normal mübadilə dövriyyəsi, habelə adamların müəyyən bir yerdən digər yerə daşınması məhz nəqliyyat vasitələrinin köməyi ilə təmin olunur. Malların göndərilməsinin birbaşa məqsədi daşıma (nəqletmə) prosesinin həyata keçiriliməsindən ibarətdir. Daşıma prosesi isə istehsal prosesinin yerinə yetirilməsinin vacib şərtidir. İstehsal olunmuş və hazırlanmış məhsullar daşınaraq istehlak yerlərinə (istehlakçılara) çatdırılır. Bununla istehsal prosesi başa çatır. Beləliklə, daşıma fəaliyyəti istehsal prosesinin mübadilə prosesində davam etməsi deməkdir.

Həm iqtisadi, həm də hüquqi baxımdan ciddi əhəmiyyət daşıdığından, malların göndərilməsinin beynəlxalq mexanizmləri və nəqliyyat daşımaları ilə bağlı istər Azərbaycan alimləri, istərsə də xarici tədqiqatçılar bir sıra dərslik, məqalə və monoqrafiyalar yazıblar. Maraqlı yanaşmaları və dəyərli tədqiqatları ilə bu sahənin öyrənilməsinə önəmli töhfələr vermiş alimlərdən E.Əliyev, S.Allahverdiyev, M.Aygün, T.Özdemir, H.Kubilay, R.David, O.İoffe başqa hüquqşünasların adlarını çəkə bilərik.

Bu yöndəki araşdırmaların obyektini, ilk növbədə, malların göndərilməsinin beynəlxalq mexanizmlərinin formalaşması nəticəsində yaranan ictimai münasibətlər, xüsusilə də ayrı-ayrı daşıma formaları və bu zaman tərəflər arasında yaranan münasibətləri rəsmiləşdirən sənədlər təşkil edir. Malların göndərilməsi mexanizmlərinin formalaşması və iqtisadi məzmunu, malların göndərilməsi formaları (avtomobil, dəmir yolu, su daşımaları və sair) və bunları rəsmiləşdirən müvafiq sənədlər öz əksini tapır və hər biri müstəqil şəkildə tədqiq olunur.

Malların göndərilməsi üzrə Azərbaycan Respublikası qanunvericiliyi ilə müvafiq beynəlxalq sənədlərin müqayisəli tədqiqi də vacib məsələdir. Qeyd edək ki, bu məsələ malların göndərilməsinə dair Azərbaycan dövlətinin normativ-hüquqi aktları ilə bu sahədə mövcud olan beynəlxalq hüquqi sənədlər ilə qarşılıqlı şəkildə nəzərdən keçirilir. Bu zaman mühüm məqsədlərdən biri qanunvericilikdə gözdən qaçan və praktikada olduqca böyük problemlərə səbəb olan nəzəri, hüquqi, texniki məqamların ön plana çəkilməsi vacibdir. Ümumilikdə isə malların göndərilməsi mexanizmlərinə aydınlıq gətirilməsi zamanı xarici ölkələrin, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyində malların daşınmasına bağlı münasibətlərin təkmilləşdirilməsi zərurəti də qarşıdadır.

Malların göndərilməsi mexanizmlərinin formalaşması tarixi və iqtisadi məzmununun araşdırılması, malların göndərilməsi formaları və bunları rəsmiləşdirən müvafiq sənədlərin müqayisəli öyrənilməsi, bu sahə üzrə beynəlxalq sənədlərin müqayisəli təhlili, eləcə də bu istiqamətdə Azərbaycan Respublikası qanunvericiliyinin xüsusiyyətlərinin tədqiq olunması mühüm şərtlərdir.

Nəqliyyatın daha da qloballaşması dövründə malların göndərilməsinin beynəlxalq mexanizmlərinin hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və nəqliyyat təhlükəsizliyi məsələləri daha aktual xarakter alır. Belə bir şəraitdə, bu sahənin nəzəri və praktiki məsələlərinin tədqiq edilməsi olduqca yüksək önəm daşıyır. 

 

MALLARIN GÖNDƏRİLMƏSİNİN İQTİSADİ DÖVRİYYƏDƏ ROLU: MEXANİZMLƏRİN FORMALAŞMASI VƏ İQTİSADİ MƏZMUNU

 

Malların göndərilməsinin əsas elementi - əlaməti malların və xidmətlərin beynəlxalq daşınması, nəql olunmasıdır. Bu baxımdan, ilk öncə beynəlxalq nəqliyyat daşımalarının formalaşması, onların beynəlxalq iqtisadi dövriyyədə rolu, əhəmiyyəti, növləri və digər məsələlərə aydınlıq gətirilməsi vacibdir.

Malların daşınmasının tarixi Beynəlxalq ticarət hüququnun tarixi ilə paralel inkişaf etmişdir. Hələ ticarət hüququnun inkişafının İtaliya dövrünü əhatə edən XI-XV əsrlərdə Avropada bir-birləri ilə dəniz və quru yolu ilə ticarət edən şəhər dövlətlər, o cümlədən, öz mənafelərini müdafiə etmək məqsədilə kiçik dövlətlərin yaratdığı birliklər (məsələn, Hansa İttifaqı) yaranmışdı. Həmin dövrdə beynəlxalq ticarətin göstərilən subyektləri arasında malların və xidmətlərin göndərilməsi ilə bağlı yaranan mexanizmlər bu sahədə ilkin tənzimləmələr hesab olunmalıdır. Sonrakı dövrlərdə güclü tacir zümrəsinin yaranması ilə Avropada "ticarət qanunvericiliyi" dəbinin meydana gəlməsi, ticarət ordonansları, Napoleonun ticarət məcəlləsinin qəbul edilməsi sayəsində malların göndərilməsi mexanizmlərinin təkmilləşməsi qaçılmaz olmuşdu.

Müasir dövrdə beynəlxalq iqtisadi münasibətlər sisteminin mühüm komponenti olan daşıma və malların göndərilməsi mexanizmləri hər bir ölkənin iqtisadi infrastrukturunda xüsusi yer tutur. Nəqliyyat ölkələrin müxtəlif iqtisadi sahələri olan sənaye və kənd təsərrüfatı arasında əlaqəni təmin edərək ölkə iqtisadiyyatını vahid kompleks şəkildə birləşdirir. Sənayenin, xarici ticarətin, beynəlxalq nəqliyyat daşımalarının və digər xidmət sahələrinin ahəngdar işi məhz yüklərin və xidmətlərin vaxtında daşınmasından, nəqliyyat müəssisələrinin müntəzəm fəaliyyət göstərməsindən funksional şəkildə asılıdır.

Daşıma (nəqliyyat) fəaliyyəti istehsal prosesinin mübadilə (dövriyyə) prosesində davam etməsi deməkdir. Malların göndərilməsi prosesi ya bir dövlətin, ya da iki və ya daha çox ölkənin ərazisini əhatə edə bilər. Bu amilə görə beynəlxalq daşımaların iki növü - daxili və beynəlxalq daşımalar - fərqləndirilir.

E.Əliyevin "Beynəlxalq nəqliyyat hüququ" əsərində qeyd edildiyi kimi, daxili daşımalar dedikdə, müəyyən bir dövlətin ərazisində həyata keçirilən daşımalar başa düşülür. Bu növ daşımalar hər hansı bir dövlətin ərazi hüdudlarında başlayır və həmin dövlətin ərazisində də başa çatır. Başqa sözlə desək, daxili daşımalar yalnız müəyyən bir dövlətin ərazisi ilə məhdudlaşır. Nəqliyyatın ilkin inkişaf mərhələsində daxili daşımalar yeganə daşıma növü hesab edilirdi. Lakin nəqliyyatın sonrakı inkişaf mərhələsində daşımaların digər növü - beynəlxalq daşımalar əmələ gəldi. Beynəlxalq daşımalar dedikdə iki və ya daha artıq ölkə sərhədlərini kəsib keçən daşıma prosesləri başa düşülür. Beynəlxalq daşımaların əmələ gəlməsinə xarici iqtisadi ticarətin, elmi-texniki və mədəni əməkdaşlığın genişlənməsi, beynəlxalq təsərrüfat əlaqə və münasibətlərinin dərinləşməsi səbəb olub.

 





30.01.2023    çap et  çap et