525.Az

KÖHNƏLMƏYƏN DƏRSLƏR - Rafael Hüseynov yazır


 

KÖHNƏLMƏYƏN DƏRSLƏR - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Sanki yol başlamamış bitmişdi. Paytaxta böyük ümidlərlə, ali təhsil almaq, yüksəliş arzuları ilə gəlmiş gənc yenidən geri qayıtmışdı.

1941-ci il başlanırdı və gənc Heydər Əliyevçün zahirən hər şey tamamlanan kimi idi.

Doğrudur, işsiz qalmayacaqdı, ən azı əlində Pedaqoji texnikumun attestatı vardı, aşağısı, ibtidai siniflərdə dərs deməyə başlaya bilərdi.

1941-ci ilin əvvəlləri idi, bu təzə il ağappaq vərəq kimi idi. Dünya narahat olsa da, bizlərdə nisbi sakitlik idi. Kimsəyə bəlli deyildi ki, zaman hansı çalxantılara, dünyanı dəyişəcək necə köklü hadisələrə hamilədir.

Tarixdə izi qalan böyük şəxsiyyətlərin ömür yolunu seyr edəndə buna da şahid olursan ki, hansısa təsadüflər lap əvvəldəcə onların səmtini dəyişə, qismətlərini başqa yana çöndərə bilərmiş və gəlişləri ilə tarixə təsir etməli (və etmiş) olan insanların ümumi axında əriyib-itməsi də mümkünmüş.

Ancaq o cür məşhur ömürləri izlədikcə alın yazısı deyə biləcəyimiz bu mübhəm qanunauyğunluğu da müşahidə edirsən ki, Tarix bir Mələk sayaq elə bil seçdiyi, böyük məqsədlərə hazırladığı bu insanları həm də qoruyur, maneələrdən adladır, daha yüksək üfüqlərə dikəlməyə yardımçıya çevrilir.

18 yaşlı Heydər Əliyevin də ali təhsilini yarımçıq qoyaraq Naxçıvana qayıtması, indi illərin hündürlüyündən baxarkən görürük ki, sən demə, ona qanad verəcək əsas uçuş meydanına, təkan nöqtəsinə dönüşüymüş.

1941-ci ildə onu Naxçıvan Xalq Daxili İşlər Komissarlığında işə götürürlər.

Az sonra dəhşətli müharibə qopacaq. Ancaq atəşlərin gurladığı döyüş meydanlarından savayı, hələ dramatik səhnələri üzdən baxanda görünməyən gizli bir savaş da başlanacaq. Və gənc Heydər Əliyev həmin gizli cəbhənin əsgərinə çevriləcək. 

1930-cu illərin sonlarından İran, xüsusən də Güney Azərbaycan Sovet İttifaqının diqqət mərkəzində idi. İranda başlanan güclü Həmkarlar İttifaqı hərəkatında azərbaycanlılar öndə idilər və səbəbsiz deyil ki, 1945-ci ilin 21 Azərində - 12 dekabrda Təbrizdə elan edilən Milli Hökumətdə aparıcı simalardan birinə dönəcək, maarif naziri vəzifəsini daşıyacaq Məhəmməd Biriya həmin qovuşdurucu, səfərbəredici, yönəldici qasırğa siqlətli cərəyanın liderləri sırasında idi.

1941-ci ilin avqustunda sovet hərbi qüvvələrinin İrana girməsi ilə dünənəcən pərdə arxasında qalan mənzərə daha aydın görünməyə başladı.

Təbii ki, o dövrdə Xalq Daxili İşlər Komissarlığının öhdəsinə də bu istiqamətdə mühüm vəzifələr düşürdü və sıraları uyğun kadrlarla zənginləşdirmək də vacib idi. Əlbəttə ki, həm də İranın "iki addımlığındakı" Naxçıvanda. Gənc Heydər Əliyev Naxçıvan Xalq Daxili İşlər Komissarlığının Arxiv şöbəsində işə başlamışdısa da, çalışdığı bölməyə uyğun müvafiq işləri görürdüsə də, əslində bu, hazırlıq mərhələsi idi.

1941-ci ilin 20 avqustunda ayrıca qurumlar kimi fəaliyyət göstərən Xalq Daxili İşlər Komissarlığı ilə Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı birləşdirilərək vahid nazirliyə - XDİK-ya çevrilmişdi. Bir müddət sonra bu qurumlar işinin xüsusiyyətləri nəzərə alınaraq yenidən ayrılacaq, amma sözün canı budur ki, Heydər Əliyev elə əvvəldən məhz iş həyatının vacib mərhələsi olan təhlükəsizlik şəbəkəsində çalışmağa başlamışdı.

Ona görə də adlar təzədən dəyişiləndə ona 1944-cü ilin 27 yanvarında Dövlət Təhlükəsizliyi Xalq Komissarlığında işləmək üçün ərizə yazmaq təklif edilir.

Və qısa müddət sonra, artıq mayda leytenant rütbəsi verilirsə, demək, onun bu sıralarda daha əvvəlki xidməti də nəzərə alınır.

Heydər Əliyev həmişə çevrəsindəkilərdən bir boy uca idi və onu görməmək mümkün deyildi. Onu bütün Azərbaycanın tanıdığı çağlardan çox əvvəl, ilk gəncliyində də belə olmuşdu. Təbii, həyatda çox şahidi olmuşuq və oluruq ki, bəzən sanki görülüb etiraf edilməməsi mümkün olmayan parlaqları da hərdən təkidlə görməzliyə vururlar. Beləcə, cılız hisslərə əsir olanların vecinə də gəlmir ki, bununla əslində millətə, yurda pislik etmiş olurlar. O çağlarsa - 1920, 30, 40-cı illərdə sanki vəziyyət başqaymış. Adamların şəxsi hisslərindən daha öndə zamanın, gedişatın tələbləri gəlirmiş və səlahiyyətləri olan hər kəs də özünü vaxtın umacaqlarına tabe edirmiş.

Bacarıqlarıyla, müəyyən keyfiyyətləri ilə fərqlənənləri dərhal görürlərmiş, irəli çəkirlərmiş, onlardan bacardıqca çox yararlanmağa səy göstərirlərmiş. Söz yox, ümdə səbəb belələrinin vaxtın diləməsi, dövrün çağırışları, günün səsinə gərəyincə cavab vermək zərurəti idi. Amma ümumi iş naminə dəqiq riayət edilən seçim ədalətliliyi də gərək unudulmaya.

Seçkin Heydər Əliyevi də seçdilər, yol açdılar və o da ömrünün ən coşqun gənclik illərini bu qurumdakı yorulmaz fəaliyyətlərə həsr etdi.

Bunu da fərz edin ki, Heydər Əliyev kimi bir əzəmətli şəxsiyyət elə karyerasının sonunacan orada işləsəydi, o təşkilat nə qədər qazanacaq, biz - millətimiz və yurdumuz nə qədər itirəcəkdik. İlk növbədə o mənada ki, belə bir böyüyümüzdən, belə bir fövqəladə Vətən övladından gərəyincə xəbərdar olmayacaqdıq.

Heydər Əliyev əsrin dörddəbiri qədər müddətdə dövlət təhlükəsizliyi sistemində çalışdı. Və bu illər onun ömrünün cavan, enerji ilə, həvəslə, sağlamlıqla, yeni ideyalarla dolu illəri idi. Azərbaycanda bu sahədə çalışan əməkdaşın çata biləcəyi ən yüksək məqama da ucaldı. Azərbaycan Sovet İttifaqının tərkib hissəsi idi və Mərkəzdə - Moskvada da bu sahəni idarə edənlər Heydər Əliyevi yaxşı tanıyırdılar, nəyə qadir olduğundan yetərincə agah idilər. Bakıda Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdi və oradan Mərkəzi Komitənin Birinci katibi vəzifəsinə gətirilməsəydi də, Bakıda uzun müddət qalmayacaqdı, elə işlədiyi sahədə onu İttifaq miqyasında bir az da böyüdəcəkdilər. Yenə də, həmişəki kimi, ikiqat, üçqat səylə çalışacaqdı, hətta o sahədəki ən yaxşıların bir çoxunun öhdəsindən gələ bilmədiyi işləri görəcəkdi. 

Və belə bir istedad, belə bir fövqəladə qabiliyyətli insan övladı olduğu bu millətə, nəinki millətə, lap elə öz ailəsinə də əsl böyüklüyü ilə bəlli olmayacaqdı, ümumən hər kəsə naməlum qalacaqdı. İfrat məxfilik, həqiqətləri yeddiqat möhür altında saxlamaq o idarənin iş tərzidir və Heydər Əliyev nə özü danışacaqdı, nə də onun hünərləri ilə bağlı məlumatlara əl çatacaqdı. Beləcə, bir ulduz səssiz-soraqsız əriyib itəcəkdi. Hansısa həmkarları hansısa müsahibələrində, xatirələrində onun misilsizliyi haqqında qısa cümlələr deyib keçəcəkdilər.

Tarixin indisindən, keçilmiş yolun bu başından baxarkən biz Heydər Əliyevi bütövlüyü ilə görürük, onun hansı gücə, hansı intellektual səviyyəyə, hansı yaradıcı imkanlara malikliyindən və bütün bu imkanların hansı bəhrələr verdiyindən də xəbərdarıq. Ancaq bu təşkilatın Beyin Mərkəzi də vardı, ən mühüm ölkələrdə rezidentləri, onlara da ağsaqqallıq etməyə, lazımi tövsiyələr verməyə qadir rəisləri də vardı. İndi təsəvvür edin ki, "soyuq müharibə" dönəmində - İkinci Dünya hərbindən sonra Yer kürəsinin ikinci superdövləti kimi, həm də ən güclü Dövlət Təhlükəsizlik nazirliklərindən birinə sahib olmuş SSRİ-nin bu vacib təsisatının insanlara qapalı dərinlərində nə qədər nadir istedad sahibi, hər hansı digər sahədə çalışarlarsa, aləmin etiraf edəcəyi nəhəng intellektuallar külüng çalırmış.

Və hərdən fikirləşirəm ki, gör xüsusi xidmət orqanları nə qədər müstəsnaları, dahiləri udub. Hər hansı başqa sahədə çalışsaydılar, o istedad, o bacarıqlar ki onlarda olub, ən yetilməz zirvələrə də ucalardılar. Həmin görünməz qəhrəmanlar heç ağıl və şücaət göstərib qazandıqları mükafatların, təltiflərin sevincini də çox zaman başqaları ilə bölüşmədən, xəlvəti yaşayıblar.

Xidməti həyatları məxfilik örtüyü altında ötənləri düşünürkən ilk yada düşən illərcə yalnız kürəyini gördüyümüz həmvətənimiz, hansı vəzifəni tutduğundan, nə qədər yüksək məqam sahibi və hansı xidmətləri olduğundan bixəbər qaldığımız, yalnız əsas işindən ayrılandan xeyli müddət sonra adını eşidib-bildiyimiz sovet kosmik proqramlarının banilərindən biri, 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri, general-leytenant Kərim Kərimov olur.

Yaxud Sovet İttifaqı dağılmasaydı, Azərbaycanın dövlət müstəqilliyi bərpa edilməsəydi, Heydər Əliyev təzədən qayıtmasaydı, istər Azərbaycan Sovet Sosialist Respublikasının başçısı, istərsə də sovet liderlərindən biri kimi o, ətrafındakı rəhbərlərin hamısından nə qədər seçilsə də, müstəqil dövlətimizin öndəri kimi onun əsl parlayışlarını, millətə və yurda misilsiz xidmətlərini görməyəcəkdik.

Nə yaxşı ki, YAZI beləymiş və ehtimal oluna bilən gedişatlar yox, məhz şahidi olduğumuz hadisələr baş verdi.

Heydər Əliyevi həmişə gördülər, daim onun olduğundan daha yüksək mərtəbəyə layiqliyini hiss etdilər, həmin səbəbdən də addım-addım irəli çəkdilər.

Kimlərsə görmək istəməyəndə, ya görüb maneçilik törədəndə də onu Əlahəzrət Vaxt gördü, yolunu açdı. 

Elə həmin uzaq 1940-cı illərdə Naxçıvanda gənc Heydər Əliyevin ümidvericiliyinə inandılar, bu minvalla da hələ möhtəşəmliyi kimsənin ağlına gəlməyəcək böyük yol başlandı.

Heydər Əliyevin əsrin dörddəbiri uzunluqlu vaxt kəsiyində işlədiyi dövlət təhlükəsizliyi şəbəkəsi ilk növbədə SSRİ-ninki idi, o dövlətin ali məqsədlərinə xidmət edirdi. Elə sonralar Sovet Azərbaycanına başçılıq edəndə də, Sovet İttifaqının rəhbərləri cərgəsində olanda da öndə dayanan yenə sovet dövləti və ideolojisinin maraqları idi. Fəqət Heydər Əliyev həmin şərtlər çərçivəsində işləyərək nümunəvi olmaqla bərabər milləti, yurdu üçün nələr edə bildi və həm də bir şəxsiyyət olaraq necə heyrətamiz keyfiyyətlərini ortaya qoya bildi, - indi o böyük Vətən övladı haqqında düşünərkən əsas olan məhz bunlardır. Və Heydər Əliyevin dövlət təhlükəsizliyi şəbəkəsində olduğu iri zaman ərzində bu mənadakı hünərlərinin rəvayətləri bir deyil, beş deyil. Heyiflər ki, həmin olmuşların əksəri də adını eşidib hələ tamaşa etmədiyimiz çox maraqlı filmlər kimidir. Gərək insanlarımız o "filmləri" görə!..

Sədası DTK-nın qalın divarlarından kənara yol tapmamış Heydər Əliyev xidmətlərinin sayı az deyil: onun misilsiz məharətlə həyata keçirdiklərinin sənədli-sübutlu gerçək hekayətləri də var, bu sahədəki müstəsna bacarıqlarının təsiri ilə heyranlarının yaratdığı əfsanəyəbənzər söyləmələr də.

Onlar da maraqlıdır, bunlar da. Əfsanələr doğulursa, onları danılmaz həqiqət daşıyıcısı deyil sayaraq biganə keçmək də olmaz. Heç bir hekayət boşuna yaranmır. Əlbəttə ki, od varsa, təməlində qığılcım olmamış deyil. Əfsanələrdə gerçəklik payı nə qədər az olsa belə, söz yox ki, belə söyləmələrin təkançısı şəxsin qeyri-adilikləridir.

Heydər Əliyevin bir kəşfiyyatçı, əməliyyatçı, çekist, sonra da siyasətçi, dövlət adamı olaraq ən üstün keyfiyyətlərindən biri mahir danışıqçı (ruscada bu deyim oturuşmuş bir termin kimidir: "pereqovorşik") olması, qarşısındakını ələalma, öz təsirinə salabilmə gücü idi.

Heydər Əliyevlə bağlı bunu da danışırlar ki, onunla görüşə gedən görkəmli dövlət adamlarına, siyasətçilərə tövsiyə edirmişlər ki, çalışın beş dəqiqədən artıq onunla bir otaqda tək qalmayın. Özünüzdən asılı olmayaraq təsiri altına düşəcəksiniz.

Nə dərəcədə doğrudur bu söyləmə, həqiqətənmi kimsə kiməsə belə məsləhəti verib? Bunu yoxlamaq imkanımız yoxdur, amma Heydər Əliyevin qısa zaman kəsiyində bir insanla necə danışıb onu özününkü edə bilməsinin silsilə sübutları ortadadır ki, elə bircəsini yerli-yataqlı nağıl etsək, yetər.

...Sabir bağı o vaxt indiki təhər, ovuc içərisindəkiymiş qədər açıq deyildi, daha ağaclı idi və kölgəli ağacların arasında, böyürdəki Kommunist (indiki İstiqlaliyyət) küçəsindən keçənlərin nəzərini cəlb etməyən xəlvət guşələr də vardı.

Və 1965-ci il sentyabrın 7-də, gecə saat 2-də milis işçiləri həmin xəlvət guşələrdən birində mazaqlaşan cütlüyə yaxınlaşırlar.

İctimai yerdə, gecə yarısı hisslərini cilovlaya bilməyən bu kişi ilə qadını şəxsiyyətlərini aydınlaşdırmaq üçün yaxınlıqdakı 26 Bakı komissarı (indiki Səbail) adına rayonun milis şöbəsinə aparırlar. Bəlli olanda ki, milliyyətcə rus olan qadın yerli, kişi isə Bakıya turist səfərinə gəlmiş Almaniya Federativ Respublikasının vətəndaşıdır, qadını saxlayır, əcnəbini isə Dövlət Təhlükəsizlik Komitəsinə hadisə barədə xəbər verdikdən sonra oradan gələn əməkdaşa təhvil verirlər.

DTK əməkdaşı xeyirxah adam "çıxır", alman qonağın ondan dəfələrlə bu məsələnin açılıb-ağardılmaması xahişlərindən sonra: "İş milisdə qeydiyyata düşüb, ona görə vəziyyət bir qədər mürəkkəbdir. Gərək Moskvadakı Almaniya səfirliyinə məlumat verilə. Ancaq mən sabah səhər şefimlə danışım, məncə, o, nəsə köməklik göstərə bilər", - deyərək taksi ilə onu qaldığı "İnturist" mehmanxanasına yola salır.

Əslində həmin alman vətəndaşı milis işçiləri adı ilə saxlayan da, günlərdən bəri onu izləyən və nəhayət, bu gün götürməyi qət edən də Dövlət Təhlükəsizlik Komitəsi idi və komitə sədrinin müavini, polkovnik Heydər Əliyevin rəhbərlik etdiyi bu əməliyyat bir neçə gün əvvəldən, xarici vətəndaşın addım-addım izlənilməsindən başlanmışdı.

Əlbəttə, sovet dönəmində Bakıya başqa ölkələrdən gələn istər turist ola, istər hər hansı başqa məqsədlərlə təşrif gətirən, hər birini bu və ya digər dərəcədə DTK diqqət dairəsində saxlayırdı və olsun ki, onların arasından kimlərisə ələ almaq səmtində iş də aparırdı. Ancaq budəfəki qonağın kimliyi barədə ilkin məlumatları əldə edəndən sonra həmin şəxsin əhəmiyyətlilik dərəcəsini nəzərə alaraq polkovnik Heydər Əliyev onunla bilavasitə özü məşğul olmağı qərara almışdı. Həm də yalnız əməliyyatın planını tərtib etməmişdi, yekunda alman turistlə nəzərdə tutulan söhbəti də şəxsən özü aparmağı qət etmişdi.

Aradan xeyli vaxt keçib, yəqin, o şəxs çoxdan həyatda yoxdur. Çünki hadisə baş verən zaman o, artıq 70 yaşında idi. İndi onun adını Helmut yazaq, ya Hans, soyadını Hoffman göstərək, ya Fişer, - təfavütü yoxdur, elə şərti olaraq B.Verner deyək. Əsas olan gerçək ad-soyad deyil, önəmlisi budur ki, bəhs etdiyimiz təfərrüatların hamısı sırf həqiqətdir və sözbəsöz sənədlərə əsaslanır.

...Verner kapitalist ölkəsinin vətəndaşı idi və Azərbaycan DTK-sının elə bir səlahiyyəti yox idi ki, Moskva ilə razılaşdırmadan belə bir əməliyyatı aparsın. Çünki əcnəbi ilə ehtiyatsız davranışın siyasi qalmaqala gətirib çıxarması da istisna deyildi. Ona görə də həyata keçirəcəyi əməliyyatın nəticə etibarilə Mərkəzi məmnun edəcəyinə əmin olan Heydər Əliyev Azərbaycan DTK-sının sədri, general-mayor Semyon Kuzmiç Sviquna (1917-1982) təqdimat yazır, o da, öz növbəsində, Moskvaya müraciət edir və SSRİ DTK-sı İkinci Baş İdarəsinin general-mayor rütbəli rəis müavininin sanksiyalaşdırmasından sonra hərəkətə keçilir.

Həbsetmə gününə qədər almaniyalı turist fasiləsiz nəzarətdə saxlanmışdı və onun haralara getməsi, təsadüfi, ya məqsədli olaraq kimlərlə görüşməsi, kiminlə, nədən danışmasının ən xırda ayrıntıları da sənədləşdirilmişdi.

Üstəlik, həmin yazılara əlavə etməkçün bəlkə heç o Vernerin ömrü boyu çəkdirmədiyi qədər fotolar əlavə edilmişdi.

(Burasını da fikirləşirəm ki, şübhəsiz, həmin çəkilişlər tam gizli aparılmışdı və prinsipcə ayıq, bişkin adam olan Verner də qətiyyən duyuq düşməmişdi. Baxıram həmin fotolara, hamısı aydın, keyfiyyətli, hiss də olunur ki, çox da uzaqdan lentə alınmayıb. İndi fərz edin, o çağlar Azərbaycan DTK-sının belə mükəmməl texniki imkanları varmışsa, gör Moskvanın, Londonun, Vaşinqtonun... həmin günün adamlarına fantastika kimi gələ biləcək, camaatın geniş istifadəsinə təqribən 25-30 il sonra çıxacaq hansı çəkmə və yazma qurğuları varmış (Və hazırda həmin imkanlar adi adamlarçün də əlçatandırsa, görün xüsusi xidmətlərdə indi nələr var!

Hər hərəkətinizdə ehtiyatlı olun - görən, eşidən var!).

...Vernerin çox adamla ünsiyyətə girə bilməsinin əsas səbəbi o idi ki, ruscanı yaxşı bilirdi, köhnə jurnalist kimi söhbətcil, qılıqlı idi və 1895-ci il təvəllüdlü olsa da, fotolarından anlaşıldığı kimi, sinnindən xeyli cavanmış və canının sulu olmasının digər sübutu da 32 yaşlı bir qadınla belə fəallıqla eşqbazlıq etməsidir. Milis şöbəsinə gətirilən gününədək də qaranlıq qarışandan sonra bağların-parkların az get-gəlli bucaqlarında o xanımla sevişirmişlər, hələ bir gecə - sentyabrın 6-da səhərədək xanımın evində olandan sonra "İnturist"ə dan üzü - 5-də qayıtmışdı.

Verneri milis idarəsindən götürərək qaldığı "İnturist" mehmanxanasına yola salmış DTK əməkdaşı ertəsi gün səhər onu sevindirir ki, xahişinizi şefimə çatdırdım, sizinlə görüşməyə razılıq verdi, gələcək bura, amma dedi gərək görüş xahişi ilə bağlı ona ərizə yazasınız.

(Heydər Əliyev təbiəti etibarı ilə səliqəli adam idi, çalışdığı idarə də lap yaranışından yazışma məsələlərində bu cəhətə həmişə xüsusi tələblər müəyyənləşdirmişdi. Amma baxdığım operativ iş sahmanı ilə bir tərəfdən idarənin ənənəvi sənəd nizamlılığını, o biri yandan Heydər Əliyevin də həmin babətdə özəl vasvasılığını qovuşdurduğundan müntəxəbat səciyyəli ideal bir təhqiqat sayılmalıdır. Zərgər dəqiqliklidir, bircə açıq suala da yer qalmır. Elə hər ehtimala qarşı - hər ehtimalsa bu sahədə gərək daim nəzərə alına! - görüş üçün məhz Vernerin özünün ərizə ilə müraciət etməsinin istənilməsi də həmin səliqənin bir ayrı görüntüsüdür).

Sentyabrın 8-də, vəd edildiyi kimi, polkovnik Heydər Əliyev mülki geyimdə gəlir "İnturist"ə, Vernerin qaldığı nömrəyə.

Tanışlıqdan, asta-asta isinişməyə və daha sonra elə həmin otaqdaca mehriban sağlıqlarla müşayiət edilən nahar süfrəsinə keçən bu görüş altı saat davam edir.

Həmin altı saatlıq görüş əvvəldən-axıracan lentə alınıb, sonra kağıza köçürülərək makinada səliqə ilə çap edilib.

Və B.Vernerə həsr edilmiş "Naturalist" adlı işin içərisindəki həmin 76 səhifəlik ayrıca stenoqramı oxuduqca bir daha Heydər Əliyevin istənilən söhbəti ustacasına qurmaq, mükaliməni rəvan məcrada irəlilətmək, qarşısındakını həm haldan-hala salmaq, həm də cüzi tərəddüd yeri qoymadan inandırmaq, simsar bir adam kimi həmsöhbətinin qəlbinə girə bilmək, ondan gərək olan bütün bilgiləri üsulluca qoparmaq, müsahibini bütünlüklə öz cazibəsinə sala bilmək qüdrətinə şahid oldum.

Bu əməliyyat Azərbaycan DTK-sının əks-kəşfiyyatla məşğul olan İkinci bölməsinin xətti ilə aparılırdı ki, sədr müavinliyindən qabaq Heydər Əliyev özü orada rəis işləmişdi və xələf - indiki rəis, kapitan rütbəli Ziya Yusifzadə də (onillər sonra o özü də sədr vəzifəsinə yüksələcək), İkinci şöbənin baş əməliyyat müvəkkili kapitan Zaur Əfəndiyev də öz yetişdirmələri, güclərinə inandığı kadrlar idi. Ancaq bununla belə söhbətə özü getmişdi, çünki bilirdi ki, budəfəki həmsöhbət qətiyyən sıradan olan bir insan deyil: çox təcrübəlidir, qazdan ayıqdır, onu ürəyin istəyən kimi öz tərəfinə çəkə bilməkçün peşəkarlığın üst qatı gərəkdir və yerində olmayan, hətta tonu, deyilişinin tərzi lazımınca səslənməyən istənilən kəlmə ilə gərgin zəhmət bahasına qurulmuş ssenari ovsanadan çıxar.

Köhnə "İnturist"in otaqlarından birində, 1965-ci ilin 8 sentyabrındakı o görüş vaxtı Heydər Əliyevin 42, həmsöhbətinin 70 yaşı vardı.

Peşəkar jurnalist olan bu şəxs elə özü bir kəşfiyyatçıya bərabər idi. Dillər bilirdi, dünyanın neçə ölkəsində işləmişdi, çox insanlarla görüşmüşdü, həyatın hər üzünə bələd idi və indi AFR-də Münhenqladbax şəhərində ömrünün dinclik fəslini sürən bu püxtə kişi sanki heç nədən düşmüşdü qarmağa.

Heydər Əliyev onunla görüşün ilk anlarından hiss etdirir ki, məqsədi imkan daxilində kömək etməkdir, buna da işarə edir ki, anlayıram, həyatdır, belə şeylər olur.

Di gəl, o cür deyərək ümid versə də, dərhal xəfif işarələrlə "əmma" da qoyur, bunu da başa salır ki, əslində vəziyyət düşünüldüyündən qat-qat qəlizdir.

"Mən əməkdaşımızın söhbətindən hiss etdim ki, siz onda müsbət təəssürat buraxmısınız, ona görə də məndən mümkün köməyi əsirgəməməyi xahiş etdi. Mən də bura gəlməmişdən məsələ ilə bir az yaxından maraqlandım, gördüm ki, vəziyyət bir az qarışıqdır. Mən sizi əslində iş yerimdə də qəbul edə bilərdim. Ancaq bilirsiniz ki, ora gəlsəniz, gərək komendaturada qeydiyyatdan keçəsiniz, sizə buraxılış vərəqəsi yazıla, ora da hərbi idarədir, hər şey rəsmiləşəcək. Ona görə bura gəldim ki, daha sərbəst şəraitdə söhbət edək, söz də çox yayılmasın. Məsələ əməkdaşımızın mənə söylədiyi kimi olsaydı, çıxış yolu tapmaq daha asan idi. Əslində bir neçə saat bundan əvvələcən də eləymiş. Ancaq işin tərsliyindən, görüşdüyünüz qadın milisdə əvvəlcə harada işlədiyini deməyib, sonra bilinəndə ki, o, "İnturist" mehmanxanasında ofisiantdır və bu hərəkəti haqda iş yerinə məlumat veriləcək, möhkəm qorxuya düşüb. Fikirləşib ki, "İnturist"ə milisdən bu xəbər getsə, o, işini itirəcək. Ona görə də götürüb şikayət ərizəsi yazıb ki, siz ondan əl çəkməmisiniz, evinə də getmisiniz, orda onu zorlamağa cəhd göstərmisiniz".

(Yeri gəlmişkən, operativ işin içərisində həmin xanımın müfəssəl şikayət ərizəsi də qalır. Və səhifələri çevirdikcə o da aşkarlanır ki, "İnturist"in restoranında ona xidmət edən cazibədar qadının gülümsəməsinə şirnikərək nazlı xanıma bir-iki kompliment deyən, ardınca da kənarda görüş təklif edərək dərhal razılıq almasına sevinən Verner axıracan da şübhələnmir ki, bu gözəlçəni o bişirməyib, əksinə, qadın ona atılmış tilovmuş ki, o, özü tamahsılanaraq qarmağa sarı tələsib. Ayrıca arayış var ki, "Janna" ləqəbli bu xanım bəlli bir agentin uzantılarından, qol-budaqlarından, əməliyyatçıların "öz dili" ilə desək, "əlaqələrindən" biri imiş.

Yəni əməliyyatda ixtiyari heç zad yoxdur, hər cizgi ölçülüb-biçilib).

 Təsəvvür etdiyindən də dərin və hətta çıxılmaz quyuya yuvarlandığını elə sözarası, xeyirxahlıqla qonağa belə anladır ki, bağda, ictimai yerdə qucaqlaşmaq, öpüşmək və sairə sadəcə asayişi pozmaq kimi qiymətləndirilə bilərsə, qadının belə yazısından sonra vəziyyət yerli-dibli pisləşir. Xarici vətəndaşsınız, o, ərli qadındır, evinə gedibsiniz, səs-küyünüzü qonşular da eşidib, indi də qadın təsdiqləyir ki, bunlar heç də könüllü olmayıb. Bizim qanunvericilikdə isə zorlama ilə əlaqədar məsələ çox sərt qoyulub. Zorlamaya görə güllələnmə, zorlamaya cəhdə görə isə uzunmüddətli həbs cəzası.

Verner püxtə adam idi, dərk edir ki, yaman yerdə axşamlayıb, xirtdəyəcən zibilin içindədir və artıq bu qəziyyədən ciddi cinayət iyi gəlir və iş sadəcə biabır olmaq məsələsi deyil, qadın təkid etsə, onu nəinki zorlamaya cəhddə, lap elə zorlamada da suçlaya bilərlər. Çünki bağda-parkdakı qucaqlaşmalar, bir-birlərinə sığınmalardan sonra arxayınlaşmışdı ki, bir halda artıq qadının mənzilində ikimizik, demək yol açıqdır. Və əl-qol da atmışdı, qadınsa razılaşmamışdı...

...Dili-ağzı quruyur, rəngi avazıyır.

Amma o, Heydər Əliyevə lazımdır axı. Tərəfi-müqabili diri-diri öldürmək, tam ruhdan salmaq, ümidsizləşdirmək də olmaz, soyuq duşdan sonra işıq ucu da göstərmək lazımdır.

(Anlatdın ki, vəziyyəti ümidsizdir, bunun sübutları da var, indi köməyin mümkünlüyü ilə ümid yarat və dünyanın əvəz-əvəz dünyası olduğuna da eyham vurmağı unutma).

Heydər Əliyev səmimi bir canıyananlıqla qınayır həmsöhbətini: "Mən məəttəl qalmışam, siz niyə belə səhvə yol vermisiniz?! Uşaq deyilsiniz, təcrübəli adamsınız, axı o qadının evində nə işiniz vardı?! Özü də gecənin o saatlarında. Vəziyyət, həqiqətən, çıxılmazlaşıb. Ancaq bu qısa vaxtdakı söhbətlərimizdən, necə bir insan olduğunuzu biləndən sonra ürəyimdən keçir ki, sizə hökmən nə şəkildəsə kömək edim. Ancaq siz də hərbçi olmusunuz, bilirsiniz, mənim də rəisim var, mən də ona müraciət etməliyəm. Həm də onu inandırmalıyam, əsaslandırmalıyam ki,  nə üçün sizə zəmanət verirəm, nəyə görə sizə kömək eləməyimiz lazımdır".

Həmin o altı saatlıq söhbətin başlanğıcında alman turist özü haqqında danışdıqca Heydər Əliyev görürdü ki, doşab almışıq, bal çıxıb.

Əslən təmiz alman olan, 1895-ci il təvəllüdlü B.Verner təqribən 1920-ci ildə Çinə getmiş, orada şərqşünaslıq fakültəsinə daxil olaraq üç il oxumuşdu. Elə Çində yaşadığı dövrdə onunla eyni fakültədə təhsil alan, Çindəki Rusiya hərbi missiyası rəhbərinin qızı ilə evlənmişdi, bu izdivacdan üç qızı dünyaya gəlmişdi.

Verner bunu da əlavə edir ki, həmin qızlardan biri hərbi qulluqçu olan əri ilə İngiltərədə yaşayır (bu xətt də DTK üçün bir ayrı çəkici istiqamət idi), digər iki qızsa Kölndədir. Üçü də rusca yaxşı danışır.

Verner özü almancadan savayı, ingiliscəni, fransızcanı, ruscanı və Çin dilini bildiyini də söyləyir. Bildirir ki, vaxtilə Hitler ordusunda xidmət edib, mayor olub, iqtisadi, siyasi, ictimai mövzularda yazan jurnalistdir, yazıçılığı, tərcüməçiliyi də var, əlaqələri də genişdir. Hərbi, iqtisadi məsələlərdən danışmağa başlayınca onun biliklərinin, məlumatlılıq dərəcəsinin nə qədər yüksək, həm də kəşfiyyat üçün çox gərəkli olduğu üzə çıxır.

...Heydər Əliyev, bu qabil kəşfiyyatçı oturmuşdu xəzinə sayılası, dəqiqələr sonra onunku olacaq potensial agentlə üzbəüz.

Ələ alacağı bu bir nəfərin gör nə qədər əlaqələri var, özü də neçə ölkədə, özü də necə mühüm sahələrdə.

Bu, bir oxla iki dovşanı yox, bir sürünü vurmağa bərabər uğur idi.

"Bilirsiniz, məndən rica edirsiniz ki, sizi xilas edim. Mən humanist adamam, daha yaxından tanış olduqca sizə simpatiyam da artır, lakin bu səhərədək, qadın gəlib həmin şikayət ərizəsini verənədək xilas etmək şansı da real görünürdü. İndi bu ərizədən sonra iş məhkəməyə verilsə, prokuratura araşdırmaya başlasa, daha çıxış yolumuz qalmayacaq. Məhkəmə də qərarı çıxaranda baxmır ki, bu adam öz vətəndaşımızdır, ya xaricidir - cəza eynidir.

İndi ki məsələ belə şişib, gərək rəisimdən kömək istəyəm. Ancaq ona bu haqda söz açanda da mənim çox güclü arqumentlərim olmalıdır ki, niyə, nəyin xatirinə sizə kömək göstərməyimiz lazımdır".

Və nəhayət, Verner özü dillənir: "Mən də gücüm çatan qədər sizə kömək etməyə hazıram, təki məni bu bəladan xilas edin".

Beləcə, həmsöhbətini lap yetişdirəndən, Vernerin göstərə biləcəyi xidmətlərin nədən ibarət olduğunu izah edəndən sonra Heydər Əliyev ona DTK ilə səmim-qəlbdən əməkdaşlığa hazır olduğu haqda ərizəni də yazdırır.

"Bayaqdan da ac-yalavac oturmuşuq. Bu bir neçə saatda siz mənə çox doğmalaşdınız. Restorana getməyimiz münasib olmaz. Elə yaxşısı buradır. İndi mən kapitana deyərəm, sifariş edər, yeməyimizi otağa gətirərlər. Bugünkü görüşümüzü, tanışlığımızı, dostluğumuzu qeyd edək".

Və sonra bir dost məclisi başlanır (Və o tərəfdə maqnitofon da işləyir, yazılış da öz qaydasında davam edir - buna görə də, çoxdan sökülüb yerində təzəsi tikilmiş köhnə "İnturist"in həmin otağındakı, məclis də tarixdə qalır.

Hətta yeyib-içərkən belə ən ciddi və son dərəcə məsuliyyətli işi necə ustalıqla davam etdirməyin bir örnəyi də söhbətin həmin hissəsini əks etdirən vərəqlərdə əbədiləşib).

...Çox badələr qaldırırlar. Dostluğun, xoş insan münasibətlərinin, istedadlı alman xalqının, çekistlər cərgəsinə qoşulan Vernerin şərəfinə...

Ertəsi gün üstündən dağ götürülmüş və boynuna dağdan ağır yük qoyulmuş B.Verneri Moskvaya yola salırlar.

(Ancaq yola düşməzdən əvvəl sütül agentin təzə imzasıyla ilk hesabatları, elə gecəylə AFR-dəki ayrı-ayrı hərbi bazaların yerləşməsi, imkanları, silah təminatı və digər bu qəbil məsələlərlə bağlı peşəkarcasına yazdığı bir neçə arayış bəri başdan işarə edir ki, o, gələcəkdə nə qədər faydalı olacaq).

Və Heydər Əliyevin bu xudahafizləşmədən sonra Vernerlə bir görüşü də olacaq. Daha Bakıda yox, Almaniyada.

Gedəcək ki, "Naturalist"lə bir də salamlaşsın, onu Mərkəzin adamına şəxsən təqdim etsin və həmişəlik ayrılsınlar.

Amma təbii ki, daha nə bu onu, nə də o bunu heç vaxt unutmayacaq.

Görüş isə, lap filmlərdəki kimi olacaq (Əslində filmlər elə belə həyat gerçəklərindən götürülmürmü?).

Agent guya keçmiş katibəsi ilə 1965-ci il yanvarın 15-də Şərqi Berlində görüşə getməsinə icazə verilməsi üçün müraciət edir. Əgər belə bir razılıq alınarsa, o, Bakıya, Pyotr Montin küçəsində ona əvvəlcədən verilmiş ünvana, Vera  İbrahimovanın adına məktub yollayır ki, bu günlərdə ona Bakıda çəkdiyi fotoları göndərəcək.

Bu o anlama gələcək ki, işlər qaydasındadır, Şərqi Berlinə getməyə icazə ala bilib. Məktubda göstərilən tarixdən düz bir ay sonra Şərqi Berlində görüş baş tutmalıdır.

"Naturalist" Şərqi Berlində həmin gün axşam saat 19-da, "Buxarest" restoranına gələrək girəcəkdə əlində qəzet dayanmalıdır: ona yaxınlaşaraq almanca "Şprixen ze rusiş" deyən adama "Naturlix" cavabını verir və bu parol görüşün baş tutduğuna dəlalət edir. Əgər görüş hər hansı səbəbdən həmin gün baş verməsə, düz on gün sonra həmin saatda, həmin yerdə, eyni şəkildə təkrarlanır.

...Bu əhvalat yarım əsrdən də bir az əvvəl baş verib.

O hadisələrin iştirakçılarının təqribən hamısı çoxdan həyatdan gedib. Sağ qalanlar olsa belə, daha o günlərin təfərrüatlarını xatırlaya bilməz. Ancaq kağızın yaddaşı möhkəmdir və hər şeyi olduğu kimi yarım əsrdən də bir az əvvəldən bu günə gətirib çatdırdığı sayaq, indiki çağlardan da sabahlara daşıyacaq.

Gələcəklilərdən ötrü bütün bunlar bizimçün olan qədər maraqlı görünəcəkmi? Çətin ağlım kəsir! Dövr dəyişib, insanlar başqalaşıb, dünya ayrı dünyadır. Dünənki ideallar bu gün puç, dünən yasaq bilinənlər bu gün məqbul, dünən küfr hesab edilənlər bu gün müqəddəs ola bilir.

Heydər Əliyev çekist idi. Onun uzun illər boyu bağlı olduğu peşəsini dolğunluğu ilə məhz bu söz ifadə edə bilir ki, bu kəlmə də onu doğurmuş sovet quruluşu ilə bağlı qalıb keçmişdə. Ancaq zaman nə qədər dəyişir-dəyişsin, adamlar nə qədər başqalaşır-başqalaşsın, dəyərlər nə qədər aşınır-aşınsın, bir insan fövqəladəliyi, istedadın gücü, peşəkarlığın aliliyi istənilən zəmanədə mötəbər tutulacaq, dünən və bu gün olduğu kimi, ən uzaq sabahlarda da onlara ehtiyac duyulacaq.

Bəzən yekəxanalıqla keçmişdəkilərə laqeydlik göstərilsə də, belələri gözdən-könüldən iraqda saxlansa da, dar macalda yenə onları (ya onların irsini) arayacaqlar, onlardan yararlanacaqlar.

Sovet siyasi repressiyaları dönəmində ölümün cənginə atdıqları neçə böyük alimi, hərbçini, mühəndisi, ixtiraçını onlara cəza verənlər peşman olduqları, səhvlərini etiraf etdikləri üçün yox, o parlaqlara möhtac olduqları üçün gedər-gəlməz sürgünlərdən, ölümlə həmsərhəd həbslərdən gətirərək yüksək vəzifə başına qoymadılarmı, bəhrəsini də görmədilərmi?

...1966-cı il, 15 fevral. Polkovnik Heydər Əliyev Berlindədir. O, Mərkəzlə razılaşdırılmış qısamüddətli bu ezamiyyətinə uğurla başa çatdırdığı əməliyyatın son nöqtəsini qoymaqçün gəlib.

Əvvəlcə burada general-leytenant, SSRİ DTK-sının Almaniyadakı rezidenti İ.Fadeykinlə görüşəcək, əməkdaşlığa cəlb etdiyi şəxslə aparılmış iş haqda müfəssəl məlumat verəcək, onunla iş birliyinin vəd etdiyi perspektivlər barədə fikir mübadiləsi aparacaq və Moskvanın da xüsusi marağına səbəb olmuş Almaniya Federativ Respublikasının vətəndaşı B.Vernerlə sovet DTK-sının Almaniya Demokratik Respublikasındakı müvəkkilləri polkovniklər V.Klimkini, polkovnik Y.Bolşakovu görüşdürəcək (oxucu üçün nəsə deməsə də, qarşıma çıxmışkən bunların da adlarını peşəkarlıq anlayışının özünə olan məxsusi münasibətimə görə yazıram. Onlar da əməkləri çox, adları gizli qalanlar zümrəsindən olanlardandır. Sovet dönəmində ən azı o vəzifəyədək, o rütbəyəcən gəlib çatmışdılarsa, o etimada layiq görülmüşdülərsə, deməli, sadə insanlara deyildilər. Adları, imzaları "tam məxfi" qrifli qovluqların açılmayan vərəqlərində uyuyan o zabitlərin də adlarını çəkdim ki, heç olmazsa, ruhları şad olsun). 

Və daha bundan sonra həmin şəxslə Mərkəz özü işləyəcək. Bakıda onunla əlaqədar açılmış iş də bağlanacaq, qovluq arxivə təhvil veriləcək.

Sərhədlərin çox qapalı, müttəfiq respublikalara, o sıradan Azərbaycana əcnəbi vətəndaşların get-gəllərinin seyrək baş tutduğu əyyamlarda Mərkəzin də ən yüksək səviyyədə diqqətini çəkmiş belə bir sanballı şikarla hər kəşfiyyat fəxr edə bilərdi.

Kim bilməsə də, bunun nə qədər çətin qazanılan bir uğur olduğunu hər halda Mərkəzdəkilər yaxşı anlayırdılar və polkovnik Əliyevin şücaətinin ölçüsündən də hali idilər.

Qarşımda köhnə bir əməliyyatın sənədlərinin toplandığı cildlər və həmin general-leytenant İ.Fadeykin ki SSRİ xüsusi xidmət orqanlarının ən yüksək eşelonuna aid idi, onunla Azərbaycan DTK-sının sədr müavini, polkovnik Heydər Əliyevin görüşünə aid vərəqlər. Müqayisə etmək istəmirəm və haqq sözdür ki, istənilən müqayisə, xüsusən görkəmli tarixi şəxsiyyətlərin yaxşılıq dərəcəsinə bölərək tutuşdurulması həmişə zərərlidir. Ancaq Heydər Əliyevin kim olduğunu, hansı zəkanın və qüdrətin sahibi olmasını biz onun insanlara açıq olan fəaliyyəti illərində müşahidə etdik və həm heyrətləndik, həm valeh olduq, həm iftixar duyduq. Bir anlıq bunu da xəyalınızdan keçirin ki, Heydər Əliyevin görüşünə getdiyi və Almaniyada rezident olan o general-leytenant necə nəhəngmiş. Bəs "soyuq müharibə"nin ən şiddətli onillərində Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Fransada və digər ölkələrdəki eyni məqamı tutan şəxslər, ya Mərkəzdə onların fəaliyyətlərini koordinə etmiş, tapşırıqlar vermiş, onları istiqamətləndirmiş gözəgörünməzlər? Hərəsi qibtəyə layiq möcüzəli bir beyin sahibi. Özü də bu ötkəm şəxsiyyətlər əksərən bu qənaətdəymişlər ki, onların həyatlarını həsr etdiyi sahə bir alimin də, bir mühəndisin də, bir ixtiraçının da işindən qat-qat önəmli, cəmiyyət üçün daha mənfəətlidir. Çünki onların bütün fədakarlıqları dövlətin və insanların təhlükəsizliyi naminədir.

Amma indi nə o dövlət var, nə o quruluş. 74 illik mənəm-mənəmlikdən sonra iflas etdi, tar-mar oldu. Bayrağı endirildi, heykəlləri uçuruldu, dəyərləri heçləşdi. Dövlət getdi və onunla da çox şeylər qeyb oldu. Amma dərslər qaldı. Onu güclülərdən-güclü etmiş cəhətlərin ən ümdələrindən biri - ən sınaqlı, ən mühüm işlərdə yüksək peşəkarlara arxalanmaq şakəri qaldı.

Və bunlar elə dərslər, elə örnəklər, elə ibrətlərdir ki, həmişə də qalacaq, daim də öyrəniləcək.

 





30.01.2023    çap et  çap et