525.Az

Könüllülük fəaliyyətinin hansı faydaları var?


 

Könüllülük fəaliyyətinin hansı faydaları var?<b style="color:red"></b>

Elə cəmiyyət yoxdur ki, könüllü və qarşılıqsız yardım ideyaları ona yad olsun. Müasir dövrdə isə könüllülük statusu gənc nəslin şüurunda dərin kök salıb. Könüllülük fəaliyyəti cəmiyyətin inkişafı üçün effektiv vasitə, şəxsi inkişaf üçün isə güclü mənbədir. Bu fəaliyyət gənclərin tərbiyəsində və sosiallaşmasında mühüm amil kimi qiymətləndirilir. Könüllülüyün əsas prinsipi könüllü seçimdir. İnsan məcburiyyətsiz, könüllü işləyirsə, istənilən fəaliyyət növündə özünü mümkün qədər dərk edir. Bir çox mütəxəssislərin qənaətincə, könüllülük gənclərin ictimai aktiv fəaliyyətə cəlb olunmasına töhfə verir və gəncləri problemləri özbaşına həll etməyə istiqamətlənsdirir. Könüllülük fəaliyyəti ilə insan bir çox faydalı üstünlüklərə yiyələnir. Yeni tanışlıqlar və yeni peşə bacarıqları, bilik qazanmaq və hətta yaxşı karyera qurmaq imkanı əldə edir. Bu gün dünyanın bir çox ölkəsində könüllü iş gündəlik sosial təcrübənin əsasını təşkil edir: insanlar ağac əkmək, sağlam həyat tərzini təbliğ etmək, ekoloji aksiyalar keçirmək, konfranslar, forumlar təşkil etmək, hüquq pozulmalarının profilaktikasını həyata keçirmək və ümumi problemlərin həlli üçün bir yerə toplaşırlar.

Bu gün Azərbaycanda da könüllülük fəaliyyəti bir çox sahələrdə özünü geniş şəkildə göstərir.

"ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova "525"ə açıqlamasında könüllülüyün qanunvericiliklə qadağan edilməyən ictimai faydalı və gəlirsiz bir fəaliyyət sahəsi olduğunu bildirib: "Hər bir şəxs öz iradəsi ilə seçim əsasında bu fəaliyyətlə məşğul ola bilər. Azərbaycanda da çox sevindirici haldır ki, könüllülük geniş vüsət alıb. Hazırda ölkəmizdə könüllük fəaliyyətini həyata keçirən bir çox qurumlar var. Xüsusilə "ASAN Könüllüləri"ni vurğulamaq istəyirəm. "ASAN Könüllüləri" təşkilatı bu günə qədər sosial, mədəni, ekoloji təhsil və digər istiqamətlər üzrə 750-dən çox yerli və beynəlxalq layihə, 5000-dən çox təlim, seminar həyata keçirib və ümumilikdə 100 min nəfərdən çox gənci əhatə edib. Əgər öz fəaliyyəti ilə seçilən "ASAN Könüllüləri" daha sonra könüllü olaraq fəaliyyətini davam etdirmək istəyərlərsə, master 1 və master 2 pillələrindən sonra "ASAN Gənclər Təşkilatı" ictimai birliyinə də qoşula bilərlər".

DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova isə "525"ə açıqlamasında qeyd edib ki, "Könüllü DOST" proqramının əsas missiyası cəmiyyətin dayanıqlı inkişafı üçün çalışan vətəndaşlar şəbəkəsini formalaşdırmaq, dövlətçilik və vətənpərvərlik ruhunu yüksəltmək, cəmiyyətin hər bir üzvünü əhatə etməkdir. Onun sözlərinə görə, "Könüllü DOST" könüllülük proqramı "DOST" mərkəzlərində iki aylıq dövrü əhatə edən könüllülük fəaliyyətidir. İki aylıq fəaliyyət dövrü ərzində könüllü dostlarımız aşağıdakı işlərlər məşğul olurlar:

- Vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi;

- Vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak;

- Vətəndaşların məlumatlandırılması;

- Elektron sistemlərdən istifadə üzrə köməklik;

- Vətəndaşlara xüsusi diqqət və qayğı göstərilməsi;

- Rəy sorğularının keçirilməsi;

- Könüllü qruplarının idarə olunması.

"Gənc DOST" altproqramının könüllülər üçün faydaları könüllülərin sosial əhəmiyyətli fəaliyyətdə rola malik olması, işgüzar vərdişlər əldə etməsi, fərdi və komanda inkişafının formalaşması, asudə vaxtlarının səmərəli keçirilməsi, yeni dostlar və əlaqələrin qurulması, karyera yolunda ilk uğurlu addımların təməlinin atılmasıdır.  Əlavə olaraq, könüllülərin asudə vaxtlarının səmərəli təşkili üçün "Könüllü Klublar" layihəsi həyata keçirilir. "Könüllü Klublar" layihəsi "Könüllü DOST" proqramı tərəfindən təklif olunan, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq  məqsədi daşıyır. Buraya Yaradıcılıq klubu,  Fərdi inkişaf klubu, Film klubu, Kitab klubu, Tarix klubu, Natiqlik klubu, İntellektual oyunlar klubu, Səyahətçilər klubu və s. daxildir.

Yaradıcılıq klubu - musiqi, rəsm və digər incəsənət növləri ilə məşğul olan könüllülərin, o cümlədən, incəsənətin ayrı-ayrı növləri ilə məşğul olan şəxslərin bir yerə toplanması və iştirakçıların şəxsi inkişafı üçün müxtəlif masterklasların təşkil olunması məqsədi daşıyır.

Xarici dil klubu - gənclərə mütəxəssislər tərəfindən danışıq klublarının təşkili, onlarda xarici dil bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.

Kitab klubu - könüllü DOST-ların mütaliəyə marağının artırılması, gəncləri müxtəlif sahələr üzrə yeni ədəbiyyatla tanış etmək, yazarlarla görüşlərin təşkili vasitəsilə seçilmiş əsərlərin müzakirəsi və fikir mübadiləsi aparmaq məqsədi daşıyır.

Film klubu - gənclərlə film izlədikdən sonra onun üzərində təhlillər aparmaq, obrazları analiz etmək, həmçinin, gənclərin asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşıyır.

Layihələr klubu -  layihə hazırlanmasında, müxtəlif yerli və beynəlxalq qrant müsabiqələrində "təşəbbüs qrupları" olaraq öz layihələrini reallaşdırmaq istəyən, o cümlədən, layihə meneceri kimi formalaşmaq istəyən könüllülərə təlimlərin keçirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda hələ müstəqilliyin ilk illərində yaranan könüllü ictimai birliklər və özünü təşkil edən icmalar dövlətin imkanlarının məhdud olduğu dövrdə, Birinci Qarabağ müharibəsinin fəlakətli humanitar nəticələrinin və digər sosial problemlərin təsirinin azaldılmasında önəmli rol oynamışdılar. Son illər həm COVİD-19 pandemiyası, həm də İkinci Qarabağ müharibəsi ərəfəsində gənclərin irəli sürdüyü müstəqil və kütləvi yardım təşəbbüsləri vətəndaşların dövlət müdaxiləsi olmadan da sosial problemlərin həlli üçün effektiv çıxış edə biləcəyini göstərdi.

Havar ŞƏFİYEVA

 

 

 





30.01.2023    çap et  çap et