525.Az

Şəhid yadigarları - şahid eksponatlar


 

Şəhid yadigarları - şahid eksponatlar<b style="color:red"></b>

Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi, Gənc muzeyşünaslar və muzeysevərlər klubunun rəhbəri Sahibə Ələkbərovadır.

 

- Sahibə xanım, artıq neçə ildir ki, Gənc muzeyşünaslar və muzeysevərlər klubunun rəhbərisiniz. Onlarla muzeysevər gənci bir araya gətirmək, muzey sevgisi olmayanlarda bu sevgini yaratmaq asan məsələ deyil. Necə oldu ki, bu yola çıxmaq qərarı verdiniz?

- Çalışdığım Milli Azərbaycan Tarixi Muzeyi tələbə və gənclərin maariflənməsinə, onların geniş auditoriyasının yaradılmasına xüsusi diqqət ayıran müəssisələrdən biridir. Təbii ki, bu, hər zaman muzeydə geniş tələbə auditoriyasının yaradılmasına və onların maariflənməsinə xüsusi diqqət ayırmış muzeyin rəhbəri, akademik Nailə Vəlixanlının tələbələrə qayğısının nəticəsidir. Mən də bu səmimi yanaşmaya söykənərək, 2017-ci ilin mart ayında Azərbaycan təhsil müəssələrində bilavasitə Muzey işi ixtisası üzrə təhsil alan tələbələrin bir araya gəlməsi və bu ixtisasa daha dərindən yiyələnməsi üçün nəzəriyyə ilə təcrübənin vəhdət təşkil etməsinin vacib şərtlərdən olduğunu məqsədyönlü hesab edərək, Milli Azərbaycan Tarixi Muzeyində Gənc muzeyşünaslar klubunun yaradılması layihəsini hazırlayıb rəhbərliyə təqdim etdim.

Ötən il may ayının 3-də Gənc muzeyşünaslar və muzeysevərlər klubunun fəaliyyətə başlamasının beş ili tamam oldu.

- Bəs "Tarix yazan qəhrəmanlar" layihəsi necə yarandı?

- Bildiyimiz kimi, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 3 dekabr 2020-ci il tarixində sərəncam imzaladı. Onu deyə bilərəm ki, hər zaman Bakıda Şəhidlər muzeyinin, regionlarda isə onun filialarının yaradılmasının vacib olduğunu düşünürdüm. Hətta bu fikri iştirak etdiyim bir neçə konfransda da söyləmişdim. Buna görə də Prezidentin Zəfər muzeyinin yaradılması haqqında sərəncamı məni çox sevindirmişdi. Hətta düşündüm ki, Gənc muzeyşünaslar və muzeysevərlər klubu olaraq, Zəfər muzeyinə şəhidlərin xatirə əşyalarının toplanmasında yaxından kömək edək. Bu fikrimi Mədəniyyət Nazirliyində Muzey, qalereya və sərgilər şöbəsinin rəhbəri Nərgiz Abdullayevaya da bildirmişdim. Təbii ki, o da təşəbbüsümü yüksək qiymətləndirmişdi. Amma belə oldu ki, artıq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi fondu yaradılması haqqında qərar qəbul edildi. Şəhidlərin xatirə əşyalarının toplanması işində muzey əməkdaşları ilə yanaşı, gənc muzeyşünasların da iştirak etməsi məsləhət bilindi. Bu işdə başqa muzeyə kömək etməyi düşündüyüm halda, bunun öz muzeyimizdə həyata keçirməyim haqqqında tapşırıq almağım məni çox sevindirdi. Vaxt itirmədən şəhid ailələri ilə işləyən bir neçə təşkilatla əlaqə saxladım. Onlardan biri "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc xanım Orucova idi. Mən ona bildirdim ki, şəhidlərin xatirə əşyalarını muzey üçün toplamağa başlamışıq və onun da bizimlə əməkdaşlıq etməsini istəyirəm. Sevinc xanım bu addımı alqışladı və bu barədə elan yazıb təşkilatın feysbuk səhifəsinə yerləşdirməyi məsləhət gördü. Çünki şəhid ailələrini demək olar ki, əksər hissəsi təşkilatın feysbuk səhifəsini izləyir. Mən elan yazdım, əlaqə nömrəmi də qeyd etdim ki, maraqlanan ailələr mənimlə əlaqə saxlasınlar.

- Şəhid ailələrinin bu təşəbbüsə reaksiyası necə oldu?

- Doğrusu, elanın şəhid ailələri tərəfindən bu qədər maraqla qarşılanılacağını gözləmirdim. Artıq şəhid yaxınları mənə zəng etməyə başladılar. Onu deyim ki, onların bəzilərini ən çox qorxudan o idi ki, bu əşyaları muzeyə verərlər, itər, xarab olar. Bəziləri bu əşyaların muzeyə verməyin yaxşı olub-olmaması haqqında qərarsız qaldığını bildirir, bəzisi isə əksinə, əşyaların hansını muzeyə versə daha düzgün olar deyə, o əşyaların şəkilini çəkib mənə yollayırdı ki, seçim edim. Məni isə bir məsələ düşündürürdü - şəhid ailələri arasında muzey haqqında maarifləndirmə işinin aparılmasının vacibliyi. Etiraf edim ki, danışmaq üçün ən çox çətinlik çəkdiyim insanlar şəhid ailələri olub. Onlarla danışarkən sözləri çox ehtiyatla seçib deyirdim. Onları incitməməyə, yaralarının qaysağını qoparmamağa çalışırdım. Onu da deyim ki, şəhid ailələri ilə danışandan sonra saatlarla, bəzən günlərlə özümə gələ bilmirdim. Şəhid valideynlərinin övladları haqqında danışdıqları xatirələr ürəyimi parçalayırdı. Keçirdiyim bu hisslər, "Tarix yazan qəhrəmanlar" layihəsinin ərsəyə gəlməsinə vəsilə oldu.

- Sizə ən çox təsir edən hansı əşyalar oldu?

- Topladığım əşyaların hamısı təsirlidir. Hərəsinin öz hekayəsi var. Amma ən təsirlisi polkovnik-leytenant Rəşad Sadıqovun qardaşına yazdığı bir-iki kəlməlik məktub idi.

- Sahibə xanım, vətənpərvərlik mövzusunda başqa hansı layihələriniz var?

- Mən Gənc muzeyşünaslar və muzeysevərlər klubunda 3 layihə həyata keçirirəm - "Muzeylərimizi tanıyaq və tanıtdıraq", "Tarix yazan qəhrəmanlar" və "Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!" layihələri. Onu da deyim ki, bu layihələr sanki mənim hisslərimin layihələşmiş formasıdır. Mənim gəncliyim, tələbəlik illərim Birinci Qarabağ müharibəsinin ən qaynar vaxtlarına düşdü. Müharibə, hər gün gələn şəhid xəbəri, ayda işğal edilən bir rayon, hərc-mərclik, bir milyondan artıq soydaşımızın öz doğma yurdlarından didərgin düşməsi... Demək olar ki, bütün gəncliyim bu hadisələrin burulğanında keçdi. O zamanlar hisslərimizi bölüşə biləcəyim, ifadə edəcəyim nə belə klublar, nə də belə layihələr var idi ki, qoşulaq, biz də öz hisslərimizi ifadə edək. Nəinki klublar, hətta muzeylər belə bərbad gündə idi. Muzey deyəndə insanların ağlına bir fikir gəlirdi - köhnə əşyaların toplandığı saxlanc yeri. Onu da deyim ki, belə düşünməkdə haqlı idilər, o zaman muzeylər daha çox bu mənzərəni xatırladırdı. Amma təəssüf edirəm ki, bu gün də bəzi insanlar muzeyin güclü bir elmi maarifləndirmə müəssəsi olduğundan xəbərsizdir. Məhz 1994-cü ildə mənə "Muzeyşünas olub muzeydə nə edəcəksən?" sualını vermişdilər. Üstündən illər keçib, ancaq indi də Muzeyşünaslıq ixtisasında oxuyan tələbələrə, hətta mənim özümə də bu sual verilir ki, siz muzeydə nə iş görürsünüz? Məhz bu fikirlər mənim ilk layihəmi "Muzeylərimizi tanıyaq və tanıtdıraq" adlandırmağıma səbəb oldu. Düşündüm ki, müxtəlif profilli muzeylərə gedək, həm tələbələr o muzeylərin işi ilə yaxından tanış olaraq əyani vasitə kimi bundan yararlansınlar, həm də muzeylərin bir maarifləndirici müəssisə kimi əhəmiyyətli olduğunu hər kəsə nümayiş etdirək. Hesab edirəm ki, Gənc muzeyşünaslar klubunun proqramına daxil etdiyimiz hər üç layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə yanaşı, cəmiyyətimizin maarifləndirilməsi baxımından da çox əhəmiyyətlidir. Hətta deyə bilərəm ki, artıq bu iş öz bəhrəsini verir.

- Bəs "Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!" layihəsi çərçivəsində hansı işləri görürsünüz?

- Pandemiya dövründə mən işğal olunmuş hər bir rayonumuzun anım günündə o rayonun tarixini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan muzeylərimizdən, abidələrimizdən, eləcə də ermənilərin mədəni irsimizə qarşı törətdiyi vandallıqlar haqqında videoməruzə hazırlayırdım və bunları sosial şəbəkələrdə paylaşırdıq.

Müzəffər Ali Baş Komandanın "Qarabağa, tarixi torpaqlarımıza onun sahibləri, biz qayıtmışıq. Bu torpaqlardan bir də heç vaxt çıxmayacağıq" bəyanatı "Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır" layihəsinin yaranması üçün bir təkan oldu. Bəli, "Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!" layihəsi illərlə gözlədiyimiz, ən çox eşitmək istədiyimiz o bəyanatın məndə yaratdığı sevinc və ruh yüksəkliyinin nəticəsi oldu deyə bilərəm. Pandemiya dövrü olmasına baxmayaraq, karantin qaydalarının şərtlərinə uyğun şəkildə, mən gənc muzeyşünaslarla birgə işğaldan azad edilmiş rayon muzeylərini ziyarət etməyə başladım. Biz Gəncədə fəaliyyətini qismən bərpa etmiş Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyini, Horadiz şəhərində fəaliyyətini davam etdirən Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyini və digər rayon muzeylərini ziyarət etdik.

Hər üç layihənin gənclərlə birgə həyata keçrilməsinin əhəmiyyəti ondadır ki, layihədə iştirak edən gənclər hadisələrin iştirakçısı oldular. Qürurlandırıcı, fərəhverici haldır ki, artıq qalib ölkənin gəncləri işğaldan azad olunan torpaqlarımızda layihələr həyata keçirib, xalqımızın qədim tarixini, yüksək mədəniyyətini və unudulmaz adət-ənənlərini təbliğ edirlər. Hesab edirəm ki, illərlə yurd itkisinin ağrısı, torpaq həsrətinin acısı ilə yad etdiyimiz anım günləri işğal günləri kimi geridə qalsa da, o günlər soydaşlarımızın düşmən tərəfindən öz doğma yurdlarından didərgin salındığı gün kimi unudulmamalıdır. "Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!" deyərək qət edəcəyimiz uzun yollar isə hələ qarşıdadır...

Aytac SAHƏD

 

 





30.01.2023    çap et  çap et