525.Az

Detektiv də ədəbiyyatdır - Qismət Rüstəmov yazır


 

VƏ YA VAHİD MƏMMƏDLİNİN "TUNC MƏLƏK" ROMANI HAQQINDA QEYDLƏR

Detektiv də ədəbiyyatdır - <b style="color:red"> Qismət Rüstəmov yazır</b>

Kitab bazarında detektiv, kriminal, triller, döyüş romanlarının at oynatdığı, bestseller olduğu heç kimə sirr deyil. Bu da insanın təbiət etibarilə macəraçılığa meyilli olmasından irəli gəlir. Bizdə belə bir fikir hökm sürür ki, detektiv detallar əsərə yalnız cəlbedicilik, oxunaqlılıq qatmaq üçün əlavə olunsa, məqbuldur, əks halda, ondan ədəbiyyat faktı kimi bəhs oluna bilməz. Dünya ədəbiyyatında isə bu sərhədlər çoxdan silinib və istənilən bədii mətn öz fakturası etibarilə ondan ədəbiyyat materialı olaraq söz açmağa imkan yaradır.

Bu günlərdə yazıçı Vahid Məmmədlinin "Tunc mələk" romanının mütaliəsi bizim mühitdəki detektiv janrına münasibətlə bağlı çoxdandır yazmaq istədiyim məqalə üçün stimul oldu. "TEAS PRESS" nəşriyyatında çap olunan əsərdə (2018) hadisələr Rusiya - İraq - İtaliya məkan üçbucağı koordinasiyası üzrə cərəyan edir. Realistik elementlər, dinamik təhkiyə, ictimai konfliktin kəskinliyi, əsas qəhrəmanın xarakteristikasındakı romantik çalarlar, qanunun aliliyinin sosial şər üzərində qələbəsi və bütün bunların bir xəfiyyəçilik xətti fonunda mövcudluğu "Tunc mələk" romanından Azərbaycan detektivinin nümunəsində bəhs etməyə imkan verir.

Görkəmli alman sənətşünası, jurnalisti, kino tənqidçisi Ziqfrid Krakauer nadir düşüncə adamlarındandır ki, hələ detektiv janrının çox da hörmətli sayılmadığı vaxtlarda - XX əsrin əvvəllərində "Detektiv roman: fəlsəfi bir analiz" adlı kitab yazıb. Krakauer bu kitabda bu gün də zaman-zaman səslənən, təhlildən, analizdən nəsibini almamış, eləcə tutuquşu kimi təkrarlanan, tiftiklənən bir fikrə ilk çıxdığı vaxtlarda reaksiya verib: bütün detektiv əsərlər eləcə oxunub sonra başqasına hədiyyə ediləsi boş kitablardırmı? Bizim kitab sorğularında, anketlərdə tez-tez təkrarlanan bu fikir janr məsələlərinə XIX əsrin sonu - XX əsrin əvvəlindəki yarımçıq yanaşmanın təzahürüdür. Mən bu qənaətə COVİD pandemiyasından əvvəl iştirak etdiyim İstanbul Kitab Yarmarkasındakı bir neçə paneli və bir neçə əhəmiyyətli nəşri görəndən sonra gəlmişəm. Ümumiləşdirib deyəsi olsam, ədəbiyyatşünaslıqda pis janr, pis növ anlayışı ola bilməz, bu, gülməlidir. İstanbuldakı panelin başlığı indiyəcən yadımdadır: "Yaxşı detektiv yaxşı ədəbiyyatdır!" Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra, lap dəqiqi, ötən əsrin 70-ci illərindən əvvəllər barmaqarası baxılan janrlara münasibət dəyişdi. Bunun bir səbəbi müharibənin yaratdığı travmatik ovqatdırsa, digər səbəbi postmodernizmin kütləvi ilə elitar arasındakı iyerarxiya uçurumunu aradan götürməsidir.

Edqar Podan Fernando Pessoaya, Çestertondan Borxesə, Truman Kapotedən də Patrisiya Haysmitə, Orxan Pamuka qədər bir sıra ciddi müəllif detektivə biganə qalmayıb; ya qələmini bu sahədə də sınayıb, ya da onun imkanlarını öz məqsədinə xidmət etdirib. "Saqqallı planet" ləqəbli ustadlar ustadı Umberto Eko "Populyar roman qəhrəmanları" kitabında Şerlok Holms, Arsen Lüpen kimi detektiv qəhrəmanlara yer ayırır və necə böyük həvəslə populyar romanlar oxumağından danışır.

Maarifçilikdən başlayan, XIX-XX əsrlərdə öz zirvəsinə çatan "qatı olanın buxarlaşması", sirrin sirr olmaqdan çıxması, möcüzəyə inamın itməsi, ağlın, rasionalizmin ön plana keçməsi detektiv kimi bir janrın yaranmasını və yayılmasını şərtləndirdi. Bu gün həmin proses özünün nirvanasına çatıb, məsələ təkcə detektivlə bağlı deyil; məsələn, artıq 2000-ci illərdən bəri sehrbazların tryukları yox, bu tryukların sirrini deşifrə edən videolar daha çox maraq doğurur. Realiti-şouların, Tik-Tokun bu qədər dəbə minməsinin bir səbəbi də budur - kadrarxasının kadrönünə keçməsi, "ismi pünhan"ın cismi aşkara çevrilməsi, könül gözünün yerini instrumental ağlın tutması.

Krakauer deyir ki, detektiv əsərlər sekulyar teologiyadır. Detektivin cinayətkarı tutması müəyyən mənada ayindir, formasını dəyişmiş cinçıxarma ritualıdır, eksorsizmdir, ancaq tanrısız və duasız şəkildə. Detektiv göylərin yox, yerin janrıdır. Xəfiyyə sekulyar keşişdir, könüllü münzəvidir. Bəlkə də bu qarşıdurmanı, əksliyi bir qabda birləşdirməyə çalışan yeganə müəllif Çesterton olub, bilərəkdən göy adamı keşişlə yer adamı detektivi birləşdirərək bir xəfiyyə yaratmışdı - keşiş Braun.

Krakauerin sxemində kilsənin sükutunu otelin sükutu əvəz edir. Əvvəllər günahkar olan, indi cinayətkarla əvəzlənir. Doğrudan da, əksər detektivlərdə, trillerlərdə məkan kimi otel xüsusi yer tutur. Tanışlıqlar, təsadüfi rastlaşmalar, gözləntilər, düyünlərin açılması - çox vaxt oteldə baş tutur. Elə Vahid Məmmədlinin "Tunc mələk" romanında da qəhrəmanın əksər müşahidələri, düyünlər, vacib tanışlıqlar oteldə baş verir. Rusiyanın "Altunneft" şirkətinin İraqdakı nümayəndəliyinin rəhbəri Kiselyov çoxdankı tanışı italyan jurnalist Mikele Antonari ilə nahara gedərkən yolda naməlum şəxslər tərəfindən oğurlanır. Müharibənin ortasındakı ölkədə bu qəliz vəziyyəti çözəcək detektiv-analitik işə cəlb edilir. Müəllif qəhrəmanı Rusiya vətəndaşı azərbaycanlı kimi təqdim edir, ancaq onun adını bilmirik, çünki o, daim fiktiv adlar altında gizlənir.

Vahid Məmmədli romanı zamanda irəli-geri sıçrayışlarla, fleşbeklərlə, hətta deyərdim ki, kinomontaj texnikası ilə yazıb. Belə ki, əsas xətt qəfildən kəsilir və müəllifin gözü (kamerası) kəskin sujetli Hollivud filmlərindəki kimi paralel xətdəki əhvalata yönəlir. Məhz bu cəhətinə görə, məncə, nəşriyyat, əslində, kitabı sırf detektiv kimi təqdim etməkdə tələsib, çünki janr xüsusiyyətlərinə baxanda əsər təkcə detektiv yox, həm də ekşndır (action). Romanın birinci hissəsi, belə demək mümkünsə, dinc fikir mühakiməsi şəraitində, daha çox dialoqlarla müşayiət olunursa, ikinci hissədə temp artır, əsərin əvvəlində uzaqlardan güllə səsləri yaxınlaşır, hətta qəhrəmanı yaralayır, bombalar atılır, qaçaqaç başlayır. Ancaq Vahid Məmmədli bütün bu çevik təhkiyənin, kəskin şəkildə cərəyan edən hadisələrin içində arabir əyləci basıb maraqlı bədii lövhələr təqdim edir: "İkimərtəbəli ofis və mağaza binaları sıra və zövqlə tikilsə də, sanki bir qədər uzaqdan ara-sıra eşidilən atəş və partlayış səslərindən vahimələnib bir-birinə daha da sıxlaşmışdılar".      

Və yaxud: "Bəzən fikirləşirdi ki, insanlar böyük şəxsiyyətlərin vaxtında qədrini bilməyib, onlar həyatdan köçəndən sonra heykəllərini ucaltdıqları kimi, bəzən də ağacları kəsib yerində daşdan göydələnlər tikir, qarşısında isə süni ağaclar əkib işıqlandırırlar..."

Nə vaxtsa bir ədəbiyyat jurnalında detektivlə bağlı maraqlı bir məqalə oxumuşdum, orada deyilirdi ki, Şərqdə yaxşı detektiv əsərlər yarana bilərmi? Suriyalı-alman yazıçı Rafiq Şamini bu suala belə cavab verirdi ki, Şərqdə yaxşı detektiv əsərlər yarana bilməz, çünki yaxşı detektivlərdə cinayət həmişə iyerarxiyanın elə məqamlarıyla bağlı olur ki, Şərqdə bunlar tabudur. Məncə, mübahisəlidir.

Qərb detektivinin əsası Edqar Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsi ilə qoyulub, hekayənin qəhrəmanı Ogust Dupin sonradan məşhur olacaq Şerlok Holmsun, Herkül Puaronun əcdadıdır. Əqli-analitik bir növün əsasını romantik bir şairin qoyması ədəbiyyat tarixinin maraqlı faktlarından biridir. Edqar Podan Aqata Kristiyə gedən istiqamətdə detektiv daha çox riyazi problemdir, insan xislətindəki şər, ekzistensiya haqqında deyil. Halbuki lap dərindən baxsaq, əslində, bütün detektiv süjetlər "Habil-Qabil" əhvalatının genişləndirilmiş, fonu dəyişdirilmiş variantlarıdır.

Bu gün bütün dünyada nordik nuar (skandinav detektivi) populyardır. Xüsusilə Stiq Larsonun "Millenium" seriyasından olan "Əjdaha tatulu qız" romanı, oradakı ekssentrik Lisbet Salander personajı və həmin əsərə çəkilən eyniadlı filmin geniş yayılması, son illərdə isə Yu Nesbonun Harri Hol personajı geniş oxucu kütləsinin sevimlisinə çevrilib. Çağdaş detektivin ən nəzərəçarpan xüsusiyyəti hər hansı milli personajın dünyanın müxtəlif ölkələrində baş verən cinayətləri çözmək üçün səyahətə çıxması, getdiyi ölkəni, bir növ, turistik reflekslə oxucuya tanıtmasıdır. Bu mənada, Vahid Məmmədli də "Tunc mələk"də öz ölkəsinin sərhədlərində baş verən hadisələri yox, ölkədən kənarda, uzaq şərqdə, ekstremal situasiyadakı hadisələri nəql edir.

"Tunc mələk" romanının ümumi ideyası, məncə, trans-milli korporasiyaların ətrafında formalaşan, osminoq kimi şaxələnən, vitrində bir cür görünüb, zirzəmidə başqa cür olan, yəni artıq təkcə hərbi görünüşdə, həm də şirkət libasında səlib yürüşü edən yeni növ müstəmləkəçilikdir. "Tunc mələk" romanının adsız detektiv-analitiki təkcə rasional mülahizələri, milli rembomuz kimi, qorxmazlıq, mərdlik kimi xüsusiyyətləri ilə təsvir edilmir, məsələn, onun Qərb detektivindəki xəfiyyə ilə başlıca fərqi var: çağdaş Qərb detektivindəki obrazların əksəriyyəti daxilən travmalı, çox vaxt içki düşkünü, narkotik maddə istifadəçisi, yəni şərlə əlləşə-əlləşə özləri də müəyyən qədər ona bənzəyən tiplərdir; "Tunc mələk"də isə baş qəhrəman zorakılıqdan, illeqal yollardan çox, insanların etibarını xeyirxahlıqla, yardımsevərlik və comərdliklə əldə edir. Bu da onu bir köynək də bizə yaxınlaşdırır. Başqa sözlə, Vahid Məmmədlinin qəhrəmanının detektivyönlü araşdırmaları onun mübarizəsi və mücadiləsi fonunda gerçəkləşir. Nəticə etibarilə, əxlaq və təfəkkürü, davranış və düşüncəsi etibarilə onu yalnız bir tapşırığı yerinə yetirməyə mükəlləf detektiv deyil, həmçinin, ədalətin bərpasına çalışan "mələk" obrazında görürük.

 

 

 





30.01.2023    çap et  çap et