525.Az

"Pah" nə deməkdir? - Rəvan Cavid yazır


 

"Pah" nə deməkdir? - <b style="color:red"> Rəvan Cavid yazır</b>

Sənət daim etinasızlıqla üz-üzə dayanıb. Bu etinasızlıq onun həm güzgüsü, həm də keçə bilmədiyi sədd olub. Bəzən güzgüdə gördüklərinin üstünə hücum çəkib, bəzən də o ağır səddə çırpılıb parça-parça olub. Həmin səddin altında neçə uğursuz tale, neçə bilinməzlik, neçə intihar var. Güzgüdəkilərsə, təəssüf ki, dəyişmir.

Yazılıb, çəkilib sonra da pozulan nə qədər sənət əsəri min illərin etinasızlığından süzülüb günümüzə çatıb.

Sağlığında kitabları satılmayanlar, rəsm əsərləri sərgilənməyənlər, musiqiləri dinlənilməyənlər, yaratdıqları yandırılan, basdırılan, pərəm-pərəm düşənlər var.

Ən dəhşətli etinasızlıq isə sənətçinin güvəndiyi, inandığı instansiyaların etdikləridir. Günümüzün reallıqlarını üzümüzə şillə kimi çəkib kənarda ayılmağımızı gözləyirlər. Evdə, küçədə, işdə... Hər kəs sənətin xilas etmək istədiyi çatışmazlıqların insan həyatına əngəllərini fəxrlə bağırır.

Sənət isə, əlbəttə, heç nə yolunda getmir deyə yaranır. Onun missiyası yoxdur. O, cavab vermir. O, bütün deyil. O, büt də deyil. O, mühakimə edəcək bir yol deyil. Yol axtaran da deyil. Sənət aydınlığın qaranlıqla müharibəsində gah o tərəfdən, gah da bu tərəfdən meydana atılan ağ bayraqdır. Və çoxlu suallardır. Cavabını versələr, onu əbədi yox edəcək suallar.

Raymon Ceus "Tənqidi teorem" kitabında sənətçinin yaşadıqlarını mətndə çatdıra biləcəyinin bir çox üsullarını yazır. Bu üsullardan biri sənətçinin (burda yazıçının) gerçək olanları təxəyyülündəkindən arındırıb real simvollarla işarələyib yazmasıdır. Təbii ki, yazıçı üçün bütün gerçəkləri bədii təsvirlərdən qoparıb ona qeyri-estetik don geyindirməsi lüzumsuzdur. Ancaq bədii atmosferin qatlarında gəzişib metafizik auranı pozmadan rasional olanı yazmaq da kifayət qədər çətindir. Məsələn, memuar ədəbiyyatı yaradanlar bu üslubun öncülləridir. Bədii-publisistik mətnlər üzərində işləyənlər isə yuxarıdakı amili görməzdən gələnlərdir.

Sənətə etinasızlıq mövzusu rasional olanı yazmaqdan başlayır. Burada yazıçının qarşısına çıxan əngəlləri soyuqqanlılıqla, qəbullanmış halda yazması vacibdir. Etinasızlıq onu artıq narahat etməməlidir. Çünki etinasızlığın mənbəyi taledir. Tale isə heç bir şəkildə mühakimə olunmur. Onu sadəcə yaşayırıq.

Taleyin zəncirini qoparmaq onun bütün tünd həqiqətlərini qəbul etmək qədər çətindir. Əgər qəbul edib soyuq başla yaza bilirsənsə, deməli, sənətin əsas tərifinə çata bilmisən. Mədəniyyətin sentimentallıqdan qopması onun özü üzərində qələbəsidir. Eyni zamanda ədəbiyyatın melanxoliyadan təmizlənib oxucuda oxşar hissləri yaratmasına baxmayaraq, onu həqiqətlərlə üz-üzə qoyması kimi, üç-dörd cümləlik hadisə ilə faniliyi bağıran bir sualı verib kənara çəkilirsən və nə olacağına tamaşa etməyə həvəs göstərmirsən. "Kim, nə, harda" yazıçı üçün təfərrüatdan başqa bir şeyə çevrilmir. Onun verdiyi sual çox konkretdir. Oxucu isə həmin sualın tonları arasında girinc qalır. Devid Damroş "Dünya ədəbiyyatını necə oxumalı?" əsərində buna "Oxucunun mütləq vəzifəsi" adını verir. Oxucu suallara bezmədən cavab verə bilirsə və yazıçını anlamaq üçün kitab (mətn) boyunca yorulmadan çabalayırsa, bu, artıq həzdir, həm də faydalı həzz.

"Yadımdan çıxmamış deyim, hekayəmin ilk abzasını oxuyanda arvadımın mızıldandığı bircə kəlmə çox da matah bir söz deyildi, "pah" demişdi..."

"Pah", yəni yenə başladı dünyanı xilas eləməyə. Yəni yenə o qədər də vacib olmayan bir işlə məşğul olur. Yəni indi yazacağı kimə lazımdır ki? Yəni bunlarsız da keçinmək olar.

Sadə, amma sənətin bütün müstəviləri üçün analtik problem olan həmin etinasızlıq. Etinasızlıq olmasaydı, çox şey dəyişərdi, yəqin. Günəbaxanlar Van Qoqun çəkdiyi kimi qoxuyardı, həyat Vivaldinin skripkası kimi sakit olardı, həqiqətlər Tolstoyun yazdıqları qədər daha önəmli görünərdi. Amma kiminsə "pah" kəlməsi, ya da artıq nidası hər şeyi əvvələ qaytarır.

Sərdar Aminin "Pah" hekayəsi balaca həyat həqiqətlərini pazl parçaları kimi oxucunun önünə düzür. Burada oxucunun vəzifəsi həmin dağınıq pazl hissəciklərindən bir mənzərə düzəltməkdir. Rənglər, ölçülər yerində. Sadəcə lazım olan hissəcikləri "pah" demədən bir-bir yerinə qoymaqdır. Bu işin əyləncəli tərəfi isə mətn boyu qarşımıza çıxan təsvirlərdir.

"Baş barmağımı cibimə saldım, çöldə qalan dörd barmağımı budumun üstündəki, "Moon group"un arvadıma hədiyyə elədiyi kitabçanın sərt cildinə ardıcıl tıqqıldatdım... Sonra kitabçanı üç barmağımla ardıcıl tıqqıldatdım... Görən, çapılan atların səs eləyən ayağı hansıdır?"

Və ya

"Divana yayxanıb göbəyimə yığılan pambığı barmağımın ucuyla yumruladım".

Sonra

"Bibim oğlunun altı yaşım olar-olmaz başıma vurduğu daşın yeri zoqquldadı, ancaq bu ağrı o qədər qardaşdı ki, otuz beş yaşımda onu hələ də hiss eləməyim pisimə gəldi".

Və bunlar kimi həyatın içindən nə qədər təbii təsvir.

Hekayənin canlılığı müəllifin özünün də bu mətnin harasındasa (?) "pah" deməyidir. Yazmaq bütün həqiqətləri dərk etməkdisə, əlbəttə, təhkiyəçi özünün (ya da bir başqasının) bu işlə "dünyanı xilas etməyəcəyini" anlayıb. Bəzi hekayələrin əvvəli və axırı beləcə görməzdən gəlib inandığımız xırda yalanların quyusunda azmağımızdan yaranır. Qısa, qaranlıq, bir o qədər də dar qapıdan gözlərimizi kor edən işıq kimi doğruların hiss etdirdiyi minnət və peşmanlıq duyğusundan.

Hekayə bütövlükdə (oxucunun yığdığı pazlda) sənət və onun qarşısında duran səddi yox, elə özünə də həyat və onun ehtiyaclarını göstərən güzgütək dayanır. Etinasız, vecsiz, amma həqiqi.

 

 





30.01.2023    çap et  çap et