525.Az

Alternativ enerji mənbələri: tələbat da artır, istehsal da


 

Alternativ enerji mənbələri: tələbat da artır, istehsal da<b style="color:red"></b>

Yer kürəsində iki cür enerji mənbələri mövcuddur: bərpa olunan və bərpa olunmayan. Bərpa olunan enerji mənbələri fasiləsiz fəaliyyət göstərən günəş, külək enerjisi, hidroenerji və başqalarıdır. Bunlara nisbətən bərpa olunmayan mənbələr qazıntı - yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib çıxarır.

Bu səbəbdən də, son dövrlərdə dünya ölkələri sürətlə bərpa olunan alternativ enerji mənbələrinə keçidi prioritet məsələyə çeviriblər. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə olunur.

Hazırda dünyada elektrik enerjisinin əldə edilməsində alternativ və bərpa olunan enerji mənbələrinə nisbətən ənənəvi enerji mənbələrindən daha geniş istifadə edilir. Belə ki, hazırda ümumdünya üzrə enerji istehlakının 81,7 faizi ənənəvi enerji mənbələri və 18,3 faizi isə alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilir.

Hesablamalara görə, gələcəkdə dünyada alternativ və bərpa olunan enerji mənbələri elmi-texniki tərəqqi və yüksək qabaqcıl texnologiyalar sayəsində ənənəvi enerji mənbələrinə nisbətdə ən sürətli inkişaf edən enerji mənbəyi olacaqdır. Lakin bu inkişafa rəğmən, 2040-cı ilə qədər ənənəvi enerji mənbələri hələ də əsas enerji mənbələri olaraq öz yerini qoruyub saxlayacaqdır.

Biologiya elmləri üzrə fəlsəfə doktoru Emilya Səfərəliyeva deyir ki, bu gün dünya əlahiddə kritik dönüş nöqtəsindədir. Əhalinin artması, ənənəvi enerji mənbələrinin tükənməyə doğru yön alması, köhnə marşrut və mənbələrin əvvəlki qədər etibarlı olmaması qlobal sistemdə çatlar yaradıb. Xüsusilə Rusiya-Ukrayna münaqişəsindən sonra Avropada narahatlıqlar artıb. Qaz qiymətlərinin bir neçə ay qabaq hansı həddə qədər bahalaşdığını bilirik. Ola bilsin ki, bu qış Avropada kəskin şaxta olmadı və qaz anbarları nisbətən dolu idi, ancaq növbəti qış nə baş verəcək?! Bilinmir! Odur ki, alternativlər axtarışı qaçılmaz idi. Və bu mənada Azərbaycan etibarlı, dayanıqlı tərəfdaş kimi görünür: "Ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Avropa Komissiyası ilə imzalanan sənəd Avropanın enerji təchizatında Azərbaycanın rolunu artırmağa xidmət edir. Ancaq həm də dediyimiz kimi, Avropanın təhlükəsizliyinə. Çünki bu gün enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Artıq tədarük artılmağa başlanılıb: bu il 40 faiz, növbəti illərdə isə iki dəfəyədək".

Azərbaycan Prezidenti İlham Əliyev Çin televiziyasına, enerji məsələlərinin müzakirə olunduğu Davosda verdiyi müsahibədə deyir. Sitat: "Biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik".

Emilya Səfərəliyevanın sözlərinə görə, göründüyü kimi, Azərbaycan qazının alıcılarının coğrafiyasını genişləndirməyə köklənib: "Ancaq o faktı da diqqətdən kənarda qoymamalıyıq ki, dünya alternativ enerji mənbələrinə doğru gedir - yəni bərpa olunan enerji sahələrinin inkişafı prioritet olaraq qarşıya qoyulub. Məsələn, Çin son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub; 2004-cü ildə Avropa İttifaqı ümumi enerji istehlakının 8,5 faizini bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib.

Proqnozlara gəlincə isə alternativ enerji mənbələrinin istehsalının növbəti 2 ildə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcəyi gözlənilir".

Emilya Səfərəliyeva bildirib ki, küləklər şəhərində - Bakıda aydın anlaşılır ki, bərpa olunan enerjiyə keçid qaçılmazdır. Birincisi, bu, ətraf mühitə tullantıları azaldır. İkincisi, tükənməyən resurslarla davamlı enerji əldə etmək deməkdir. Üçüncüsü, ənənəvi enerji mənbələrinə qənaət və yeni ixrac istiqamətidir: "Təsadüfi deyil ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə "yaşıl artım ölkəsi"nin qurulması hədəfi xüsusi olaraq fərqləndirilir. Sənəddə bununla bağlı deyilir: "Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır".

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı şirkətləri ilə günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması məhz bu priritetlərin həllinə yönəlib. Ancaq bu, hələ başlanğıcdır: Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Xəzərin nəhəng generasiya gücü Azərbaycana bərpa olunan böyük həcmdə enerji gücü qazandıracaq".

Emilya Səfərəliyevanın dediyinə görə, Azərbaycan lideri yanvarın 16-da Əbu-Dabidə keçirilən Davamlılıq Həftəsində bu konteksdə vacib rəqəmlər səsləndirdi: "Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik".

Göründüyü kimi, bu, yalnız daxili tələbata sərf olunacaq enerji gücü deyil, ixracda böyük coğrafiyaya çıxmaq üçün imkan yaradan meqalayihələrdən söhbət gedir. Ötən ilin dekabrında Buxarestdə imzalanan sənəd belə meqalayihələrdən biridir. Belə ki, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər "Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair" Saziş imzaladılar və bu bərpa olunan enerji körpüsü olaraq bəlkə də XXI əsrin layihəsinə çevriləcək.

Əbu-Dabidən sonra mövzu Avropada - Davosda diqqət mərkəzində idi. Xüsusilə yeni enerji reallıqları kontekstində Azərbaycanın verə biləcəyi töhfələr, yanaşması, yeni vəziyyətə baxışı maraqla qarşılanırdı. Dünya İqtisadi Forumu bu dəfə həm də enerji sahəsində çağırışları nəzərdən keçirir, beyin mərkəzlərinin çıxış yollarına dair təkliflərini saf-çürük edirdi. Azərbaycanın bu məsələdə yanaşması isə aydındır: Enerji resursları siyasi rıçaqa çevrilməməli, bərabərhüquqlu və bütün tərəflər üçün səmərəli, biznesəsaslı əməkdaşlıq əlaqələri möhkəmlənməlidir. Və bütün bu layihələr ölkələri birləşdirməli, regional, qlobal riskləri neytrallaşdırmalıdır".

Sevinc QARAYEVA

 





30.01.2023    çap et  çap et