525.Az

Güney Azərbaycanın və Təbrizin tarixi abidələri - Esmira Fuad yazır


 

Güney Azərbaycanın və Təbrizin tarixi abidələri - <b style="color:red"> Esmira Fuad yazır</b>

(Əvvəli ötən sayımızda)

 

Görkəmli tarixçi alim Seyidağa Onullahi Təbriz şəhərinin ilklərə imza atan tarixi abidələrlə zəngin qədim şəhər olduğuna diqqəti yönəldərək burada birinci çap evinin, birinci asfalt döşənən xiyabanın, birinci telefon, birinci yeni məktəbin və... başqa xidmət sahələrinin yaranması haqqında yazıb. Buna görə də İranda Təbrizə birincilər şəhəri deyilir. Bütün bu ilklər barədə tanınmış tarixçi alim, hüquqşünas Səməd Sərdarniya da "Təbriz - birincilər şəhəri", "Təbriz - İranda çap sənətinin beşiyi", "Azərbaycan teatrının tarixi" kitablarını qələmə alıb.

Qeyd edək ki, birinci çap evi ərəb qrafikası ilə Mirzə Zeynalabidin Təbrizinin vasitəsi ilə, 1854-cü ildə Təbrizdə qurulub. "Mirzə İsa xan Qaimməqamın Cəhadiyyə risaləsi" adlı birinci kitab da bu çap evində nəşr olunub. Lakin bu çap evi 1866-cı ildə bağlanıb. O zamanlar çap sözü işlənmədiyindən çap evinə basmaxana, mətbəə, daroltəb və daroltebae deyərdilər.

Tərbiyət kitabxanası adı ilə bu gün də fəaliyyətini davam etdirən İranda birinci ümumi kitabxananı da 1921-ci ildə Məhəmmədəli Tərbiyət elə Təbriz şəhərində yaradıb. Kitabxana öncə "Məarif ümumi kitabxana və qiraətxana" adlanmış, lakin sonralar bu elm və bilik məbədini qurub-yaradanın xatirəsinə ehtiram əlaməti olaraq Tərbiyət adı verilib. 1956-cı ildə Təbrizin milli kitabxanası yaradılır və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri buraya aparılır. İranın birinci səbt olunmuş əsəri olan "Rəb Rəşidi Vəqfnaməsi" məhz bu kitabxanada saxlanılır.

1900-cü ildə Təbriz şəhərində fransalıların kilsələrinin lap yaxınlığında İranda ilk ümumi kinoteatr qurulub. Bundan dörd il sonra isə Mirzə İbrahım Xan Səhhafbaşı tərəfindən Tehranda birinci ümumi kino salonu yaradılıb.

İranda ilk yeni üsullu məktəbin də əsasını Mirzə Həsən Rüşdiyyə Təbrizin Şeşgilan məhəlləsində qoyub. 1883-cü ildə İrəvanda yaşayan qardaşı Mirzə Əlinin köməyi ilə yerli müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb - özünün ilk Üsuli-cədid məktəbini açıb. 1888-ci ildə artıq təcrübəli müəllim kimi yenidən doğma Təbrizə qayıdır və burada "Dəbirestani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə" adlı İranın ilk müasir təhsil müəssisələrini təsis edib.

Memorial mədrəsə də Təbrizin qədim mədrəsələrindəndir. Bu tarixi mədrəsə binası Amrilalılar tərəfindən idarə olunurdu.

Cabbarbəy Bağçaban isə "Bağçeye ətfal" adında birinci Uşaq bağcası və İlk kar və lallar mədrəsəsini də Təbriz şəhərində yaradıb...

İranda birinci Ticarət Otağı 1907-ci ildə yenə Təbrizdə qurulub. Tehranın ticarət otağı Təbrizin ticarət otağından sonra qurulub.

İranın birinci telefon mərkəzi 1901-ci ildə məhz Təbrizdə Qasım xan Vali tərəfindən qurulub. Telefon mərkəzi fəaliyyətə başladıqdan bir neçə il sonra Qasım xan Vali Təbrizin birinci bələdiyyə sədri seçilib. Qasım xan Vali 1942-ci ildə İranın birinci elektrik fabrikini yaratmağa və Məcidiyyə xiyabanının kənarlarını işiqlandırmağa nail olub.

Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) baş verən zəlzələlər nəticəsində viran qalıb. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir. Təbrizdə Azərbaycan muzeyi, Ölçü muzeyi, Məşrutiyyə muzeyi, Şəhriyar muzeyi, Qacar muzeyi, Ustad Bohtuni muzeyi, Bələdiyyə muzeyi, Təbiət muzeyi kimi səkkizdən çox böyük muzey fəaliyyətb göstərir.

Əsası 1958-ci ildə qoyulan Azərbaycan muzeyi İranın ən böyük muzeylərindən biridir. Muzeydə əsasən İranın Azərbaycan vilayətindən qazıntılar zamanı tapılan eksponatalar, heykəltaraşların əl işləri yer alır. Muzeydə 2500-ə yaxın əlyazma və kitab var.

Təbriz ölçü muzeyi Qacarlar dövründə tikilən tarixi Səlmasi evində yerləşir. Muzeydə müxtəlif çəki alətləri ilə yanaşı, astronomik ölçü alətləri də nümayiş etdirilir. XIX əsrin ortalarında tikilən Səlmasi evi 1998-ci ildə Şərqi Azərbaycan ostanının bələdiyyəsi tərəfindən alınaraq tarixi abidə kimi qeydiyyata salınıb. Sonradan isə burada ölçü muzeyi təşkil edilib. Muzeyin ekspozisiyasını müxtəlif dövrlərdə və müxtəlif sahələrdə istifadə olunan ölçü alətləri təşkil edir. Burada həm zərgər tərəzisi, həm bazar tərəzisi, həm də ağır çəkidə tərəvəz məhsullarını satmaq üçün çəkilən tərəziləri görmək olar. Bundan əlavə, muzeydə astrolyabiya kimi astronomiya alətinə, qədim kompas və saatlara, meteorologiyada işlənən alətlərə rast gəlinir.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məhşur xalçaçılıq məktəblərindən biri olub və bu ulu şəhərə dünya şöhrəti qazandırıb.

Məhəmmədrza şahın hakimiyyəti dövründə  Şah gölü, yaxud Rzaiyyə adlandırılan, sonralar isə Güney Azərbaycan xalqının istəyi və tələbi ilə öz ilkin adına qovuşan El gölü parkının Elxanilər dövründə yarandığı ehtimal olunur. Park Pəhləvilərin hakimiyyəti dövründə yenidən qurulub və hal-hazırda şəhərin ən gözəl istirahət məkanlarından biridir. Təbrizin 2018-ci ildə İslam Mədəniyyət paytaxtı seçilməsi təsadüfü deyil. Çünki şəhər gerçəkdən turizm və mədəniyyət paytaxtıdır.

Kəndovan Güney Azərbaycanda ən maraqlı, qeyri-adi və tarixi yaşayış məkanlarından biridir. Təbriz şəhəri yaxınlığında yerləşir və turistlərin ən çox səfər etdiyi qədim tarixi olan bir dağ kəndidir. Kənduvana//Kəndovana daşların arasında tikilmiş evləri özünəməxsus gözəllik verir. Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova yazır ki, bu kənd Türkiyədəki Kapadokiyaya bənzədiyi üçün buraya İranın Kapadokiyası da deyilir. Deyilənlərə görə, bütün dünya üzrə üç belə yer mövcuddur. Onlardan biri Türkiyədəki Kapadokiya, digəri Amerika Birləşmiş Ştatlarındakı Dakotadır. Belə güman edilir ki, Kapadokiya uca Tanrının yer üzünə bəxş elədiyi qeyri-adi bir hədiyyədir. Kapadokiyadan fəqli olaraq qayalıqda yerləşən və turistlərin çox böyük maraq göstərdiyi, sevdiyi məkan olan Kənduvanda yaşayış mövcuddur. Təbrizdən 50 km uzaqlıqda, Səhənd dağının ətəyində yerləşən kəndin vulkan püskürməsi nəticəsində yarandığı iddia edilir. Kəndin ümumi quruluşuna nəzər yetirdikdə isə insana elə gəlir ki, sanki o, göylərə çəkilib yenidən geri qayıdan nəhəng bir dəniz dalğasıdır. Qayalıqlar arasında yerləşən kəndə bir az yaxından baxdıqda isə onun arı pətəyinə, arı yuvalarına bənzədiyi də aydın görünür. Bəzi mənbələrdə kəndin adı Gündoğan, bəzilərində isə Xandabandır. Lakin hər kəs onu Kənduvan kimi tanıyır. Qeyd etdiyimiz kimi, vulkan püskürməsindən sonra yaranan və əsrarəngiz Səhənd dağlarının ətəklərindəki qayaların içində qırarlaşan kəndin düşməndən qorunmaq, gizlənmək üçün sığınacaq yeri olaraq seçildiyini iddia edənlər də var. Çünki burada həm düşməndən, həm vəhşi heyvanlardan, həm də təbiətin şıltaqlıqlarından qorunmaq mümkündür. Kənd sakinlərinin söylədiklərinə görə, insanlar buraya Monqol tatarlarının istilası zamanı sağ qalmaq üçün pənah gətiriblər. Sığındıqları mağaralar isti və daha təhlükəsiz olduğu üçün insanlar buranı özlərinə əbədi məskən seçiblər. Kəndovandakı qaya evlər gələnlərə bir huzur, könül rahatlığı, sakitlik bəxş edir. Bu əhvali-ruhiyyəni yaradan kənd evlərinin əsasən Təbriz xalçaçılıq məktəbinin ənənələrini yansıdan və əllə toxunan xalça-palaz, kilimlərlə bəzədilməsidir. 168 evi, təxminən 600-700 sakini olan Kənduvanın bəzi evlərinin hətta 700 yaşı olduğu söylənir... Kənddə hava yayda çox isti olur. Lakin qayalıqlarda yerləşən evləri gəzdikdə sanki qış havası duyulur. Bu isə kənd sakinləri üçün çox əlverişlidir. Kəndin evləri vulkanik suxurdan yaranmış dağ olduğu üçün rahatlıqla oyulur. Bir evi 3-4 ilə külünglə çapıb düzəldirlər. Kənddə əhali artdıqca insanlar yaşamaq üçün ətrafdakı kəndlərə, şəhərlərə dağılışaraq məskunlaşırlar. Burda olan yaradıcı təxəyyüllü insanlar kəndi fərqli-fərqli obrazlarda görürlər. Sanki ayrı bir planetə düşürsən və yaxud sehirli xalatla keçmişə səyahət edirsən. Kənd əhalisinin dili Azərbaycan dilidir. Əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq, bal istehsalı və maldarlıqdır. Əkinçilik dedikdə, sizlərə qəribə gəlməsin ki, qayalıqda nə əkinçilik? Əhali kəndlə üz-üzə dayanan dağın ətəklərində əkinçiliyə yararlı torpaqlardan istifadə edirlər. Kəndlilər hevanları hündür qayaların başında tikdikləri tövlələrdə saxlayırlar. Yəqin ona görədir ki, burada iri buynuzlu mal-qara deyil, qoyunçuluq inkişaf edib. Çünki qoyunlar çox rahatlıqla hündürlükdə yerləşən oyuqlara keçə bilirlər.

Sanki açıq səma altında muzeyi xatırladan bu kənddə kifayət qədər müasir və dəbdəbəli otellər də mövcuddur. Hazırda kənddə turizm inkişaf etmişdir. Yerli sakinlər əkinçiliklə, maldarlıqla və arıçılıqla məşğul olmaqla yanaşı, turizm sahəsindən də gəlir əldə edirlər. Kənd əhli çox firavan yaşayır. Çünki turist axını onların evlərində toxuduqları xalça-palaza, xırda əl işlərinə xeyli tələbat yaradıb. Artıq bir neçə ildir ki, kənd dünyadan bura axışan turistlərin sevimli məkanına çevrilib və burada yaşayanların demək olar ki, hər birinin Təbrizin mərkəzində evi, bağı və ya bir dükanı var. Kəndovanlılara kəndi tərk etməmələri üçün dövlət xüsusi müavinətlər də ayırır. Kəndin mətbəxi Təbrizin digər yerlərindən fəqlənmir. Balı və çərəzi ilə də şöhrət tağan Kəndovanın şəfalı otları və qayalıqdan axan suyu min bir dərdin dərmanıdır.

Eynalı dağının cənubunda, Səhənd dağından şimalda, qırmızı rəngli Surxab dağının ətəyində yerləşən Təbrizə Eynalı dağının ətəklərindən baxanda şəhər sanki ovuc içi kimi görünür. Buradan qədim şəhəri seyr etməyin ayrı gözəlliyi və ləzzəti var. Təbrizlilər və və şəhərin qonaqları Eynalıya axşamlar gedirlər. Çünki axşamlar bu dağdan Təbriz çox gözəl görünür. Ovuc içindəymiş kimi təəssürat yaradan füsunkar Təbriz sanki muncuqlarla bəzədilmiş çilçırağa bənzəyir.

 

 

 

 

 





30.01.2023    çap et  çap et