Rusiyanın Ukraynaya qarşı müharibəsinə silah yardımı ilə verdiyi dəstəyə və sərt şəriət qaydalarına etiraz edənlərə edam hökmü çıxardığına görə İran bütün dünyanın ciddi təzyiqləri altındadır. Aydın görünür ki, Tehran rejimi İslam İnqilabından bəri ən sıxıntılı günlərini yaşayır. Elə bir vəziyyət yaranıb ki, Tehranın ən yaxın tərəfdaşı Pekin də İranla bağlı siyasətinə ciddi korrektələr etmək məburiyyətində qalıb.
Belə bir vəziyyətdə ABŞ və İsrail silahlı qüvvələri yanvarın 23-də başlayan və yanvarın 27-də başa çatan irimiqyaslı hərbi təlim keçiriblər. Təlimdə 142 təyyarə, o cümlədən, nüvə silahı daşıya bilən bombardmançı təyyarələrin iştirakı onun miqyasını aydın göstərir. Rəsmi məlumatda təlimin İsrail və ABŞ hərbçilərinin ümumi döyüş hazırlığı və hərəkətlərinin koordinasiya səviyyəsini yoxlamaq olduğu bildirilir. "Juniper Oak 2023" hərbi təlimləri bu il iki ölkə arasında ən böyük birgə hərbi təlim kimi tarixə düşdü. Təlimə 142 təyyarədən əlavə 12 gəmi, həmçinin, HIMARS MLRS reaktiv yaylım atəşi sistemləri cəlb olunub.
Təlim planına müasir hava hücumundan müdafiə sisteminin məhv edilməsi və möhkəmləndirilmiş yeraltı qurğuların dağıdılması da daxil olmaqla İrandakı hədəflərə zərbələrin endirilməsinin məşq edilməsi daxil idi. İran nüvə proqramını sürətlə inkişaf etdirir və bu, çox böyük narahatlıq yaradır. İsrailin yeni hökuməti bəyan edib ki, heç bir halda İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər. İranın nüvə silahı əldə etməsinin qarşısının alınması prezident Co Baydenin də prinsipial mövqeyidir.
Təlimlər ABŞ-ın Yaxın Şərqə böyük zərbə qüvvələrini sürətlə yerləşdirmək qabiliyyətini nümayiş etdirir. ABŞ bununla İrana mesaj verir ki, Bayden administrasiyasının əsas diqqətinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəldiyi bir şəraitdə İran yaranmış vəziyyəti yanlış qiymətləndirməməlidir. Adının açıqlanmasını istəməyən ABŞ hərbçisi deyib ki, biz burada nə ediriksə, istənilən regionda təkrarlaya bilərik: "Bütün rəqiblərimiz bundan dərs çıxarmalıdır".
İran isə Rusiya ilə hərbi işbirliyi çərçivəsində Moskvadan yeni silah və texnologiyalar almağa çalışır. Bundan başqa, Qərb mətbuatında yer alan bir xəbərə görə, İranın uran ehtiyatlarını ballistik raketə yerləşdirilə bilən döyüş başlığı yaratmaq üçün tələb olunan 90 faiz səviyyəsinə qədər zənginləşdirməyə cəmi bir neçə həftə qalıb. Əgər bu məlumat təsdiqini taparsa, yaxın bir neçə həftə ərzində İrana qarşı hərbi əməliyyatlar keçirilə bilər. İstisna deyil ki, nüvə silahı daşıya bilən bombardmançı təyyarələrin iştirakı ilə keçirilən "Juniper Oak 2023" hərbi təlimləri İranın nüvə proqramını dayandırmaq üçün keçiriləcək hərbi əməliyyatların baş məşqi idi.
Siyasi təhlilçilər isə hesab edirlər ki, İranda daxili sabitliyin pozulduğu, rejimə qarşı güzəştsiz mübarizənin başladığı bir zamanda xarici hərbi müdaxilə teokratik rejim üçün fəlakətli olacaq.