525.Az

Sözün işığı və İşığa doğru uzanan yol - Nəriman Həsənzadə yazır


 

Sözün işığı və İşığa doğru uzanan yol - <b style="color:red"> Nəriman Həsənzadə yazır</b>

Hörmətli Əkbər Qoşalı qardaşım, siz şərəfli 50 yaşınıza ədəbi yaradıcılığınızın və ictimai fəaliyyətinizin halal nüfuz qazandığı bir vaxtda qədəm qoyursunuz.

Bir növ "Seçilmiş əsərlər" təsiri bağışlayan "Ürək daşı" adlı kitabınızdakı şeirləri məmnuniyyətlə oxudum, bizim sonuncu Yazıçılar Qurultayında müasir poeziyamız barədə məruzəçi gözəl şairimiz İbrahim İlyaslının əhatəli ön sözünü də maraqla izlədim. Bütün bunlardan savayı, Şuşa haqqında yazdığınız şeirləri, poemaları diqqətlə nəzərdən keçirən görkəmli tənqidçimiz Vaqif Yusiflinin Türk dünyası ilə sizin geniş yaradıcılıq əlaqələrinizə həsr etdiyi həcmli təhlil də bu fikri hallandırır ki, Sizin türkçülüyünüz və bütün yaradıcılığınız ədəbi hadisədir. Həm şəxsi, həm də ədəbi əlaqələriniz barədə deyilənlər, əlbəttə, məni sevindirir.

Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri başqanı kimi, ədəbi-ictimai-siyasi hərəkata rəhbərlik edirsiniz. Qardaş türk ölkələrinin dünyada türk həmrəyliyini elan etdiyi bir vaxtda, bu ədəbi-ictimai fəaliyyətiniz, yəqin ki, böyük məna kəsb edir.

Qazax yazıçısı Rəhimcan Otarbayevin Bakıda nəşr etdirdiyiniz "Baş" romanının həm redaktoru, həm də ön sözün müəllifi olmağınız da yuxarıda dediyim mənada "sözsüz" təqdirəlayiqdir.

Əkbər, mən sizi, sizin şeir yaradıcılığınızı heç kəslə müqayisə etmək fikrində deyiləm. Hərçənd, deyirlər ki, hər şey müqayisədə görünür. Müqayisəsiz görünürsə, buna ehtiyac varmı? Görünən dağa nə bələdçi?

Bu dünya köhnə dünyadı, siz onu təzə görə bilirsiniz, buna inandığınız üçün də oxucunu inandıra bilirsiniz. Məncə, bu, təbiidir. İstedadın gözü görür, qulağı eşidir, qəlbi də duyur.

"Türkçülüyüm tutdu yenə" deyirsiniz. Bu, şairin ilhamlı çağıdır. Rəssama and verir ki, "Sən fırçan!" incimə, sənin odandan heç bir şey götürmədik. "Fırça" burada təkcə kolorit xatirinə deyil, and yeri kimi Tanrı əvəzi işlədilir.

"...Bəlkə gözümüzdə,

könlümüzdə,

götürmüşük nəyisə, -

o dağınıq adamın sənətçi nizamından".

Başqa bir şeirində and yeri kimi "Daşkənd eşqinə", "Babək deyən bir cüt qolun eşqinə", "Xətainin başladığı ulu yolun eşqinə", "...Turan adlı acunun eşqinə" və başqa bu kimi tərkiblər işlədirsiniz. "Ömür deməm ömürə", "Ömür dedim ölümə!" deyə poetik manifestinizi elan edirsiniz.

Baxma, hər ölünü bir qoşun aparır,

kim dünyadan nə götürür?

Qoy desinlər, bir şair

dünyadan qurşun aparır.

 "Elitar mədəniyyət xüsusi qabiliyyəti olan və maariflənmiş azlıq üçündür" deyən bir Avropa kulturoloqundan fərqli olaraq, böyük italyan filosofu və tarixçisi Benedetto Kroçe bunu "İnsanın işığa doğru uzanan fasiləsiz yolu" kimi qiymətləndirir və əlavə edir ki: "Poeziya kainatın vəznini (ritmini) duymaqdırsa, fikir onu sistemə salmaqdır".

Qoşmalarınız, gəraylılarınız, təcnisləriniz də şairin geniş dünyagörüşünün, həyat müşahidələrinin nəticəsi kimi qiymətlidir. Şeirin  dili rəvandı, ağızda saitlər samitlərə qarışmır, həcmcə qısa və yaddaqalandır.

 

"Ömrüm uzun çəkmədi,

kasıb gülüşü kimi"

 

"Qızlar yanmı çəkdi yanaqların, -

biz niyə əyilib əlindən öpdük?!"

 

"Bir göz var, istədim baxıb yaşayım,

qoydular üz-üzə baxtımnan məni".

 

"Nə iş görürəm, soruşma,

işim özümlə davadı".

 

"Alnımı oxuyammadım,

alnı belə qırışammı?!"

Müxtəlif şeirlərdən götürdüyüm uzun-qısa bu misralar mənə bol məhsul gətirmiş ağaclarda bəhrəsinin ağırlığından əyilən nazik budaqları xatırladır.

Sizin göz açıb yaşadığınız mühit - Tovuz tərəflər həmişə saz-söz sahibləri ilə məşhur olmuş, seçilmişdir. İndi də belədir. Mülkülü şair Həsən kişini mən yaxşı tanıyırdım. Bizim Vağzal Poyluda meşəbəyi işləyirdi. Onun sazı, şeiri, sözü həmişə məni heyran etmişdi. Sonralar Mikayıl Azaflı, Şəmşad Rza, Məstan Əliyev, Məmməd İsmayıl, Zirəddin Qafarlı, Məzahir Hüseynzadə kimilər şeirimizi-sözümüzü şərəfləndirdi.

Belə bir tarixi şeir-sənət ocağında görünmək özü istedaddır (təkcə istedadmı?). Gəraylıların birində həyatın ziddiyyətlərini, qaranlıq döngələrini görür, göstərir və şükür eləyirsiniz. Çünki inanır və inandırırsınız ki, insan, onun gözəgörünməyən gücü yenilməzdir.

Şeirlərinizin əsas leytmotivi məhək daşı, ad seçdiyiniz "Ürək daşı" məhz budur.

Bu əbədiyyəti eşqlə, qürurla qələmə alır və yanılmırsınız.

Dizim yerə gələn vaxtı

güc gələn qeyrətə şükür.

Nur üzə hər gün təzədən

yaranan heyrətə şükür.

 

Ömür - durmur, axarında,

ölüm - bəlkə də yaxında.

Danışmağa söz qalıbsa,

şairə və şeirə şükür.

 Hörmətli qələm dostum, bənzərsiz şeirlərinizdə müşahidə etdiyim bir yaradıcılıq sirrini də (sirr demək mümkünsə) yeri gəlmişkən qeyd etmək istərdim: istifadə etdiyiniz bir ədəbi növ və janrda, müxtəlif növ və janrların elementlərini işlədirsiniz. Beləliklə də, ifadə etmək istənən poetik ümumiləşdirmələrə nail olursunuz.

Təbiidir ki, söhbət sənətkardan gedirsə, o, heç vaxt fəlsəfi-estetik cərəyanların məhdud çərçivəsinə sığa bilməz, əksinə, özüylə yeni bir fəlsəfi dünyagörüş, ədəbi növ və janr, üslub, yeni təfəkkür tərzi və sairə gətirir. Bəzən özü bütöv bir ədəbi-fəlsəfi mərhələyə çevrilir.

Sizə yeni üfüqlər!

 

 





30.01.2023    çap et  çap et