525.Az

Müasir Azərbaycan modeli ümummilli maraqlar kontekstində - Fəxriyyə Lilpar yazır


 

Müasir Azərbaycan modeli ümummilli maraqlar kontekstində - <b style="color:red"> Fəxriyyə Lilpar yazır</b>

"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir".
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmaq, erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etmək bu gün hər bir azərbaycanlının vəzifə və vətəndaşlıq borcudur. 44 günlük Zəfər tarixi yaşayan "Hər birimiz qarabağlıyıq" şüarı ilə dünyaya "Biz birlikdə güclüyük" vəhdətini nümayiş etdirən xalq yalnız belə bir mövqe nümayiş etdirə bilər. Coğrafi xəritəni erməni kimi mənfur bir qonşu ilə paylaşmaq qisməti yaşayan xalqımız bu gün məhz Qərbi Azərbaycan məsələsini ümummilli məsələ kimi təhlil etmək zərurəti ilə üz-üzədir. Halbuki bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə təkcə İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. Və Qərbi Azərbaycan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Lakin əfsuslar olsun ki, son illər bu ərazidə məhz bizə məxsus bu zəngin xəzinənin - abidələrin, vandalizm aktına məruz qalmasının şahidi oluruq.   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb".

Bütün bunlar onu deməyə əsas verir ki, bizim hər birimiz çağdaş Azərbaycanın inkişafı və dayanıqlılığı yönündə görüləcək işlərdə böyük məsuliyyətlə iştirak etməliyik.

Öncəliklə qarşımızda duran ən mühüm məsələlər - milli-mənəvi dəyərlərimizə, qədim tarixi irsimizə aid materialları toplayıb ortaya qoymaq, bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırılması məsələsində yaxından iştirak etmək, beynəlxalq hüquq müstəvisində layiqli qiymətinin almasına nail olmaqdır. O cümlədən, Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşması üzrə müvafiq tədbirlər həyata keçirmək də vacib məsələlərdəndir. Tarixi-etnoqrafiq çaplı çoxsaylı kitabların çapı, elektron versiyada reallaşması, bədii-sənədli filmlərin hazırlanıb dünya mətbuatında yayımlanması, Avropa və Yaxın Şərq, MDB  ölkələrinin elm adamalrını, yaradıcı ziyalılarını Qərbi Azərbaycan reallıqları barədə məlumatlandırmaq, onlarda real təsəvvür formalaşmasına nail olmaq bu yöndə görüləcək ən ümdə məsələlərdəndir.  Bu işlərin, tədbirlərin silsilə şəklində həyata keçirilməsi ümumxalq missiyası olmalıdır.

Bu gün əslən Qərbi Azərbaycandan olan gənc soydaşlarımız var. Biz inanırıq ki, çox yaxın gələcəkdə onlar öz ata-babalarının  dilindən duyduqları o şirin xatirələrin bir gün reallaşmasını, onların dədə-baba ocaqlarının istisinə qızınmasını gələcəyin ən işıqlı günləri kimi yaşayacaqlar.

 

 





31.01.2023    çap et  çap et