525.Az

İran bütün enerjisini bu hadisənin terror aktı kimi qiymətləndirilməməsinə yönəldib - Sosial şəbəkədə yazılanlar


 

İran bütün enerjisini bu hadisənin terror aktı kimi qiymətləndirilməməsinə yönəldib - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Etibar Əliyev, millət vəkili:

- DOKTOR CAVAD HEYƏTİN ŞƏHRİYAR BARƏDƏ DEDİKLƏRİ VƏ "HEYDƏRBABAYA SALAM" ŞEİRİNİN TARİXÇƏSİ

"Şəhriyar mənim çox yaxın dostum idi, onu Təbrizdən Tehrana gətirmişəm, gəlib altı ay bizdə ailəsi ilə qalıb. Orada biz türk və fars dillərində ikidilli ədəbi məhvil yaratmışdıq. O, bizim müasir türk dünyasının ən böyük şairlərindəndir.

Bir gün şahın xanımı kraliça Fərəh köməkçisini onun yanına göndərmişdi. Kraliça köməkçisindən Şəhriyara çoxlu salam və belə bir sifariş göndərmişdi: "Mən razı deyiləm ki, Şəhriyar ailəsi ilə doktor Cavad Heyətin evində daimi qalsın və onlara zəhmət versin. Mən istəyirəm Ustad icazə versin, ona Tehranda bir ev alım və ailəsi ilə o evə köçsün". Ustad Şəhriyarsa bunun əvəzində salamını kraliçaya çatdırmağı xahiş etdi: "Kraliçaya deyin ki, çox sağ olsun. Mənim evə ehtiyacım yoxdur. Kraliça öz lütfünü göstərmək istəyirsə, göstəriş versin, mənim "Divan"ım türkcə də basılsın. O kitabın satışından özümə ev də ala bilərəm". Mən buna şahidəm ki, kraliça ustadın xahişinə əməl etmişdi.

Şəhriyar əvvəllər farsca yazırdı. Onun türkcə şeir yazmasına anası səbəb oldu. Bir gün Şəhriyar farsca yazdığı bir şeirini evdə anasına oxuyur, anası heç nə demir. Amma əvvəllər Şəhriyar yazdığı şeiri anasına oxuyanda o, çox sevinərdi. Anasından xəstə olub-olmadığını soruşur. Anası farsca xəstə olmadığını söyləyir. Şəhriyar bu cavaba çaşıb-qalır. Anası evdə farsca danışırdı! Özünü tanıdığı gündən bəri evdə hər kəs türkcə danışırdı.

Şəhriyar heyrətlə anasından soruşur: "Ana, sən nə üçün farsca danışdın?" Anası Şəhriyara cavab verir ki, sən türkcə şeir yazmırsan ki, mən də sənə türkcə cavab verəm.

Şəhriyar öz-özünə söz verir ki, daha bundan sonra türkcə yazacağam. Elə həmin gün ilk türkcə şerini - "Heydərbabaya salam"ı yazmağa başlayır.

Mən Şəhriyarı çox sevərdim. Onunla 60 il dost olmuşam".

 

Samir Feyruzov, jurnalist:

- Səfirliyimizə edilən hücum terror hadisəsidir. Bu, müzakirə oluna bilməz. İran isə səfirliyimizə edilən hücumun məişət məsələsi olduğunu sübut etməyə çalışır.

Niyə? Çünki əgər İranın bu hadisəni terror kimi qiymətləndirsə, o zaman avtomatik şəkildə iki mühüm öhdəliyi yerinə yetirməli olacaq:

1. Azərbaycandan rəsmi şəkildə üzr istəyəcək.

2. Azərbaycanın hər hansı bir tələbini qeyd-şərtsiz yerinə yetirməli olacaq.

Bu istiqamətdə dünyada xeyli sayda praktiki nümunələr də var, onların hamısını bir-bir saymaq istəmirəm.

İran mediasına tapşırıq verilib ki, bu hadisə ilə bağlı heç kəs terror ifadəsi işlətməsin və baş verən bu olayı ailə münaqişəsinin nəticəsi kimi qiymətləndirib məsuliyyəti öz üzərlərindən atsınlar. Hazırda İran bütün enerjisini bu işin terror hadisəsi kimi qiymətləndirilməməsinə yönəldib.

Hadisə ilə bağlı İranda xüsusi və yeni istintaq komissiyası yaradılmalı, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları komissiyasının tərkibinə daxil edilməlidirlər.

Belə olmayacaqsa, bu o deməkdir ki, İran həm də baş verən terror hadisəsinin obyektiv şəkildə araşdırılmasının və sifarişçilərin aşkarlanmasının əleyhinədir.

Hazırda haqlı durumdayıq, hansısa məntiqsiz addımlarla özümüzü haqsız duruma sala bilmərik. Hadisənin terror kimi dəyərləndirilməsi qlobal şəkil almalıdır, bunun üçün beynəlxalq konvensiyalar da mövcuddur. Ən nəhayət, İran qarşısında tələblərimizin yerinə yetirilməsinə nail olmalıyıq.

 

Elxan Şahinoğlu, politoloq:

- İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Tel-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır. Bu iki amil İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfəri ərəfəsinə təsadüf edib. Böyük ehtimalla, bu zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib.

İsrail Təbriz yaxınlığındakı dron zavodunu, İsfahandakı hərbi müəssisəni və Malard şəhərindəki hərbi təchizat anbarını vurub. Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq. İsrail İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq.

 

Cəmaləddin Quliyev, jurnalist:

- "İran Azərbaycanı özünə birləşdirmək istəyir" - Məşhur nəşr Tehranın gizli planı haqda "İranda səfirliyimizə qarşı teraktın arxasında nələr durur?" sualı hər kəsi maraqlandırır. Çoxlu motivlər sadalamaq, iddiaları arqumentləşdirmək, uzun-uzadı izahedici fikirlər səsləndirmək olar. Amma mövzunun qısa izahını, fikrimizcə, "Asharq al-Awsat"da (Əş-şarq-əl-ausat) bir müddət əvvəl getmiş yazı təqdim edir.

Müəllif yazır ki, İranın Qafqaz siyasəti İslam və şiə həmrəyliyi haqda rəsmi doktrinasına ziddir, Tehran tarixdə uydurduqları Böyük Fars imperiyasını (Persiya) bərpa edərək Cənubi Qafqaz ölkələrini, xüsusən Azərbaycanı yenidən o imperiyanın tərkibində görmək istəyir.

Müəllifə görə, teokratik rejim üçün çətin bir dilemma var. Bütün dünyada İslamı və müsəlmanları dəstəklədiyini və "qaib İmam Mehdinin gözlənilən qayıdışı"na hazırlıq naminə şiələrə rəhbərlik etdiyini iddia edən İslam Respublikası rejimi əslində xristian Ermənistan dövləti ilə birlikdə şiəliyə qarşı mübarizə aparır. Qarabağ münaqişəsində əhalisinin əksəriyyəti müsəlman-şiə olan Azərbaycana deyil, fundamentalist xristian dəyərlərinə istinad edən Ermənistana kömək edir. Bu baxımdan, əslində Ermənistan və İran bir-birinə daha yaxındır: biri xristian, digər islam fundamentalizminə istinad edir.

Qarşıdurma başlayandan bəri ölkəsində azəri türk əhalisinin 25 faiz civarında (əslində bu göstərici daha yüksəkdir - C.Q.) olmasına və rejim lideri Əli Xameneinin özünün azəri olmasına baxmayaraq, İran Ermənistanın tərəfindədir. Bu, azərilərin şiə İrandan daha çox sünni Türkiyəyə yaxın görünməsinə səbəb olan mürəkkəb tarixi və mədəni amillərlə bağlıdır. Xamenei etnik mənsubiyyətinə rəğmən, kürdlər, türkmənlər və digər azlıqlar kimi, Güney Azərbaycan türklərini təcrid etməkdə, dilini və adət-ənənələrini rədd etməkdə davam etdi.

İran həmişə müstəqil (Şimali) Azərbaycan Respublikasına itirilmiş ərazi kimi baxıb, rejimin rəsmi diskrusuna görə, tarixi, mədəni və dini keçmişi baxımından bu ərazi ya İranın bir hissəsi olmalı, ya da ən azı onun təsir dairəsinin bir hissəsi olmalıdır.

Müəllif bu yanaşmanı Rusiyanın Ukraynaya baxışı ilə müqayisə edir - Yolunu azmış, amma bir gün "özünə dönəcək" vətənin bir hissəsi. Buna görə də həm İran, həm də Rusiya Türkiyə və ya Qərblə ittifaqda olan Azərbaycan və Ukraynanın dirçəlib güclənməsindənsə, zəif Azərbaycan və Ukraynaya üstünlük verirlər. Ermənistan bu yanaşmada İranın və Rusiyanın alətidir.

 

Aqşin Kərimov, jurnalist:

- İran yalan üyüdür: Hadisənin baş verdiyi məkan cinayətin motivini izah edir

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra İran mediası hadisənin motivlərini azdırmaq üçün yarış keçirir.

Uzun-uzadı sitatlar və başlıqlardan çıxarışlar vermək lazım deyil, sadəcə monitorinqlə İranın qənaətləri barədə xeyli geniş təəssürat yaranır.

Birinci, elə hadisə olan gün İran televiziyaları hadisəni törədən şəxsdən müsahibə almaq üçün sıraya durdular. Hərçənd ki, istintaq altında olan birinə belə şəraitin yaradılması hüquq baxımından da başadüşülən deyil.

İkinci, İran televiziyalarının ali rəhbərlikdən aldıqları missiyanın tamamlanmasını onlayn media resurları gerçəkləşdirir.

İranın əsas məqsədi diqqəti terror aktından yayındırmaq və öz kəşfiyyatının planlı hərəkətlərinə don geyindirməkdir. İranda istər rəsmi, istərsə də qeyri-rəsmi platformalardan tirajlanan "hadisə məişət zəminində olub" məlumatları Tehranın uydurma arqumentləri dövriyyədə saxladığının bariz nümunəsidir.

Fərz edək ki, hadisə terror aktı deyil və qəsdən adam öldürmək maddəsinə daha yaxındır, amma bu da cinayət faktıdır, özü də ağır.

Bu cinayətə görə isə, məsuliyyət İranın üzərindədir, indi nə dəxli var ki, hadisənin motivi nədir.

Hərçənd ki, videolara nəzər yetirəndə hadisənin bir şəxsin qisas almaq niyyətindən uzaq olduğu görünür. Əlində avtomat olan şəxsin planlı hərəkət sxemi ilə davrandığını görmək elə də çətin deyil.

Hadisənin planlı həyata keçirilməsini cinayətin baş verdiyi məkan da izah edir. Əli silahlı şəxs yüksək səviyyədə qorunan ərazidə neçə dəfə var-gəl edib Azərbaycan səfirliyini hədəfə alandan sonra ərazidə heç bir gücləndirici tədbirlər görülmür.

İran Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətinə qarşı çıxış etməkdə davam edir və baş verən hadisə həmin motivin kəşfiyyat səhnəsindəki tamaşasıdır.

İran etibarlı dövlət deyil. Tehran Azərbaycanın genişlənən əlaqələrinə, onun regionun konfiqurasiyasını qurmaq qabiliyyətinə qısqanc yanaşmağa davam edəcək.

Azərbaycan isə pərdəarxasında mühüm danışıqlar aparır, strateji təmkinlə adekvat həmlənin sərhədlərini təhlil edərək zəruri tədbirlərin miqyasını müəyyən edir.

 

Yadigar Sadıqlı, ictimai fəal: 

- Azərbaycanın İrandakı səfirliyinə hücumun məhz bu gün baş verməsi təsadüfi olmaya bilər.

1973-cü yanvarın 27-də Osmanlı doğumlu, ABŞ-ın Santa-Barbara şəhərində yaşayan 77 yaşlı Gürgen Yanikyan daha əvvəl əlaqə saxlayıb görüşə dəvət etdiyi Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və vitse-konsul Bahadır Dəmiri odlu silahla qətlə yetirib.

Bu hadisə sonralar ASALA terror təşkilatının yaranmasına vəsilə olub. Hətta təşkilatın ilk adı "Gürgen Yanikyan qrupu" idi.

Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin.

 

 

 





31.01.2023    çap et  çap et