525.Az

Dünya bir az da maraqsız oldu... - Şahanə Müşfiq yazır


 

MƏMLƏKƏTİN ƏN MARAQLI ADAMLARINDAN OLAN AYDIN ÇAYKOVSKİNİ İTİRDİK

Dünya bir az da maraqsız oldu... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

"Səni bu dünyadan hansı "svarka"yla kəsib qoparıblar, Aydın kişi?

Səni o dünyaya hansı musiqiylə "yapışdıracaqlar?" - deyə sual etmişdi ona Qulu Ağsəs hələ ta 2001-ci ildə...

Üstündən düz 22 il keçəndən sonra - soyuq yanvarın 17-ci günündə həmin Aydın kişini o dünyaya yola saldılar. Amma bilmirəm hansı musiqiylə. Soruşmağı unutdum.

Gərçi, bilsəm, nə fərqi... Əsas olan odur ki, aramızdan ayrılıb çoxlarının Çaykovski kimi tanıdığı, musiqi sevgisi və biliyiylə yaddaşlara həkk olan Aydın Əliyev.

lll

1935-ci ildə Füzulidə dünyaya gələn Aydın Əliyev adi qaynaqçı idi. Amma onun bu adiliyində nəhəngdən nəhəng, musiqi boyda qeyri-adilik vardı. Çünki o, təhsilsiz alim idi... Musiqi alimi... Bethovendən tutmuş, Çaykovskiyə, Üzeyir Hacıbəyova, Fikrət Əmirova qədər böyük bəstəkarların əsərlərini, muğamlarımızı sevər, sevməklə qalmaz, hətta əzbərdən ağzında ifa da edərmiş. Bunu mən demirəm, mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadə yazır özünün Aydın Əliyevə həsr etdiyi "Duymaq, anlamaq!" məqaləsində:

"- Çaykovskinin hansı əsərini daha çox sevirsiniz?

- Amerika pianoçusu Van Klibernin ifasında Birinci konsertini - deyib həmən əsəri əvvəldən axıra qədər ağzında çaldı".

Şair onu da yazır ki, Aydın Əliyevə bu musiqi sevgisi 1945-ci ildə müharibəyə gedib qayıtmayan atasından miras qalıb. Atasını son dəfə 6 yaşında görən Aydın isə bu mirasa gözü kimi baxıb, onu daha da böyüdüb, inkişaf etdirib. Axırda da olub qaynaqçı Aydın Çaykovski...

O Aydın Çaykovski ki, onun qeyri-adi musiqi sevgisinə böyük imzalar məqalələr, hekayələr, şeirlər həsr etdilər. Onlardan biri də "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs idi. Qulu müəllim özünün "Qaynaqçı" hekayəsinin qəhrəmanı Aydınla tanışlığını belə xatırlayır: "1996-cı ildə Azərbaycan Televiziyasında "Yol" proqramı üçün biz maraqlı sujetlər tapırdıq. Veriliş hər efirə gedəndə tamaşaçılar bizdən - ssenarist qrupundan maraqlı sujetlər gözləyirdi. Bununla "Yol" proqramı qısa vaxtda teleməkanın ən maraqlı verilişi olmuşdu.

Bir gün tale bizim rastımıza axtardığımız növbəti qəhrəmanı çıxartdı. Bu adam sıradan bir qaynaqçı idi. Amma klassik musiqini əzbərdən bilirdi. Həmin vaxt bir villada işləyirdi. Gedib elə onu iş yerində, qaynaq edərkən danışdırdıq. Orada işləyənlərdən biri ev sahibinə xəbər elədi. Ev sahibi gəlib bizi qeyri-qanuni çəkilişdə günahlandırdı, bizə mane oldu. Biz də həmin qaynaqçını yenidən başqa yerdə çəkə bildik. Həmin qaynaqçı musiqişünasın adı Aydın idi. Biz isə onu Aydın Çaykovski deyə tanıyırdıq. Sonradan öyrəndik ki, soyadı Əliyevdir. Beləcə bizim Aydın Əliyevlə tanışlığımız yarandı. O, dərhal diqqətimi çəkdi. Onun haqqındakı sujetdən başqa, bizim ikilikdə də musiqiylə bağlı söhbətlərimiz çox oldu. Və mən bu adamı unuda bilmədim. Təxminən üstündən beş il keçəndən sonra birdən birə Aydın Çaykovski haqqında hekayə yazmaq qərarına gəldim və "Qaynaqçı" hekayəm yarandı. Aydın müəllim bundan xəbər tutdu və mənlə görüşə gəldi. Sumqayıtdan gəlmişdi. Özüylə bir vedrə mənimçün yığdığı meyvələrdən gətirmişdi. Bu adam öz hərəkətiylə adını növbəti dəfə yaddaşımın bir küncünə həkk elədi. Bakının mərkəzində yerləşən redaksiyaya Sumqayıtdan bir vedrə meyvə gətirmək redaksiyadakı hamının ürəyindən olmuşdu, təbəssümlə qarşılanmışdı. Hətta işçilərdən biri zarafatla dedi ki, Qulu müəllim payı vedrəylə alır.

Sonra bu hekayənin qəhrəmanıyla bizim əlaqələrimiz itdi, uzun müddət görüşmədik, bir-birimizdən xəbər tutmadıq. 2019-cu ildə birdən birə "Ulduz" jurnalının redaksiyasının qapısı açıldı və bir nəfər içəri girdi. Özünü təqdim edəndə dedi ki, mən Aydın Çaykovskiyəm. O görüşdə biz onunla şəkil çəkdirdik və mən o şəkli sosial şəbəkədə paylaşıb yazdım ki, 18 il sonra hekayənin qəhrəmanı peyda ola, gəlib sənlə görüşə. Oturasız bir otaqda, bir-birinizə baxasız. Susasız...susasız...

Bu günlərdə Aydın Əliyevin nəvəsi Lalə xanım həmin şəkli mənə göndərib yazdı ki, o, artıq yoxdur. Mənsə, Lalə xanıma demək istəyirəm ki, Aydın müəllim yox deyil. Ən azı hər dəfə Çaykovskinin adı çəkiləndə ona o təxəllüsü verən adamlar yaşadıqca, Aydın müəllim də var olacaq. Hər Çaykovskinin adı gələndə biz onu xatırlayacağıq.

Aydın Çaykovski maraqlı adamlar seriyasındandır. Çox təəssüf ki, Azərbaycanda bu seriya mənasız, maraqsız seriyalara uduzmaqda və başa çatmaqdadır".

Yazıçı Seyran Səxavət isə Aydınla son dəfə dekabrın 20-sində görüşmək fürsəti tapsa da, mərhumun səhhətindəki problemlərə görə bu, baş tutmayıb: "Biz Aydınla yerliyik. O, çox məşhur dəmirçi idi. Dəmirlə möcüzələr yaradırdı. Ona "Çaykovski Aydın" deyirdilər. Bütün Füzuli camaatı bilirdi ki, Aydın Çaykovskinin musiqisinə qulaq asır. Çaykovskidən başqa, məşhur Qərb, Avropa bəstəkarlarının əsərlərinə və muğama qulaq asırdı. Tutaq ki, Şopenə də qulaq asırdı, Yaqub Məmmədovun "Mirzə Hüseyn segahı"na da. Bu adamın istedadlı dinləyicisi kimi ərazisi çox möhtəşəm, ərazisinin relyefi isə çox rəngarəng idi...

O vaxt mən Füzulidə olmamışam, deyəsən, xaricdə işləyirdim. Əgər olsaydım, yəqin mən də o tədbirdə olardım. Danışırdılar ki, Bəxtiyar Vahabzadə Füzuliyə gəlir və ona Aydın Çaykovski haqqında məlumat verirlər. Bəxtiyar müəllim də bu cür tapıntıları sevən adam idi, xahiş edir ki, onları görüşdürsünlər. Beləcə onlar görüşürlər, bir neçə saat poeziyadan, musiqidən, mədəniyyətdən, dünyanın gərdişindən, dünəndən, bu gündən danışıb, söhbətləşirlər. Və Bəxtiyar müəllim qayıtdıqdan sonra dəmirçi Aydın haqqında böyük bir məqalə yazmışdı.

Keçən ay, yəni dekabrın 20-də Sumqayıt Regional Mədəniyyət İdarəsi Əli Kərim adına Poeziya evində mənimlə görüş keçirdi. Məclisin gedişatında bir nəfər gəldi mənə dedi ki, Seyran müəllim, Aydın Çaykovski sizə salam deyir, burdadır, tədbirdə iştirak edir. Dedim ki, ona deyin, məclis qurtarandan sonra görüşək. Sonra ağrıyıbmı, səhhətində nəsə narahatlıqmı olub, mənə bildirməyib, məclis qurtaranda soruşdum, dedilər ki, 20 dəqiqə qabaq çıxıb gedib. Yəni biz onunla dekabrın 20-də son dəfə görüşə bilərdik, amma qismət olmadı".

Aydın Əliyevin qızı Qəmər xanım deyir ki, onun musiqi sevgisi ta uşaqlıqdan övladlarına sirayət edib: "Biz uşaqlıqdan gözümüzü açıb evdə bizə aid oyuncaqlar yerinə, onun plastinkalarını görürdük. Onun böyük şəxsiyyətlərlə tanışlığı, dostluğu vardı. Bəziləri evimizə də gəliblər. Maestro Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Bəxtiyar Vahabzadə, İslam Rzayev kimi böyük şəxsiyyətlərlə dostluq münasibəti vardı. Bir dəfə məni Bəxtiyar müəllimgilə də aparmışdı. Ağlımız kəsəndən atamın musiqi sevgisinə şahid olmuşuq. Əsasən də simfonik musiqiyə qulaq asırdı.

O vaxt Füzuliyə xaricdən qonaqlar gələndə yadımdadır ki, İcra Hakimiyyətindən atamı çağırardılar ki, qonaqlarla söhbət eləsin. Çünki ali təhsili olmasa da, yüksək musiqi savadı, biliyi vardı. Qonaqlarla çox yaxşı həmsöhbət olurdu.

Uşaqlığı çox çətin keçib. Atası İkinci Dünya müharibəsində həlak olmuşdu. Anası iki uşağı ağır şərtlər altında böyüdüb. Çox yoxsulluq, çətinlik çəkiblər. Biz ailədə beş uşağıq, böyük qardaşımız rəhmətə gedib. Əlindən gələni edirdi ki, bizimçün nəsə eləsin, bizə ali savad versin. Amma bizim də gəncliyimiz Qarabağ müharibəsinə, ölkənin qarışıq dövrünə düşdü, ona görə biz də ali təhsil ala bilmədik. Buna baxmayaraq, atamın musiqi həvəsi, sevgisi bizə də keçib. Biz də onun kimi musiqini, mütaliəni, ədəbiyyatı, poeziyanı çox sevirik. Demək olar ki, hamımız onun kimi musiqini yaxşı bilirik.

Onun haqqında çox məqalələr, hekayələr yazılıb. Qulu Ağsəsin də onun haqqında yazdığı hekayəsindən danışanda deyirdi ki, Qulu mənim haqqımda çox şey bilir, çox məlumatlıdır.

Atam həyata çox bağlı idi. Deyirdi ki, həyatın bu gözəlliklərini qoyub getmək istəmirəm. Heç vaxt ölüm söhbətini yaxınına buraxmırdı. Amma taleyin yazısı belədir. Atam yanvarın 17-si səhər saatlarında dünyasını dəyişdi". 

Nəvəsi Lalə xanım isə bizimlə babası Aydınla bağlı çox maraqlı faktları bölüşdü: "Bildiyim qədəriylə, babam o vaxt Konservatoriyaya qəbul olur. Burada oxuyarkən o, simli alətlərdə çalmağı öyrənir, yaxşı təhsil alır. Bu müddətdə bir qızla bir-birini sevirlər. Lakin babam 3-cü kursda oxuyanda niyəsə münasibətləri alınmır və ayrılırlar. Bu ayrılıq babama çox pis təsir edir. O da Bakıda təhsilini atıb, rayona qayıdır, burada qaynaqçı işləməyə başlayır.

Babamgil Füzulidə İslam Rzayevin xalasıgillə qonşu imişlər. Onların uşaqlıqları birlikdə keçib, yaxşı dost olublar. Sonra əsgərlik vaxtı qarşılaşıblar. Hərbi xidmətdən sonra hərəsi bir rayona göndərilir, ordan da məktublaşmağa davam edirlər. Babam məktubları illərlə saxlayır, lakin təəssüf ki, Füzuli işğal olunanda o məktublar orda qalır, götürə bilmir.

Babamın məktublaşdığı məşhurlardan biri də Bəxtiyar Vahabzadə idi. Babam ona yazdığı bir məktubunun sonunda nöqtələr qoyubmuş. Şair də o nöqtələrlə bağlı belə bir şeir yazır və o şeiri kitabında çap elətdirir:

Məktubunu oxuyuram

Cümlələrin sonundakı

nöqtələr

Açıq-aydın fikirlərin

Qapısını cəftələr

keçər günlər, həftələr,

Nöqtələrin arasında gizlənən

Mənaları, mətləbləri,

Minbir yerə yozaram,

Eyhamların

qat-qarışıq ormanında azaram..."

Yazımızın sonunda mərhum Aydın Əliyevi öz sözləriylə yad etmək yerinə düşərdi:

"Ey muğam! Həmişə mən səni dinləmişəm indi növbə sənindir, yaşım xeyli ötsə də, bu dünyadan doyub, qocala bilmədim. Talehimə əbədi gənclik yazdın. Belələri üçün ölüm dəhşətli olur, lənət yağdırılan şeytana bir almaya görə aldanıb tapdığımız muğamlı bu gözəl dünyanı belə də qoyub getməyə adamın paxıllığı tutur. Yaşayanlara, muğam dinləyənlərə eşq olsun".

Bəli, o sevdiyi dünyadan qopmaq istəmirdi. Bəs ölüm doğrudanmı dünyadan qopmaqdır? Əgər bu gün də, sabah da... Aydın Çaykovskini tanıyan, onun musiqi sevgisini eşidən, bilən son insan qalana qədər o da bu dünyada var olacaq!

Allah rəhmət eləsin!

 





31.01.2023    çap et  çap et