525.Az

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində görüş


 

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində görüş<b style="color:red"></b>


“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva müəllim peşəsinə yiyələnən gənclərin mühüm bir missiya daşıyıcısı olduğunu bildirib. İdarə müdiri tələbə kimi hərtərəfli seçimlərdən keçərək ümumi təhsil müəssisələrinə dəstək işini üzərinə götürməyin səmimi istək və vətənpərvərlik göstəricisi olduğunu deyib. Məktəblərdə şagirdlərə bilik verilməklə yanaşı, onlarda müəyyən bacarıqların formalaşmasına nail olmağın vacibliyindən danışan Mehriban Vəliyeva universitet-məktəb arasında qarşılıqlı əlaqənin müsbət nəticələrinin olacağına inamını ifadə edib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva isə layihənin məqsədindən, məktəblərin reytinq meyarlarına, şagird nəticələrinin ölkə üzrə təhlili, milli və beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisindəki problemlərdən danışıb. Sonra ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşı Vəfa Nəzirova təqdimatla çıxış edib.

Tələbələr layihə çərçivəsində mentor kimi fəaliyyət göstərdikləri Qaradağ rayonundakı məktəblərdə müşahidə etdikləri vəziyyətin təhlilinə dair fikirlərini bildirib, müvafiq təkliflər veriblər.

Qeyd edək ki, “EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan 82 nömrəli tam orta məktəb tərəfindən hazırlanıb. Layihə çərçivəsində ADPU-nun riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələri ümumi təhsil məktəblərində mentor kimi fəaliyyət göstərirlər.

Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumi təhsil məktəbində IX sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.

Hazırda 53 tələbə layihədə mentor kimi fəaliyyət göstərir. Layihə ümumi təhsil məktəblərində təhsil alan 500-ə yaxın məktəblini əhatə edir.

Sevinc Qarayeva

 





31.01.2023    çap et  çap et