525.Az

Sən hardan biləsən bölünmək nədir - Aida Adıgözəldən poetik nümunələr


 

Sən hardan biləsən bölünmək nədir - <b style="color:red"> Aida Adıgözəldən poetik nümunələr</b>

Aida ADIGÖZƏL

 

SƏN HARDAN BİLƏSƏN...

 

Sən hardan biləsən bölünmək nədir,

Sən hardan biləsən Araz nə çaydır?!

Sən hardan biləsən hər gün ürəyim,

gecələr o taydır, gündüz bu taydır?!

 

Sən hardan biləsən bu taydan baxıb

yanan işıqlara ağlamaq nədir?!

Sən hardan biləsən məndən bir parça

haçan, necə qopub - Təbrizimdədir?!

 

Sən hardan biləsən sərhəd xətləri

mənim ürəyimin nəyindən keçir?!

Sən hardan biləsən qarğıdıqlarım

mənim ürəyimin suyundan içir?!

 

Sən hardan biləsən nə çəkir Anam,

sən hardan biləsən nə axır Araz?

Sən hardan biləsən, hardan biləsən,

Arazın yarası dərin, ya dayaz?!

 

Sən hardan biləsən o taylıyam mən,

"Araz" deyə-deyə Kürlə gedirdim?!

O taydan başlanan yüz illik yolu

bu tayda bir kənddə həsrət bitirdim!

Bir gün unudacaq bu kənd də məni...

 

DE Kİ...

 

Görsən darıxırsan, məni xatırla,

aç bax səndə qalan xatirələrə.

Çəpəki süzməmi, iynə sözləri

de ki, unutmaram, gülüşün haqqı!

 

And iç ayaqlarım dəyən yollara,

de ki, yığmayacam gözümü yoldan.

And olsun yollarda qalan şəklinə,

ta ki gələnəcən, gəlişin haqqı!

 

De ki, tanıyacam addım səsindən,

ürəyim çıxacaq tappıltısına.

Pillələr öpəcək ayaq izindən,

and olsun, and olsun, yerişin haqqı!

 

De ki, hələ nəmdi öpdüyüm yerlər,

de ki, soyumayıb canımdan istin.

De ki, yastığmda telim qalıbmış,

dodağımda qalan öpüşün haqqı!

 

TANIŞ HEKAYƏLƏR

 

Sənlə rastlaşanda payız gəlmişdi...

Sənin saçlarına nə qədər qırov,

mənim gözlərimə sazaq düşmüşdü...

Biz üşüyürdük...

 

İkimiz ağsaçlı, gözüeynəkli,

soyuqlar düşəndə canı ağrıyan,

ümidsiz sevgidən qəlbi göynəkli...

Biz tanış idik...

 

Bəlkə, şeir idi bizi bağlayan,

bəlkə, misraların tilsimindəydik,

bəlkə, sözlər idi bərk əfsunlayan?!

Biz sözə aşiqdik...

İndi qarşımızda bir fincan tünd çay,

gözümüz yumulu, barmaqlar qatdaq,

görüş günümüzü hesabla say, say...

Biz darıxırdıq...

 

Qarışıb bu ara bir az duyğular,

pərdə arxasında qara kölgələr,

könüllər pəjmürdə, artıb qayğılar...

Biz uzaqlaşırdıq...

 

AĞRI DAĞI

 

Bu il xoş gəlmədin ömrümə, payız,

səni yarpaq-yarpaq solub düşəsən.

Gözləri yollarda xəzəl gözləyən

torpaq tək qaralıb, dolub şişəsən.

 

Görüm daşa dönüb, təpə olasan,

başın duman alsın, dağ ucalasan.

Mənim tək könlünə qar-boran yağsın,

vaxtsız vağam olub, tez qocalasan.

 

Nə günəş görəsən, könlün isinə,

nə yerə yerləşib göyə sığasan.

Belə gözlərinin qorasın sıxıb

hər gün bulud-bulud yerə yağasan.

 

Bu il dava qopdu ömrümdə, payız,

könül meşəsində güllə səsləri...

Ödümü qopardı həsrət ordusu,

töküldü başıma qəm mərmiləri.

 

Yaman yaralandım söz gülləsindən,

ölüm ayağında, gəldə-getdəyəm.

Haray sal yağışa, xəbəri olsun:

döyüş bölgəsində təmas xəttiyəm.

 

Bu il xoş gəlmədin ömrümə, payız,

seyr etdim tökülən "keşkə", "heç"ləri.

İndi yalvarıram üzü sərt qışa,

qayıtsın geriyə durna köçləri.

 





31.01.2023    çap et  çap et