525.Az

Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq platformalarda 


 

Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq platformalarda <b style="color:red"></b>

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq qeyd edilən istiqamətdə hərtərəfli işlərə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələ ilə bağlı yol xəritəsini müəyyən etdi. Dövlət başçısı bildirdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: "Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir".

Azərbaycanlılar tarix boyu öz torpaqlarından deportasiya olunub, etnik təmizləməyə məruz qalıb. 1828-ci ildən başlayan proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə daha amansız olub, zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərlə müşayət olunub. Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistan məhz milyonlarla soydaşımızın qətli, işgəncələrə məruz qalması və dədə-baba yurdlarından deportasiya olunması hesabına başa gəlib.

Qeyd edək ki, Prezident Qərbi azərbaycanlı ziyalılarla görüşdə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini qarşıya qoydu. Bir ay müddətində Konsepsiya hazırlandı. Sənəddə son 200 ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. Konsepsiya yanvarın 25-də Müşahidə Şurasında təsdiq edilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli sənədlə bağlı bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapan məqamlardan biri insanlarımızın öz kəndinə, rayonuna, 1988-ci ilə qədər yaşadığı ərazilərə köçürülməsi istəyi ilə bağlıdır. Amma burada bir incə məqam ondan ibarətdir ki, 1988-ci ilə qədər həmin soydaşlarımız demək olar bütün Qərbi Azərbaycan boyu yaşayıblar. Ən azı ilkin mərhələdə o insanların bütün Qərbi Azərbaycan, indiki Ermənistan ərazisi boyu köçürülməsi təbii ki, xoşagəlməz nəticələr verə bilər. Ermənistan dövləti belə bir addım atsa, Qərbi Azərbaycan İcması olaraq buna qarşı çıxacağıq. Əsas hədəfimiz insanların ilkin mərhələdə daha təhlükəsiz bölgələrə köçürülməsi olacaq. Bu isə bizim nəzərimizdə Azərbaycanla sərhəd rayonlarda yerləşən, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazisi ilə sərhəddə Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı və Qaraqoyunlu dərəsi ola bilər. Soydaşlarımızın ilkin mərhələdə həmin ərazilərə köçürülməsi daha təhlükəsiz, zəmanətli və təminatlı olar.

Beynəlxalq hüquqda, konvensiyalarda insanların öz tarixi vətənlərinə, torpaqlarına qayıdış haqqı təsbit olunub. Soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılmasına, etnik təmizləməyə, soyqırıma məruz qalmasına dair çox sayda tarixi sənədlər, faktlar mövcuddur. Beynəlxalq mənbələrdə də bu məqamlarla bağlı faktlar var. Ona görə də monoetnik dövlətə çevrilən Ermənistan bu məsələdə hər hansı manipulyasiyasiyaya yol verə bilməz. İkincisi, Azərbaycan qayıdış məsələsinə təbii ki, dinc yolla nail olmaq istəyir. Bununla bağlı dövlət başçısı da öz mövqeyini bəyan edib. Qərbi azərbaycanlıların qayıdışı tələbi haqlı, ədalətli olduğu qədər də beynəlxalq hüquqa tam uyğundur. Ona görə də bu isiqamətdə beynəlxalq müstəvidə də ardıcıl iş aparılmalı, dünya ictimaiyyətinə baş verənlər sənədlərlə, faktlarla çatdırılmalıdır. Bu mənada Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması mühüm əhəmiyyət kəsb edir. Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. İcmadan bildirilib ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir: "Bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır".

Beynəlxalq platformada bu məsələnin gündəmdə saxlanılması vacib əhəmiyyət daşıyır. BMT-də yayılan sənəd göstərir ki, artıq beynəlxalq müstəvidə də işlərə başlanılıb. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan dinc şəkildə, sülhlə soydaşlarımızın qayıdış məsləsini gündəmə gətirib. Bu məsələdə bütün beynəlxalq hüquq bizim tərəfimizdədir. Nəzərə almaq lazımdır ki, qayıdış üçün beynəlxalq zəmanət, eyni zamanda, Ermənistan dövlətinin də təminatı lazımdır. İcma rəhbəri bununla bağlı bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bir yerdə vətəndaşlarımızın həmin ərazidə təhlükəsiz yaşaması məsələsi həll olunmalıdır: "Soydaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra da Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizi davam etdirəcəyik - təbii ki, beynəlxalq təşkilatlarla, o ərazidə yerləşən, yəni Qərbi Azərbaycan İcmasının etibar etdiyi dövlətin sülhyaratma missiyası ilə bir yerdə".

Azərbaycanlıların öz vətənlərinə qayıdışı həm də iki ölkə arasında sülhə, etimada böyük töhfə ola bilər.

 

 





31.01.2023    çap et  çap et