525.Az

İrana qarşı hibrid müharibə - Xaqani Cəfərli yazır


 

İrana qarşı hibrid müharibə - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

İrana qarşı hərbi hazırlığın getdiyi aydın olsa da, bu hazırlığın qısa zamanda hərbi əməliyyatlarla davam edəcəyini ötən həftənin sonunda proqnozlaşdırmaq mümkün deyildi. ABŞ və İsrail silahlı qüvvələrinin "Juniper Oak 2023" hərbi təlimləri başa çatdıqdan cəmi iki gün sonra - yanvarın 28-dən 29-a keçən gecə İranın bir neçə şəhərindəki hərbi zavodlarına pilotsuz uçuş aparatlarının hücumu baş verdi. İran tərəfi hücumla bağlı məlumatları gizlətməyə çalışdığı üçün olayla bağlı tam dəqiq məlumat yoxdur. İsrailli ekspert, "Voyna c Ordoy" teleqram kanalının müəllifi Sergey Auslenderin bildirdiyinə görə, yanvarın 28-dən 29-a keçən gecə İran ərazisində 25 hərbi obyektə zərbə endirilib. Hələlik heç bir ölkə bu əməliyyata görə məsuliyyəti öz üzərinə götürməyib. "The Wall Street Journal"ın məlumatına görə, İrana qarşı hücum İsrail tərəfindən təşkil edilib. Qəzet Amerika kəşfiyyatındakı yüksək vəzifəli mənbələrə istinad edərək İranın İsfahan şəhərindəki silah zavoduna hücumun arxasında İsrail və onun Xarici Kəşfiyyat Xidmətinin (Mossad) dayandığını yazıb.

ABŞ-ın digər nüfuzlu nəşri "The New York Times" qəzeti də kəşfiyyat orqanlarındakı mənbələrinə istinad edərək İsfahan şəhərindəki hərbi zavoda hücumun arxasında İsrailin dayandığını yazıb.

Qərb mətbuatından fərqli olaraq ərəb mediası İrana hücumun arxasında İsrailin deyil, ABŞ-ın dayandığını iddia edir. Səudiyyə Ərəbistanının "Əl-Hədat" xəbər kanalının məlumatına görə, İrana hücumun arxasında ABŞ və ikinci bir ölkə dayanır. Telekanal həmin ölkənin hansı dövlət olduğundan bəhs etmir. Ancaq İsrailin İrana qarşı hərbi əməliyyatda iştirak etmədiyini qeyd etməklə ikinci ölkənin İsrail olmadığını vurğulayır. "Əl Ərəbiyyə" televiziyası da İrana hücumun ABŞ Hərbi Hava Qüvvələri tərəfindən təşkil edildiyi qənaətindədir. Ərəb mediasının məlumatına görə, ABŞ bu hücumla Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi sursatla dəstək verən İrana xəbərdarlıq edib. Məqsəd Tehranla Moskvanın hərbi əməkdaşlığını dayandırmaqdır. Bu fikri əsaslandırmaq üçün ABŞ rəsmilərinin son bir neçə həftə ərzində açıq mətnlə İranı təhdid etmələridir. İrana açıq mətnlə mesaj verirdilər ki, Ukraynaya qarşı müharibədə Rusiyanı silahlandırmaqdan könüllü çəkinməyəcəyi halda bunun üçün lazım olan tədbirləri görəcəklər.

Qeyd edək ki, Prezident Co Bayden başda olmaqla ABŞ rəsmiləri bir neçə dəfə sərt şəkildə İranı Rusiya ilə hərbi əməkdaşlıqdan çəkinməyə çağırmışdılar. Lakin bu çağırışlara baxmayaraq, İran Rusiyanı pilotsuz uçuş aparatları ilə təmin etməkdə davam edirdi. İranın pilotsuz uçuş aparatları Ukraynaya qarşı Rusiyanın əsas silahına çevrilib. Son zamanlar isə İranın Rusiyaya ballestik raketlər verməyə hazırlaşdığı haqqında çoxsaylı məlumatlar yayılırdı. 

İranın silah zavodlarına və anbarlarına hücumla bağlı şərhlərin birində bu əməliyyatın ABŞ dövlət katibi Entoni Blinkenin İsrailə səfərinin başladığı günə "təsadüf etməsi"nə vurğu salınır. Eyni zamada, mətbaut ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsin İsrailə bir neçə gün öncəki səfərinin də İrana hücumla bağlı ola biləcəyini qeyd edir.

İran rəsmiləri hücumların ancaq yüngül dağıntılar yaratdığını qabartmağa çalışdığı halda, İsrail təhlükəsizlik qüvvələri ilə yaxşı əlaqəsi olan "The Jerusalem Post" qəzeti, əksinə, böyük uğur əldə edildiyini yazır.

Bütün bunları ümumiləşdirəndə İrana qarşı hibrid müharibənin başladığını qeyd etmək olar. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimova aid edilən hibrid müharibə doktorinası (Gerasimov doktorinası) genişmiqyaslı müharibəyə əl atmadan məhdud hərbi əməliyyatları psixoloji müharibə üsulları ilə gücləndirməklə məqsədə çatmağı ehtiva edir. Belə görünür ki, İrana qarşı Rusiyanın öz silahını işə salıblar. Psixoloji müharibə üsulları effektli olduqda xalqın dövlət hakimiyyətinə inamı tamamilə sarsılır və bununla iqtidar cəmiyyətdəki sonuncu legitim mənbəyindən məhrum olur. İranda zorakı şəriət qaydalarına qarşı son etiraz hərəkatı teokratik rejimin dayaqlarını sarsıtdı. Əgər Tehran rejiminin məhdud hərbi hücumların qarşısında acizliyi də aşkar olunsa, bu zaman artıq teokratik rejim son dayaqlarını da itirəcək. Ona görə də İran rəsmiləri hücumlarım miqyasının kiçiltməyə, onun doğura biləcəyi psixoloji təsiri azaltmağa çalışırlar.

İrana qarşı hərbi hücumu təşkil edən strateqlər isə əksinə, hadisə ilə bağlı məlumatların daha çox yayılmasına nail olmağa çalışırlar. Hibrid müharibənin ən önəmli mərhələsi məhz informasiya savaşıdır. İnformasiya savaşının qalibi hibrid müharibənin də qalibi olacaq. Hibrid müharibənin önəmli məqamlarından biri də iqtisadi savaşdır. Avropa İttifaqının iki gün öncə İranın pilotsuz uçuş aparatları istehsal edən "İran Aircraft Manufacturing İndustries Corporation"a (HESA) tətbiq etdiyi sanksiya da iqtisadi savaşın elementidir. Ötən ilin sonlarında Avropa İttifaqı aralarında Təyyarə Mühərriklərinin Dizaynı və İstehsalı (DAMA) şirkəti olmaqla İranın hərbi-sənaye kompleksinin aparıcı şirkətlərinə qarşı sanksiya tətbiq etmişdi. Ötən ilin oktyabr ayında isə Avropa İttifaqı eyniadlı pilotsuz təyyarələr istehsal edən İranın "Shahed Aviation İndustries" şirkətinə qarşı sanksiyalar tətbiq etdi.

Bütün bu proses çox önəmli bir addımla müşayiət olunur. ABŞ-dan sonra Avropa İttifaqı da İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat elan etmək niyyətindədir. İran rəsmiləri bunu İslam Respublikasının təməllərinin sarsıdılmasına yönəlik addım kimi dəyərləndirərək Avropa İttifaqını anoloji cavabla təhdid etməyə çalışır. İran Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında SEPAH İranın müqəddəs dini və milli dəyərlərinin rəmzi elan edilib. Bütün bunlar İrana qarşı "Gerasimov doktorinası"nın işə salındığını göstərir. Bu günə kimi baş verən hadisələrin təhlili isə belə qənaət yaradır ki, İran bu hibrid müharibəni uduzur.

 





01.02.2023    çap et  çap et