525.Az

Gəncədə Xalq artisti Fikrət Verdiyev yad edilib


 

GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA SƏNƏTKARIN ANIM TƏDBİRİ KEÇİRİLİB

Gəncədə Xalq artisti Fikrət Verdiyev yad edilib<b style="color:red"></b>

Azərbaycan mədəniyyətinə, xalq musiqisi ifaçılığına böyük töhfələr vermiş, xüsusən Gəncədə 20-ci əsrin ikinci yarısından etibarən muğam və instrumental sənətin inkişafında xüsusi rolu olan Xalq artisti, Prezident təqaüdçüsü Fikrət Verdiyev vəfatının 40-cı günü ərəfəsində doğma şəhəri Gəncədə yad edilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bu mədəniyyət ocağının və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli sənətkara həsr edilmiş anım tədbiri keçirilib.

Xatirə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Fikrət Verdiyevin ailə üzvləri, yaxınları, dostları, yetirmələri, ziyalılar və gənclər iştirak ediblər.

Başlanğıcda mərhum sənətkarın xatirəsinə həsr olunan videofilm nümayiş etdirilib.

Anım tədbirindəki çıxışında şəhər rəhbəri Niyazi Bayramov sənətkarın ailə üzvlərinə başsağlığı verib və Xalq artisti Fikrət Verdiyevin Azərbaycan musiqisi və mədəniyyətinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edərək, onun ən böyük mirasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı olduğunu vurğulayıb. Niyazi Bayramov Ulu öndər Heydər Əliyevin bu görkəmli musiqiçi və yorulmaz təşkilatçı şəxsə daim xüsusi diqqət göstərdiyini, həmçinin, onun yaradıcılıq fəaliyyətinin ölkə rəhbəri İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Çıxışlarda mərhum sənətkarla bağlı xoş xatirələrdən, onun həyat və yardıcılığından söhbət açılıb. Xüsusilə F.Verdiyevin yetirmələri olmuş ifaçılar sənətkarın gənc istedadlara daim yol açdığını, onlara dəstək olduğunu dilə gətiriblər.

Tədbirdə Fikrət Verdiyevin yaratdığı və uzun illər rəhbərlik etdiyi "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı və onun, eləcə də Gəncə filarmoniyasının solistləri tərəfindən musiqi nömrələri ifa edilib.

Mərhum sənətkarın ömür-gün yoldaşı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva çıxış edərək, Xalq artisti Fikrət Verdiyevin fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildirib. O, sənətkarın xatirəsini əziz tutan gəncəlilərə və bu şəhərin rəhbərliyinə də təşəkkür edib.

Tədbirdə "Göy göl" Dövlət Mahnı və Rəqs Ansamblına, həmçinin, Gəncənin küçələrindən birinə Fikrət Verdiyevin adının verilməsi təklifləri də səsləndirilib. 

Zakir MURADOV
Gəncə

 





01.02.2023    çap et  çap et