525.Az

Mütaliə qeydləri: Fərid Hüseynin heca şeirləri - Təvəkkül Boysunar yazır


 

Mütaliə qeydləri: Fərid Hüseynin heca şeirləri - <b style="color:red"> Təvəkkül Boysunar yazır</b>

Fərid Hüseynin heca şeirləri haqqında yazmaq ehtiyacını ona görə hiss etdim ki, tək-tük müəlliflərin yaradıcılığını çıxmaq şərtiylə müasir ədəbiyyatımızda bu üslubda şeirlər sanki ilk dəfədir yazılır. Doğrudur, bu heca şeirlərini digərlərindən fərqləndirən amillər arasında qafiyə quruluşu və başqa bu kimi məqamlar yer almır, ancaq onları fərqli edən şey, şeirin yazılış şəkli, misralar üzərində düşünərkən müəllifin baş sındırdığını bəlli edən olduqca ehtiyatlı tərzdə söz seçimi, bu söz seçimi zamanı ilhamın pıçıltısını eşidənə qədər tələsmədən, səbrlə gözləməyi, nəticədə daha fərqli misralar, fərqli ifadələr, fərqli birləşmələr ərsəyə gətirməsidir. Bəlkə, ədəbi tənqiddə bu cür meyarlar olduqca cəfəng səslənir, ancaq şeir yazma prosesindən xəbərdar olanlar üçün, zənnimcə, yuxarıda sadalananların əhəmiyyəti xeyli böyükdür.

Fərid Hüseynin heca şeirləri haqqında yazmaq ehtiyacını həm də ona görə hiss etdim ki, bəzən həddən artıq şablon misralarla dolu olan zəif şeirləri dostları ilə paylaşıb öz qələm yoldaşlarını, yaxud sevimli müəlliflərini reklam edən yazıçı və şair həmkarlardan, aktiv oxuculardan kiminsə bu şeirlər haqqında adicə feysbuk rəyi yazdığını da görmədim. Ancaq əslində, bu da kifayət qədər anlaşılandır ki, zəif mətnlərdən bəh-bəhlə danışanlar üçün bu şeirlər, əlbəttə, bir qədər yad və anlaşılmaz olacaq.

Yazını yazarkən, yaddaşımın arxa fonunda "Evə çatmalıyam oğlum yatmamış" misrasının öz-özünə səsləndiyini hiss edib dayandım və Fərid Hüseynin bu heca şeirlərindən əvvəl yazdığı sərbəstdəki şeirlərindən ən azı bir misra xatırlamağa cəhd etdim. Ancaq şairin cəmi bircə misrası da yadıma düşmədi. Əvəzində aşağıdakı bənd sanki dördkalonlu tağım şəklində beynimdən keçməyə başladı:

 

Dərs vermək riyasın qoymuram yaxın,

Çoxdandır öyüdlü nəğmə çalmıram.

Tarix təkrarların rəqsidir baxın,

Nəticə çıxarmır, ibrət almıram.

 

Müasir poeziyamızda zəif şairlərin öz istedadsızlıqlarını rahatlıqla gizlətməsi üçün xeyli münasib vəzn olan sərbəstdə Fərid Hüseynin (istedadlı yazarlardan biri kimi) qələmə aldığı şeirlərdən bircə misra da xatırlamamağımın səbəbi özümə məlum idi. Çünki səmimiyyət naminə deyəsi olsam, Fərid Hüseynin sərbəstdə yazdığı şeirlərin çoxunu əksər vaxtlarda zəif, dadsız, cazibəsiz, duyğu əvəzinə fikirlərlə yüklənmiş şeirlər kimi bulmuşdum və o şeirlərə nə vaxtsa simpatiya bəsləməmişdim. Bunları düşündüyüm vaxt qəfildən şairin köhnə şeirlərindən bir misra yadıma düşdü və ona haqsızlıq etdiyimi pıçıldayaraq məni qorxutmaq istədi. Ancaq o misranı yüngülvari təftiş edəndən sonra gördüm ki, o da heca ahəngi üzərində yazımış bir misradı: (və gözəldir):

 

Üstündə səməni çürüyən qəbir...

Keçək haqqında bəhs etmək istədiyimiz şeirlərə.

Silsilənin ilk şeiri:

 

Nədənsə heç qəbul edə bilmirəm

gözəl xanımların qocalmasını.

 

misralarıyla başlayır və şair bütün bəndlərdə sərrast axıcılığa nail olmasa da, zamanın keçməsi və fanilik kədərini çox gözəl əks etdirə bilir. Artıq qocalıb gözəlliyini itirən o qadınlar haqqında müəllif bunları deyir:

Kənar baxışları sezmirlər daha

itir duyumları, itir hissləri.

Hamımız bir bezin qırağıyıqmış, -

daha ayırmırlar yaxşı-pisləri.

 

Başqa bir bənd:

 

Çoxdan xəyal kimi çəkilibdirlər

bir vaxt hər görüşə gül gətirənlər.

Qocalar evində nərd oynayırlar

masaya haçansa ləçək səpənlər.

 

İkinci şeir, adında və demək olar ki, hər bəndinin sonunda gözəl, kədərli bir misranı təkrarlayır:

 

Yuxusuzam, yuxusuzam ilahi.

 

Birinci bəndin gözəlliyinə baxaq:

 

Yataq dustağıydı atam çoxdandır,

səhhət böhranları kəsdi kələyin.

yanından bir an da ayrılmadım ki,

bəlkə, az yaşımla, uşaqlığımla

axır utandıram zalım fələyi.

Səhəri açmaqdan mən dirigözlü,

ölüm əzbərimə döndü - şifahi.

yuxusuzam, yuxusuzam, İlahi.

 

Sonra artıq o ata dünyadan köçür və baş qəhrəman, ata itkisini yaşayan uşaqlığını belə xatırlayır:

 

Mən məhbusdum dörd divar arasında

saat yatdı, əqrəbləri lilləndi.

Elə susdum, elə susdum, Xudaya

sükutumdan bütün lallar kefləndi...

Yamsıladım göz qırpmayan Allahı.

Yuxusuzam, yuxusuzam, İlahi.

 

Baş qəhrəmanın kədəri, onu, ömrü boyu bircə kəlmə də danışmayan bütün lalların sükutundan da dərin sükuta qərq edir. Təkrar oxuyaq:

 

Elə susdum, elə susdum, Xudaya

sükutumdan bütün lallar kefləndi...

 

Ancaq kədər əbədilik olmur və baş qəhrəmanın özü də bir gün atalığın xoşbəxtliyini yaşayır:

 

Çatdı axır səadətin növbəsi -

mən sükutu qovdum evdən, eşikdən.

Gah ağlayır, gah kiriyir, gah dinir,

oğlum yatmır, - səsi gəlir beşikdən.

Öləziyir daha yatmaq tamahı...

Yuxum gəlmir, yuxum gəlmir, İlahi...

 

Növbəti şeir eyni nəslə (bəlkə də, ədəbi nəslə) mənsub olan və mənəviyyatları yavaş-yavaş cəmiyyət tərəfindən aşınan dostların faciəsini əks etdirir. O dostların bir qismi şeytan şərqiləri oxuyanlara qoşulub şər tərəfə keçənlər, bir qismi isə bu nəğmələri oxumaqdansa səsinin kəsilməyinə razı olanlardır.

İlk bənd: 

 

Çatırlar dostlarım arzularına

olurlar vəzifə, mənsəb yiyəsi,

Şeytan şərqiləri oxumaqdansa

gün gəlir çoxunun kəsilir səsi.

Mənsə soruşuram onlardan indi:

Buydumu, buydumu, istədiyiniz?

 

Sonuncu bənddə isə artıq taleyi ilə barışmış talesizlərin təəssüfünü eşidirik.

 

Baxıram sizlərə, heyifim gəlir,

Baxıram güzgüyə, heyifim gəlir,

Bəsirət bağlanıb, dilimizsə lal:

Həm sizə, həm mənə aiddir sual:

Buydumu, buydumu, istədiyiniz?

Buydumu, buydumu, istədiyimiz?

 

Silsilənin gözəl şeirlərindən biri də "Onurun şeiri"dir. Hər bəndinin sonunda "Evə çatmalıyam oğlum yatmamış" misrası təkrarlanan bu şeirdə gündəlik olaraq öz işinə gedib-gələn və körpə uşağı olan bir atanın - çox ehtimal ki, şairin öz prototipinin keçirdiyi duyğular təsvir edilir.

İlk bəndə nəzər salaq:

 

Paytaxt ayağıyla tələsir hamı:

Biri kefə qaçır, biri kinoya,

Qarışqa səfinə düzülüb indi

Mən də yollanıram isti yuvama.

Şeytan üzərimə torun atmamış,

Evə çatmalıyam oğlum yatmamış.

 

Bu bəndi diqqətlə oxusaq, axşam işdən çıxıb hərəsi bir yerə gedən paytaxt sakinlərinin hər gün üzləşdiyi şəhər tıxacını, Bakının işıqlı küçələrini görə bilərik. "Qarışqa səfinə düzülüb indi" misrası, məhz o şəhər yollarında bir xətt üzrə ard-arda düzülüb qarışqa sürətiylə qarış-qarış irəliləyən və içində, darıxan, səbrsiz adamları daşıyan maşınların təsvirini verir. İlk misradakı tələsən adamlar da "paytaxt ayağıyla" tələsirlər, öz ayaqlarıyla yox. Paytaxt ayağıyla, yəni sürdükləri maşınlarla.

Lakin oğlu yatmamış evə çatmağa tələsən ataya təkcə şəhər tıxacları mane olmur. Bir tərəfdən içki süfrəsi arxasında oturaraq onu arzulayan dostların çağırışı, bir tərəfdən isə öz yarımçıq zövqünü onun sayəsində tamamlamaq istəyən, işvəli təklifləriylə telefon ekranında nəfsin üzünü güldürən qadının dəvəti baş qəhrəmanı yolundan döndərməyə cəhd edir və baş qəhrəman şeytanın toruna düşməmək, razılıq qanına əlini batırmamaq üçün daha da tələsməyə məcbur qalır.

 

Qədəh gecələri çağırır məni,

Nəfsin üzü gülür telefonumda.

Birisə yarımçıq arzularına

Nöqtə təklif edir günün sonunda.

Razılıq qanına əlim batmamış,

Evə çatmalıyam oğlum yatmamış.

 

Uzun sözü qısaltmağa çalışsam, sonda onu demək istərdim ki, mənim fikrimcə, bu heca şeirləri Fərid Hüseynin yaradıcılığında dönüş nöqtəsidir və şair bu şeirlərlə, öz nazimlik istedadını daha uğurlu şəkildə üzə çıxaracaq üslubu tapmışdır.

 

 





01.02.2023    çap et  çap et