525.Az

Vətən, millət və həsrət şairi - Kərim Yaycılı - Abid Tahirli yazır


 

Vətən, millət və həsrət şairi - Kərim Yaycılı - <b style="color:red"> Abid Tahirli yazır</b>

Mühacirət poeziyasının istedadlı nümayəndələrindən Kərim Yaycılını (1913-1979) həyat hələ erkən yaşlarından bir çox mühacirlər, o cümlədən, Azərbaycan Xalq Cüm-huriyyətinin lideri, anasını gənc yaşlarında itirən Məhəmməd Əmin Rəsulzadə, özü dünyaya gələrkən anası vəfat edən tanınmış nasir Banin, atasını erkən itirən görkəmli publisist, istiqlal mücahidi Mirzə Bala Məhəmmədzadə, milli romantizmin aparıcı simalarından nakam şair Məhəmməd Hadi, istiqlal poeziyamızın yaradıcılarından, millətçi şeirlərinə görə əvvəlcə Dağıstana, sonra Türkmənistana sürgün edilən Almas İldırım, incəruhlu, təbli şair, anası hamilə ikən atasının antibolşevik təbliğatına görə həbsxanaya atılan və zindan divarları arasında dünyaya gələn Teymur Atəşli kimi çətin sınaqlara çəkmişdi.

Mühacirət dövrü və müstəqillik illəri Azərbaycan, həmçinin, Türkiyə ədəbiyyatşünaslığında Kərim Yaycılının həyat və fəaliyyətinə dair bir sıra tədqiqat işləri aparılıb. XX əsrin 30-cu illərində yaradıcılığa başlayan Kərim Yaycılı poeziyası barədə mühacirət ədəbiyyatşünaslığında ilk dəfə Məhəmməd Əmin Rəsulzadə bəhs etmiş və Kərim Yaycılının irsini yüksək dəyərləndirmişdi. O, 1950-ci ildə Ankarada nəşr etdirdiyi "Çağdaş Azərbaycan ədəbiyyatı" adlı əsərində "Gültəkinin yanında milli mühacirət şərtləri içində bəlirən və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi zikr edə biliriz" - deyə Yaycılı yaradıcılığını təqdir edir. M.Ə.Rəsulzadə K.Yaycılı barədə fikirlərini davam etdirərək yazır: "Yaycılı Kərim Anadolu istiqlal hərbi əsnasında Şərq Komandanlığı tərəfindən himayə olunan azərbaycanlı yetim çocuqlar arasından yetişmiş gənc bir şairdir. Ta çocuqkən yaşadığı faciələrlə duyduğu iztirab bu içli şairi həsrət və iztirab hissləriylə canlandırmışdır". Tənqidçi fikrini əsaslandırmaq üçün şairin "Araza" şeirindən sitat gətirir:

 

Suyundan son ayrılıq damlasını içərkən,

Tutuşmuş bir od gibi bağrımı yaxdın, Araz;

Birər damla qan idi gözlərimdə birikən,

Çox acı hatırayla könlümə axdın, Araz!

               

Bir zamanlar nə coşqun, nə qədər şən axardın,

Köpürən sularınla dağı, daşı yarardın.

Söylə: büllur suların nədən böylə bulandı?..

Sən ki günəşdən parlaq, aydan bərraqdın, Araz!

 

Çoxdandır ayrılmışız ana-baba yurdundan,

Fələk cananı almış aşiqlərin qoynundan.

Söylə, yoxmu bir xəbər o dərdli anamızdan?..

Sən dəmi könlümüzü susuz buraxdın, Araz!

 

Buradaca qeyd etmək yerinə düşərdi ki, K.Yaycılının 1962-ci ildə "Vatani ve milli şiirler" adı ilə Ankarada nəşr etdirdiyi "Anadolu, Kafkas, Azerbaycana armağan" şeirlər kitabında "Araz" əsəri mündəricə və həcm etibarı ilə bir qədər fərqli verilib. Məsələn, orada şeirin son bəndi belədir:

 

Ayrılırkən yolumuz cənnətdən cəhənnəmə,

Barı son salamımı aparaydın annəmə.

Ağladım yad ellərin qürbət axşamlarında,

Ruhuma çox yaxınkən, gözdən iraqdın, Araz!

 

Haqqında bəhs etdiyimiz kitab mühacirət ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, istedadlı publisist Əbdülvahab Yurdsevərin "Milli şeirlər dəməti" adlı ön sözü ilə buraxılmışdı. Ə.Yurdsevər kitaba daxil edilən şeirləri ideya, məzmun, dil, üslub sənətkarlıq cəhətdən peşəkarlıqla təhlil edir, yeri gəldikcə digər şairlərin bu məzmunlu şeirləri ilə ustalıqla müqayisələr aparır, irəli sürdüyi elmi-nəzəri mülahizələri konkret fikirlərlə əsaslandırır. O yazır: "Kərim Yaycılının şeirlərində hüzn, sürurla (sevinclə - T.A.), şikayət qürurla gözəl bir şəkildə bağdaşmaqdadır (uzlaşmaq, bağlanmaq - T.A.). Onun hüznü Əhməd Cavadın şeirlərində gördüyümüz o dərin hüznə çox bənzəyir. Bu hüzn Azərbaycanın ikiillik şanlı istiqlal həyatından sonra təkrar əsarət boyunduruğu altına düşməsindən irəli gəlir. Şair sürətlə daimi sızlayan bu yarasını hər vəsilə ilə dilə gətirir:

 

Ayrılınca yurdundan,

Gül solar, ağlar könül.

O cənnətdir, mən ondan

Qoparılmış bir tək gül".

 

Ə.Yurdsevər K.Yaycılını "gənclikdən ilham alan və gəncliyə ilham aşılayan", "sözündə səmimi, hər hərəkətində doğru", "milli davaya dərin bağlı", "istiqbala ümidli" şair, "sarsılmaz bir istiqlal mücahidi" adlandırır. Tənqidçi şairin şeirlərinin dilində sünilikdən, "laf qabalağından əsər", məzmununda "yeis" (ümidsizlik - T.A.), "inamsızlıq" görmür, əksinə, o, fəryad qoparır, çəkinmədən gəncliyi mücadiləyə dəvət edir:

 

Ayaqlar qanasın, bağrımız yansın,

O gözəl bayrağa sən bir qurbansan.

Hayqır türkünü ki, dünya inansın,

İstiqlal gününə yaxınlaşıyoruz!...

 

Mühacir soydaşlarımızdan Eldəniz Qurtulan (Anadolu. Kafkas. Azerbaycana armağan. "Azerbaycan", Ankara, 1962, sayı 10-11-12, s.51-53), Süleyman Təkinər (Bir Azeri şairinin yeni çıkan bir şiir kitabı münasebetile. "Azerbaycan", Ankara, 1962, sayı 1-2-3, s.63-66; Ünlü bir mücahidin, eziz bir dostun ardından. "Azerbaycan", Ankara, 1979, sayı 231, s.15-20), Feyzi Ağüzüm (Kerim Yaycılı. "Azerbaycan", Ankara, 1979, sayı 231, s.7-13) də Kərim Yaycılı həyatı və irsi barədə dəyərli fikirlər sürmüşlər. İqdır doğumlu yazıçı, tədqiqatçı Zeynal Abidin Makasın hazırladığı "Çağdaş Azerbaycan Şiir Antolojisi" (Kültür Bakanlığı Yayınları. Türk Dünyası edebiyatı dizisi №28. 1992, Ankara,436 səh.) kitabına Məhəmməd Hadi, Əhməd Cavad, Almas İldırım, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Araz və digər Azərbaycan sənətkarları ilə birlikdə K.Yaycılının da haqqında bioqrafik məlumat və şairin 4 şeiri də daxil edilmişdi. Z.A.Makas K.Yaycılının yaradıcılığı barədə yazır ki, onun "şeirlərinin ağırlıq nöqtəsini milli mövzular, özəlliklə Azərbaycan almaqdadır". Topluya "Giriş" yazan mütəfəkkir tənqidçi akademik Yaşar Qarayevin bu cümlələri K.Yaycılı irsinə də şamildir: "Azərbaycan şeiri bir az öncə buxara çevrilib evə çatmağa can atan qonağa bənzəyir. Şeirimiz arayış içərisində, hərəkət halındadır. Ömrün, keçmişin və müasirliyin çərçivəsində , o, "zaman" və "mən" haqqında həqiqəti aramaqdadır".

Türkiyə ədəbiyyatşünasları da öz tədqiqatlarında K.Yaycılının həyat və yaradıcılığından bəhs etmişlər. Bu baxımdan Muharrem Arasın "Kerim Yaycılının eserlerinde vatan hasreti" (Mehmet Akif Ersoy Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi. Cilt.8, sayı.14, 2016, Mart (s. 212-221) və Ümit Akının "Azerbaycan muhaceret şairlerinden Kerim yaycılı üzerine bir inceleme" (Uluslararası Sosyal ve Beşeri Bilimler Araştırma Dergisi, 25.08.2019) adlı məqalələri maraq doğurur.

Ölkəmizdə Kərim Yaycılının həyatı və yaradıcılığının tədqiq tarixi və işlənmə dərəcəsi haqqında onu deməklə kifayətlənirik ki, professor Şamil Qurbanovun (Yaxın və uzaq dünyamız, Bakı, "Azərnəşr", 1997, 316 səh., səh.306-312), professor Vaqif Sultanlının (Azərbaycan mühacirət ədəbiyyatı, Bakı, Şirvannəşr, 1998, 160 səh, səh.23-29), filologiya elmləri doktoru Nikpur Cabbarlının (Kərim Yaycılı. AMEA, Xəbərlər, Humanitar Elmlər seriyası, 2005, №3, səh.3-14), professor Əziz Mirəhmədovun (Azərbaycan jurnalistləri və naşirləri. Bakı, "Ərgünəş", 2013, 272 səh.), Dilqəm Əhmədin (Mühacirlər arasında bir şair. Senet.az. 21 dekabr 2017), həmçinin, Günel Əsgərova və Samirə Məmmədovanın (Azərbaycan mühacirət ədəbiyyatının poeziya ulduzları. "Naxçıvan" Universiteti. Elmi əsərlər. 2022, № 1, səh.181-187) bu problemlə bağlı araşdırmaları maraq doğurur və təqdirəlayiqdir.

Bununla belə, şairin həyat və yaradıcılıq yolunun tam öyrənildiyini və dəyərləndirildiyini iddia etmək tezdir.

Müxtəlif problemləri əhatə edən Kərim Yaycılı poeziyasının mövzularını bu şəkildə təsnif etmək olar: İstiqlal ideyasına bağlılıq, istiqbala inam, şəhidlərin xatirəsinə ehtiram ("Böyüyən ümidlər", "Hürriyyət yolçuları", "Gəl, sevgilim, qaçalım", "Şəhid teğmən", "İstiqlal uğrunda". "Qürbət şəhidi", "Onu mən yandıracağam"); Vətənə, Bayrağa, Ana dilinə sonsuz sevgi ("Azərbaycanın sehir və gözəlliyinə", "Milli vaaz" (burada milli çağırış - T.A.), "Yurdum və bayrağım", "Azərbaycan", "Azəricə"); gəncliyə xitab ("Gəncliyə", "Hürr gəncliyə", "Azəri gəncinə"); qürbət həyatının ağrı-acıları ("Qürbətdə", "Durnalar", "Quşlar", "Aşıq Kərəmə", "Ruhum qanatlanaraq, uçsun Azərbaycana"); ithaflar, böyük tarixi şəxsiyyətlərin xidmətlərinin dəyərləndirilməsi (Atatürkün, M.Ə.Rəsulzadənin, Əhməd Cavadın, Mirzə Bala Məhəmmədzadənin, Şeyx Şamilin əziz xatirəsinə, Əbdülvahab Yurdsevərə, Teymur Atəşliyə, Kərim Odərə, Əli Volkana, Əhməd Qaracaya, Həmid Atamana ithaf olunan şeirlər); Azərbaycanın, onun füsunkar guşələrinin vəsfi ("Xəzərə", "Araza", "Göy Göl", "Gözəlim Gəncə"); erməni vəhşiliyinin, tarixi cinayətlərinin ifşası ("Iğdırın qurtuluşu", "Acı xatirələr").

Bu təsnifat üzrə bəzi şeirlərin ideya, məzmununa nəzər salaq. Millət və milli dövlət, azadlıq uğrunda canlarını fəda edən tarixi simaları tərənnüm edən şeirlərində şair poetik ifadələrlə, böyük məhəbbətlə qəhrəmalarının portretini cızır, onlara xas xüsusiyyətləri - istiqlala, istiqbala inamı, əqidəyə, milli-mənəvi dəyərlərə sədaqəti, dözümü, sarsılmaz iradəni ustalıqla nəzərə çatdırır:

 

Cizgilənən alnında iztirab donakalmış,

Yalnız Haqqa inanan cəsur, mərd baxışı var,

Ömrün hər bir çağından birər xatirə almış,

Üzündə yarı məhzun, yarı şən qırışıqları!

                    (Mirzə Bala üçün).

 

Qürbətin bütün kədəri K.Yaycılının misralarına hopub:

 

Yalvardım: Durnalar, acıyın bana,

Yolunuz uğrarsa, öksüz Vatana,

Deyin, ağlamasın, o qərib Ana,

Hasrətə dayanmaz bu can, durnalar!

                          (Durnalar)

Əlbəttə, bu şeiri oxuyarkən hüznlü, əlacsız şairin şikayət etdiyi durnalara - həsrət, intizar, qəm daşıyıcılarına Qasım bəy Zakir, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Cəfər Cabbarlı, Süleyman Rüstəm kimi şairlərin xitabı yada düşür. K.Yaycılı şeirində "ilahi sirri dinləyən", "ruhları həsrətlə yanan" və Vətənə sarı uçan durnalara "günəşli", "mehtablı yol", "Arazı keçərkən sərinləməyi" arzulayır, "gözlərini al qan sarmadan" əvvəl "inləyən ruhuna" əlac - Vətəndən bir xəbər istəyir...

K.Yaycılı yaradıcılığında erməni vəhşiliyi, tarixi cinayətləri kəskin ifşa olunur. Şairin yuxarıda adını çəkdiyimiz kitabında "M.Z.T" gizli imzası ilə şairin tərcümeyi-halını təqdim edən müəllif yazır ki, K.Yaycılı hələ körpə deyiləcək bir çağda ikən ailəsiylə birlikdə rus-erməni saldırısının ən vəhşi və canavarca səhnələrinə şahid olmuşdur. Süngülənən çocuq və erkəklər, ləkələnən məsum qız və qadınlar, yandırılan köylər onda unudulmaz kin və nifrət duyğularının doğmasına səbəb olmuşdur. K.Yaycılının uşaqlıq illərində şahid olduğu bu mənzərələr onun erməni vəhşiliyini ifşa edən "İqdırın qurtuluşu" və erməni vandallarını zərərsizləşdirən zaman şəhid olan türk əsgərlərinin şücaətini vəsf edən şeirlərində əksini tapıb.

"İqdırın qurtuluşu"nda şair əvvəl İqdırın füsunkar təbiətini, gözəl dağlarını, bağlarını təsvir edir və sonra burada məskunlaşmış soydaşlarının xoş gün-güzarından, məşğuliyyətlərindən söz açır. Lakin bu məsud günləri hiyləgər, mənfur və murdar ermənilər yasa döndərir. Kəndlər, el-oba atəşə tutuldu, ocaqlar söndürüldü, hər yan məşhərə çevrildi:

 

Gəlib çatdı sanki bir axırzaman,

Nə silah var bizdə, nə də bir güman;

Əl, qol bağlı aman Allah, əlaman:

Dağı, daşı boyadılar al qana,

Tanrı fürsət düşürməsin düşmana!

 

Azğınlaşmış, qudurmuş ermənilər gecələr divarları aşır, evlərə soxulur, qız-gəlinlərin namusuna toxunur, əliyalın insanları qətlə yetirirlər. Əlacsız insanlar ev-eşiklərini tərk edib çöllərə düşürlər:

 

Soyan soydu, hər nə varsa əllərdə,

Tab qalmadı yorğun, arğın qollarda,

Körpələri qoyduq bir-bir yollarda,

Göy üzünə çıxdı körpə fiğanlar,

Gəlməz olsun, gəlməz olsun o anlar!

 

Şair daha sonra adamların pərən-pərən düşdüyünü, hər yerin qanla suvarıldığını, müqavimət göstərənlərin şəhid olduqlarını yazır və erməni qırğınından qalan mənzərəni belə təsvir edir:

 

Hər tərəfdə vəhşət, yanğın, cinayət,

Cənnət İqdır viran oldu, nəhayət.

 

Erməni vəhşiliyindən xilas olmaq üçün üzünü göylərə tutub Allahdan imdad diləyən, ona yalvaran şair, həm də "Hanı mənim süngüm, topum, silahım?", "Sənələrcə nədən belə uyuduq?", "Nədən düşmən dostluğuna inandıq?" kimi düşündürücü və ibrətamiz suallarla özünü, soydaşlarını da qınayır.

Şeir haqqın, ədalətin zəfəri ilə bitir, qəhrəman türk əsgəri, məhmətciyin şanlı süngüsü qırğına son qoyur, erməni qatillər layiqincə cəzalandırılır. K.Yaycılının bu əsəri həm mövzu, həm ideya baxımından ibrətamiz və aktualdır. Şair bu şeiri ilə demək istəyir ki, ey xalqım, ayıq-sayıq ol, sənin humanizmindən, xeyirxahlığından, insanpərvərliyindən sui-istifadə edən, əzəli torpağında himayədarlarının maddi, mənəvi dəstəyi ilə məskunlaşan ermənilər hər fürsətdə səni zəhərli ilan kimi sanca bilər.

Bu yazıda K.Yaycılı irsinin bir qismindən bəhs etdik. Görüləsi işlər isə çoxdur. Şairin ömür yolu, fəaliyyəti ilə bağlı fərqli fikirlərə aydınlıq gətirilməlidir. Tədqiqatçıların əksəriyyəti K.Yaycılının İqdır doğumlu olduğunu və 1979-cu ildə vəfat etdiyini qeyd etsə də, professorlar Şamil Qurbanov və Əziz Mirəhmədov şairin Naxçıvanın Yaycılı kəndində dünyaya göz açdığını və 1974-cü ildə vəfat etdiyini yazır. Yuxarıda adını çəkdiyimiz və K.Yaycılının sağlığında buraxılmış kitabında isə onun doğulduğu yerin adı göstərilməsə də, bir çox araşdırmaçı şairin İqdırda anadan olduğunu yazırlar. Təxmini hesablamalarımıza görə, Ankarada nəşr olunan "Azərbaycan" dərgisində K.Yaycılının 40-a yaxın əsəri - şeir, hekayə və xatirəsi dərc olunmuşdur. Bundan xeyli əvvəl - ötən əsrin 30-cu illərindən isə onun mühacirət mətbuatı, daha çox isə Berlində nəşr olunan "Qurtuluş" məcmuəsi ilə əməkdaşlıq etdiyi məlumdur. Beləliklə, bu qənaətə gəlirik ki, şairin irsinin diqqətlə toplanılması, nəşri, əsərlərinin ideya və mövzu dairəsinin, dilinin, üslubunun daha dərindən, əhatəli öyrənilməsi, dəyərləndirilməsi çağdaş ədəbiyyatşünaslığımızın aktual problemlərindəndir. Orta və ali məktəb dərsliklərinin mıhacirət ədəbiyyatı ilə bağlı icmallarda Kərim Yaycılı barədə qısaca da olsa, məlumat verilməsi məqsədəuyğundur.

21.01.2023

 





01.02.2023    çap et  çap et