525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

O, təkid edirdi ki, imperator ona məhz krala olan bir münasibət göstərsin və gözlənilmədən də buna nail ola bildi. O, ilk Mediçi idi ki, "Ali Kral həzrətləri" titulunu qazanmışdı.

III Kozimo ciddi siyasi problemlər ilə üz-üzə gəldikdə, bədbəxtlikdən qardaşı Ferdinandonun və onun özünün uşaqları yox idi. O, cəhd etdi ki, sülalənin faktiki başa çatması ittihamından uzaqlaşsın, arqumentlər axtardı ki, ən azı dövlətin müstəqilliyinin və formasının davam etdirilməsi kimi ona bir qarantiya verilsin. O, ailəyə varis seçməyə borclu idi ki, onun nüfuzu öz məğrurluğunu saxlasın və yaxşı gələcəyi vəd etsin. Bu, varisliyə əməl edilməsi niyyətini güdürdü.

Utrext Konqresində (1713-cü il) III Kozimo öz niyyətini ifadə etdi, qızı Palatin Elektressi Anna Mariya Luizanı, Cian Qaston ondan əvvəl ölsə, özünün varisi olması planını cızmışdı.

Razılaşma 1714-cü ildə imzalandı, həmin vaxt mövcud hakimiyyətlər belə yüksəlməni müdafiə etmədilər. Buna baxmayaraq, 1718-ci ildə İmperiya, Fransa, İngiltərə və Hollandiya London müqaviləsini imzaladı. Buna görə Toskana Böyük Hersoqluğunun irsən ötürülməsi Şarl Burbona həvalə edildi. Şarl, ancaq Neapolu işğal etməyi seçdi ki, III Karlo burada krala çevrilsin. Beləliklə, çox sayda xaricdə baş tutan danışıqlardan sonra, bu danışıqlara ailə də cəlb edilmişdi, lotaringiyalı Fransisk Stefen, Cian Qaston öləndə hakimiyyəti ələ keçirdi.

Kozimonun niyyəti Toskananın muxtariyyətini və müstəqilliyini qoruyub saxlamaq idi. Lotaringiyalıların hökmranlığı ilə Toskana müstəqil qaldı, heç vaxt imperial ərazisinin bir hissəsi olmadı. Beləliklə, öz yüksək qiyməti olan özgürlüyünü qoruyub saxladı.

Rəssamlığa və elmlərə diqqət verilməsi ilə Florensiya müəyyən üstünlüyə malik idi. Romadan buraya Kozimo əla heykəllər gətirmişdi, orada da Böyük Hersoq Florensiya Akademiyasını qurmuşdu, onda gənc Florensiya rəssamları təcrübə keçirdilər. III Kozimo Rafaelin "Madonna uşaqla və müqəddəslərlə birlikdə" tablosuna sahib olmuşdu.

O, həmçinin, musiqidən və ədəbiyyatdan baş çıxarmaqla, onların vurğunu, əsl pərəstişkarı idi. Bununla o, ölkənin ən yaxşı ənənələrinə müvafiq olaraq adamları tərbiyə edirdi.

 

Böyük Hersoq Cian Qaston

 

Cian Qastonun 25 yaşı olanda hakimiyyətə yüksəlmişdi. O, tam başqa bir şəxsiyyət idi, onun xarakterini təsvir etmək də çətin idi.

O, hakimiyyətdə olanda cəhd etdi ki, vəzifəni bacısı və baldızı ilə bölüşsün. Bununla yanaşı, öz işini əla bilirdi. Özünə isə ona çox yaraşan qapalı həyat keçirən adam rolunu saxlamışdı. Onu homoseksualizmdə ittiham edirdilər və yataq otağında onun tək və ya çox adamla bir yerdə qalması, daim vaxtını kef çəkməyə sərf etməsi bu iddiaların ciddi əsasa malik olması düşüncəsini yaradırdı.

Bu, həm də ondan irəli gəlirdi ki, onun əsl meyli inadkarlığından doğurdu. Arvadı da Bavariyada yaşamasını təkid edirdi, bu yolla ərini və özünü atasının və papanın təzyiqindən qorumağa çalışırdı. Onlar isə qızı Florensiyaya qayıtmağa məcbur edirdilər.

Cian Qaston çox əziyyət çəkdikdən sonra 1737-ci ildə öldü.

Cian Qaston Mediçilər ailəsinə də müəyyən jestlər edirdi. Qalileonun heykəli Santa Kroçe kilsəsində qoyulmuşdu. Lakin onun həyatı çox az işıqlanmışdı.

O, Mediçi ailəsinin axırıncı nümayəndəsi idi. Bu ailə XIV əsrin erkən illərində Covanni Biktsinin Florensiyadakı həyatı ilə öz başlanğıcını görmüşdü. Ailənin hakimiyyətdə olması, əsasən, fasiləsiz olaraq 1737-ci ilə qədər davam etdi, Florensiya dövlətinin taleyini müəyyən etdi, faktiki olaraq ona hökumət yaratdı və sonra isə Konstitusiya bəxş etdi. Bu sənədə görə onların qanuni hökumət xətti təsdiq edildi. Şərəfli, işıqlanmış bir dairə kədərli şəkildə bağlanmalı oldu.

 

Sülalənin sonu

 

Florensiya naminə axırıncı Mediçi aktı, güman ki, ailənin üzvü tərəfindən icra edilən çox mühüm və daha əhəmiyyətli olmaqla, Cian Qastonun bacısı, Palatin Elektressi Anna Mariya Luizanın üstünə düşmüşdü. Ona Böyük Hersoq səviyyəsində və onların varislərində olan kimi Toskana Böyük Hersoqluğu hədiyyə kimi verilmişdi. Həm də ona rəssamlıq əsərləri, rəsmlər, heykəllər və ailənin villaları və sarayları ilə olan qiymətli obyektlər şəklində nəhəng irs qalmışdı. Bu bəxşiş sənədlərindəki maddələr xəzinə barədə söhbət üçün fundamental şərait rolunu oynayırdı. Florensiyaya xidmət etmək bütün Mediçilərin borcu hesab olunurdu. Çatan ümumi mülkiyyətdən heç nə uzaqlaşdırıla bilməzdi və kolleksiyalar tamamlanmış şəkildə dünyanın bütün xalqlarına çatdı, beləliklə, hər bir adam onlara valeh olmaq imkanı əldə etdi.

 

Əsas elementlər

 

Mariya Luizadan Toskanaya nəhəng məbləğdə irs çatmışdı. Bəxşiş mədəni, tarixi və kommersial dəyərə malik olmaqla, aşağıdakı qeyri-adi elementləri əhatə edirdi. Onlara Uffitsi Qalereyasındakı, Pitti sarayındakı, Romada yerləşən Mediçi villasındakı və digər ailə villalarındakı, indiki Florensiya muzey kompleksinə məxsus olan bütün rəsmlər və heykəllər daxildir.

Böyük və müstəsna əhəmiyyət kəsb edən Etrusk və Misir antik əşyaları Arxeoloji muzeyin əsas özəyini təşkil edir.

Mediçilərin qeyri-adi ailə var-dövləti əvvəlcə Florensiyaya, sonra İtaliyaya və daha sonra isə bütün bəşəriyyətə məxsus olmağa qadir idi.

Mediçilər Toskanada üç əsr yarıma yaxın hökmdarlılıq etdilər və onlardan olduqca azı ixtisasca həkim idi. Lakin hər biri faktiki olaraq fəlsəfəyə, elmlərə, incəsənətə, poeziyaya, musiqiyə güclü maraq göstərirdi, müəyyən kolleksiyalar yaradırdı. Hətta əgər onlardan çoxu həqiqətən və ya şişirdilmiş qaydada qanlı və dözülməz tiran kimi qiymətləndirilsə də, ümumiyyətlə, mübaliğəsiz olaraq, onların hamısında gözəlliyə bir pərəstiş var idi.

Mediçi ailəsinin bir sıra üzvləri əsrlər ərzində Avropa və Qərb sivilizasiyasına ölçüyə gəlməz bir təsir göstərmişdilər. Üç yüz ildən artıq bir müddət ərzində onlar elə dövlət qurdular ki, onun liderliyi beynəlxalq cəhətdən etiraf edildi və onlar qüdrətli gücə malik oldular. Onlar incəsənətə, poeziyaya, arxitekturaya, estetik zövqə və elmlərə bütövlükdə müəyyən təsir göstərdilər. Onların şərait yaratdığı Renessans  humanizmindən Maarifçiliyə keçildi və beləliklə, bizim indi anladığımız müasir era meydana gəldi.

Florensiyanın inkişafı, heç şübhəsiz, Mediçilərin fəaliyyətləri, davranışları və siyasətləri ilə bağlı idi, həm də onların əhval-ruhiyyəsindən və maraqlarından irəli gəlirdi.

Bu ailə ziddiyyətli və narahatlıq yaradan parlaq və pozğun, fantastik və hiyləgər, alicənab və alçaq, işıqlı və qaranlıq olan fərdlərin mövcudluğu ilə seçilirdi. Möhtəşəm Lorentso kimi unikal hökmdarın hətta şəxsiyyətindən asılı olmayaraq, fəaliyyətini qiymətləndirirdilər, o isə işığın və kölgənin pozulması olmadan bu ailənin bütün üzvlərinə təsir göstərmişdi. Şəhərin, dövlətin bu modelinin yüksəlməsində onun rolu prinsipial əhəmiyyət daşıyırdı. Onsuz Florensiyanın tarixi sönük görünərdi və bu qaydada yazıla bilməzdi.

Möhtəşəm Lorentso Renessans konsepsiyasını sintez etmişdi. Piko della Mirandola yeretiklikdə ittiham ediləndə, Lorentso onu xilas etmişdi. Real qəribəlik onda idi ki, Lorentso başqa adamlara inanırdı, onları az qala mütləq qaydada qiymətləndirirdi, qanunu pozmalarına baxmayaraq, onlara ali imkanlar təklif edirdi. O, hətta ümidsiz rəssamlar üçün də çətin situasiyalarda yaşamaq və işləmək üçün əlindən gələni edirdi.

Mediçilər ailəsinin ehtirasla iştirak etdikləri hadisələrdə onlar həm də təbii olaraq öz imiclərinin inkişafına da xüsusi qaydada meyl edirdilər.

 

Mediçi - xatirə abidələri

 

İtaliya qeyri-real olmaqla yanaşı, şərəfli olan xırda dövlətlərə bölünməklə unikal, üzvi qaydada və Roma kilsəsinin ali mərkəzi gücü vasitəsilə şəraitə uyğunlaşırdı.

Mediçilər isə Orta əsrlərdə, Renessans dövründə və müasir erada daha əhəmiyyətli hökmranlıq etməyi bacarmışdılar.

Florensiya bu dövrdə Mediçi ailəsinin şərəfini bölüşdürürdü. Şəhərin özü Mediçilərin bütün məşhur nailiyyətlərinə sahib olmuşdu, ondan kənarda isə Mediçi pontifikləri Romada yaşamış, əsrlər ərzində orada işləməyə qalmışdılar. Florensiya isə Mediçilər üçün ideal bir yer idi.

Florensiya və Mediçilər, özlərinin məhəbbət - nifrət əlaqələrinin qarışıqlığı ilə xarakterizə olunurdular və xatirələr də bu gözəl şəhərə məxsus olmanın nəticəsi idi. Florensiyalılar Mediçilərin özlərininki olduğunu iddia edirlər. Ailə isə özünün varlığını bütün Avropaya hiss etdirmişdi

 

Ağıl metodu

 

Ailənin əhvalatlar illüstrasiyası çox cəhətlərlə yekunlaşır. Ona görə də onun tərcümeyi-halını yazmaq çətin bir işdir. Filosof Monteqyu bunu daha yaxşı ifadə etmişdir: "Personal reallığın əsl hərəkətində insan düşüncəsi mümkün olduğu qədər yaxından müşahidə edilir. Bu, fərdin qazandığı, zəfər növü kimi axtarılır, o, yalnız diqqətin mərkəzində olması faktına görə Renessans adamına çevrilmişdi". Ailə abidəsi əgər Mediçiləri tanıdırsa, unitar bir ruhu ifadə etməklə, bu qədər məşhurlaşmışdır.

Sülalənin üzvlərinin çoxu bakirə məxluqları andırırdılar, ancaq bəziləri vəhşi instinklərdən də xali deyildi. Lakin Mediçilər uzun müddət hakimiyyətdə olduqlarından, onların böyük uğuruna kölgə salan cəhətlər də yox deyildi. Ailənin bəzi üzvləri qisas naminə qan axıtmaqdan da çəkinməmişdi. Hətta ən böyük nöqsanları belə, onların doğma şəhərlərini inkişaf etdirmək, gözəlləşdirmək sahəsindəki fəaliyyətlərini heç cür azalda bilməz. Onlar ideal olmasalar da, özlərinin həyata baxışları ilə görkəmli şəxsiyyətlər səviyyəsinə yüksəlmişdilər.

Mediçilər sülaləsi nə İngiltərənin Styuartlar, nə Avstriynın Habsburqlar, nə də Rusiyanın Romanovlar sülaləsi deyildi, onlardan tam və bütünlüklə fəeqlənirdi. İngiltərədəki və Rusiyadakı sülalənin hər ikisini az müddətdə təkrar olunan iki inqilab məhv etmişdi. Avstriya imperiyasındakı sülalə XIX əsrdə təlatümlə üzləşsə də, davam gətirə bilmiş, I Dünya müharibəsindəki məğlubiyyəti ilə tarixin arxivinə verilməli olmuşdu.  İmperiyalarla heç cür müqayisə edilə bilməyən adi bir şəhəri onlar üç əsr ərzində idarə edərək, ona dünya şöhrəti bəxş etmişdilər. Məhz onların uzaqgörən siyasəti və qayğısı ilə Florensiyada tarixin dönüş mərhələlərindən biri olan Renessans meydana gəlmiş, bu şəhərdə dahi rəssamlar, heykəltaraşlar və arxitektorlar yetişmişdi. Yuxarıda xatırlanan kralların və imperatorların heç biri Mediçilərlə bu sahədə yarışa girə bilməzdi. Bunları nəzərə alaraq demək olar ki, bu sülalənin bəzi üzvlərinin fəaliyyətindəki ləkələr, onların ümumən nailiyyətləri qarşısında o qədər də nəzərə çarpmır, diqqəti cəlb etmir, çünki onların töhfələri, getdikcə solan və yaddan çıxan həmin ləkələrdən fərqli olaraq, zamana da tabe olmur, solmaq bilmir, yoxa çıxmır.

Böyük rus filosofu Nikolay Berdyayev yazırdı: "Dövlət Yer üzündə cənnət qurmaq üçün deyildir. Dövlət ona görə mövcuddur ki, Yer üzündə cəhənnəmin meydana gəlməsinə yol verməsin". Mediçilər də florensiyalılara cənnət bəxş etməsələr də, onları, bütülükdə idarə etdikləri şəhəri cəhənnəm əzablarından mümkün olduğu qədər uzaqlaşdırmağı bacarmışdılar. Müasir minnətdar şəhər sakinləri, bu sülalədən onları əsrlərə bərabər zaman məsafəsi ayırsa da, Florensiyanı dünyanın möhtəşəm şəhərlərindən birinə və hətta bir sıra imperiya paytaxtlarını da tarixi abidələrinin zənginliyi ilə geridə qoyana çevirən Mediçilərə sitayişə bərabər münasibət bəsləyirlər. Axı Florensiya imperiyalarla qətiyyən müqayisə oluna bilməzdi, o, özü kiçik bir şəhər olmaqla hansısa elə böyük bir ərazi də işğal etməmişdi, əksinə, özü dəfələrlə işğallara məruz qalmışdı, lakin onun iradə gücünü, ruh qüdrətini zərbələrə məruz qoysalar da, sındıra bilməmişdilər, mifik feniks quşu kimi daim dirçəlmiş, öz mənəvi böyüklüyünü və özünəməxsus heyrətamiz gözəlliyini qoruyub saxlaya bilmişdi. Ona görə də bu şəhərə başqaları, tam yad adamlar da tam haqlı olaraq hörmət dolu hisslərlə yanaşır, onu sevməyə başlayırlar.

SON
24 avqust 2022-ci il  

 

 





01.02.2023    çap et  çap et