525.Az

Ağ Ev - ARAŞDIRMA


 

Ağ Ev - <b style="color:red">ARAŞDIRMA</b>

Ağ Ev (The White House) Vaşinqtonda yerləşən Amerika Birləşmiş Ştatları prezidentlərinin rəsmi iqamətgahıdır. Bu bina ABŞ-ın federal paytaxtı Vaşinqtonda bir çox rəsmi binalardan ən əhəmiyyətlisidir.

ABŞ-nin ilk prezidenti Corc Vaşinqton paytaxtın yerini müəyyənləşdirdi və planlar cızdırdı. Lakin o, 1799-cu ildə yeni qurulan paytaxtda yerləşə bilmədən vəfat etdi. Ölümündən bir il sonra isə prezident binasının açılışı oldu və bina tamamilə ağ rəngə boyandı. Con Adamsdan sonra bütün ABŞ prezidentlərinin iqamətgahı bu bina olub. 

Ağ Ev təxminən 6 hektar ərazidə böyük bir parkda yerləşir. Uzunluğu 52,5 metr, eni isə 25,5 metrdir. 2,5 mərtəbəlidir. Binanın mərkəzi və orijinal hissəsi Virciniya qum daşından tikilib və bir çox dəyişikliklərə baxmayaraq, 18-ci əsr Corciya üslubunu qoruyub saxlayır. İlk vanna otağı isə 1877-ci ildə əlavə edilmişdir.

1814-cü ildə Vaşinqtonda bütün ictimai binalar Britaniya qüvvələri tərəfindən yandırılmışdır. Yandırılan binalar arasında Ağ Ev də var idi. Lakin daha sonra Ceyms Hobanın nəzarəti altında Ağ Ev 1817-ci ildə yenidən tikildi və istifadəyə hazır vəziyyətə gətirildi. Prezident Ceyms Monro tərəfindən Fransadan gətirilən mebel və ləvazimatlarla imperiya üslubunda təmir edildi. Binanın yanmış çöl divarları ağ rəngə boyandı. Bu səbəbdən binanın Ağ Ev adlandırıldığı barədə yanlış fikir yayılıb. Əslində bina ilk tikildiyi gündən bu adla çağırılıb.

Sonralar 1949-cu ildə Harri Truman dövründə iqamətgah təhlükəsizlik baxımından yetərsiz hesab edildi və onun yenidən qurulması planı tərtib edildi. Belə ki, binanın bütün daxili divarları söküldü və yenidən dəmir-beton karkas üzərində tikildi. Orijinal ağac, mərmər və dekorativ suvaq kimi hissələrin qorunmasına böyük diqqət yetirilmişdir. Orijinal mərtəbə planı qorunub saxlanılmaqla yanaşı, müasir santexnika və yeni şərait də əlavə edildi.

İndi isə yenə də ABŞ prezidentlərinə xidmət edən bu tarixi bina hər kəs tərəfindən ölkənin əsas və simvolik tikililərindən biri kimi tanınır.

Məhəmməd Tağıyev

 





01.02.2023    çap et  çap et