525.Az

UNEC-də gənclər üçün karyera günü – 1000-dən çox vakansiya


 

UNEC-də gənclər üçün karyera günü – 1000-dən çox vakansiya<b style="color:red"></b>

Gənclər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclər üçün karyera günü təşkil olunub.

525.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Gənclər Fondu və UNEC-in birgə təşkilatçılığı ilə gənclərin məşğulluğu və mövcud potensiallarının reallaşdırılmasının təmin edilməsi məqsədilə keçirilib.

50-dən çox yerli və xarici şirkətin təmsil olunduğu karyera günündə 1000-dən çox vakansiya, “İrəliləyiş” layihəsi çərçivəsində isə 1500 gənc üçün nəzərdə tutulmuş təcrübə proqramı təqdim edilib.

Rektor Ədalət Muradov UNEC-in tələbə və məzunlarının əmək bazarında işlə təmin olunmasının universitetin əsas hədəflərindən olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə görülən işlərdən söz açıb. Ötən dövr ərzində UNEC Karyera Mərkəzi tərəfindən 162 tədbirin keçirildiyini, ölkədə ilk dəfə universitetdə təşkil olunan və 120-dən çox şirkət tərəfindən 700 vakansiya, 56 təcrübə proqramının təklif olunduğu virtual yarmarkada 708 tələbənin təcrübə proqramı, 464 tələbə və məzunun isə işlə təmin olunduğunu bildirib. Ə.Muradov tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədris olunan fənlərdən, eləcə də onların bacarıqlarının qiymətləndirilməsini əks etdirən qeyri-akademik transkript barədə də məlumat verib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva ölkədə gənclər siyasətinin mühüm tərkib hissəsi olan gənclərin səmərəli məşğulluğu, onların iqtisadi inkişaf proseslərinə cəlb olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlardan söz açıb. Nazir müavini gənclərin karyera bacarıqlarının orta məktəbdən inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli müasir əmək bazarının tələblərindən söz açaraq, gənclərin bacarıqlarına xüsusi önəm verildiyini bildirib. O, rəqəmsallaşmanın əmək bazarının tələblərini sürətlə dəyişdiyini, bəzi təhsil müəssisələrinin əmək bazarının tələblərinə cavab vermədiyini, real sektorla universitetlərin sıx əməkdaşlığının vacibliyini önə çəkib. M.Abbasbəyli Agentlikdə UNEC-in 150-dən çox tələbə və məzununun çalışdığını bildirərək, bunun universitetlər arasında ən böyük göstərici olduğunu deyib.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov təmsil etdiyi qurumun gənclərin inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Karyera günlərinin keçirilməsinin əhəmiyyətindən danışan Q.Xəlilov təşkil olunan yarmarkanın gənclərin işlə təmin olunması istiqamətində faydalı olacağından əminliyini bildirib.

Rəsmi hissə “Gənclər üçün yaradılan fürsətlər” mövzusunda TEDx formatında çıxışlarla davam edib.

Sonra tədbir iştirakçıları şirkətlərin stendləri ilə tanış olublar.

Sevinc Qarayeva 

 





01.02.2023    çap et  çap et