525.Az

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycandadır


 

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycandadır<b style="color:red"></b>

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AK Partiya İstanbul millət vəkili Şamil Ayrımın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda görüşlər həyata keçirir.

525.az xəbər verir ki, nümayəndə heyətinə Ayrımla yanaşı, AK Partiya Konya millət vəkili Orhan Erdem, AK Partiya Qars millət vəkili Yunus Kılıç, AK Partiya İstanbul millət vəkili Tülay Kaynarca və MHP İğdır millət vəkili Yaşar Karadağ daxildir.

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Türkiyənin Bakıdakı səfiri Cahit Bağcının və Azərbaycan Milli Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanovun müşayiəti ilə nümayəndə heyəti Bakı Türk Şəhidliyini də ziyarət edib. 

Burada jurnalistlərə açıqlamasında millət vəkili Ayrım Azərbaycanın Tehran səfirliyinə hücumda həyatını itirən təhlükəsizlik rəisinə başsağlığı verib.

Türkiyənin illərdir terror bəlası ilə mübarizə apardığını vurğulayan Ayrım: "Türkiyə bir nəfər terrorçunun belə qalmaması üçün mübarizəsini davam etdirir. Türkiyənin də səfirliklərinə illər əvvəl hücumlar olmuşdu, lakin Türkiyə bütün bu hücumlara lazımi cavabı verdi. Terrorizm insanlığa qarşı cinayətdir”, - deyə bildirib.

Ayrım İkinci Qarabağ Müharibəsindən sonrakı proseslərə diqqət çəkərək: "Azərbaycan müharibəni qazandı, amma təəssüf ki, kimsə sülh sazişinin qarşısını almağa çalışır. Laçın yolunda azərbaycanlı ekoloqların etirazlarını izləyirik. Biz həmişə sizinlə olmuşuq və olacağıq. Sülh yolu Zəngəzur dəhlizindən keçir”, - deyib.

Təmasları çərçivəsində Azərbaycan Milli Məclisində müxtəlif komissiyalarla görüşlər keçirəcəklərini qeyd edən Ayrım: “Məqsədimiz Azərbaycan və Türkiyə əlaqələrini Şuşa Bəyannaməsi ilə yaranan müttəfiqlik münasibətləri ruhuna uyğunlaşdırmaq, daha da gücləndirməkdir”, - deyə bildirib.

Fərid Sançar

 





01.02.2023    çap et  çap et