525.Az

Moldova NATO-nu seçir


 

Moldova NATO-nu seçir<b style="color:red"></b>

Rusiyanın Ukraynaya qarşı müharibəsi bir çox dövlətləri neytral mövqedən imtina edərək NATO-ya inteqrasiya yolunu tutmaq seçimi qarşısında qoyub. Finlandiya və İsveçin ardınca Moldova da Şimali Atlantika Alyansına üzvlük yolunu seçə bilər.

Bu barədə Moldova Prezidenti Maya Sandu ABŞ-ın nüfuzlu siyasi nəşrlərindən olan "Politico"ya müsahibəsində deyib. Xanım Sandu bildirib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə şəraitində Moldova hökuməti neytral statusdan imtina edərək Alyansa qoşulmaq imkanlarını müzakirə edir. "Hazırda ciddi müzakirələr gedir. Özümüzü müdafiə etmək imkanlarımız, bunu özümüzün bacarıb-bacarmayacağımız müzakirə olunur. Əgər biz bir dövlət olaraq neytrallığı dəyişməli olduğumuz qənaətinə gəlsək, bu, demokratik proses vasitəsilə baş verməlidir". Belə görünür ki, Moldova da postsovet respublikaları Gürcüstan və Ukrayna kimi, NATO-ya inteqrasiya yolunu seçmək ərəfəsinədir. Çox maraqlıdır ki, Rusiya Ukraynaya qarşı fəlakətli müharibəyə məhz Kiyevi Şimali Atlantika Alyansına inteqarsiyadan çəkindirmək üçün başlamışdı. Rusiya bu məqsədinə nail ola bilmədiyi kimi, əks effektlə üzləşib. Ukrayna faktiki olaraq NATO-nun üzvlərindən birinə çevrilməkdədir. Finlandiya və İsveç tarixi neytrallıqdan imtina edərək Şimali Atlantika Alyansına qoşulmaq qərarı veriblər. "Gürcü arzusu" iqtidarının cəhdlərinə baxmayaraq, Gürcüstan üçüncü prezident Mixail Saakaşvilinin hakimiyyəti zamanı seçilmiş Şimali Atlantika Alyansına inteqrasiya kursu üzrə irəliləyir. Bu irəliləyiş gürcü müxalifətinin və Gürcüstanın tərəfdaşlarının arzuladığı səviyyədə olmasa da, Tiflisin xarici siyasət kursu dəyişməz qalır. İndi isə Ukrayna, Gürcüstan, Finlandiya və İsveçin sırasına Moldova da qoşulmaq istəyir. Moldovanın NATO-ya üzvlüyü Gürcüstandan daha tez baş verə bilər. Əgər yaxın aylarda Ukrayna Rusiya ordusunu işğal olunmuş ərazilərdən çıxara bilsə, o zaman Moldova daha cəsarətli qərarlar qəbul edə biləcək. Ukrayna rəsmiləri Moldovaya ərazi bütövlüyünü təmin etməkdə və ərazisindəki Rusiya ordusunu çıxarmaqda yardım edə biləcəyini bəyan etməyə başlayıblar. Əgər bu baş verərsə, o zaman Moldova asanlıqla NATO-ya inteqrasiya yolunu seçə bilər. Moldova rəhbərliyinin belə qərar verəcəyi halda isə, Alyans üzvlərinin dəstəyini qazanacağı şübhəsizdir. NATO-nun üzvü Rumıniya Moldovanın Alyansa üzvlüyü üçün mühüm rol oynaya bilər.

Moldovanın Şimali Atlantika Alyansına üzvlüyü yolunda önəmli addım NATO Baş katibinin müavini Mirça Coananın Kişiniyova səfəri zamanı atıla bilər. Qeyd edək ki, Mirça Coana Rumıniya Senatının sədri olub. Rumıniyalı bir siyasətçinin NATO-da önəmli mövqeyə sahibi olması Moldovanın Alyansa üzvlüyü yolunda mühüm rol oynaya bilər.

 





02.02.2023    çap et  çap et